Saf kütlənin tənqidi

Saf kütlənin tənqidi
12 oktyabr 2023
# 09:00

Kulis.az Simran Qədimin "Saf kütlənin tənqidi" adlı yeni yazısını təqdim edir.


Yazıya, demək olar, hər kəsin bildiyi, ancaq bir çox hallarda fərqinə varmadığı belə bir fikirlə başlayaq: tənqid etməklə linçləmək ayrı-ayrı anlayışlardır.
Əgər söhbət tənqiddən gedirsə, bu çox faydalı, zəruridir. Tənqid olmasa, inkişaf olmaz. Belə baxanda, hər şeyi – insanları, cəmiyyətləri, hadisələri, fikirləri, ideyaları asanlıqla tənqid hədəfinə çevirmək mümkündür. Tənqid həm də təhlil etmək, düşünmək, araşdırmaq imkanı yaradır, adama güclü stimul verir. Onun sayəsində bir çox çatışmazlıqlar, nöqsanlar üzə çıxır, inkişafa, mükəmməlliyə doğru növbəti addım atmaq üçün zəmin formalaşır. Əslində, tənqidin məqsədi də elə budur, bu olmalıdır.


Ancaq çox vaxt tənqidin məqsədi tamam başqa istiqamətlərə yönəlir: kimisə lağ obyektinə çevirmək, aşağılamaq, gözdən salmaq, gücünü zəiflətmək... Bu heç də həmişə qərəzli, məqsədyönlü olmur. Guya bütün davranışlarımız, atdığımız addımların hamısı şüurludurmu?
Biz bildiyimiz-bilmədiyimiz mövzular haqda tərəddüd keçirmədən, araşdırma aparmadan tənqidi fikirlər ifadə etməyə meyilliyik. Belə deyək, məlumatımız yoxdur, amma fikrimiz var. Hər addımbaşı məsuliyyət daşımadan kiməsə, nəyəsə mənfi fikir bildirməyə, hər şeyə bir irad tutmağa, loru dillə desək, mız qoymağa çalışırıq. Bu cür hallar son dövrlərdə, xüsusən sosial şəbəkələrin yaranması ilə trendə çevrilib, əlçatan olduğundan daha da intensivləşib.


İnsanlar arasında virus kimi yayılan, günü-gündən mutasiyaya uğrayıb kəskinləşən, aqressivləşən belə bir tendensiya var: əlinə düşən fürsəti qaçırma, ağlına və ağzına gələni çəkinmədən sağa-sola səpələ, hər kəsdə, hər şeydə bir səhv tut! Təki fikir bildir, gündəmdə ol, nəsə söylə, nəsə yaz!.. Boş-mənasız fikirlər informasiya çirkliliyini, data tullantılarını artırmaqla yanaşı, mənalı-məzmunlu təhlillərin, tənqidlərin xaosun içində itib-batmasına səbəb olur. Bəlkə, keçmişlə müqayisədə bu gün daha çox oxuyuruq. Ancaq məsələ nə qədər yox, nə oxumaqdadır. Keyfiyyət kəmiyyətdən qat-qat vacibdir.


Posthəqiqət dövründə sağlam tənqidi tapmağın çətinliyi həqiqətdir.
İstənilən insanın, cəmiyyətin, hadisənin, fikrin, ideyanın müsbət və mənfi tərəfləri olur. Odur ki müsbətləri şişirdib “tərifləmək”, yaxud da mənfiləri qabardıb “tənqid etmək” həmişə mümkündür. Göylərə qaldırmaq, ya da yerə çırpmaq – hər iki halda obyektivlik pozulur. Tənqid konstruktiv deyilsə, yəni sağlam məntiqə, tutarlı arqumentlərə söykənmirsə, inkişaf məqsədi daşımırsa, heç bir fayda verməyəcək. Adətən, kütlə, qaragüruh qrup psixologiyasının təsiri ilə bir-birinə baxıb axına düşür, yeri gəldi-gəlmədi qabağına çıxan hər şeyi tənqid edir, pisləyir. Burada nə sağlam məntiqdən söhbət gedə bilər, nə tutarlı arqumentlərdən, nə də inkişafa töhfə verməkdən.
Axına qoşulmaq eybəcərdir: tərifləyəndə də, tənqid edəndə də.


