Ölümdən uca - Rafiq Tağıya elegiya

Ölümdən uca - Rafiq Tağıya elegiya
5 avqust 2017
# 12:00

Bu gün mərhum yazıçı Rafiq Tağının doğum günüdür. Yaşasa 65 yaşı tamam olacaqdı. Kulis bu münasibətlə Elnarə Akimovanın böyük yazıçıya həsr etdiyi “Ölümdən uca” essesini təqdim edir.

Ölsəm, şaşırma -

Ölə bilərəm...

...yazırdı türk şairi Ümid Yaşar Oğuzcan. Şaşırdıq ölümünə Rafiq Tağının, həm də necə. Yazılarındakı cəsarətə şaşırdığımız kimi, düzlüyünə, qeyri-adi düşüncəsinin intəhasızlığına təəssübləndiyimiz, fəhminin gücünə inanmadığımız kimi.

Dərk edə bilmirik ki, az qala hər gün hekayələri, müsahibələri, cığal yazıları ilə meydanda sözün həqiqi mənasında at oynadan Rafiq Tağı daha aramızda yoxdur. Heç vaxt da olmayacaq.

Rafiq Tağının ölümü dünyanın ən böyük haqsızlıqlarından oldu. O haqsızlıqlardan ki, Rafiq Tağı bütün həyatı boyu onunla mübarizə aparırdı. Ölümü ilə belə arxada bir yığın sual, müəmma, sirr dağarcığı buraxdı. O sual, müəmma ki, Rafiq Tağı bütün yaradıcılığı boyu “hepsi rəng” olan dünyamızın sirr pərdəsini yırtıb da boyasız, təbii bir həyat qurmağın amacında idi.

Rafiq Tağı insani məziyyətləri, azad söz uğrunda çabası ilə Tanrıdan bir az aşağı, narahat dünyamızın günü-gündən ucuzlaşan, laqeydləşən, cilddən-cildə girən insanlarından çox-çox yuxarıda duran birisi idi. Bəlkə ona görə bu qədər yandırır bu ölüm. Çünki tutduğumuz sənət yolunda bizə elm və bilik aşılayan, peşə öyrədən alimi-danalar çox olur. Rafiq Tağı kimilər isə bizə həm də, insan kimi necə olmağın və yaşamağın düsturunu göstərirdi.

Cavanşir Yusifli düz yazır ki, Rafiq Tağı son zamanlar bir-birinin ardınca verdiyi intervüləri, yazdığı hekayələr, publisist məqalələri ilə sanki tələsirdi. Hara tələsirdi? İndi bu sualın aydın cavabı var. Bəs hardan getməyə tələsirdi? Həyatdanmı, ədəbiyyatdanmı, barışmadığı dünyadanmı, bölüşmədiyi dərdlərindənmi? Elə bu sualın da cavabı aydındır. Bu itki o qədər zəngin olmayan mənəviyyat arsenalımızın içindən, tapındığımız söz adlı mehrabın gücündən getdi. Çünki bütün mübahisəli baxışlarına və sərt sənət müstəvisinə rəğmən o, birbaşa ədəbiyyatın predmeti, bütöv ədəbiyyat sevdalısı idi.

Bunu demək bəlkə də artıqdır ki, istər ədəbiyyat, istərsə də həyat vadisində Rafiq Tağı öz qanunları və dəyərlərilə yaşayan özgə bir dünyanın adamı idi və növbənöv cəhdləri, haşiyəsiz-boyasız yazıları ilə bizi öz dünyasının fərqliliyinə, fərdiliyinə inandırmaq istəyirdi. Özgə dünyaların adamına isə düşdüyü real aləmin fəci qaçılmazlıqlarını və sərt işləklərini yenmək o qədər də asan olmur, onun bəlkə də bütöv ömrünü bu axtarışlarda əritmək bahasına başa gəlir. Rafiq Tağının hər bir mətnindən onun sirlə dolu gözləri, suallarla yüklənmiş siması boy verirdi. Və bu sirr dolu gözlərin, suallarla yüklənmiş simanın arxasında həyatın adiliklərindən, bozluqlarından qaçıb içini əzən min-bir sualın cavabını axtarmaq təşnəsində olan ruhun nəhayətsizlik sevdası...

Onun ölümü də mübarizəsinə müvafiq oldu. Ona görə yox ki, Mirzə Cəlil demişkən, Rafiq Tağının “toxunduğu bütün məsələlərdən qan iyi” gəlirdi, həm də ona görə ki, bu mübarizə hətta, son ölüm dəqiqələrinə qədər onun üzünə, gözünə, bütün varlığına hakim kəsildi. O, ölümlə çarpışdığı axır məqamlarda belə qovğa, mübarizə çabasından qalmadı. Son mübarizə ölümlə oldu: həyatının vida dəqiqələrində üzündəki bəlkə də, zamana və gərdişə istehzanı nişan verən xəfif və işıqlı təbəssümlə Tanrı dərgahına köç edərkən ölümə belə meydan oxumağın Rafiq Tağı nümunəsini verdi. Bu, Rafiq Tağının dünyaya gəlirkən ona həvalə olunmuş mübarizə etmək missiyasının son – Zirvə məqamı idi.

# 956 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #