Vüqar Biləcəri 20 manatlıq nə yazıb? 

Vüqar Biləcəri, meyxanaçı

Vüqar Biləcəri, meyxanaçı

23 noyabr 2021
# 11:07

Kulis.az Ələsgər Əhmədin “20 manata meyxanaçı kitabı” yazısını təqdim edir.

Vüqar Biləcəri haqqında deyilən bir çox müsbət fikirlə razıyam. Mərd insan idi, qürur, əzm hamısı yerində. Bircə dövrümüzün Füzulisi bənzətməsi ilə barışa bilmirəm. Axı, Füzulinin bir beyti Vüqarın 20 manatlıq kitabından daha üstündür. Vüqar meyxanalarında Füzuli kimi demirdi, Füzulidən deyirdi.

Keçək əsas məsələyə...

Adamın haqqını yeməyək, meyxana sahəsində çox yaxşı idi. Nəinki 20 manat, hətta 200 manat şabaş versən də, halal. Çünki bir dönəm toy meyxanasında iki mövzu var idi ki, bunları deyəndə şabaş özü adamın cibindən çıxırdı. Biri "erməni əclaf", biri də "qəmli aşiq".

Vüqar daha çox qəmin çörəyini yeyirdi. Yenə də deyirəm, meyxanaçı kimi nə versən, halaldır. Amma, amma şair kimi üstəlik, kitabı 20 manata. Bax, burda dərindən nəfəs alın.

Bu kommersiya ki, var çox çətin məsələdir. Aydın Xırdalanlı - Vüqar Biləcərilinin kitabını dərc edən nəşriyyat meyxana şabaşının iyini bilirdi deyəsən. Yoxsa ki, illərcə sənətdən qəlb yanğısı ilə danışan adamlar, oxucuya nəzərən 3 kitabın pulunu 1 kitaba yazmazdılar. ( Elə düşünürəm, bəlkə yazardılar. Yazıblar)

Bəs, bu mənfəət güdən nəşriyyatlar bizlərdən birinin kitabını da bu şövq ilə ərsəyə gətirərlər? Yox, çünki bizim "həriii" qışqıran xiridarımız yoxdur.
Ölkə olaraq elə kitab oxumasaydıq daha yaxşı olardı. Ömrünü kitaba yazan adamların gözü önündə "palatka misralarına" dəyər verilməzdi. Səd-heyif. "Sinəmi dağladı, qəlb ağladı" qəzəl tipləri bu qədər ədəbiyyat etiketində sırınmazdı.

Qadın sevgisi hər şeyə qadirdir.

Samirə xanımı başa düşürəm. O, belə etməklə Vüqarın ruhunu şad etdiyini düşünür. Bir şeyə fikir verin ki, Vüqar sağlığında kitabının çap olunmasını istəmirdi. Adam yazdığına bələd idi. İstəməzdi, bunu görmək istəməzdi ki, kimsə kitabına 20 dənə yeni Azərbaycan manatı versin. Bu qədər gərəksiz tərif, pafoslu təqdimatlar, misralara həddindən artıq məna yükü. Vüqar mərd adam idi, ədalətin harda necə istifadə olunacağını bilirdi.

Çünki bu qədər yüksək dəyər, heykəl Vüqarın xarakterinə yad idi. Mən inanıram ki, Vüqar tənasüx etsə, bu şeylərin hamısını təkzib edər.

Kitabdan oxuduğunuzu yutubdan deyərdi sizə. Daha ucuz formada qidalanardız.

# 3588 dəfə oxunub

Oxşar xəbərlər

# # #