Balam xoşbəxt olacaq

Balam xoşbəxt olacaq
16 yanvar 2016
# 14:38

***

Üzük taxdı Sevdiyin
Yuvamdan uçdun artıq
Əlim qaldı üzümdə, yaşım doldu gözümdə
Xatirən ayaq açdı, dolandı şaxələndi
Dayandı düz önümdə....
Baxıram ki, körpəsən
Əllərin titrəyişli, ovucumun içində.
Necə tez keçdi zaman, gəzməyə də başladın
Danışa bilməsən də səsləyərək ağladın
Gah yıxıldın, gah durdun
Rahatlığı qoynumda, qollarım arasında
Mənim yanımda duydun.
Saçların da uzandı, daradım yorulmadan
Bir əlində güzgü ilə, bir əlində darağın
Saçında bəzəklərin,
Sığal çəkdim xoşlandın
Gah rəqs edib nazlandın,
Gah sevimli oyuncaq qucağında uyudun
Mənim canım, ürəyim, dünyada xoşbəxt, balam
Sən necə dəyişmisən zaman ötüb bilmədən
Sən artıq böyümüsən.
Yola salıram səni.
Yox!... Axı sən hələ də mənim üçün körpəsən
Əzizləmək üçün fürsət axtarır gözüm
Həm sevinib gülürəm, hərdən də gizlin-gizlin
Gözümdən axan yaşı bir əlimlə silirəm
Barmağında üzüyə, üzündəki gülüşə
Sevgi dolu görüşə baxıb qürur düyuram
Ya Rəbb, şükür deyirəm.
Üzük taxdı sevdiyin
Yuvamdan uçdun artıq
Yolunu gözləyəcəm pəncərənin önündə
Qapının lap yanında
Telefon zənglərində
Hər yerdə axtaracam
Hər zaman istəyəcəm.
Bax sən hər gəlişində
Gedərsən otağına
O otaqdan qaçarsan... qaçarsan qucağıma
Sarılarsan boynuma
Deyərsən: - Su istədim. Əlim çatmadı, sən ver
Mənə yaşat o günü
Hər gün mənim yanında yaşadığın gün kimi!
Solma, çiçəyim mənim
Ətirli bir gül kimi nəfəs ver sən ömrümə
Mənə həyat bəxş elə hər gün xoş xəbərinlə
Bax beləcə qocalım
Sənin körpə ətrinlə.
Elə hey əzizləyim,
Sənin əşyalarını
Uşaqlıq yaylığını
Rəngli dəsmallarını
Üzərində “Anamı, atamı sevirəm mən”
Yazılı paltarını.
Yumuşaq ayaqqabın
Büzməli donlarını
Qoruyub saxlamışam
Boş şampun qablarını.
Onlarda xatirəm var
Hər birində ayrıca
Bir dünya xəzinəm var.
Üzük taxdı sevdiyin
Yuvamdan uçdun artıq
Necə darıxdım, Allah
Səni artıq qısqandım
Sevdiyin gəncə bu gün.
Mənim balam necədir?
Neynir indi evində
Görəsən yemək yedi
Üşümədi bu gecə?
Ömür bitənə kimi
Fikrim sənlə qalacaq
Səninlə oyanacaq
Səninlə yaşayacaq
Səninlə ağlayacaq
Eyni ağrı acını
Səninlə daşıyacaq
Bir ana qalır evdə
Bir ata qalır evdə
İnanıram, ilahi, balam xoşbəxt olacaq
İnanıram, ilahi, balam xoşbəxt olacaq....

# 1921 dəfə oxunub

Oxşar xəbərlər

"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

10:00 28 iyun 2026
Muminlər vadisinin yaradıcısı: Tuve Yanssonun sehrli dünyası

Muminlər vadisinin yaradıcısı: Tuve Yanssonun sehrli dünyası

14:00 27 iyun 2026
Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?

Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?

15:00 25 iyun 2026
"İnsanın qarşılaşdığı suallar..." - Hüseyn Cavid niyə bu gün də aktualdır?

"İnsanın qarşılaşdığı suallar..." - Hüseyn Cavid niyə bu gün də aktualdır?

12:30 24 iyun 2026
"Xatirə və gerçəklik arasında incə  sərhəd..."  - "Torpağın ruhu" oxucuya nə deyir?

"Xatirə və gerçəklik arasında incə sərhəd..." - "Torpağın ruhu" oxucuya nə deyir?

18:45 23 iyun 2026
Gürcü ədəbiyyatının faciəvi taleli şairi - Lado Asatiani kim idi?

Gürcü ədəbiyyatının faciəvi taleli şairi - Lado Asatiani kim idi?

15:45 23 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər