"Ağlım başıma gəldi"- ANARIN YENİ HEKAYƏSİ

"Ağlım başıma gəldi"-  ANARIN YENİ HEKAYƏSİ
4 iyul 2013
# 10:13

Kulis.Az Anarın "525-ci qəzet"də çap edilmiş "Ağlım başıma gəldi" hekayəsini təqdim edir.

İZAHAT

Mən, Ağakərim Ağasəlim oğlu Səlimov 1946-cı ildə Bakıda anadan olmuşam. Təqaüdə çıxana qədər 40 il orta mərtəbdə kimya müəllimi işləmişəm. Bu il məktəbimizin 70 illiyiylə bağlı başqa veteran müəllimlər kimi məni də Abşeron istirahət evlərindən birinə on günlük putyovka ilə təltif etdilər. Oktyabrın 5-də istirahət evinə gəldim. Otaqda qonşum başqa bir orta məktəbdə dərs deyən Bəhram adlı müəllim idi. Artıq səkkiz gün idi ki, burdaydı.

Elə birinci gün istirahət evində təzəcə yerləşmişdim, səhər yeməyinə çatmadım, nahara getdim. Masamızın arxasında Bəhram müəllimlə məndən başqa iki nəfər də əyləşmişdi. Onlar artıq naharlarını yeyib bitirmişdilər, çay içirdilər. Mənim oturduğum yerdə kimsə məndən əvvəl nahar eləmişdi. Çox yaraşıqlı gənc xidmətçi qız(o xidmətçidən çox şou ulduzuna bənzəyirdi) masamıza yanaşdı, salam-kalamsız qarşımdakı boşqabdan yemək artıqlarını əlindəki torbaya boşaltdı, yersilən tryapkanı xatırladan çirkli bir əsgiylə həmin boşqabı yüngülvari silib qabağıma qoydu. İri qaşıqla qreçkanı boşqaba çəkmək istəyirdi ki, əlindən yapışdım. –Qızım-dedim. Apar bu boşqabı yaxşı-yaxşı yu, gətir. Ya ayrı, təmiz boşqab gətir.

Heç gözləməzdim ki, belə incə-mincə qızdan bu cür kobud sözlər eşidim:

–Mənə göstəriş vermə – dedi. Hər boşqabı təzədən yumayacayam ki, təmizlədim, tər-təmizdir. Yenidən xörəyi həmin boşqaba çəkmək istəyirdi ki, yenə əlindən tutdum.

–Bu boşqabdan yeməyəcəm – dedim. Qız hirslə:

–Əlimi burax – dedi – yemirsən yemə, özün bilərsən.

Çevilib getmək istəyirdi ki, qənşərimdəki kişi:

–Qızım – dedi – atan yaşındadı, bir az ədəbli danış.

Qız eyni ötkəmliklə:

–İndi də sən mənə dərs deyəcəksən – deyə yarı sual-yarı təsdiqlə dedi. İkinci masa qonşumuz köksünü ötürüb:

–İndiki cavanlar böyük-kiçik, ağsaqqal-qarasaqqal tanımırlar – dedi.

Xidmətçi qız bərkdən:

–Mən ağsaqqal-mağsaqqal hərləmirəm – dedi-olar qaldı sovetin vaxtında...-sonra aydın eşidəcəyimizi bilə-bilə dodaqaltında mızıldandı- bilmirəm, bunları hansı arxivdən, naftalindən çıxarıb gətiriblər.

Mən hirsimdən əsim-əsim əsirdim:

–Şikayət edəcəm – dedim.

Qız istehzayla çiyinlərini çəkdi, quyruğunu bulaya-bulaya uzaqlaşdı.

Qənşərdəki kişi:

– Bərəkəllah qanacağına – deyə ayağa durdu.Onun ardınca qonşusu da durdu, hər ikisi:

–Afiyət olsun – deyə çıxıb getdilər.

Bəhram müəllim mənə:

–Baş qoşmayın –dedi. Bu qıza heç kəs gözün üstə qaşın var – deyə bilmir.

–Niyə?

–Çünki müdirin adamıdır.

–Nəyidir?

Bəhram yüngülcə irişib:

–Adamuşkası – dedi.

Qız Bəhramın yeməyini gətirdi. Bəhram:

–Sağ ol, qızım – dedi, qızdan cavab gəlmədi. Mən:

–Bəs mənim yeməyim? – deyə soruşdum.

–Demədin ki, yeməyəcəksən?

Bəhram:

–Qızım tərslik eləmə – dedi. Müəllim şəkər xəstəsidir. Bu vaxt iynə vurmalıdı. Hökman bir şey yeməlidi.

Qız bir şey demədən burcuda-burcuda aralandı. Bir azdan nə gətirsə yaxşıdı? Kiminsə yeməyinin artıqlarını...

–Bu...bu... nədi? – dilim söz tutmurdu – Bu ki... kiminsə artığıdır.

–Qalan budu. Mətbəx bağlanıb.

–Nədi, indi mən kiminsə artığını yeməliyəm?

–Yeyirsən ye, yemirsən yemə. Dedilər xəstəsən, iynə vurmalısan, mən də bunu tapıb gətirdim. Adama yaxşılıq yoxdu da...

Ağzımdan ağır söz çıxmasın deyə dişlərimi sıxdım:

–Mən şikayət edəcəm.

Qız gülümsündü:

–Əlindən gələni beş qaba çək.

Ayağa durdum.

–Buranın bir böyüyü var ya yox?

Bəhram ətəyimdən çəkdi:

–Baş qoşmayın. Əsəblərinizi qoruyun. Onsuz da bir şey çıxmayacaq. Pəsdən mızıldamağa başladı: “Böylə gəlmiş, böylə gedər...”

Ona məhəl qoymadan qapıya tərəf addımladım. Qarşıma çıxan xidmətçilərdən müdirin kabinetini soruşurdum. Amma heç biri cavab vermirdi, elə bil eşitmirdilər. Nəhayət ağ xalatlı yaşlı qadın: –İkinci mərtəbədədir-dedi.

İkinci mərtəbəyə qalxdım, qırmızı zolaq xalısıyla döşənmiş uzun dəhlizi keçib müdirin otağına çatdım. Qapını açıb içəri girdim. Bura müdirin qəbul otağı idi. Bayaqkı ətacı qızdan da gözəl-cöyçək, cavan qız- müdirin katibəsi – kompüterli masanın arxasında oturmuşdu, kompüterin ekranına güzgü kimi baxıb dodaqlarını boyayırdı.

–Müdir yerindədir?- soruşdum, cavab vermədi .

–Müdiri soruşuram.

Yenə səs çıxmadı.

Bu dəfə lap yaxına gəlib bərkdən dedim:

–Cənab müdir yerindədir?

Katibə dik atıldı:

–Vaxsey, diksindim ki...niyə bağırırsan?

–Dedim bəlkə eşitmirsiz. Qulağınız ağır eşidir? Bayaqdan soruşuram müdir yerindədir, cavab vermirsiz.Yerindədi?

–Yox.

–Hardadır?

–Mən nə bilim, gedəndə bəyəm mənə otçot verir.

–Haçan gələr?

–Mən nə bilim, kefi haçan istəyər, onda gələr.

Qərara gəldim ki, səhərə qədər olsa da oturub gözləyəcəm. Katibənin masasının qarşısında düzülmüş stullardan birində əyləşdim. Qarşı divarda iri şəkil asılmışdı.Yaşlı, ağ saçlı kişi eynəyinin altından zəhmli baxışlarla elə baxırdı ki, elə bil gözlərini düz sənə zilləyib.

–Kimin şəklidir? – deyə xəbər aldım.

Bu dəfə katibə dərhal eşitdi, əlüstü ayağı durub, olduqca rəsmi tonla:

– Cənab müdir Cümşüd Mürşüdoviçin şəklidir – dedi.

Yenidən yerində oturdu, kompüterin ekranına baxıb dodaq boyama əməliyyatına davam etdi. Bir xeyli vaxt keçdi. Dəqiqələr ötdükcə əsəblərimin tarıma çəkildiyini, get-gedə daha da gərildiyini duyurdum. Sanki şəkərin qanımda anbaan artdığını əyani şəkildə hiss edirdim. İynəmin vaxtı keçmişdi, bir yandan da aclıq içimi gəmirirdi... Ölsəm yəqin şəkər kəllə-çarxa çıxıb.

Qapının açılmasıyla otağa güclü və xoş ətir qoxusunun dolması eyni anda oldu. Hündür boylu, dolu əndamlı, orta yaşlı ağ-çağ bir qadın içəri girdi, nə sənə, nə mənə, heç tərəfə baxmadan tələsik başqa bir qapıdan keçdi. Qapının üstündəki yazını oxuyub bildim ki, bu da demə, müdir müavininin otağı imiş.

Soruşdum:

–Müdirin müavinidir?

Katibə başıyla təsdiq etdi.

–Olar onun yanına keçim?

–Olmaz.

–Niyə olmaz?

–Özü çağırmasa heç kəs onun otağına girə bilməz.

Bilmirəm içəridən məni şəkərmi boğurdu, ya bu etinasızlıqmı, “ölmək ölməkdir, xırıldamaq nə deməkdir” deyə qərara gəlib ayağa durdum və qətiyyətlə müdir müavininin qapısını açıb içəri daxil oldum..

Katibə dalımca cumsa da, mən içəri şütüyüb qapının cəftəsini içəridən çəkmişdim.

–Salam, Dilbər xanım – dedim. Adını qapıdakı lövhədən öyrənmişdim. Cavab çıxmadı. Dilbər xanımın bütün diqqəti qarşısındakı qəzetlərdə idi.

Sanki mənim otağda olduğumun belə fərqinə varmırdı. Deyəsən heç içəri girməyimdən də duyuq düşməmişdi. Düz masasının yanına yaxınlaşıb, bir daha uca səslə: Salam Dilbər xanım – dedim.

Bu səfər başını qaldırıb, salam əvəzinə:

–Kimsiniz? – dedi – Nə istəyirsiniz?

Adımı, familyamı, kim olduğumu, bu bir saat ərzində olub keçənləri danışdım, şikayətə gəlməyimin səbəbini izah etdim.

Soruşdu:

–Hansı masada oturursunuz?

–4-cü masada.

Selektorunun düyməsini basdı:

–Aza, dördüncü masaya kim xidmət edir?

Selektordan katibənin səsi gəldi:

–İza.

–Çağır gəlsin yanıma.

Sevincək oldum. Dilbər xanım ciddi adama oxşayırdı. İnanmaq istəyirdim ki, nəhayət ədalət zəfər çalacaq. Birdən gözüm qarşı divardakı şəklə sataşdı. Qəbul otağındakı zəhmli kişinin bu şəkildə ağzı qulağının dibinə getmişdi, loru dillə desək, şaqqanaq çəkib gülürdü. Yanında iki mamlı-matan da – biri elə həmin o məni bu günə qoyan İza,o biri Dilbər xanımın özü idi. İki tərəfdən müdirə qısılmışdılar. Cümşüd Mürşüdoviç əllərini hər ikisinin boynuna salmışdı. Ədalətin zəfər çalacağına inamım bir qırıq azaldı deyəsən..

Elə o vaxt qapı açıldı.

–Olar?

İza idi, amma indi sifətində məsum mələk ifadəsi vardı.

Dilbər xanım:

–Nə olub, nə məsələdir-dedi. Ağsaqqal səndən şikayət edir.

İza:

–Bağışlayın Dilbər xanım, – dedi.Bu ağsaqqal çox kaprizni adamdı. Gah deyir boşqabı dəyişdir, gah deyir bu yeməyi bəyənmirəm. Hamı sakitcə qabağına nə qoyuruq yeyir, amma bu ilk gündən dava-mərəkə salır. İza irişdi.Hələ mənə hədə-qorxu gəlir ki, yuxarılara şikayət edəcək. Hamının yediyi yeməyi bəyənmir, tək bir adam üçün xüsusi yemək bişirtdirməyəcəyik ki, bura axı restoran deyil, düz demirəm?

Qız elə dürrü-dürrü danışırdı ki, mən az qala özümü təqsirkar bildim. Amma axı əslində məsələ tamam başqa cür idi. Qupquru qurumuş dodaqlarımdan səsim güclə çıxdı:

–Düz demir...Mənə inanmırsınızsa şahidlər vardı orda, onlardan soruşun.

Dilbər xanım yenə selektorun düyməsini basıb:

–Aza-dedi. Dördüncü masada oturanları yanıma çağır.

Şahidləri gözlədiyimiz müddətdə Dilbər xanım yenə qəzetlərə baxmağa başladı. İza isə altdan-altdan tərs-tərs mənə baxırdı. Mənə elə gəlirdi ki, hətta qımışırdı da...Selektordan Azanın səsi gəldi: O iki kişi deyirlər ki, bizim heç nədən xəbərimiz yoxdu, nə baş veribsə biz gedəndən sonra olub. O biri də... Bəhram müəllim deyir ki, ürəyi sancır, məni deyir, belə qalmaqallı işlərə qoşmayın.

Dilbər xanım:

–Hörmətli ağsaqqal, bəlkə siz də inad etməyəsiniz. İza bizim ən nümunəvi işçilərimizdəndir.

Dilbər xanım İzanı tərifləməyə başlamışdı ki, qapı açıldı və Aza hövlnak içəri daxil oldu, həyəcanla:

–Dilbər xanım, “Möhtəşəm əsrin” vaxtıdır e... –dedi.

Dilbər xanım saatına baxıb:

–Doğrudan a, lap bizi çaşdırmışdı bu kişi – dedi. Tez ol, qur televizoru.

Ekran işıqlandı. Məşhur türk tele –dizisi bütün möhtəşəm ehtiraslarıyla ekranda canlanmağa başladı. Hər üç xanım gözlərini ekrana zilləyib fikir mübadiləsi edirdilər:

– “Eşqi Məmnun”da oynayan aktrisadır e...

–Yox, yox, “Yarpaq tökümündə” oynayandı. Fəxrəndə.

–Fəxrəndə yox,Fəxründə.

–Yox e, Fəridə.

–Ay hay, aləmi qarışdırdın ay qız. Fəridə “Çalı quşundadır”. Onu neçə il qabaq göstərirdilər.

Başım gicəllənir, ürəyim bulanırdı, bilirdim ki, dərhal iynə vurmasam yıxıla bilərəm. Otaqdakı üç xanım ekrandakı xanımları müzakirə etdikcə əsəb gərginliyim son həddinə çatmışdı.

–Bax bu da “Eşqi məmnundakı” oğlandır.

Özüm də bilmirəm, necə oldu ki, yerimdən qalxıb televizora yanaşdım, xəttləri dartıb şəbəkədən çıxardım, televizor səssizliyə və qaranlığa qərq oldu. Ani hərəkətlə televizoru qucağıma götürüb açıq pəncərəyə yanaşdım və var gücümlə onu həyətə vızıldatdım. Huşumu itirdim. Özümə tibb məntəqəsində gəldim. İynə vurub məni oyatmışdılar. Sonra məhkəmə salonu yadıma gəlir. Amma hər şeyi sanki duman içində görürəm. Hakimə etdiyim ziyankarlığın səbəbini heç cür izah edə bilmirdim, axırda:

–Nə bilim, vallah,- dedim. Ağlım başımdan çıxmışdı yəqin...

Hakim sakitcə:

–Altı ay yatarsan, ağlın gələr başına – dedi.

Sözlərinin məğzindən çox mənə o yer eləyirdi ki, bu hakim də oğlum yerində ola-ola mənə “sən” deyir.

Həbsxanada başıma gələnlərdən(gətirilənlərdən) danışmaq istəməzdim. Yeməyimi vaxtlı-vaxtında verirdilər, amma insulin istəyəndə –bura türmədir, aptek deyil – deyirdilər. On gündən sonra komaya düşdüm. Həbsxana lazerateində münasib iynələri vurub, dərmanları içirib oyatdılar, bundan sonra insulin almağa icazə verdilər. Üç ay yatandan sonra Novruz bayramı münasibətiylə amnistiya düşdüm, azadlığa çıxdım. Bir gün təsadüfən küçədə mənə iş kəsən hakimə rast gələndə məni tanıdı: –Nə oldu, ağlın gəldi başına-dedi.

–Gəldi – dedim. Elə gəldi, elə gəldi...

R.S. Bu ərzi-halımı yazmaqla yazıb bildirirəm ki, heç kəsdən, heç nədən heç bir şikayətim yoxdur.

# 2234 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #