Şərif ağ eləməz...

Şərif ağ eləməz...
27 sentyabr 2013
# 15:17

Hamı doğulur, hamı ölür, hərə bir cür. Hamı adamdır, hərə bir cür. Hamı yaşayır, cürbəcür; kimi qaça-qaça, kimi uça-uça, kimi sürünə-sürünə...

Qaça-qaça yaşayanların sağdan-soldan xəbəri olmur, nəfəslərini dərmək istəyəndə yolun sonu olur.

Uça-uça yaşayanların da hərəsi bir cür uçur; kimisi öz qanadları ilə, kimisi qartalların caynağında, kimisi qarğaların dimdiyində.

Sürünə-sürünə yaşayanlar isə ya həyatın nə olduğunu bilmirlər, ya da bilirlər deyə...bildikcə, daha çətin olur, ağır olur yaşamaq. Nə qədər şərəfinin, ləyaqətinin qulu olursan, o qədər üst-başın torpaq olur.

Həyat onu dərk edənlərin rəqibidir. Kimisinin ayağından tutub sürüyür, kimisinin əlindən tutub aparır. Bir sözlə, o da adamlar kimidir, özündən az bilənləri, özündən istedadsızları sevir, istedadlıları, savadlıları gözümçıxdıya salır. Ən əsası, kimin kim olduğunu gözəl bilir.

Həə...Şərif demiş, ləyaqətsiz adam asan yaşaya bilər...

Şərifi tanıdığım nə qədər olar, bilmirəm... Mənə elə gəlir ki, yüz ildir. Elə bilirəm, öncəki həyatımda qonşu olmuşuq, bina qonşusu, blok qonşusu... ancaq yox...Şəriflə çəpər qonşusu olmaq olar. O, təbii adamdır, nədir, odur. Dilindəki ürəyində deyil, ürəyindəki dilindədir.

İllər öncə “Kərpickəsən kişinin dastanı”nı oxuyanda Şəriflə salam-əleykim yox idi. Haqqında bildiyim də heç nə yox idi, bircə onu bilirdim ki, Laçından nisgillidir. Kitabdakı ağrını çəkmək üçün hələlik bu yetirdi. Bircə bu yetirdi ki, onun yazılarındakı, müsahibələrindəki ləzzətli acının səbəbini biləsən.

Dost kimdir, dost nədir? Şəriflə hələ indiyəcən nəinki çörək kəsmək, heç bir içim su da içməmişəm. İki-üç kəlmədən artıq danışmamışıq, ancaq dostuq. Şərif virtualda mənə “gözəl dost” deyə müraciət edir həmişə. Demək ki, özünə dost bilir. Bir-birini sözdən anlayanlar hamısı dostdur. Bir kəlamda nə deyirdi? “Ruhu doğma olanlar, babasından daha yaxın qohumdur”. Bu baxımdan, Şərif ən yaxın qohumumdur.

Elə yeni çıxan növbəti kitabını - “Xanım T.”-ni mənə hədiyyə edəndə də buna əmin oldum. Kitabı bir gecə səhərə qədər oxudum. Daha doğrusu, kitabı Şərifdən alandan sonra birbaşa “Araz” a getdim. Özümə bir küncdə yer edib marşrutda qatladığım səhifədən oxumağa davam etdim. Neçə saat çəkdi bilmirəm, onu bilirəm ki, başımı kitabdan qaldıranda hava qaralmışdı. Həmin gecə kitabı oxuyub bitirdim. Bu müddətdə neçə dəfə doluxsundum, təsirləndim, duyğulandım... ancaq “Mirzə” məni ciddi-ciddi ağlatdı. Dayana bilməyib Şərifə yazdım: “Mirzə məni ağlatdı...”

Sosial şəbəkədə yazdığı statuslardan tutmuş, verdiyi müsahibələrə qədər hamısında bir inilti var. Əslində, bəlkə də, bir etiraz desəm, bilməm...bəlkə də, yanılıram, ancaq nədənsə həmişə Şərifi oxuyanda mənə elə gəlib ki, onun hər kəlməsində həyatın gedişatı ilə razılaşmamaq, dirəşmək, hər sözdə həyata onun yük olduğunu xatırlatma var. Sanki həyatın gözlərinə baxıb onu günahkar çıxarmaq kimi bir şey...ancaq yana-yana, tüstüsü təpəsindən çıxa-çıxa. O ağrıları çəkmədən, yaşamadan, içindən keçirmədən yazmaq olmaz, Söz haqqı. O cümlələri birər-birər odlamısan, ürəyə bu cür işləməz. Tez-tez evinin, daha doğrusu, sığındığı yataqxananın ünvanını unudub itkin düşən qocadan tutmuş, tüpürə-tüpürə deyinən qonşusuna qədər hamısının ağrısını çəkməsə, Şərif başqa Şərif olardı.

qaynar.info

# 3195 dəfə oxunub

Oxşar xəbərlər

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

14:00 7 oktyabr 2026
"Tarix özünü  «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə  cavab

"Tarix özünü «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə cavab

11:00 7 oktyabr 2026
"Əgər xoşbəxtlik deyilən bir şey varsa..." - Sürgündə  yazan italyan yazıçı Natalia Ginzburq kim idi?

"Əgər xoşbəxtlik deyilən bir şey varsa..." - Sürgündə yazan italyan yazıçı Natalia Ginzburq kim idi?

10:00 7 oktyabr 2026
"Yaddaş, parçalanma və ayrılığın mümkünsüzlüyü..." - Sadra Abdollahi Hədiyyə Şəfaqətin romanı haqqında

"Yaddaş, parçalanma və ayrılığın mümkünsüzlüyü..." - Sadra Abdollahi Hədiyyə Şəfaqətin romanı haqqında

15:45 6 oktyabr 2026
Bədheybətlərlə empatiya qurmağı öyrədən yazıçı  Klayv Barker kimdir?

Bədheybətlərlə empatiya qurmağı öyrədən yazıçı Klayv Barker kimdir?

14:30 5 oktyabr 2026
"Başdan-ayağa qurama, karikatura, cansız, bədənsiz..." - Hekayə müzakirəsi

"Başdan-ayağa qurama, karikatura, cansız, bədənsiz..." - Hekayə müzakirəsi

15:00 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər