Tar danışır!

Tar danışır!
31 iyul 2013
# 11:51

Kulis.Az istedadlı şair Saday Şəkərlinin "Tar danışır" poemasını təqdim edir.

TAR DANIŞIR

Allah səslər cəmidir

Kökləmişəm

Muğam üstə könlümü

Kim ovudar belə dərdli,

belə xəstə könlümü?

Ayaz düşüb

sarısimdə mürgüləyib üşüyürəm,

Üşüyəndə gözü yaşlı Təbrizimi

Zəncirlənmiş Dərbəndimi düşünürəm.

Nəşəliyəm, halım yoxdur,

bu dünyada tardan betər

zalım yoxdur,

bu dünyanın heç yerində

Ramiz, Möhlət, Alim yoxdur

Alim, oxu!

Havalansın Yarın səsi, tarsəsi

Qoy qarışsın tarsəsinə Yarsəsi, -

Dağlardan aşdım Xoya qoymadılar,

Bəzəndim gəldim toya qoymadılar…

Görmürsənmi

quzeylərdə buza dönmüş,

güneylərdə dil açıban qar danışır?

tar danışır!

Barmağıma dolamışam

Neçə-neçə rəngi, dədə

Quştək uçub əllərimdən

qanadlanmış cəngi, dədə.

Bir də gördün

pərdələrin arasında Araz yanır –

Arazbarı,

Bir də gördün yorğun-arğın

Bir Bayatı-Şiraz yanır

Yada salıb Şəhriyarı.

Xəbər gəlir keçmişlərin

həm ilindən, həm günündən

həm ayından,

tora salıb, qara gözlü bir gözəli

oğurladım Humayundan

bir də gördün bənövşə tək boyun

büküb

qəmli-qəmli bir alagöz yar danışır,

tar danışır!

Bu dinsizin çanağında

Uluların zil səsi var, bəm səsi var,

Qolunda səs şəlaləsi

Hər pərdədə Müşfiqimin

İniltisi, naləsi var.

Xırçıldayan qızıl qumlar

Bayatı-Kürd Sarı gəlir,

Saçlarını külək yolan

Dilbər adlı yarı gəlir -

Gəl ağlayaq biz dilində ləpələrin

Dil açmamış süd qoxulu körpələrin: -

Qəm şairin köynəyidi, Sarı gəlin

Eyləmə ah-zar danışır

tar danışır!

Könül gülür Şahnaz ilə

Şahnaz gəlir min naz ilə

Bir yorulmuş qafiyəyə meylim olur,

Məcnun mənəm,

Bu qız dönüb Leylim olur.

Muğam sona yetənəcən

And içirəm sədaqətə,

And içirəm sevgimdəki ülviyyətə

Füzulinin eşqinə bax

Meydir demiş məhəbbətə

Hər içən huşyar danışır

tar danışır!

Mən Şuşanı, Xankəndini

Çahargahda, Şurda gördüm.

Qarabağtək ceyranımız,

Qismət oldu qurda gördüm.

Gördüm, gözümdən vurdular

Neştər qan içindədi

Damır barmaqlarımdan

Şüştər qan içindədi

Segahsız qaldı düzlərim

Kor olsaydı

Kor olası gözlərim

Deyərdim bimar danışır

tar danışır!

Mən Mahurda doğulmuşam

Sübh zamanı, dan yerində

Öküzlərin gözünə bax, -

Sıçramayıb qan, yerində

Şikəstənin qızdırmalı anında

Əsədimin, Əsmərimin, Ərşahımın

Göylər qədər uzaq olan

Ürəyimə ürəyimdən yaxın olan

allahımın

yanağında yaş görmüşəm

görmüşəm qardaş, görmüşəm.

Gözə dəymir Dəli Domrul

İndi mənəm, mən dəliyəm

Mən tanrıya qayıtmalı

Mən allaha dönməliyəm

Tərpənir Qatar, danışır,

tar danışır!

Dəli könlüm

Mənsuriyyə oxuma ta, mərsiyyə de

Məcnun olub Leyla demə

Qarabağa layla de

Rast üstündə

Düşünən bənövşələr

Çıxdı rastıma

Sus, sus dedim dostuma

Dedim, nəfəs, can içində

Alış, odlan, yan içində

Gül dodağı qan içində

Gülüstan, gülzar danışır

tar danışır!

Gələcəyi daşa basıb

Keçmişini pisləyənlər

Qanı donmuş damarıma qırmaq atıb

Balıq tutmaq istəyənlər

Başımda bir Simayi-şəms havası var

Hələ türkün Müxalifdə

Gör nə qədər davası var

Zaman bizə görk olacaq

Tarix bizə dərs verəcək

Bir gün haqq da

Səsimizə səs verəcək: -

Yandım, tazə söz bəstələ,

Ellər yığışsın tüstümə

Baş qoyub sinəm üstünə

Tar xumar-xumar danışır

tar danışır

Bəsdir, qəflət yuxusundan

Ayıl, ayıl

Şah İsmayıl

Babəkimi səslə gəlsin Əzrək ilə

Sınağa çək Xan Qazanı Beyrək ilə

Gəl Zabulda qonağım ol,

Yetər öyündüyüm, yetər

Gəl indi də qınağım ol,

Başım üstə dalğalanan

Bir qələbə bayrağım ol,

Torpağım ol,

Çırağım ol

Dəli ruzigar danışır

tar danışır!

Xəritələr sızıldayır, göynəyir

Duz töküblər yarasına

Qan içrədir

Bu dünyanın köynəyi

Durub getsən harasına.

Buymuş insan həyatı

Heyrətindən

Gözlərini bərəldibdir Heyratı

Qoy tifağlar dağılmasın

Bölünməsin çəpərilə,

hasarilə

Dünya niyə qovuşmasın

Bərdaşt ilə, Hisarilə

Adəm zülm ağuşunda

Yaşı yüzə, minə çatmış

Xan çinarın koğuşunda

Bayatı-Qacar danışır

Sərhəd bilməz çay kimidir

Ulduz kimi, ay kimidir

Oxlanmış Saday kimidir

Yaralı şikar danışır,

tar danışır!

Danış ey könlümə həmdəm

yari-dildar, danış

Olmuşam gör neçə rəng

dərdə giriftar danış

Nə susub, sevdalı dilbər kimi

gözlər lalmı

Aşiqin dərdini sən

Eyləyib izhar danış

Asılıb Yerdə səsindən

Yenə sərməst oldum

Xaliqim eyləməsin

Göydə intihar, danış

Cəmi dillərdə danışdın,

Dəxi zillət nəymiş

Varsənə gör nə qədər

Məhəbbətim var, danış

Səs Allah əmanəti,

Sən sözə baxma, səsə bax

Din, Bilək kimdi müqəssir,

Ya günahkar, danış

Nə çəkirmiş bu ürək

Qoyma ki, pünhan qalsın

Simə çək, sirrimi aç

Tanrıya aşkar, danış

Şəkərli, yoxmuş əlac

Son kərə yalvar, yalvar

De yandım, ağlama tar,

Sızlama tar, tar, danış!

# 1914 dəfə oxunub

Oxşar xəbərlər

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #