Təbiət yetkin bədənimin diliylə danışırdı – ROMANDAN PARÇA

Təbiət yetkin bədənimin diliylə danışırdı – <span style="color:red;">ROMANDAN PARÇA
23 dekabr 2016
# 12:57

Kulis.Az Bircənin “Cəhənnəmdən keçmiş mələk” romanından növbəti parçanı təqdim edir.

Avtobioqrafik roman

əvvəli burada

Yavaş-yavaş həyatın dilini öyrənirdim. Bəzən mənə elə gəlirdi bu dünyaya yalnız anamın əmrlərini yerinə yetirmək, qardaşlarıma sözsüz itaət göstərmək, bir də dərs oxumaq üçün gəlmişəm. Böyüdükcə təbiət yetişkin qız bədəninin diliylə başqa dünyaların da var olduğunu qulağıma pıçıldayırdı.

Orta məktəbi bitirməyimə bir il qalmışdı. Böyükdən kiçik qardaşım Kamil çox yaxşı riyaziyyatçı idi. Könlünə düşəndə hərdən ali məktəbə uşaq hazırlaşdırardı. Onun yetişdirdiyi abituriyent yüksək nəticə göstərərdi.

Qonşu kənddən ali məktəbə imtahan verməyə hazırlaşan iki dostun üç aya yaxındı qardaşımın yanına gəlib getdiyini bilirdim. Amma bu müddətdə onların üzünü görməmişdim. Dərsdən sonra mən bir gün musiqi məktəbinə, bir gün də şahmat məktəbinə gedirdim. Hərdənbir kəndin içində üzündə yanıq yeri olan bir oğlanla rastlaşırdım. Hər dəfə də içimdən keçən bir fikir ildırım sürətiylə beynimə vururdu: öz-özümə deyirdim, ilahi, bu gözəl oğlanı hansı qız sevəcək bu sifətlə?..

Axşama yaxın evə qayıdardım. Günün qalan saatlarında nənəmin tapşırıqlarını ancaq yerinə yetirərdim. Nənəmə də ki, bir batalyon əsgər versəydilər, hamısına bizim evdə iş tapardı.

İsti yay öz axarıyla gedirdi. Hər iki məktəbimdə dərslər bağlanmışdı, artıq evdən heç yerə çıxa bilmirdim. Kamilin hazırlaşdırdığı oğlanların imtahana gedəcəyini səbirsizliklə gözləyirdim, çünki bundan sonra qardaşım məni yaylağa aparacaqdı.

Bir gün yenə həyətdəki yay mətbəximizdə gilənar mürəbbəsi bişirirdim. Qocalıb əldən düşmüş nənəm hanasında palaz toxuyurdu. Tez-tez əlimi boşaldıb onun qəlyanını odlayırdım, bəzən qəlyanı nənəmlə şərikli sümürürdük. Qardaşım öz otağında yenə tələbələriylə məşğul idi. Birdən o, başını pəncərədən uzadıb:

- O təzə mürəbbənlə bizə Allah yolunda bir çay gətirəsən bəlkə, - dedi.

Nənəmin qəlyanını təzəcə sümürüb qurtarmışdım. Üstümdə tütün iyi, ağzımda şirin bir tənbəki dadı qalmışdı.

Qorxurdum ki, çayı tez aparsam, iyi hiss eləyərlər. Həm də, düzü, bu istidə kiməsə çay aparmaq heç ürəyimcə deyildi. Stəkanları bir siniyə düzüb ayağımı sürüyə-sürüyə, könülsüz-könülsüz qardaşımın dərs verdiyi otağa apardım. Qapını açan kimi elə bildim məni ilan çaldı. Mənim gəlişimə qardaşımla birgə o iki nəfər də başını qaldırdı. Həmən üzüyanıq oğlanı görəndə dünya başıma fırlandı. Deyəsən, elə o da mənim qədər təəccübləndi. Mən stəkanları masanın üstünə düzüb, tələsik içəridən çıxdım. Çıxdımsa da, fikrim-xəyalım içəridə qaldı. Az sonra nənəmi yanlayıb, bu oğlanların hardan, kim olduqlarını soruşdum. Nənəm çiyinlərini çəkib:

- Get onu qardaşından soruş, - dedi. – Bunlara bənd olub səni bişirdi aranın cırhacırında.

İçimdə baş açmadığım duyğular oynaşırdı. Daha heç nə barədə düşünə bilmirdim. Gözüm Kamilin dərs dediyi otağın pəncərəsində qalmışdı. Qəbul imtahanlarının başlanmağına hələ bir ay vardı, deməli, bu oğlanlar hələ bir ay gəlib-gedəcəkdilər. Mən də bu bir ayı gün saya-saya gözləməliydim.

