"Uzun gecə"

"Uzun gecə"
20 noyabr 2015
# 12:20

Kulis Qorxmaz Şıxalıoğlunun "Uzun gecə" hekayəsini təqdim edir.


Darısqal otaqdakı köhnə çarpayıda uzanmışam. Lampa sönüb. Otağa çöldən-evin yaxınlığındakı körpü üstündə közərən gecə lanpalarının zəif işığı süzülür. Bu işıq zolağının bir ucu ayaqlarıma dirənir. Yatmaq istəyirəm. Daha doğrusu, istəyirəm ki, heç kim məni dindirməsin, sakitcə uzanıb fikirləşim. Fikirləşəndə dincəlirəm; çoxdankı adətimdir.

Yox, yəqin bu dəfə də arzum ürəyimdə qalacaq – sakit uzanıb fikirləşə bilməyəcəyəm. Çünki Aysel döşəmədəki yatağında yenə qurcuxur, bir bəhanə axtarır ki, məndən nəsə soruşsun. Amma, indiyə gərək o, yatmış olaydı. Çünki nağıl payını alıb. Bildiyim və özümdən uydurduğum bu nağıllardan sonra o, çoxdan bihuş olmalı, xoruldamalı idi. Aysel dərindən nəfəs alıb fısıldadı. Mən bunun mənasını çoxdan bilirəm: yəni ay ata, bax, bu saat mən yatmaq istəyirəm, lakin neyləyim ki, gözümə yuxu getmir. Onun bu cür böyüklər sayağı dərindən nəfəs alması guya məndən nəsə soruşmaq, ya da məni danışdırmaq üçün ona əsas verirdi. Qabaqlar belə hallarda ona acıqlanardım: “Aysel, yat, bəsdi daha! Yum gözlərini!” Amma belə təpinmələrimdən sonra o, bir-iki dəqiqə susar və bir daha məni danışdırmağa cəhd göstərərdi.

Budur, yorğan yenə tərpənir, di gəl, mən dinmirəm. Onda Ayselin dili açılır:

  • Ata, bilirsən nə var?

  • Sualı cavabsız qalır. Bu yerdə dinməmək də mənim öz üsulumdur. Yəni hirslənməməyimə baxma, indilikdə qəti danışmaq istəmirəm, qurtardı getdi. Dedim yat! Düzdü, bu sərt gedişlərimin heç bir bəhrəsi olmur, yenə elə bil Ayselin yatağına birə düşüb. Mən də öz bildiyimdən əl çəkmirəm -ağzımı yummuşam.

Yenə Aysel:

- Ata, bilirsən nə var? Sən də işindən icazə al, ana da alsın. Hamımız gedək kəndə, babanın yanına. Hə, bir də Günel.

Günel böyük qızımızdır. Birinci sinifdədir.

Aysel yaxşı bilir: ağzıma tikiş vurmağıma baxmayaraq, bütün sözləri qulağımdadır. Ona görə də arın-arxayın, daha da ləzzətlə danışır.

- Ata, özü də sən mənə çoxlu-çoxlu pullar verərsən, mən qoca babaya palto alaram. Qəşəngindən! Bir də konfet. Ədalət əmi gətirmişdi ha , ondan.


- Hələ qoy bir atan özünə plaş-zad alsın, qalsın babana palto. Bircə kəs! Tez yat görüm!

Bu narazı səs həyat yoldaşım Mənzərindir. Vay dədə, bu söhbət saqqız kimi uzanacaq. Yatmaq qaldı.

Nədənsə ürəyim sıxılır. Uşaqla belə danışmazlar. Axı Ayselin yaşı hələ dörd də olmayıb. Ata-anamı da, yəni öz nənə və babasını da yalnız mənim söz-söhbətlərimdən qiyabi tanıyır. Kənd onun üçün təmizcənə bir nağıl, heç beş qram ağırlığı olmayan ürəyindəki ən şirin, ən isti bir arzu idi. Mənzərin qəzəbli-acı sözlərisə qabaqlar da, indi də mənim Ayselə söylədiklərimi havaya sovurur: babanın ona alacağı qırmızı don ya qırmızı ayaqqabı, nənənin ona bişirəcəyi qutablar və şorqoğalları, qoca tut ağacından onun ayaqlarını buludlara dəydirəsi yelləncək, şıllaq atan quzu və çəpişlər, bir-biri ilə buynuzlaşan danalar, ay nə bilim, öz “qaar-qaar” larıyla sanki qar çağıran qarğalar.

Arvadağanın bu soyuq, hətta buz kimi sözlərində mənim Ayselə söylədiyim nağıllarımın kürəyinə saplanmış yekə bir bıçaq görürəm. Burada mən ağzıma su alıb dayana bilmirəm. Nəsə demək, Ayselin arzu-istəklərinə qahmar durmaq lazımdır. Mənzəri sancmaq- özü də hökmən.

  • Aysel bala, anaya de ki, atanın hər şeyi var, hətta düymələri par-par yanan xarici plaşı da. Özü də sən qorxma, biz kəndə gedəcəyik. Ancaq indi yat!

Mənim səsimi eşidən kimi Aysel təzədən həvəslənir. Üstündəki güllü yorğanı bir kənara atıb yerinin içində oturur:

- Düz deyirsən, ata. Sənin plaşın çox qəşəngdir. Düymələri elə bil şüşədir-işıq verir.

Plaşımın “gözəlliy”indən Ayselin belə ciddi-cəhdlə söz açmağı əbəs deyil. Kəndə getməyimizin vacibliyi haqqında anasıyla mənim aramdakı deyişmələri qulağı çalmışdı. Həqiqətdəsə kənd səfərimizin gecikməsi də həmişə elə mənim pal-paltarımın köhnəliyi- qocafəndliyi ilə bağlı olurdu. Gecənin bu aləmində Mənzərin plaş barəsində gəvəzələdikləri artıq Aysel üçün “kənddən əlini üz” demək idi.

- Maşallah, plaşın lap güzgüyə oxşayır. Sürtülməkdən, -deyə yenə Mənzər donquldanır: - Ay qız, sən öl bir! Yerinin içində nə söngümüsən! Yerinə gir, qurtar!

O, Ayselin qolundan tutub təzədən yerinə basmaq istəyir. Aysel naəlac qalıb uzanır.

- Sən də bəsdi daha. Bu nədi, kəndi hey uzadırsan? Axır səsinizdən Günel də dəli olacaq.

- Ana, mən heç yatmışam ki,- birdən qaranlıqdan Günel dillənir. Səsindən günahkarlıq yağırdı. Onun da yatmamağı Mənzəri təbdən çıxarır:

- Bəxtəvər olmadıq? Bu gecə canınıza nə azar düşüb! Camaat beş yuxu alıb!Ay Allah, belə ömür-gün olar?

Onun səsi birdən yumşalası:

- Günelim, barı sən yat. Axı sabah dərsin var...Aysel, sən yatdın? Bax, yatsan, sabah ana sənə şirni xoruzlar gətirəcək. Özü də beş dənəsini.

- Onda, mandarin də alarsan. Bir az çox ha! Hamıya çatsın. Bir günə qurtarmasın, -Günel dedi.

- Ay böyük axmaq, sən axı yatmışdın!

Anasının bu sözlərindən sonra Günel bir “ağbirçəklik” elədi:

-Aysel, gəl yataq. Qoy səhər tez açılsın. Ana bizə tez mandarin alsın.
Günel, sanki bir güllə ilə iki dovşan vurmaq istəyir: həm anasının xoşuna gəlmək, həm də mandarin söhbətini nağdlaşdırmaq. Güneldən sonra otağa sükut çökdü. Lakin bu, uzun çəkmədi.

- O, küpəgirənin zəhrimarını tap, ver, qoy rədd olsun. “Xozeyka” olmadı bu - canımıza zəli kimi yapışıb.

Mənzər uşaqlarla qurtarıb, ev sahibəsindən yapışıb. Doğrudan da, evpulu gecikəndə arvad mısmırığını sallayır. Qanımızı it qanına döndərir. Mənzər həmişə də günahı məndə görür:

- Sənin heç vecinə də deyil,- deyir.

Yox, o, bilməmiş olmaz da ki, belə vaxtlarda mən ürəyimin içini yeyirəm . Birgə yaşadığımız bu illər ərzində həmişə əzablar çəkdiyimə inanmaqdan qorxub və eləcə özünü aldadıb ki, mən heç nəyi vecimə almıram. Bununla da özünə toxtaqlıq verib. Mənzər yəqin mənim əzablarımı bir qədər azaltmaq məqsədi güdüb-özünü belə düşünməyə məcbur edib. Ancaq mən Mənzəri bu ovqata vadar etdiyim üçün hər dəfə özümü qınayıram. Ancaq bəlkə də bütün bunlar heç də mənim düşündüyüm kimi deyil. Neyləyəsən ki,bu ağır fikirlər məndən əl çəkmir.

- “Sənin heç veçinə də deyil”.

Yox, mən həmişə də gözləyirəm ki, bu nainsaf balası axır üzümə dirənəcək.- “Bəsdi özünü bilməməzliyə vurdun! Yaşayışını görmürsən?Guya sən əzab çəkmirsən?” – deyəcək.

İlahi, deyirəm, nə yaxşı, o, hələ bunu etmir.

- Oldu. Sabah hər şey həll olunar. Nə böyük iş olub? Fəlakət baş verib? Evkirəsi üç-beş gün gecikəndə dünya dağılar?

- Yenə ürəyimi şişirtmə! Kartofumuz da qurtarıb. Qutuda bir gilə soğanımız da qalmayıb.

Danışmağa dilim yox. Ləbbeyk susmuşam.

- Ana, mənə çörək, -Aysel qorxa-qorxa dillənir.

- Vay-vay, bunlar yatana oxşamır!

Gözləyirdim ki, indicə Mənzərin gül ağzı açılar, qara qarğışlar tökər. Ancaq o neylədi- dərindən bir ah çəkib nəvazişlə soruşdu:

- Qızım, çörəyi nəylə yemək istəyirsən?

-Bircə şornan vermə.

-Yaxşı, şor rədd olacaq.

Durub işığı yandırdı. Bir neçə yerdən şiri qopmuş böyük çuqun qazandan çörək götürdü. İstisi-soyuğu bilinməyən, köhnə “Bakı” soyuducusundan yağ çıxarıb, ona yaxmac düzəltdi. Şeytan qızımız çoxdan durub yerinin içində bardaş qurmuşdu. Anası onun döşəyinincə üstünə qəzet sərdi. Uşaq iştahla işə girişdi. Barı həmişəki “Bissimillah”ını da demədi.

- Çay da gəlsin?

- Qəl-sin,- ordları çörəklə dolu olduğundan, sözü düz deyə bilmədi. Uşaq yeyib qurtardı da, soyuq çayı başına çəkdi də: - Bax, görərsiniz, indi gözlərimi bərk-bərk yumub yatacam.

Yerinə uzanan kimi Mənzər yorğanı ehmallıca onun üstünə çəkdi: - Mənim çiçək balam, acıbmış daa, neyləsin? Bax, düz deyir, indi yatar, - dedi.

Yox balam, deyən, bu saat bizdə hamı yatacaq. Xalq- millətsə artıq oyanır. Küçədən maşınların səsi gəlirdi.


1989

# 971 dəfə oxunub

Oxşar xəbərlər

Məgər hicablı qadın öpüşmür, xəyanət etmir? – Ömər Xəyyam

Məgər hicablı qadın öpüşmür, xəyanət etmir? – Ömər Xəyyam

12:16 3 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
# # #