Bir çoxumuz tənqidi tərifdən üstün tuturuq, hər şeydə qüsur tapmaq sanki içimizdə gizli bir həzz, rahatlıq yaradır. “Əgər səhv tapa bildimsə, mən daha ağıllıyam, üstünəm!”, “Əgər qarşı tərəfin çatışmazlıqları varsa, deməli, mənim də səhvlərimi aradan qaldırmağa, özümü inkişaf etdirməyə ehtiyacım yoxdur!”, “Əgər onun işini bəyənmədimsə, hansı təşəkkürdən, minnət borcundan söhbət gedə bilər?”... Natamamlıq kompleksi amansızlıqla diktə edir ki, qabağına nə çıxsa, kiminlə qarşılaşsan, baltala, linçlə, heç nədən razı qalma, məmnun olma!..


Axına qoşulmaq ədalətsizlikdir: tərifləyəndə bir müsbət digər bütün mənfiləri, tənqid edəndə isə bir mənfi qalan bütün müsbətləri aparır.
Obyektiv tənqid böyük zəhmət tələb edir. Ən azı, bir qədər araşdırma aparmaq, düşünmək, fikri necə ifadə etməyə qərar vermək lazım gəlir. Söhbətin nədən getdiyini anlamamış, məsələnin mahiyyətinə varmamış şərh yapışdırmağı, tənqid yağışı yağdırmağı özlərinə borc bilən “klaviatura qəhrəmanları”nı məzmun maraqlandırmır. Əsas odur, şəbəkənin qaydalarına əməl edəsən: nə qədər çox şərh, nə qədər çox tənqid, o qədər çox mübahisə, qalmaqal, gündəmdə olmaq, “məşhurlaşmaq”.


Virtual reallığın reallığı budur ki, indi hər kəs rəqəmsal dünyanın vacib bir fiquruna, avtoritetinə çevrilmək istəyir. Gerçək həyatda kimliyini təsdiqləyə bilməyənlər virtual aləmdə özlərini göstərməyə, şəxsiyyət olmağa can atırlar.
Axına qoşulmaq ağılsızlıqdır: tərifləyəndə də, tənqid edəndə də kimliyini itirirsən, zombiyə çevrilməyindən heç xəbərin də olmur.
Əslində, həm tərifin, həm də tənqidin taleyüklü əhəmiyyəti var. Əgər hansısa məsələdə müsbət tərəflərin önə çıxarılması özünəinam, motivasiya yaradırsa, mənfi cəhətlərin qabardılması nöqsanların aradan qaldırılmasına, təkmilləşməyə təkan verə bilər. Digər yandan, tərif qarşı tərəfdə özündənrazılıq, arxayınlıq yaradırsa, tənqid həvəsdən salar, güc itkisinə səbəb olar. Yəni fərqli situasiyalarda, fərqli insanlar üçün tərifin də, tənqidin də müsbət və mənfi cəhətləri çoxdur.


Problemin həllinə yönəlməyən tənqid problem yaradacaq. Qarışıqlıq, xaotiklik sağlam müzakirələrin gedib həqiqətin ortaya çıxmasına mane olacaq.


Əks arqumentlərin sərbəst ifadə edildiyi, linçlənmək təhlükəsindən, “qorxu iqlimi”ndən uzaq bir müzakirə mühiti olsa, bilmədiklərimizi daha tez öyrənər, addım-addım həqiqətə yaxınlaşarıq. Ancaq çox vaxt uşaq tərsliyi ilə ilk səsləndirdiyimiz fikrin üstündə durur, sözümüzü yeritməkdən ötrü tənqiddən təhqirə keçirik. Bununla da destruktiv tənqid konstruktiv tənqidin qarşısında qılınc oynatmağa başlayır, bizdən daha savadlı, ağıllı fikirləri görməyimizə əngəl törədir.


Emosional reaksiyalar məntiq süzgəcindən keçmədiyinə, ağılın redaktorları ilə qarşılaşmadığına görə, fikir bildirməzdən əvvəl bir daha düşünməkdə, ekranda yazdıqlarımızı təkrar oxumaqda fayda var.
Tənqidlərinin boş, yersiz ola biləcəyini hiss edən adamlar çox vaxt bəri başdan qəzəblə, nifrətlə hücuma keçirlər ki, qarşı tərəf cavab verməkdən qorxsun, əks arqumentlər gətirməsin. “Linçləmə kampaniyaları” öz gücünü orta əsrlərdə də, indi də kütlənin savadsızlığından, aqressivliyindən alır. Savadsızlığın, cəhalətin yaratdığı komfort zonasında özünəəmin, özündənrazı qaragüruh içindəki qara enerjini ləzzətlə ətrafa yayır, başqalarını da özünün qaranlığında itirməyə çalışır.


Tənqid etmək hiyləgərlikdir: səhvlər düzəlsə, “mənim sayəmdə” deyəcəyik, düzəlməsə, “mən söyləmişdim”.

# 2627 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #