Sən... Təksən

Sən... Təksən
17 oktyabr 2013
# 10:42

Kənan Hacı

Təksən... Tanrı Göy üzündə necə təkdisə, insan da Yer üzündə eləcə tənhadı. İnsanın bir adı da Təkdir. Təksən... Kim daha çox təkdir? Bəlkə insan elə təkliyin, tənhalığın övladıdır? Başımız üstündəki qəbir daşları təkliyimizin daşlaşmış nişanəsi, maddiləşmiş formasıdır. Yox, tənhalıq hissini boğmaq lazım deyil, qoy bu hiss azad olsun, içimizdə hökm sürsün. Təkliyin bu daxili vibrasiyaları hər dəfə bizi özümüzə qaytarır, yaddaşımızı oyadır, adi əşyalar qaydası, nəsnələr düzəni bizə çoxdan unutduğumuz nələrisə xatırladır. İşıqlı, səs-küylü gündüzlərin sonunda qaçılmaz bir qaranlıq var və o qaranlığın içində bizi sadiq, vəfalı dost kimi tənhalıq gözləyir. O tənhalıq bizim gün ərzində itirilmiş enerjimizi özümüzə qaytarır, pərən-pərən düşmüş duyğularımızı səfə düzür...

Təksən...

Səlim Babullaoğlunun təkliyin səhih koordinatlarını nişan verən “IX hissə” balladası beləcə, müraciət formasında qələmə alınıb. Mükəmməl poekonstruksiyası, polifonikliyi, kalambur yaratmaq ustalığı ilə seçilən bu əsər tənhalığın vəsfi deyil, onun diktə etdiyi həqiqətlər məcmusudur. Sözlər əridikcə mətn şəffaflaşır, hər misra real görüntü yaradır, beyində dərhal eskizlər cızır. Bütövlükdə “IX hissə” bir-birinə kip geydirilmiş kristal təbəqəni xatırladır. Qəfil assosiativ dönümlər aramsız diksinmələrlə müşayiət olunur.

Təksən,

Diksinsən,

deməli otaqda səndən başqa ən azı, biri var,

hər səhər tezdən səndən tez oyanar,

hələlik çəkilib güzgüyə.

Müəllifdən asılı olmayaraq metaforaların süjetə çevrilməsi hadisəsi baş verir. Təkliyin içimizdə zəbt etdiyi yeri bu mətn bizə nişan verir. Gərgin psixoloji ovqatla yüklənmiş misralarda qəribə bir çəkisizlik var – sanki sözlər qanadlanır və fikrin səmasında səfə düzülür.

İnsan kölgəylə bütövdü. Niyyət əməllə.

Hər şey sözdü: səslə oxunub,

Qeydə alınıb gizli qələmlə.

Qələm də əşyadı, səsdi, sözdü. Hamısı birdə.

Təksən.

“Yazımmı bunları?” Dursan. Yazsan.

Qələmi kənara qoyanda təsdiq taparsan kölgəndə.

Səlim şeir yazmır, ovqatın şəklini çəkir və oxucunu artıq yükdən azad edir. Təbiət öz sözünü zəlzələləri, daşqınları, vulkanları ilə dediyi kimi şair də öz nəfəsi ilə Sözün üzərindən zamanın tozunu alır. Səlim kimi.

Səlim şeir yazmır, nə vaxtsa yaşayıb unutduğumuz günləri yaddaş adlı vətənə qaytarır. Onun “Eksklüziv” adlı böyük bir şeirini oxuduqca bu yazılanların haçansa sırf hüceyrə halında sənin də beynindən keçdiyini zənn edirsən...

Yalnız gündəlik işlər bitərsə, bitərsə mənasız,

fani hərəkət;

bədənin üfüqi sükunət halından daimi ritminə

qoşula bilərsə

Yerin – kürənin – ana torpağın (necə ki, canbirdi

bir vaxtlar bətndə)

yalnız bu halda başlanar yuxular.

Başlanır. Yalnız bu halda ruh üçün açılır sirli aləmlər.

Səlim Babullaoğlu XXI əsrin şairidir. Deyəsən bir az gurultulu səsləndi. Amma hərdən laübalı sükutun bağrını oymaq üçün belə gurultulara ehtiyac yaranır. Dünyasını dəyişmiş insanlar haqda yeri gəldi-gəlmədi, o qədər gurultulu sözlər döşəmişik ki... Canlı insandan isə halalca haqqını insafsızcasına əsirgəmişik. Həmişə belə olub. Bu yaxında bir şairin yenicə çapdan çıxmış şeir kitabına yazıçı dostlarımızdan birinin yazdığı ön sözü oxudum və sarsıldım. Ön sözün müəllifi qeyd edir ki, mən xoşbəxtəm ki, dostumdan onun ölümünü gözləmədən yazıram və sizə də məsləhət görürəm ki, əgər diriliklərindən yaza bilmirsinizsə, elə sanın ki, dostlarınız ölüb. Fikir təxminən beləydi və bu fikrin ardında həyatımızın bir sıra qaçılmaz həqiqətləri səyriyir...

Səlim Babullaoğlunun sözlərindəki həyəcan, çırpınan ritm, quru yağışlar zamanı səmanın köksünü dağıdacaq bir dəhşətlə şaqqıldayan şimşəklərin üsyanına bənzəyir.

Üçüncü minilliyin başında dayanıb Yerlə Göy arasında dilmanclıq edən şair... Sən...

Təksən!...

# 2383 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #