Aqşinin axşamına Günelin cavabı....MƏTN

Aqşinin axşamına Günelin cavabı....MƏTN
6 noyabr 2013
# 12:26

Kulis.Az Aqşin Yeniseyin Axşamçağı şeirinə Günel Mövludun yazdığı cavabı təqdim edir.

Aqşin Yenisey

Axşamçağı

Sənə məktub yazıram
Yazıram ki,
bağışla...
Burda hava pis keçir
Ara vermir yağışlar

Tək yatıb tək durmaqdan
Bezdirmişəm otağı
Bilirsən...
pinti olur
Yalqızların yatağı

Yalqızlar az yuyunur
Gəlir yalqızlardan iy
Çayları soyuq olur
Yeməkləri alaçiy

Çirkli ayaqqabılar...
Dibi yanmış qazança...
Bir qırıq da ümid var
...qayıdacaq haçansa...

Yalqız sabaha baxmır
Arzulayır keçmişi
Çox miskin mənzərədir
Ev yığışdıran kişi

Hələ bunun gecələr
içib ağlamağı var,
saçın daramamağı
saqqal saxlamağı var

Üstəgəl pəncərədən
Gözünü yola dikmək
Gəlməyini gözləmək
Qadın həsrəti çəkmək

Dərd ağır, hava da pis
Ara vermir yağışlar
Sənə məktub yazıram
Yazıram ki,
Bağışla...

Günel Mövlud

Axşamçağına cavab…

Sənə məktub yazıram
həzin, qədim şəhərdən,
nə olar, oxu, kövrəl,
gözlərini sil hərdən…

…yaz gəlmir, hava sınmır
hava yox, mən sınmışam
bir sobanın böyrünə
ölü tək uzanmışam.

Çoxdan ölmüşəm bilir
qaşıma qonan milçək,
canımı heydən salıb
qızıl yel, göy öskürək

İçimdə yorğun ləçər
mənə söyür, tüpürür
uzanıb ağlayıram;
saçlarım yer süpürür…

O qədər ölüyəm ki,
siçanlar saya salmır,
Səda boşqab düzəndə
məni hesaba almır.

Gecə qarabasmalar,
səhər qan azlığı var.
Hələ dost laqeydliyi,
kişi qansızlığı var…

Bəlkə də ovudardı
sevgilimin gəlişi;
bir qucaq isti bədən,
bir qucaq doğma kişi.

Amma boş ver, qalxacam
uzandığım bu yerdən.
Qaldıracam saçımı
bu tozlu döşəmədən

Kədərlə doğrayacam
şair damarlarımı,
otaqdakı ac pişik
yalayacaq qanımı

…sənə məktub yazıram
bir hüzünlü şəhərdən
dost, barı sən unutma,
yada salıb, iç hərdən…

# 14630 dəfə oxunub

Oxşar xəbərlər

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

14:00 7 oktyabr 2026
"Tarix özünü  «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə  cavab

"Tarix özünü «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə cavab

11:00 7 oktyabr 2026
"Əgər xoşbəxtlik deyilən bir şey varsa..." - Sürgündə  yazan italyan yazıçı Natalia Ginzburq kim idi?

"Əgər xoşbəxtlik deyilən bir şey varsa..." - Sürgündə yazan italyan yazıçı Natalia Ginzburq kim idi?

10:00 7 oktyabr 2026
"Yaddaş, parçalanma və ayrılığın mümkünsüzlüyü..." - Sadra Abdollahi Hədiyyə Şəfaqətin romanı haqqında

"Yaddaş, parçalanma və ayrılığın mümkünsüzlüyü..." - Sadra Abdollahi Hədiyyə Şəfaqətin romanı haqqında

15:45 6 oktyabr 2026
Bədheybətlərlə empatiya qurmağı öyrədən yazıçı  Klayv Barker kimdir?

Bədheybətlərlə empatiya qurmağı öyrədən yazıçı Klayv Barker kimdir?

14:30 5 oktyabr 2026
"Başdan-ayağa qurama, karikatura, cansız, bədənsiz..." - Hekayə müzakirəsi

"Başdan-ayağa qurama, karikatura, cansız, bədənsiz..." - Hekayə müzakirəsi

15:00 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər