Elan - Mirmehdi Ağaoğlunun yeni hekayəsi

Elan - <span style="color:red;">Mirmehdi Ağaoğlunun yeni hekayəsi
12 dekabr 2016
# 11:47

Kulis.az Mirmehdi Ağaoğlunun "Elan" hekayəsini təqdim edir.

“Mən... Sən... O... Facebook...” silsiləsindən üçüncü hekayə

AUD-20160711-WA001: “Ihhım, ıhhım... Bir... Bir-bir.... Bir...”

Bu mən deyiləm. Əmim oğlu İqriqdir. Bəs o neyniyir? Yəqin deyəcəksiz, bilməyə nə var, mikrofona məşq edir. İndicə bir ağız oxuyacaq. Yox. Düz tapmadınız. Necə? Eşitmədim! Diktofona səsini yazır? Bax, siz doğru dediniz, amma gərək sizin cavabınızı da bir az rəndələyim. İqriq səsini yazmağına yazır, amma diktofona yox, Feysbuka. Fikrimi aydın çatdırmaq üçün gəlin ətraflı izah edim.

Əmim oğlu Feysbukda yenicə tanış olduğu qıza səsini göndərəsidi. Buna görə də məşq etmək üçün “Bir-bir” edib yazını mənim Vatsapıma yollayır, sonra da yolladığına qulaq asır. Hələ ki, azı on dəfə cəhd etsə də bir pox səbətə qoymayıb. Bağışlayın, üzr istəyirəm, amma gecənin bir aləmi şirin yuxudan oyandırılıb, yerinin içində zombi kimi o tərəf, bu tərəfə çevrilən adam ancaq bu cür danışa bilər. Üstəlik səhər tezdən işə getməli ola. Ona görə də əvvəlcədən xəbərdarlıq etməliyəm; mən də öz səs yazımda artıq-əskik danışa bilərəm.

AUD-20160711-WA002: Əlif... Əlif... Əlif. Lam. Mim.

Bu mənəm. Əmim oğlu İqriq deyil. Çaş-baş qaldız, elə bildiz, Quran oxuyuram? Yox canım? Bu əmoğlu ki, var - bir azdan tanış edəcəm - axır vaxtlar yaman dindarlaşıb, həyatını öz aləmində dinin buyruqları üzərində qurur. Və bunun təsəvvürünə görə müsəlman olan kəs gərək mikrofonu və ya səs yazısını yoxlayanda ruslar kimi “Raz... Raz...”, yəni “Bir...Bir...” deməsin, ərəb əlifbasının hərflərini işlətsin. Ya da Qurandan məşhur “Əlif. Lam. Mim.” ayəsini oxusun. Arada belə səyliyir, onda mən qarşısını alıram, tənbehləyirəm. Bayaq da mənə göndərəcəyi səs yazısında “Əlif...”ləmək istəyirdi, dedim bax, əgər belə eləsən danışığını hamıya dinlədəcəm, qoy məzələnsinlər səninlə. O da qorxusundan bu axmaq vərdişindən əl götürdü. Əminəm, müvəqqətidir, imkan tapan kimi yenə səydərəş mahiyyətinə qayıdacaq.

Mən də onunla məzələnmək xətrinə səs yazımda “Əlif-əlif” dedim. Hahaha...

AUD-20160711-WA003: Nəsə. Söhbətimizə qayıdaq. Sizi İqriqlə tanış edəcəkdim axı. Yox. Bir dəqiqə səbr edin. İqriqin nə elədiyini dedik. Bəs mənim burda nə azarım var? Yerimdə uzanmışam, vaxtsız oyanan xoruz banlamağa bəhanə axtaran kimi bekar qala bilmirəm. Səsimi yazıb əvvəlki Vatsap nömrəmə göndərirəm. Deyirəm bəlkə nə vaxtsa mənim də ürəyimdən məşhurluq keçdi, səs yazılarını yüklədim internetə, camaat da tanıdı. Ona görə səs yazımda kütləyə xitab edirmiş kimi danışıram. Nə bilmək olar. Məşhurluq elə bir xəstəlikdir ki, hər kəs ona yoluxmaq istəyir. Kiminsə bacarığı var, yazmaq, oxumaq, aktyorluq eləmək əlindən gəlir, bu qabiliyyəti ilə məşhur olur, kimisi də mənimtək şansını internetə bağlayır. Bu səbəbdən heç kəsin əsl adını çəkməyib, şərti adlardan istifadə edəcəm ki, zapislərimi birdən nə vaxtsa internetə qoyanda əmim oğlu da biabır olmasın, o biriləri də.

Yaxşı, məşhurluq barədə gələcəkdə düşünərik, indisə söhbətimizə qayıdaq. Onu deyirdim axı, əgər İqriq boğazını tarazlayıb “kişi” səsi çıxara bilsə, zapis edib qıza yollayacaq, alınmasa yenə də yalvarıb-yaxaracaq ki, qurban olum mənim yerimə gəl sənin səsini göndərək. Həmişə belə edir, qızla Feysbukda, ya Vatsapda yazışır-yazışır, elə ki, təzə tanış olduğu qız ondan Vastapda səsli mesaj istəyir, o zaman əmoğlumun kompleksləri boy atır. Qızı bu fikirdən daşındıra bilməyəndə də məni yuxudan oyadır ki, dur telefona iki kəlmə de, filankəsə yollayım. Yaşca məndən böyükdür, di gəl, səsi hələ də boşalan şar kimi cırıldayır.

Mən də əvvəlcə naz edəcəm, dolayacam onu, hətta deyəcəm ki, onsuz yenə axıra kimi getməyəssən, nolar, gəl bu qıza səsimi göndərməyinə göndərək, amma sonra da ötür mənə, nə paxıllıqdır. Nə vecinə, sənə gündə yüz qız yazır. Dərd mənimkidir. Başqa vaxt müsəlmançılıqdan danışırsan, heç rəvamıdır, özün tox olasan, qardaşın ac. Əvvəl razılaşmayacaq, deyəcək, bununla fikrim ciddidir, hətta məndən inciyəcək də. Qız o başda təntidir axı, küsməyi uzun çəkməyəcək. Yenə yerindən durub gələcək mənim çarpayıma, üstümə əyilib yalvaracaq, hətta kəkələnəcək də, “ayıb olsun”, sonra da dikəlib səsinin incə yerinə salacaq, bir az şırmanaraq, bir az ironik tonda türklərsayaq deyəcək: “Ağzını təmiz saxla, bu qız sənin yengən olacaq.”

Biz də, daha doğrusu mən də - şərti adım İksdir - əmoğlumun səs telinin bax, bu incə yerinə ilişmişəm. Baxırsan ki, ucaboy, enlikürək, yarlı-yaraşıqlı oğlandı, amma səsi bədəninə görə deyil, çox incədi. Şəklinə baxan qız, səsinə qulaq assa bilməz ki, bu səs bu gədədən çıxır.

Mən bunun 20 illik əmoğlusuyam, özüm heyrət edirəm, bəs yarım saat əvvəl tanıdığı qız necə heyrət et...

AUD-20160711-WA004: Deyəsən səsim yarımçıq getdi, bilmirəm, telefonun yaddaşı doldu, yoxsa Vatsapın düyməsinə basdığım barmağım yoruldu ya nədir, axırı olan oldu. Gərək bundan sonra səsimi tez-tez kəsib faylı yollayım ki, danışığım qırılmasın. Nəsə, söhbətimə davam edim. ...bəs yarım saat əvvəl tanıdığı qız necə heyrət etməsin.

Hələ vaxtımız var. Həmişə ilk cəhddən üstümə gəlib yalvarardı ki, qurban olum mənim yerimə bir “salam” de, filan qıza yollayım. Axır vaxtlarsa yaman inadkar olub. Əmi oğlu hələ bir müddət məşq edəcək. O məşq edənə kimi, gəlin sizə özümüzdən danışım. Əvvəlcə çıxım balkona bir siqaret yandırım, sonra söhbətimizə davam edək.

AUD-20160711-WA005: Harda qalmışdıq? Onu deyirdim axı. Şərti adım İksdir, məndən bir az aralıda, o biri çarpayıda uzanan oğlan isə əmim oğlu İqriq. İqriqin 22, mənim 20 yaşım var. Tikintidə fəhlə işləyirəm. Günlərim elə də maraqlı keçmir. Deyirəm, yaxşı ki, bu telefonlar var. Yoxsa yaşamağa həvəs olmazdı. Özünüz təsəvvür edin; səhər tezdən dur, gözünü ovuşdura-ovuşdura bir tikə çörək ye, sonra basabas avtobusda yollan işə, gündüz-axşama kimi ağır sement kisələri, opalovka taxtası daşı, araba sür, palçıq tut, axşam da yorğun-arğın çıx gəl evə. Çörək ye, bir az gəz, məhlədə uşaqlarla laqqırtı vur, kafedə domino oyna, çay evində bardaş qurub qəlyan çək, canım sizə desin, küçədə sülənməkdən doy-dolan, axır qayıt xarabana, yıxıl yat, səhərsə təzədən iş. Bu telefonlarsa başımızı qatır. Yutubda mahnıya qulaq asırsan, filmə baxırsan, İnstaqramda gözəl qadın şəkillərinə ürək qoyursan, Feysbukda qız tutursan, söhbət edirsən, vaxtını öldürürsən. Bacarsan görüşə çağırırsan, alınmayanda elə Feysbukdaca açıq-saçıq söhbət salırsan, o da sənə cavab verirsə nə əla. Bunun pis tərəfi də var. Xüsusən də yeni qızla tanış olduğun zamanlar. Bir də gördün söhbət o qədər maraqlı alınır ki, gecə yuxusuz qalıb səhərə qədər danışırsan, səhər də dur get işlə görüm necə işləyirsən. Söhbəti də yarımçıq saxlamaq olmur, gərək gecə ilə məsələni həll edəsən. Sanki gecə insanlar ikiləşirlər, tamam başqa adama çevrilirlər. Dəfələrlə başıma gəlib, gecə təzə tanış olduğum qızla rahatca istədiyim mövzuya keçib danışa bilirəm, söhbəti virtual seksə gətirirəm. Gündüz belə şey eləmək olmur, çox az qız dünyanın işıqlı vaxtı bunlara reaksiya verir. Elə bil gecələr hamının bədəni alışıb-yanır, qaranlıqla bərabər yer üzünə afrodizyak ətir - ovqat da çökür (Bu sözü hardan bilirəm deməyin, bizim əlimiz armud toplamır, internetdə arada məqalə də oxuyuruq. Hahaha). Buna görə də tanış olduğum qızla elə həmin gecə söhbəti tramplin edib dərinliyə baş vurmaq istəyirəm ki, səhərə qədər işi bitirim, səhər yenidən “başqa insan” olub məni özündən kənarlaşdırmasın, kənarlaşdırsa da heç olmasa əlimdə mayam olsun. Bu axmaq vərdişlərin üstündə gecələr yuxusuz qalıram, bundan sonra işlə, fəhləlik elə görüm necə edirsən.

Əmoğlumun o baxımdan da bəxti gətirib. Universitetdə oxuyur, tələbədir. Tətil olduğu üçün səhərlər dərsə getmir. Gecə oyaq qalmaq problemi də yoxdur. Evdə hamı yatandan sonra çəkilir otağına, səhərə qədər qızlarla əngə verir. Zalım oğlunda o dəqiqə də alınır. Qızlar özü yazır İqriqə. Bilmirəm nəyinə vurulublar.

Bilirəm, niyə bilmirəm? Əmim oğlu çox yaraşıqlıdır. Arabir saqqal buraxmasa deyərsən xalis qızdır, saqqal saxlayanda da olur Konçita[1]. Hahahaha.

Ucaboy, enlikürək oğlandır. Üzü elə pak, elə məsumdur ki, məndən olsa peyğəmbərlərdən bəhs edən filmlərə əmoğlumu çəkərdilər. Anam deyir, uşaq vaxtı qız-gəlinlər İqriqi qucaqlarından vermək istəmirdilər, o qədər göyçək idi ki, öpüb-dişləməkdən doymurdular. Hansısa qonaqlığın, ya ad gününün axırında bizim nəslin belə nostalji söhbətləri olur. Bu söhbətlərdə həmişə ya anam, ya qadınlardan kimsə mütləq İqriq haqqında bu fikri səsləndirməlidir, onda mən də az qalıram deyəm ki, ay anam, ay filankəs, qızlar elə indi də İqriqi qucaqlarından yerə qoymaq istəmirlər, öpüb-dişləmək istəyirlər, intəhası bu gədə fərsizdir. Ağlına gələni danışır, bilmirsən, dindardır, yoxsa mənim kimi öz kefi ilə yaşayan sıravi bəndə. Kaş ona podxod edən qızların bircə faizi mənə yazaydı, onda mən də adımı Don Juana dəyişməsəm kopoğluya...

AUD-20160711-WA006: Adımı Feysbukda dəyişib Don Juan qoymağı deyirəm... Hahaha. Bu dəfə özüm söhbəti yarımçıq kəsdim ki, təzə zapisdən başlayaq.

Qızlar ölür əmim oğlu üçün. Bax, budur, bayaq tanış olub. Dediyinə görə əvvəlcə qız yazıb buna - ordan-burdan söhbət ediblər, indi də deyib ki, gəl Vatsapda danışaq, səsini göndər mənə.

Belə şeylərdə mənim bəxtim letargiya yuxusuna gedir. Bir qızla bəzən üç gün danışıram, gecəmi-gündüzümə qatıram, yatmıram, işdə də fikrim telefonun yanında qalır, maaşım meqabayta gedir, bir dəqiqə bekar olan kimi Feysbuka girirəm, tanış olduğum qızla əlaqəni kəsmirəm, deyirəm yazmasam qırar məni, bloka atar, ya da kimsə məndən zirək çıxıb əlimdən qapar. Bax belə axmaq fikirlərə görə bütün günü telefonu əlimdən qoymuram, prorab da buna görə danlayır. Amma bax bu bəxtəvərə qızlar özləri yazırlar. Sonra da söhbəti məlum məsələyə çəkirlər. Hətta elə qız olur, İqriqi görüşə də dəvə...

AUD-20160711-WA007: Yenə söhbət qırıldı.

Deyirlər, ev təşkil elə, görüşək. Amma bu, getmir. Başlayır xuddamlıq eləməyə ki, bəs İslamda zina və bu kimi işlər haramdır, böyük günahdır. Onda da mən qluşiteli deşilmiş maşın kimi səsimi atıram başıma. Günahdırsa bəs Feysbukda qızlarla danışdığın nədir, odlandırıb dəli edirsən, söndürməyi də bil. Günahkar-günahkar çiyinlərini qısır, səsini daha da incəldir: “Onu bacarmıram da, inboksda özümü saxlaya bilmirəm, şeytan qəlbimə girir.” Sonra da xuddamlığına davam edir: “İnboks virtual qəlbdir. Allah şeytanı cənnətdən qovmamışdan qabaq onun üçün qiyamətə qədər insan qəlbinə gedən yolu açıq eləmişdi. Min illər əvvəl insanın qəlbinə girən Şeytan indi də inboksuna girir.”

Baxın, kənardan mənə işarə edir ki, demə, amma deyəcəm. Təqsir məndə deyil. Yuxudan oyadıb gichalı eləməzdi, mən də işverənliyə başlamazdım. Deməli, baxırsan ki, çarpayıda uzanıb, telefonda qurcalandı-qurcalandı, bir də gördün zəlzələ olubmuş kimi qəfildən yerindən atıldı, qaçdı tualetə. Onu tanımayanı da vahimə basar ki, ilahi, görəsən bu oğlan niyə havalandı? Mənsə bilirəm ona nə olub! Qızla söhbətin şirin yeridi, İqriq ta dayana bilməyib özünü verir tualetə. Ya da qız teleqülləsinin şəklini istəyib, bu da onun üçün tualetə qaçır, otaqda şəkil çəkə bilmir axı. A zalım, mənim kimi elə də, telefonda hazır şəkil saxla, istəyən olsa göndər, yalandan de indi çəkmişəm. Safdır axı, bu məsələdə də qızlara yalan danışa bilmir. Gərək qaça tualetə, orda özünü hazırlaya, orasını-burasını çəkib qıza göndərə. Bunu qoyub o birinə keçirəm, amma mənim əmim oğlunun saflığının “Marian çökəkliyi” hələ kəşf olunmayıb, gərək onun sularında çox Kustoluq[2] edim. Bir qız var, bütün Feysbuk ondan kəsir, oğlanlar ölür dərdindən. Mən şəxsən bircə dəfə inboksuna “Salam” yazdım, bloka atdı, elə bil “salam”ımdan niyyətimi bilib. İnboksda “salam” kəlməsi də seksual səslənir. Məni kimiləri “salam” kəlməsinə görə bloka atan həmin qız gəl ki, əmi oğlumla cici-bacı olub. Az qala qız buna yaza ki, hansı bezlərdən istifadə etməyi məsləhət görərdin, hazırda istifadə etdiyim yaxşı saxlamır. Nə olsun, qız onunla bütün pərdələri götürüb mənim əmim oğlumda o pərdəni yana çəkməyə cəsarət hardaydı! Ay-hay. Dostimişlər. Saflığına asqıralar.

AUD-20160711-WA008: İqriqin maşın işığından ürkən tülkü kimi arada həyəcanla tualetə qaçmağının mənə də faydası dəyir. Elə ki, tualetdə rahatlanıb qayıtdı, qızla danışmağa daha halı qalmır, - yəqin kişi dinləyicilərimdə də belə şey olur, yaxanızı kənara çəkməyin, ay xatakarlar - onda telefonu ötürür mənə, qızla yarımçıq qoyduğu söhbətin davamını danışıram. Ta dərinə getməyim, özünüz bildiniz ki, nə barədə yazışırıq. Bunu da öz adımdan yazmıram, elə İqriq adı ilə söhbətin davamını gətirirəm. Əmoğlum sağ olsun, bu yolla onun inboksunda bir-iki qıza soyuduculuq etmişəm.

Təkcə o qızla məni danışmağa qoymur. Heyf ki, səsimi Vatsapda yazıram, videoya çəkmirəm. Yoxsa indi əmim oğlumun çarpayıda nə hoqqa çıxardığını sizə göstərərdim. Özünü lezvalayır ki, bunu danışma. Amma danışacam. İşimin-gücümün adı nədir? İqriq məni təkcə o qızla danışmağa qoymur. Adı Zeddir.

A kişi o yana dur, imkan ver, söhbətimiz...

AUD-20160711-WA009: Gördüz də nə elədi! Hardan görəsiz? Siz ancaq səsimizi eşidə bilərsiz. Hahahha... Ona da İqriq imkan vermədi. Üstümə cumub telefonu əlimdən almaq istədi. Səsyazmam da yarımçıq qaldı. Yüngülvari qapışdıq. O biri otaqdan anası ayılıb səslənməsəydi, hələ çox güləşəcəkdik çarpayının üstündə. Yaxşı ki, gəlinbacım acıqlandı, davanı saxlayıb pıçıldaşmağa başladıq. Axır məni təngə gətirdi, ona söz verdim ki, Zed məsələsini danışmayacam, inanıb sakitləşdi. Telefonu mənə uzadıb xahiş elədi ki, Vatsapda danışdığı təzə qıza səsimi göndərim. Deyim ki, salam, mən İqriqəm, necəsən. Səsim xoşuna gəldi? Əmoğlumu ələ salmaq üçün əvvəl səsimi onun kimi incə elədim, az qaldı küssün, mən də daha dərinə getmədim.

İqriqin xahişini eləyən kimi qaçdı tualetə. Bu dəfə yaxşı qurtardım. Keçən dəfə xahiş etmişdi ki, telefonda inildəyim, qıza yollasın. Razılaşmırdım, axırda boynuna qoydum ki, danışdığı qızlardan birini mənə ötürəcək, ondan sonra səsimi göndərdim. Mənim, işimə bax, ay Allah. İndi sizə danışıram, o vəziyyətim yadıma düşdükcə özümü də gülmək tutur. Yeri gəlmişkən, deyim ki, onun mənə ötürdüyü qızla heç nə alınmadı, günah da özümdə oldu. Yanıqlığıma salıb elə ilk dəqiqədən söhbəti yasaq mövzulara gətirmək istəyirdim, qız da hürkdüyündən daha heç nə yazmadı. Bir neçə dəfə “Salam” yazandan sonra baxıram ki, mesajım “görülüb”, amma cavab sıfır. Mən də ta üz vurmadım. Düzdür, bəzi gecələr tənhalıq lil kimi içimə çökəndə yenə köhnə tanışlara qayıdıram, inbokslarına salamdan-zaddan yazıram, kef-əhvallarını soruşuram. Onlar da əsl niyyətimi bilirlər elə bil, soyuq danışırlar. Nəticə də olmur.

İqriqsə söhbəti heç vaxt qurşaqdan aşağıya endirməz. Dindən danışar, ədəbiyyatdan danışar, idmandan danışar, amma seksdən danışmaz. Onu yoldan çıxaran qızlardır. Qız tanıyıram, İqriq ona düz bir ay futboldan danışıb, Ronaldonun hücumundan, Messinin qolundan söhbət edib. Axırda da qız ilişmək üçün qayıdıb ki, mənə elə gəlir Messiyə, Ronaldoya heyran olan oğlanlarda homoseksuallıq var. O söhbətdən sonra əmoğlum təkərə düşmüşdü. Ona dedim, qıza yaz ki, gəl görüşək, sənə homoseksual olub-olmadığımı sübut edim, utandı, yazmadı. Mən də acıqlandım: “O zaman bizim nəslin maço keçmişini ləkələmə, şərəfsiz!”

AUD-20160711-WA010: Yenə əsas məsələdən uzaqlaşdım. Yaxşısı budur o gələnə qədər bayaqkı söhbətimi davam edim. Onu deyirdim, əmim oğlu Zed adlı bir qız sevir. Daha doğrusu, qız yox, gəlin. Gəlin deyirəm sizə, elə bil, Aydan bir parça qoparıb onu yaratmısan. Qaşlarının yerinə alnına bir cüt buta yapışdırmısan. İri gözləri elə parıldayır, sanki yol nişanıdır, xəbərdarlıq edir ki, gəl bu yekə, ətli dodaqlarımı ye, dişlə, parçala. Beləsi haqqında deyirlər, onu Allah asudə vaxtında yaradıb. Mənsə deyərdim onu Allah Həvva əvəzi yaradıbmış, sadəcə zamanda neçə min il səhv edib, Zed gəlib bizim dövrə düşüb, amma İqriqə qismət olmayıb. Çünki qovuşmaları üçün bəzi əngəllər var. Əvvəla Zed İqriqdən yaşca çox böyükdür, hardasa on yaş. İkincisi də Zedın həyat yoldaşı universitetdə dərs deyir.

Bunlar necə tanış olublar? İqriq universitetdə aktiv tələbə kimi seçilir, yaxşı şeir deməyi var. Özü deyir şeir deyəndə elə bil buludların üstündə uçuram, gözlərimi yumuram, yuxu görürəm, xəyalım cənnətdə dolaşır... Mənim belə şeylərdən başım çıxmır. Qısaca deyim, bilən biləcək, bilməyənlər də bilənlərdən soruşar. Bu nə idi dedim, ilahi? Qəbul edirəm, bu zarafatı çoxdan dəfn ediblər, qəbri də itib. Amma bədahətən gəldi, özümü saxlaya bilmədim, cavanlığıma bağışlayın.

Elə şeir demək qabiliyyətinə görə də universitetdə onu qabağa çəkiblər. İqriqin deməyinə görə Zedin həyat yoldaşı Misirin dövründə nazirlikdə yüksək vəzifədə işləyirmiş, Misir çıxandan sonra daldan dəyiblər, o da gəlib universitetə, burda tədbirlər təşkil edir, əmoğlumu da bu bacarığına görə qabağa çəkib. Bir gün İqriq görür ki, həmin müəllim-şərti olaraq adını Pi ilə işarələyək - xanımını ad günü münasibəti ilə Feysbukda təbrik edib. Bu da götürüb həmin statusun altına yazıb ki, “Təbriklər”. Əmoğlu deyir həmin axşam gördüm Zed inboksuma yazıb, təşəkkür edib. Havadan-sudan danışandan sonra İqriq də heç bir məqsəd güdmədən Zeddən ad gününü necə keçirdiyini soruşub. Elə bu sual da həm Zedin öz qəlbini İqriqə açmağına, həm də söhbətlərinin mütəmadi hal almasına səbəb olub. Zed ad günündə kədərli olduğunu, könlünün açılmadığını deyib. Bizim bu qadın qəlbinin super təskinedicisi də başlayıb təsəlli verməyə. Arada əmoğluma zarafatla deyirəm ki, sənin qızları təskin etmək bacarığından Hollivudda xəbər tutsalar, film çəkərlər, adını qoyarlar “Təskinmən”. Təsəvvür elə, üstündə “T” hərfi yazılmış bənövşəyi geyimli oğlan şəhərin üzərində dövrə vurur, harda qəlbi qırılmış, təsəlliyə ehtiyacı olan qadın görür uçur yanına, təskinləşdirməyə başlayır.

Zeddən danışırdım axı, bir müddət sonra aralarındakı münasibət o həddə çatmışdı, az qalırdı gəlin buna yazsın ki, gəl görüşüb yataq. Amma bizim bu saf oğlan heç nə başa düşmürdü. Bir dəfə yazışmanı mənə göstərdi, dedim, a kişi, görmürsən ki, Zed də səni istəyir? Nəyi gözləyirsən? Ağlın yoxdur. Sənin yerində kim olsa görüşər. Amma bizim oğlan görüşmür. Deyir, Pi müəllimdən ayıbdır. Sonra Pinin üzünə baxa bilmərəm. Zed müəllimin halalıdır. Bəlkə o qadın bunu başa düşmür, amma mən başa düşürəm. Onda əmoğluna dedim ki, özün bir şey eləmirsənsə o zaman qızı düzəlt mənə, qoy kefimi çəkim. Ona da razı olmadı, rəng alıb, rəng verdi. Hiss elədim ki, pis oldu. Səbəbini soruşduqda dedi ki, Zeddan xoşum gəlir, subay olsaydı alardım, o dərəcədə vurulmuşam. Nə qədər danladımsa xeyri olmadı, dedim, ay axmaq, görmürsən arada sənə deyir şəkil çək at mənə - normal şəkil deyirəm, əmoğlunun tualetdə çəkdiklərindən yox - görürsən o da sənə aşiq olub, yanır səndən ötrü. Deyir Zedin mənə aşiq olduğunu bilirəm, özü mənə dəfələrlə işarə vurub, amma yaxına buraxmıram...

AUD-20160711-WA011: Əmoğlu tualetdən qayıdıb yerinə girdi deyə söhbəti yarımçıq kəsmişdim, çıxmışam balkona, səhərə az qalıb. Barmağını möhkəm basanda ekranının rəngi dəyişən telefonlar kimi göyüzü narıncı iz salmağa başlayıb. Arabir şütüyən maşınların səsi mane olsa da söhbətimi burda siqaret çəkə-çəkə tamamlamaq istəyirəm. İqriqə deyirəm, a kişi, yaxşı Zed ilə görüşmürsən, başa düşdük, heç olmaya virtual nəsə elə də. Onu da istəmir, sarsaqlayır ki, bizim inboksda yazışmalarımızın hamısını Mark arxivdə saxlayır, istənilən vaxt üzə çıxa bilər. O, hər şeyi biləndir, Zed ilə münasibətimizi kimdənsə, lap onun ərindən də gizlədə bilərəm, amma Markdan gizlətmək olmur. Zalım oğlu, elə danışır, elə bil Mark Allah-zaddı.

Bir dəfə Pi hansısa rayona ezamiyyətə gedibmiş. Zed fürsətdən istifadə edib əmoğluna yazıb ki, hardasan, gəl bizə, evdə təkəm, darıxıram, balkonda oturaq, ləzzətlə çay içək, öz əlimlə ortası fındıqlı qəşəng paxlava bişirmişəm, fındıqlı paxlavamdan yeyərsən.

Bu əhvalatı eşidəndə dedim, a kişi, mənim əlimə belə fürsət düşə o bir ucunda ölüm olsa da gedərəm, dur, davay, lap gecə qalarsan da, evdə pakrıvat edəcəm. Geyindirib-keçindirib yola saldım, evdən çıxdı, bir saatdan sonra zəng vurdum ki, necədi işlər, Zedin fındıqlı paxlavasından yeyə bildin, qayıdasan ki, getmədim, bulvarda gəzirəm özüm üçün. Soruşdum niyə getmədin? Yenə başladı mənə xuddamlıq eləməyə; şükür, son anda şeytanın öhdəsindən gəldim, harama qaçmadım, başqasının namusuna ləkə sürmədim, Allahın qəzəbindən qorxdum. Əgər Zedlə görüşsəydim, peşmançlıqdan gəbərərdim, özümü dənizə atardım. İndi də bulvarda gəzirəm, dənizə baxıram, elə bil öz ölümümü görürəm, suyun üzündə üzür, ona baxıb-baxıb sevnirəm ki, bu ölü həqiqi da ola bilərdi...

Acıqlandım ona: “Axmaqlama, qayıt evə, sarsaq.” Belə adama nə deyəsən, əfəl! Həyatdan nə istədiyini bilmir. Öz-özünə oynamaqdan beli quruyub, amma əlində bu cür imkanları var, heç birini eləmir, o Zedi bircə gecəlik mənə verəydilər, offf...

AUD-20160711-WA012: Bir dəfə əmimoğluyla hardasa içmişdik. Bunda arada belə olur. Məndən yaşca böyük olsa da həyatda hələ heç nəyə cavab tapmayıb, axtarır. Baxırsan ki, bir müddət içkiyə qurşandı, heç bir ay keçmir namaza başlayır. Bir müddət keçəndən sonra daha namaz da qılmır. Özü demiş, axtarışdadır. Nəsə. Evə gecəyarı gəldik. Elə həmişəki kimi hərə öz çarpayısında uzanıb telefonla qurdalanırdı, bir də gördüm ki, bizimki hazırdı, bədəni əsir, şampan butulkası kimi dolub, bir azca sirkələsən tıxacı uçacaq. Zed ona göbəkdən aşağı bədəninin şəklini göndəribmiş, əmi oğlu da baxıb dəli olub. Amma nə qədər elədim əclaf mənə göstərmədi, baş açmadım nə şəkildi. Həmən gecə qızla hər şey danışıblar, səhər duranda it peşmanı olmuşdu. Mən işə gedəndə o da tezdən durub qüsl aldı, geyinib mənimlə evdən çıxmaq üçün hazırlaşdı. Soruşdum ki, hara belə. Dedi məscidə gedirəm, tövbə etməyə. Yenə danladım: Ay dəli, uje həll eləmisən e, bir şey qalmayıb, çağır görüşə bitir işini. Dedi yox, belə danışma, dünən Zed ilə olan söhbətdən sonra heç bilmirəm Pinin üzünə necə baxacam, tədbirlərdə necə iştirak edəcəm, dərsdə necə oturacam?! Onunla rastlaşmaq istəmirəm. Mən düz iş eləmədim.

Ax, əfəl əmoğlum. O söhbətdən bir neçə gün sonra Zed İqriqə yazıbmış ki, görüşməsən yazışmaları ərimə gösətərəcəm, deyəcəm ki, mənə ayıb şeylər yazır. İqriq əvvəl pis oldu, olanları mənə danışanda əlləri əsirdi, az qalırdı ağlasın. Sonra birdən özündən çıxdı, dedi, gedib hər şeyi müəllimə danışacam. Öz səhvimi də boynuma alacam, qoy mənə nə istəyir eləsin. Axı birinci dəfə Zed özü mənə yazmışdı.

Yaxşı, çox uzatmayım, keçim içəri görüm yata bilsəm, heç olmasa bir saat gözümün acısını alım, yoxsa işdə yenə yuxulayacam. Bax belə, İqriqlə Zedin məsələsi hələ ki, yarımçıq qalıb. Bircə onu deyim, bizimki ağıllanıb, ta çox dərinə getmir. Gərək onu tovlayıb aparım “qarpız yeməyə”. Nə illah edirəm getmir də. Deyir günahdı.

AUD-20160711-WA013: Bir daha salam, əzizlərim. Başa düşdüyünüz kimi, mən hələ də bir əlimlə telefonu tutmuşam və çarpayıma doğru gedə-gedə sizə ürəyimdən keçənləri deyirəm. İqriq də çarpayısında üzü divara uzanıb. Məni görən kimi başını çevirdi, deyəsən bu xatakar yenə nəsə eləyirdi axı. Ona dəfələrlə təklif etmişəm ki, maaş alanda gəl səni də özümlə huristana aparım. Xərci mənim boynuma, razı olmur. Deyir günahdı, kişi gərək ancaq öz halalı ilə əlaqədə olsun. Bəs onda o qızlarla niyə seksdən danışırsan! And-aman edir ki, mən havadan-sudan danışıram, onlar söhbəti yatağa aparıb çıxarırlar. Özün ki, görürsən qızlar mənə yazır, mən onlara yox. Bu məsələdə sözüm yox, daha çox qızlar İqriqə yazıb intim təkliflər edirlər. Hahaha. Allah bilir də, dəvəyə qanad verməyib. O qızlar mənə yazardı, bilərdim onlara nə edirəm! Hahahaha...

AUD-20160711-WA014: Əclaf yenə telefonumu əlimdən qapmışdı, imkan vermədi, ürəkdən gülüm. Güclə sakitləşdirə bildim. Yuxum qaçıb, yaxşısı budur, durum geyinim gedim işə. Onun haqqında çox danışmaq olar. Uzatmağın nə mənası. Əsas odur səs yazılarımda İqriqin bakir obrazını yarada bildim.

AUD-20160711-WA015: Əmoğlum yuxumu qaçırdı deyə daha evdə otura bilmədim. Durub gəldim işə. Burda da mühafizəçidən başqa kimsə yox. Darıxıram. Tikdiyimiz binanın lap kəlləsinə çıxmışam. Təzə yığdığımız apalovkanın üstündə oturub ayaqlarımı sallamışam şəhərə. Günəş yüksəldikcə hündür, şüşəli binalar almaz kimi parıldamağa başlayır, yuxudan oyanan adamın damarlarında qan sürətlənən kimi şəhər gərnəşdikcə avtomobil yollarında da maşınlar çoxalır. Bir azdan çığırtı-bağırtısı da artacaq şəhərin. Kimsə insanları bir ovuc dən kimi şəhərin küçələrinə səpəcək, mən də hər siqaret fasilələrində binanın başından onlara baxıb toyuq kimi dənləmək istəyəcəm.

AUD-20160711-WA016: Kaş bir kamera olaydı, ayağımı sallayıb şəhərə baxa-baxa səsimi diktofona yazmağımı görəydin. Buna oxşar filmlər də var, adətən bu səhnələrdə baş qəhrəmanlar özlərini binadan atmaq istəyərlər. O qədər tənha olarlar ki. Lap mənim kimi. İqriqin yanında özümü şən göstərməyimə baxmayın, əslində çox tənhayam. Doğrusu bu səs yazısı da başqaları üçün deyil, özümü ovutmaq üçündür. Yəni “əziz dinləyici” elə özüməm.

AUD-20160711-WA017: Bayaqdan İqriqi ələ salmağıma baxmayın. Onu fərsiz adlandırmağımı, ona gülməyimi, Zed ilə sevgisinə laqeyd qalmağımı ciddiyə almayın. Guya bacarıqsızmış İqriq. Guya qadınlardan uzaqmış. Guya qadınlarla necə rəftar etməyi bilmirmiş. Qorxaqmış. Çəkingənmiş. Əslində belə deyil. Kaş ona yazıb sevgi etirafı edən qızların bircəciyi mənə yazaydı, kaş məni də Zed kimi bir qadın sevəydi... And içirəm, baxmazdım ərdədir, ya yox, onu da alıb qaçardım. Amma hardan...

AUD-20160711-WA018: Kaş indi hardansa, lap buludların arasından, qarşıdakı binanın pəncərəsindən bir qız peyda olub qışqırardı: Səni sevirəm. Mən də bağıra-bağıra ona cavab verərdim. Deyərdim, mən də, mən də səni sevirəm... İlahiii. Səninləyəm. Bax, əllərimi yana açıb hayqırıraaaam. Mənə sevgi ver.., sevgi... Məni də sevsinlər... Eşidirsəəəəən?!

Ayyyyy....

P.S. Əldə etdiyimiz telefonda bundan sonra səs yazısı yoxdur. Danışığın qəfil kəsilməsindən hiss olunur ki, qəhrəman binanın başında təhlükəli hərəkətlər etdiyi zaman yıxılıb. Həmin gün tikinti obyektində ölən və ya xəsarət alan adam haqqında mətbuatda heç bir məlumat tapa bilmədiyimizdən, belə görünür, İks Allahdan, binanın içinə aşıb, telefon isə əlindən çıxaraq yerə gəlib. O telefonu kim tapıb, bizim əlimizə necə keçib, bu barədə indilik təfərrüata varmayaq. Bircə onu deyə bilərik ki, telefonun tapılması ilə hekayə müəllifinin birbaşa əlaqəsi yoxdur. Və sonda bildirmək istəyir ki, əgər İks bir gün üzə çıxarsa telefonu ona qaytaracağına söz verir. Elan da bundan ötəri tərtib edilib.

İyul-dekabr, 2016.


[1] Avstriyalı transvistit müğənni. Konçita Vurst 2014 Avroviziya Mahnı Müsabiqəsində qalib olub. Qadın kimi geyinsə də saqqalı ilə tamaşaçıları heyrətləndirir.

[2] Jak İv Kusto-okeanoloq.

# 2714 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #