Koreyalı ilə bir otaqda

Koreyalı ilə bir otaqda
10 oktyabr 2014
# 12:40

İnsanın içkidən, siqaretdən, narkotikdən, sosial şəbəkədən asılılığını görmüşdüm amma komputer oyunundan bu dərəcədə asılılığını birinci dəfədir görürəm.

Məlumat üçün deyim ki, təhsil üçün Polşanın Krakov şəhərindəyəm və universitetin ayırdığı yataqxanada qalıram. Otaq yoldaşım isə adını hələ də bilmədiyim bir cənubi koreyalıdır. Adını isə ona görə bilmirəm ki, adamla əməlli-başlı bir söhbət eləyə bilməmişəm, otağa girib əşyalarını yerləşdirəndən bu yana noutbukun arxasından qalxmayıb.

Komputer oyunları və ya online oyunlardan mən də oynamışam. Hansısa döyüş oyunu oynayarsan, gördüyün işin oyun da olsa bir mənası olar. Məsələn "Call of Duty" adlı oyun var, İkinci Dünya müharibəsinə aiddir, faşist öldürə-öldürə, baza partlada-partlada gedirsən. Oyundur, amma oyunun bir hekayəsi var, məntiqi var, bir az "fəlsəfi" yanaşsaq kürəyini dayadığı böyük bir tarixi hadisə var. Və ya zövqə uyğun başqa bir sanballı söhbətə dirənən oyun olsun. Bu cür oyunlara bir neçə saat sərf etməyə dəyər.

Amma ekranın sağ tərəfindən qalxan kubiki sol tərəfə çatmamış vurmağa 12 saat sərf etmək xeyli axmaq söhbətdir. Nəyə görə 12 saat deyirəm, çünki bu günlərdə gördüyüm bu cür, ilk canlı "tarixi rekordun" şahidi oldum. Koreyalı otaq yoldaşım səhər saat 9-dan başladı, bir də axşam 9-a qalmış qurtardı. Bu müddət ərzində dayanmadan "siçan"-nı zorladı. Arada yanına qoyduğu hazır yeməklərdən ötürür, sonra davam edirdi. Dayanmırdı, uzanıb dincəlmirdi, sanki ona çox vacib bir missiya verilibmiş kimi gözlərini ekrandan, əlini "siçan"dan ayırmırdı. Sağdan kubiklər gəlirdi, sola çatmamış onları vururdu.

Üstündən bir müddət keçəndən sonra qonşu otaqda yaşayan ukraynalı tələbə ilə qısa söhbətimiz oldu, otaq yoldaşının necə olduğunu soruşdum. Dedi ki, "koreyalıdır, bütün günü dayanmadan oyun oynayır, o gün durub demişəm ki, bəsdir, mışkanın səsi beynimə düşür". Gördüm ki, bu cür halla qarşılaşan təkcə mən deyiləm, koreyalılar bu məsələni artıq dünya miqyaslı bir zad eləyiblər.

Facebook-da bu hadisə haqda status yazdım və dostlardan biri mənə koreyalıların oyun alışqanlıqlarının necə dəhşətli faciələrə yol açdığını göstərən bir xəbər atdı. İngiltərənin bir xəbər saytı yazırdı ki, bu ilin aprel ayında 22 yaşlı bir koreyalı ata oyun oynadığı üçün öz oğlunu aclığa tərk edib, nəticədə uşaq ölüb. Uşağın cəsədini şəhər yaxınlığından tapan polis bir neçə gün sonra atanı həbs eləyib. Başqa bir xəbərdə isə bir cütlüyün oyun aludəçisi olduğu üçün 3 aylıq körpələrinin ölümünə səbəb olduqları deyilirdi. Hətta Koreyada ictimai təşkilatlar artıq problemin ümumxalq səviyyəsinə qalxdığını bildirir və bu cür insanlara kömək edilməsinin lazım olduğunu önə çəkirlər. Deputatlar artıq oyun asılılığının həb, alkoqol, qumar qədər təhlükəli olduğunu deyirlər.

Amma mən otaq yoldaşımın koreyalı olduğunu biləndə demişdim ki, yaxşı oldu, bir polyakla polyak rejissorların filmlərini müzakirə etmək necə maraqlıdırsa, bununla da o cür olar. Heç film müzakirə etmərik, Koreyadakı vəziyyətdən danışarıq. Oranın şimalı da, cənubu da çox maraqlıdır, o region haqqında bilmədiyim şeylər çoxdur. Amma virtual həyatın hər gün real həyatı və insanları bir az da işğal etməsi faktı buna mane oldu.

Necə deyərlər, dostumuz üçün həyat bir oyundan ibarətmiş..

# 1322 dəfə oxunub

Oxşar xəbərlər

"Ağacın dönər yemək arzusu inandırıcı deyil" - Hekayə müzakirəsi

"Ağacın dönər yemək arzusu inandırıcı deyil" - Hekayə müzakirəsi

12:00 3 may 2024
Ərinə itaət edən qadının böyüklüyü - Dinozavr yumurtası, yoxsa əjdaha yumurtası?

Ərinə itaət edən qadının böyüklüyü - Dinozavr yumurtası, yoxsa əjdaha yumurtası?

09:00 3 may 2024
"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

12:00 1 may 2024
Siyasət şairi öldürür... - Dünyada heç şeir yazmamış adam var?

Siyasət şairi öldürür... - Dünyada heç şeir yazmamış adam var?

12:00 28 aprel 2024
Peşəsindən yarımayan zabit şöhrəti, ad-sanı necə qazansın? - Gözləməklə keçən ömür

Peşəsindən yarımayan zabit şöhrəti, ad-sanı necə qazansın? - Gözləməklə keçən ömür

10:00 27 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
# # #