Seymur Baycanın ölümü haqqında...

Seymur Baycanın ölümü haqqında...
13 fevral 2024
# 15:00

Kulis.az Vüqar Vanın "Yazmaq" adlı yeni köşəsini təqim edir.

Bu gündən etibarən “Kulis” üçün yazılar yazacağam.

Uzun müddətdir özümə istirahət vermişdim, publisistik yazıları ancaq kefim istəyəndə yazırdım. Həftədə bir dəfə yazı yazmaq mənim üçün dözülməz əzabdır. Təkcə bunun düşüncəsi belə adamı rahat yaşamağa qoymur. Sabah, birisi gün, gələn həftə, gələn ay, bir sözlə, ömrümün axırına qədər boş olmağı fikirləşəndə xoşbəxt oluram.

Hər həftə yazı yazmaqdan pis şey yoxdur. Tutaq ki, bu həftə nəsə yazdın. Bəs gələn həftə birdən ağlına heç nə gəlməsə, onda nə etməlisən? Yaxud ağlına gələn şey yazı üçün yaramasa? Məsələn, son vaxtlar düşünürəm ki, adam gərək uşaqlıqda içdiyi ana südünün davamı olaraq, həyat yoldaşından da, sevgilisindən də süd içə biləydi. İndi bu fikri genişləndirib yazı yazmağın heç bir mənası yoxdur. Bu fikir yazı üçün yaramır. Amma mən nə etməliyəm? Son günlər bu haqda düşünürəm.

Hələ müsibət onda olur ki, gündəmdə olan mövzu haqqında yazı yazmağını istəyirlər. Mən də vaxtilə belə yazıları çox yazmışam. İndi onları oxuyanda görürəm ki, hamısı tullantı imiş. Gündəmdə olan mövzu unudulub gedib, sənin mənasız yazın isə hələ də durur. Özü də odlu-alovlu, həyəcanlı, qəzəbli şəkildə yazmısan. Adam lap xəcalət çəkir.

Yaxud kimsə ölür və səndən bu haqda yazmaq tələb olunur, və ya ölən adam, doğrudan da, sevdiyin adam olur, ürəyin istəyir ki, yazasan. Götürüb məyus və kədərli halda, sentimental əhval-ruhiyyədə, kövrək və pərişan vəziyyətdə, pəjmürdə ovqatda bir yazı yazırsan. Sonralar həmin ovqat çəkilib gedir, ölən adam unudulur, amma yazı hələ də qalır.

Məsələn, iraq-iraq, indi mənə desələr ki, Seymur Baycan ölüb, bu xəbərə dərindən kədərlənərəm. Neçə gün özümə gəlmərəm. Vəssalam. Daha Seymur Baycanın ölümü haqqında yazı yazmaram. Axı nə yazım?

Umberto Ekonun təbirincə desək, Tanrı məni mütəmadi və ardıcıl olaraq fikir bildirməkdən hifz etsin.

Üstəlik, publisistika yazıçıdan ancaq nəsə alır və tələb edir. Yazmaq üçün daima nəsə oxumalısan, baxmalısan, fikirləşməlisən, təhlil etməlisən, yaratmalısan. Eyni zamanda, məsuliyyətli və nizam-intizamlı olmalısan. Bütün bunlar çox çətindir. İnsandan vaxt, enerji tələb edir. Əvəzində isə yazmaq vərdişi formalaşdırır, kəsə yolla tanınmaq imkanı verir, diri saxlayır. Publisistikanın yazıçıdan aldıqları və verdiklərini tərəziyə qoysaq, hansı daha ağır gələr, bilmirəm.

***

Marina Svetayevanın qəzet oxucuları haqqında yaxşı bir bənzətməsi var: “Boş yerə udqunanlar”.

Çox uzun müddətdir, mən evdə, avtobusda, metroda, kimisə gözləyəndə oxumağa bir şey tapmıram. Yaxşı məqalə, sanballı köşə yazısı, orijinal müəllif düşüncələri, ironik, yumoristik yazı yoxdur. Heç bir yazı ürəyimdən tikan çıxarmır. Müəlliflər çeynənmiş fikirlər yazır, göft-gu edirlər, hadisələrə fərqli baxmırlar. Mən demirəm, ancaq böyük şeylərdən, ali dəyərlərdən, ciddi mövzulardan yazmaq lazımdır. Badımcan haqqında da yazmaq olar. Tək şərt maraqlı olmaqdır.

Demək olar, çıxan hər bir publisistik yazını oxuyuram. Hər dəfə oxuyandan sonra Mariya Svetayevanın bənzətməsi yadıma düşür. Yazını bitirəndən sonra elə bilirəm, bayaqdan boş yerə udqunurdum. Özümə əzab-əziyyət verirdim.

Yazılan yazılar mənasız mövzulardan, kiminsə yasından, ad günündən, giley-güzar, deyinmək, qarğış janrında hansısa tik-tok fenomeninin, meyxanaçının, aparıcının bayağılığından yazılır. Yazıların janrı da status, tvit. Məqalə, köşə, esse adına ortada heç nə yoxdur.

Uzun sözün qısası, çox düşündüm ki, ilk yazı nə haqqında olsun, qərara gəldim ki, əvvəla, oxuculara xəbər versəm, yaxşı olar. Beləliklə, bundan sonra “Kulis” üçün ayda 2-3 yazı yazacağam. Bəlkə, yazıb-yazıb heç olmasa, öz ürəyimdən tikan çıxara bildim. Ardıcıl və mütəmadilik, kimisə tərbiyələndirmək, nəyisə odlu-alovlu, qəzəbli şəkildə tənqid etmək, lağa qoymaq, hansısa ölüm və ya yubiley haqqında yazı yazmaq... Bunlar artıq məni düşündürmür.

# 2926 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #