Eşşək strategiyası

Eşşək strategiyası
2 may 2014
# 10:45

GİRİŞ

Dünya təkqütblü olandan bəri, yer kürəsinin hər nöqtəsi, hər guşəsi bir tərəfdən nəzarətdə saxlanılır, yönləndirilir. Hər bir dövlətin, hər bir xalqın, hər bir qövmün nə geyəcəyi (dəb), nə yeyəcəyi (dieta), nə içəcəyi, necə işləyəcəyi, nə qədərə qədər məvacib alacağı, nəyi istehsal edəcəyi o bir tərəf tərəfindən müəyyən edilir. Hava, sel, zəlzələ, uçqun, torpaq sürüşməsi, çay daşması, quraqlıq da bura daxildir. Sadaladığımız bu hadisələr bəlkə elə bilirsiniz göydən, yox, yox, yerdəki o bir tərəf tərəfindən idarə edilir. Onları bir məsələ narahat etdimi, hər hansı bir başçı və yaxud partiya və yaxud lider və yaxud da elə bütöv bir xalq, tez əncam çəkməlidirlər. Qlobal işlərin strategiyasını 20 il sonrasına qədər, xırda məsələləri yaxın müddətə qədər həll edirlər. İldə bir-iki dəfə özləri yığışır, ayda üç-dörd dəfə elçilərini göndərirlər dünyanın hər yanına. Elçilər ölkələrə, həmin ölkələrin şəhərlərinə, rayon mərkəzlərinə, hətta, ucqar kəndlərinə qədər gedib çıxır, həmin qövmün dilini, mentalitetini, nə ilə maraqlandıqlarını, nə yeyib-içdiklərinə qədər hamısını dağarcıqlarına yığıb, aparırlar mərkəzə hesabat verməyə. Mərkəz də baxır, hə, bu qövm çox kitab oxuyandı, bu qövm elə çalıb-oxuyandı, o birisinin nə yeyib-içməyi var, nə də çalıb-oxumağı amma gələcəyini fikirləşəndi, biri öz xalqının varını artırmaq istəyir, o biri xalqını uyutmaq. Bunların hamısından bu mərkəzin, həmin o bir tərəfin xəbəri var. Bu məlumatlar yığılır böyük bir yaddaş anbarına. Sonra bu məlumatlar elmi şəkildə xüsusi strateji institutlar tərəfindən analiz edilir, ipə-sapa yatmayan qövmü və yaxud onun başçısını idarəetmədə bu bilgilərdən istifadə olunur.

ƏSAS XƏBƏR

Bir-birindən maraqlı, qeyri-adi xəbər vermək, kimin daha çox axşam xəbərlərində xalqın tüklərini biz-biz edəcəyi, kimin daha çox tamaşaçısını şəkər xəstəliyinə mübtəla edəcəyi, daha çox hansı kanalın insanların qan təzyiqini tavana qaldıracağı, daha çox depressiyaya salacağı, daha çox üzəcəyi yarışmasına çıxan özəl kanalların verdiyi axşam xəbərlərində - balaca uşağın qolu ət maşınında əzildi, filan kənddə ev yandı, filan yerdə oğrular mal-qara oğurladı, maşın qəzasında ata-bala öldü xəbərini çatdıran, qabağına bir-neçə təzyiq dərmanı, valakardin- ürək dərmanı, novopassit - əsəb dərmanı yığan tamaşaçını mat qoyaraq, özlərinin reytinqlərini artırmağa çalışırlar.

PARADOKS

Yaxın ölkələr, bir-birlərilə qonşu dövlətlər, qövmlər bir-birlərindən dil, din əxz eləyirlər, yəni leksikon mübadiləsi aparırlar, sonra ticari ilişkilərə girişirlər. Qonşu qonşuya baxar, özünü oda yaxar deyiblər. Biz əvvəllər klassiklərimizin də buyurduğu kimi xalqımızı irəli aparmaq üçün kürəyimizi şərqə, irəli getmək üçün üzümüzü şimala çevirdik. Çox da şimala getdik. İndi isə üzümüzü yenə də kökümüzə, türklərə çevirmişik. Saf-çürük eləmədən onlarda nə varsa yaxşısına, pisinə baxmadan biz də götürürük. Hər sahədə, yol canavarından tutmuş, dietaya qədər. Nə yeyirlərsə, onu biz də süfrələrimizə çəkirik.

Tükürpədici xəbərlərdən biri də at və eşşək ətinin satılması oldu. Özü də nəzərinizə çatdırım ki, bu xəbər camaatın axşam yeməyinə yığışdığı vaxt verildi. Amma bu heç də pis xəbər olmadı.

Ümumiyyətlə, biz gərək çoxdan rasionumuzu dəyişə idik. Sovetlər dönəmində nərə balığı, kürü yeyən bir xalqın zəkası, istedadı dünyaya səs salırdı. Müstəqillikdə indi ümid qaldı qoyuna, mala. Deyirlər nə qoyarsan ənginə, o da çıxar rənginə. O qədər qoyun kimi dinc insan olduq ki, Moskvadan aldığımız nəyimiz var idi hamısını dinməzcə o bir tərəf əlimizdən aldı. İndi orta məktəbdə də uşaqlara deyirlər ki, nə qoyun kimi gözünü döyürsən, nə mal kimi baxırsan. Amma baxın, eşşək indi bizə gəlib çatıb, amma qonşu Türkiyədə, hətta Avropanın ən inkişaf etmiş ölkələrində belə bu ənənə çoxdan mövcuddur. Yəqin onun təsirindəndir ki, bu yaxınlarda Türkiyə Böyük Millət Məclisinin iclaslarının birində parlamentarilərin davası düşdü və bu davada onlardan biri bütün dünyanın gözü önündə öz bakan yoldaşına at kimi şahə qalxıb, eşşək kimi təpik atmağının da şahidi olduq.

NƏTİCƏ

Deyir nə tökərsən aşına, o da çıxar qaşığına. İndi özünüz seçin. Dinc qoyun, mal, yoxsa soncuxlayan, şıllaq atan at, eşşək. Bax, siz seçməlisiniz, yoxsa sizin yerinizə o bir tərəf seçəcək ha. Onlar da vəziyyət ilə əlaqədar olaraq seçəcəklər. Ya məəə, ya iha!!!

# 2496 dəfə oxunub

Oxşar xəbərlər

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
#
#
# # #