Rasim Balayevin mükafatlandırılmasına qəzəblənənlərin dərdi

Rasim Balayevin mükafatlandırılmasına qəzəblənənlərin dərdi
9 avqust 2023
# 12:42

Kulis.az Ulucay Akifin "Adekvatlığını itirmiş adamlar" adlı yeni yazısını təqdim edir.

Bir adamın adekvatlığını itirməyi faciə deyil, necəsə ört-basdır etmək olar. Vay o gündən ki, toplum adekvatlığını itirə.

Toplum adekvatlığını itirəndə, bunu heç cür ört-basdır etmək olmur. Bir yerini tutursan, başqa yeri qalır çöldə, bir yerini yamayırsan, o biri tərəfdən çat verir.

Hazırda toplumumuzun vəziyyəti də belədir.

Məsələn, deyirsən ki, ay camaat, Məhərrəm ayında, Aşura günündə özünüzü şillələməyin, yalandan zarıyan mollalara, imamlara qulaq asıb başınızı yarmayın, adını "ələm" qoyduğunuz o şeyi belinizə bağlayıb dəli kimi ora-bura qaçmayın.

Bunları deyirsən, keçib görürsən ki, o biri tərəfdə də adamlar yedikləri hər şeyi, bütün zir-zibillərini dənizin qırağında qoyub qayıdır evinə. Hər yer qarpız qabığı, "butulka", sür-sümük...

Dünən Prezident İlham Əliyev Xalq artisti Rasim Balayevi ad günü münasibəti ilə qəbul etdi, mükafatlandırdı, onun haqqında xoş sözlər dedi.

Gəlin əvvəlcə Rasim Balayevin Azərbaycan xalqının gözündə kim olduğunu 1-2 cümlə ilə müəyyənləşdirək:

Rasim Balayev Azərbaycan kinosunun mogikanlarından biridir. Xalq onu oynadığı rollara görə sevib, Rasim Balayev də canlandırdığı tarixi şəxsiyyətləri xalqa sevdirib.

Yəni xalq və Rasim Balayev arasındakı münasibət sevgi üzərində qurulub.

Amma nə hikmətdirsə, Rasim Balayevin İlham Əliyev tərəfindən qəbul edilməyi, mükafatlandırılmağı toplumun adekvatlığını itirmiş qismi tərəfindən mənfi qarşılandı. Aktyorun ünvanına təhqirlər yağdıranlar oldu.

Nədən?

Sevdiyiniz aktyorun dövlət tərəfindən qiymətləndirilməsi, doğum günündə mükafatlandırılması sizi niyə narahat edir?

Bəs Rasim Balayev doğum günündə dövlət tərəfindən yada salınmasa, mükafatlandırılmasa, onda nə olacaqdı?

Deyim nə olacaqdı.

Adekvatlığını itirmiş toplum xoşbəxt olacaqdı. Bu dəfə də söyüş söyəcəkdilər, amma Rasim Balayevə yox, onu qiymətləndirməyən, onu mükafatlandırmayanlara ünvanlanacaqdı bu söyüşlər. Amma bu dəfə xoşbəxt olacaqdılar.

Çünki adekvatlığını itirmiş toplum aktyorun, yazıçının, sənət adamının qiymət görməməli olduğunu, hətta aclıqdan ölməli olduğunu düşünür.

"Əla aktyordur, amma aclıqdan ölür..."

"Dahi yazıçıdır, amma başını soxmağa daxması yoxdur..."

"Möhtəşəm bəstəkardır, amma dərmanlarını ala bilmir..."

Adekvatlığını itirmiş toplumu məhz bu cür cümlələr xoşbəxt edir. Onlar sənətkarın aclıqdan öldüyünü, köpük qusduğunu görəndə, onu daha çox sevirlər, bu mənzərəyə baxıb, orqazm olurlar.

Sual yaranır:

Toplumumuz hansında daha səmimidir?

İnsanlarımız sevdikləri sənətkarların diqqət və qayğı görməyini istəyirlər, yoxsa aclıqdan ölməyini?

Mən heç düşünmədən ikincidə daha səmimi olduqlarını deyərdim.

İstəyirəm məsələyə başqa bir yandan baxaq.

Kameramızın obyektivini çevirək xalqın üzərinə və adekvatlığını itirmiş toplumun öz davranışlarına fokuslanaq.

Xahiş edirəm ki, bu cümlələrimi oxuyanda, maksimum adekvat qalın, qəzəblənməyin və cürbəcür bəhanələr gətirib vəziyyətdən çıxmağa çalışmayın.

Kameramızın obyektivini xalqa tuşladım.

Mənzərəyə baxırıq.

Xalq özü sənətkarını qiymətləndirirmi?

Ümumiyyətlə, xalq özü kimi qiymətləndirir və dəyər verir?

Aha, görürəm.

Toyda cibinə yüzlüklər basılan Manaf Ağayevi görürəm. Məmnundur. Xalq sevgisi ilə əhatələnib. Xalq Manafın ətrafında fırfıra kimi fırlanır, başına and içir. Onu özünə el ağsaqqalı seçir.

Kameranı yavaş-yavaş sola çevirirəm.

Şəbnəm Tovuzlunu görürəm. O da xalq sevgisi, xalq qayğısı ilə əhatələnib. Çox xoşbəxt görünür. Rəqs edir, deyir, gülür, hərdənbir nəsə oxumağa da çalışır.

Kameramı çevirirəm teatrlara. Teatrlar boşdur. Xalq ortada görünmür. Xalq sosial şəbəkələrdə ağızdolusu təriflədikləri aktyorları səhnədə yalnız buraxıb. Teatra getməyə pul və vaxtlarının olmadığını deyirlər.

Tez kameramı çevirirəm bayağı müğənnilərin konsertlərinə. Camaat bir-birinin üstünə çıxıb, ağlayırlar, özlərini doğrayırlar, nirvanaya qalxırlar, ordan enmək bilmirlər.

Universitetin məzun günündə Nəfəs adında "müğənni" oxuyur, bütün tələbələr o düşük sözləri əzbərdən oxuyurlar. Yenə çox xoşbəxt görünürlər.

Bu kadrlardan da ürəyim bulanır, kameramı tez çevirirəm o biri tərəfə.

Meyxanaçı Baləli xalqın sevgisi nəticəsində özünə "Qalenvagen" markalı bahalı maşın alır. O biri tərəfdə də xalq işlədiyi cinayətə görə həbs olunan Rəşad Dağlının məhkəməsi qarşısında izdiham yaradır. Adamın gözləri yaşarır.

Düşünürəm ki, görəsən, Rasim Balayev də adam öldürsə, xalq onun məhkəməsi qarşısında belə toplaşardımı? Axı sənətkarıdır, axı dahi aktyorudur. Amma inanmıram. İnanmıram ki, xalq Rasim Balayevin məhkəməsinə gedərdi.

Kameranı söndürürəm və sizə bir-iki sual da verib özünüzlə baş-başa buraxmaq istəyirəm.

Dövlət əsl sənətkara qiymət verəndə niyə narahat olursunuz? Niyə qəzəblənirsiniz?

Axı bunu siz bacarmırsınız.

Siz ancaq manafağayevlərə, aytactovuzlulara, baləlilərə qiymət verə bilirsiniz. Bu həqiqəti niyə həyasızcasına inkar edirsiniz?

Rasim Balayevə qiymət vermək sizlik deyil.

Siz Rasim Balayevin aclıqdan ölməsini istəyirsiniz, amma Şəbnəm Tovuzlunun villalar almağına kömək edirsiniz, Manaf Ağayev o maşınları, villaları sizin hesabınıza alır.

Heç dövlətin bayağı adamlara fəxri ad, ev, maşın, mükafat verdiyini görmüsünüz?

Mən görməmişəm, xatırlamıram belə şey.

Dövlət həmişə əsl sənətkara qiymət verib.

Adekvatlığını itirmiş toplum isə özünə bab bildiyi adamları qiymətləndirir. Bu, faktdır. Bunu inkar edə bilməzsiniz.

Siyahısı uzandıqca uzanan bütün o bayağı müğənnilərin, meyxanaçıların nəyi varsa, hamısı xalqın hesabınadır.

Siz onlara qiymət verirsiniz, yaxşı edirsiniz, öz işinizdir, öz seçiminizdir. Amma imkan verin dövlət də əsl sənətkarları qiymətləndirsin, mükafatlandırsın.

Özünüzü elə aparırsınız, elə bil, Baləlinin altına "Qalenvagen"i İlham Əliyev alıb verib. Siz almısınız da.

Hay-küy salmayın di.

Məzuniyyətdəyəm. İmkan verin, heç olmasa, sənətkar dincəlsin.

# 15162 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
# # #