Dostu üzüyanıqdan qəşəng, boylu-buxunlu idi. Onlar gəlib-gedənəcən mən qapıda-bacada qalırdım. Başımdan tutan aramsız güclü ağrılar məni tərpənməyə qoymurdu. Heç nəyə baxmadan nənəmin qulluğunda yenə də sevə-sevə dururdum. Yazın burnu dəlinəndə anam həmişəki kimi barxanasını, üstəlik də, hər bacı-qardaşının bir uşağını götürüb yollanmışdı dağlanmağa, həmişəki kimi məni nənəmin üstünə atıb getmişdi. Bu səfər təkcə nənəmin yox, həm də başıma ilk dəfə gələn məhəbbət adlı fəlakətin...

O yay mənim amansız taleyim baltasını itiləməyə başladı. Onu ilk dəfə məktəb yolunda görmüşdüm. Kiçik əmimin oğluyla birgə dərsdən evə qayıdırdıq. Qarşıdan bir maşın asta-asta gəlirdi. Qəfildən əmim oğlu qayıtdı ki, Bircə, maşının içinə bax... Mən başımı qaldıranda gün işığı gözlərimə düşdü deyə maşındakıları görmədim. Ardınca da maşın böyrümüzdən ötüb keçdi, yenə bir şey seçmədim. Nə demək istədiyini soruşanda əmim oğlu dilləndi:

- Sürücü göyçək oğlandı, amma hayıf ki, üzündə iri bir ləkə var...

Əmoğlunun bu adama belə ürəkdən yanması məndə də ona qarşı azacıq maraq doğurdu. Nədənsə hələ axıra çatdırmadığım “Ovod”un qəhrəmanını xatırladım. Evə çatana qədər əmim oğlu bu yad adamı, onun sifətindəki yanıq yerini unutmağıma imkan vermədi.

Aradan təxminən bir həftə keçmiş günün isti vaxtı kitabxanadan qayıdırdım. Yanımdan ötən maşına ötəri bir nəzər saldım: gülümsəyən bir cüt göz şüşənin arxasından gözlərimə zillənmişdi. Bir anlıq elə bildim adam kimdisə qohumlarımdandı, ona görə də üzümə xəfifcə bir təbəssüm işığı qondu. Bir də boylananda adamın sol yanağında böyük bir yanıq yerinin olduğunu gördüm. Yerimdə donub qaldım, əmim oğlunun o gün dedikləri yadıma düşdü.

Dostu daha məhrəm baxışla üzümə baxardı, ancaq mənim ondan çox üzüyanığa qanım qaynayırdı. Artıq dostların adlarını, kimliklərini də öyrənmişdim – onun adı Əli, dostunun adı Kərim idi. Bu neçə gündə onlarla baxışa-baxışa doğmalaşmışdıq. Tez-tez bir bəhanəylə onların dərs aldığı otağa girib-çıxırdım, hər dəfə də gözlərimiz bir andaca tapışıb görüşürdü. Daha imtahanlara qədərki günlərin tez gəlib-keçməsini istəmirdim, vaxt bitəndən sonra onu bir daha görməyəcəyimi düşünəndə az qalırdım havalanım.

Bir yandan da isti məni haldan salmışdı, burnumun qanı, başımın ağrısı kəsmirdi. Ancaq bu ağrılar içində ürəyim dipdiriydi, gözlərim dil açıb danışırdı. Bir gün də mən çay stəkanları düzülmüş sinini pəncərənin qabağına qoyub masanın üstünü siləndə Əli boşaltdığı siqaret qutusunun qapağını külqabıya atdı. Otaqdan çıxandan sonra mən külqabını zibil vedrəsinə boşaltmadım, siqaret qutusunun qapağını əlimə alıb oyan-buyana çevirdim. Qapağın iç üzünə “Sən niyə belə gözəlsən” yazılmışdı. Yazını oxuyan kimi içimdən qopan zəlzələ məni yerimdən oynadıb nənəmin taxtına çırpdı. Az sonra özümü düzəldib nənəmin divardan asdığı daş güzgünün qabağına qaçdım. İlk dəfə içimdən belə bir sual keçdi: doğrudanmı mən gözələm? Nə qədər axtarsam da, özümdə bir gözəllik tapa bilmədim. Bəlkə heç o bunu məni düşünüb yazmamışdı? Ya bəlkə heç yazan o deyildi?..

Səhəri dostu Kərim tək gəldi. Qardaşımın ayrı işi vardı deyə məşğələyə yubanırdı, tapşırıqları yazıb masanın üstünə qoymuşdu. Mən çay aparmaq bəhanəsiylə içəri girdim. Kərim çox mehriban danışdırdı məni, elə bil bir-birimizi uzun illərdən bəri tanıyırdıq. Cibindən dörd qatlanmış bir kağız çıxarıb o üz-bu üzünə çevirdi. Mən tez-tələsik:

- Əli niyə gəlməyib? – deyə soruşanda o, bir anlıq yerində quruyub qaldı.

Ardınca da o:

- Daha gəlməyəcək, - deyəndə bu səfər mən dondum yerimdə.

Kərim təəccüblə soruşdu:

- Əlini neynirsən ki?

Mən tutuldum:

- Heç, elə-belə soruşdum...

Kərim bir az acıqlı, bir az da pərt görkəmlə əlindəki kağızı qaytarıb cibinə qoydu.

Çox-çox sonra bildim ki, o kağız mənə yazılmış sevgi məktubu imiş. Mən Əlini soruşanda dostu işin nə yerdə olduğunu anlayıb deyə məktubu verməkdən daşınıb...

***

Onun daha gəlməyəcəyini eşidəndə qanım ürəyimdən gicgahlarıma elə hikkəylə sıçradı ki, bir anda burnumdan selləndi. Ağzıma dolan qan sinəm aşağı axıb gölləndi. Əlimlə ağız-burnumu tutub özümü otaqdan çölə atdım. Beynimdən ilk keçən bu oldu ki, siqaret qutusunun qapağına yazılanı o yazmayıb.

Daha əlim işə-gücə yatmırdı. Həm isti aranın cəhənnəmindən, həm də içimdəki cəhənnəmdən qaçıb yaylağa çıxmaq istəyirdim. Son həftəni Kərim tək gəlib getdi. O həftə Kamil qardaşımın dərs dediyi otağa çox könülsüz çay apardım. İçəri girdikcə arabir gözüm qalibanə görkəmlə məni süzən Kərimin gülümsər gözlərinə sataşırdı. O baxışlarla Kərim özünün dostundan yüksəkdə durduğunu mənə hiss elətdirmək istəyirdi. Mən də bir ucdan içimdəkiləri nənəmin qəlyanına töküb yandırırdım.

O bir həftəni də başa vurandan sonra nənəmi bibimə tapşırıb qardaşımla yaylağa yollandım. Dərdindən öldüyüm dağlar bu gəlişimdə məni bir az ögey qarşıladı. Axşamların qatı dumanı, səhərlərin şaxtası canıma sinmirdi heç. Öz halımdan, əhvalımdan baş çıxara bilmirdim. Başımın güclənən ağrıları, içimdə ilan kimi qaynaşan, dilini bilmədiyim duyğuların şirin zəhəri səsimi-ünümü batırmışdı. Dizinə başımı qoyduğum dağlar indi üstümə gəlirdi. Yaylaqda keçirdiyim müddəti ölmə-diril başa vurdum. Kamillə mən gedəndən iyirmi gün sonra hamılıqla geri qayıtdıq.

Biz qayıdana ali məktəblərə qəbul imtahanları qurtarmışdı, qardaşımın iki tələbəsinin ikisi də istədiyi yerə qəbul olunmuşdu. Kamil bu işə bəlkə onların dədələrindən də çox sevinirdi. Uşaqların valideynləri, qohumları onu evdə oturmağa qoymurdular, hər gün qonaq aparırdılar.

Bir gün də Əli anası, bacısı, bir nəfər də kələ-kötür qızla (sonra bildim ki, onun əmisi qızıymış) bizə gəldi. İsti havada oğluna çay daşıdığıma görə anası mənə bir ətir bağışladı. Bu müddətdə gözlərimiz elə hey danışırdı, tərcüməçiyə-filana ehtiyacımız yox idi. Ancaq yenə də şübhə içimi yeyirdi, hərdən elə bilirdim yanılıram, özumdən nələrsə uydurub hisslərimə ötürürəm.

Qonaqlar durub gedəndə Əlinin əydəş-üydəş əmisi qızı ovcuma dörd qatlanmış bir kağız basdı. Ürəyim sıçrayıb dilimin altına gəldi, hər yerim zoqquldadı. Onlar qapıdan çıxar-çıxmaz özümü yıxdım nənəmin taxtına, kağızı açıb acgözlüklə oxumağa başladım. Məktubun həcmi böyük deyildi, hərçənd mən ilk sevgi məktubumun bir roman boyda olacağını gözləyirdim. Əvvəlcə kağıza yazılanları tələm-tələsik oxudum. Sonra təzədən başa qayıdıb, uşaq dilinin altına qoyduğu qəndi necə yavaş-yavaş, ləzzətlə sümürərsə, məktubu eləcə hərf-hərf oxumağa başladım. Birdən Hakim qardaşım quzğun kimi başımın üstünü aldı. Tez məktubu sinəmə sıxdım. Bir az süpürləşəndən sonra gördüm, yox, belə getsə, məktubu qorumağa gücüm çatmayacaq, ona görə də kağızı cəld bürmələyib ağzıma basdım. Hakim əl atıb çənəmi aralamaq istədi, mənsə heyim-hərdəmim tükənməmiş kağızı çeynəyib uddum. Mənim ilk sevgi məktubumun ömrü, bax, bu qədər qısa oldu...

ardı var

# 1735 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #