Bir güllə dənizə, bir güllə buluda... - ŞEİRLƏR

Bir güllə dənizə, bir güllə buluda... - <span style="color:red;">ŞEİRLƏR
13 may 2016
# 11:10

Kulis.Az gənc şair Ulucay Akifin yeni şeirlərini təqdim edir.

***

Daha güclü çiyinlərə
ehtiyacımız var
Bu arabanı çamurlu dərədən
çıxartmaq üçün.

Bax,
O boz dağların arxasında
buludlar qızarır.

Kim deyir ki,
İnsanlar fotosintezlə yaşamır?
Məsələn, mən,
Bir səhər çıxacaq günəşin
Eşqiylə yaşayıram.

Sən də inan,
Sən də inan, dostum.
O boz dağların arxasından
Günəş çıxmağa hazırlaşır.

Günəşli günlər üçün

Qalx,
üstünün tozunu çırp,
Bir çimdik qopar günəşdən,
Təbəssümlə gözünü qırp.
Bir çimdik qopar günəşdən.

Bir çimdik pənbə buluddan,
Bir çimdik göy qurşağından,
Bir ovuc mavi sulardan götür,
Səpələ ruhuna.

Dağıt köhnə üsulları,
Min bir cür köhnə yolları,
Lap uzanar səmaya da,
Sənin o incə qolların.

***

Bax, sevgilim,
Yeni günəşin rəngi sezilir üfüqdəki buludlardan.
Yeni günəşə hazırlaşır yeni səhərimiz,
Yetim qalmış ölkəmiz, yetim şəhərimiz.

Sən də ümidlərini geyin ruhuna.
Gülümsə.

Günəşli günlərin xətrinə, gülümsə.
Bax, yumurtadan cücə çıxırmış kimi,
Yeni şəhər çıxır bu şəhərin uçqunları altından.

Bəlkə görə bildik, bəlkə görmədik
Bəlkə isitmədi bizi o günəş,
Amma kim deyir ki, kərpic hörmədik
Həmin şəhər üçün, həmin günəş üçün.

Qalx daha, sevgilim, qalxmaq vaxtıdı.
Daha dizlərimiz qanamayacaq.
Qalx, bizdən sonrakı nəsillər üçün,
Savaş olmayacaq, qan olmayacaq.

İnan, qəbrimizə qonan quşlar da,
Susuz qalmayacaq, ac olmayacaq.

Kimsəsiz adamlar

Kimsəsiz uşaqlar da böyüyüb
çevriləcək kimsəsiz adamlara.
Necə ki, hamımız böyüyüb
Çevrilirik kimsəsiz uşaqlara.

Ən yaxın dostlar əriyib getdikcə
Həyatın içində,
Ən böyük sevgilərdən geriyə
sadəcə xatirələr qaldıqca,
Boylanırıq geridə qalan uzaqlara.
Hamımız böyüyüb
çevrilirik kimsəsiz uşaqlara.

***

Şəhid analarına ithaf edilir

Bir güllə dənizə,
bir güllə buluda,
bir güllə də günəşə atın,
əgər gücünüz çatırsa onları da öldürün.
İnsanları öldürməyə nə var ki?

Qaz sobasında çaydan cızıldayır,
"Cəbhə xəttində atəşkəs yenə pozulub,
Atışma nəticəsində bir əsgərimiz şəhid olub,
Allah rəhmət eləsin" - deyir xəbərçi qız.

Anam qulağını dartıb
əli ilə taxtanı tıqqıldadır,
Mənə baxıb əllərini göyə qaldırır.

Qaz sobasında çaydan cızıldayır,
Hövsələsi çatmayanlar kanalı çevirir.
Başqa evdə isə bir şəhid anası
Həmin o çaydanı devirir.

Elə bil çaydana da güllə dəyir.
Qapağı bir tərəfdə, suyu döşəmədə.
Ayaqları yox, ürəyi yanır ananın.
Su buxarlanır,
Çaydan cızıldayır.

# 2635 dəfə oxunub

Oxşar xəbərlər

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

14:00 7 noyabr 2026
Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

12:25 7 noyabr 2026
Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

15:00 6 noyabr 2026
"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

10:00 6 noyabr 2026
Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

13:35 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər