Qayınanası İctimai Şuraya üzv seçilən nazir müavini

Qayınanası İctimai Şuraya üzv seçilən nazir müavini
21 iyul 2023
# 13:10

Kulis.az Mirmehdi Ağaoğlunun "Balaca qara balığın növbəti macərası" yazısını təqdim edir.

Mədəniyyət Nazirliyinin "Qaynana" filmi

Mən çox sadəlövh adamam. Həmişə ümidliyəm. Kiçik dəbərtilərin böyük dəyişikliklərə səbəb olacağına inanıram. Günəşin qabağındankı qara buludlar gec-tez çəkiləcək.

İki-üç il əvvəl dostlarla (Əli Novruzov, Cavid Ramazanov) sırf şəxsi təşəbbüs hesabına hazırladığımız "Kritikaparat" mədəniyyət-ədəbiyyat podkastının bir buraxılışında demişdim ki, yeni mədəniyyət nazirinin, yeni kadrların müəyyən islahatlar aparacağına ümidliyəm, düzü, onlar qımışmışdılar, amma mən, həqiqətən, ümidliydim.
Sonra məlum oldu ki, bəs nazirin müavini iki milyona yaxın vəsaiti yeyib. Onu işdən çıxartdılar, bir-iki nəfəri tutdular.

Nazir Anar Kərimov da getdi, mənim ümidim də.
Əlbəttə, vədinə əməl etmədən...
Yeni nazir gəldi, yeni heyət formalaşdı...
Ümid qığılcımları təzəcə şölələnməyə başlamışdı ki...

****

Eşitdim, Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçki keçirilir. Dedim, namizədliyimi verim, seçilərəm, nə yaxşı. Orda-burda yazmaqdansa, sözümü birbaşa şuranın iclaslarında deyərəm, tez eşidilər.

O gün gəlib çatdı, seçki keçirilən məkana - Beynəlxalq Muğam Mərkəzinə yollandım. Əvvəl elə bildim, səhv gəlmişəm, yəqin, kiminsə elçiliyi, nişanı, yaxud xınayaxdısıdı: deyiblər, həm kreativlik olsun, həm də milli-mənəvi dəyərləri nəzərə alıban buranı seçiblər.

Sonra iki-iki, üç-üç, beş-beş topalaşıb xımır-xımır pıçıldaşan xalaları, bibiləri, nənələri ki gördüm, dedim, yox, elə düz gəlmişəm.

Ha dolandım, bəlkə, bir-iki mədəniyyət adamı görəm, rast gəlmədim.

Sonra öyrəndim ki, bu xalalar, bibilər müxtəlif QHT-lərin üzvləridir (ya da mövsümi üzvləri), beləcə qruplaşırlar, sonra ya razılaşdırılmış, ya da tapşırılmış namizədlərə səs verirlər.

Hətta biri mənə maraqlı təklif də elədi. Dedi, gəl o biri İctimai Şuraların seçkilərində də iştirak edək. Dedim, ay bacı (bunun yaşı nisbətən az idi), mənə Mədəniyyət Nazirliyinin yanındakı İctimai Şura maraqlıdır, o birilər yox.
Başa düşdüm ki, mən bu qazanda qaynaya bilməyəcəm, amma iş işdən keçmişdi, geri çəkilməyin mənası yox idi.
Yalan deməyəcəm, mən də qoşuldum bunlara, belə deyim, seçici axtarmağa. İnsafən, səs verənlər də oldu, onlara dəruni təşəkkürlər!

Amma içimdəki səs susmur, hey deyir ki, bura sənin yerin deyil, sən Səməd Behrənginin balaca qara balığısan, okeana can atırsan, burda səni yeyərlər.
Axı canım yanır...

İki mərhələli səsvermənin birinci mərhələsində əmin oldum ki, işin içində böyük, yoğun bir barmaq var. O barmaq kimindir, kimlərindir? Anışdıra bilmədim.

Balaca qara balıq nə bilsin?

Nəhayət, ikinci mərhələ də yekunlaşdı.

Səslər sayılır... Nə görsək yaxşıdır!

Bülletenlərdən eyni adamların adı ard-arda çıxır, sanki kimsə tapşırıb ki, gedin, bu adamlara səs verin. Əlbəttə, belə incə texnologiya ilə qurulmuş maxinasiyanı sübut etmək mənim üçün mümkünsüzdür. Xüsusi ekspert qrupu lazımdır, yoxsa, mən kiməm ki, saat kimi qurulmuş mürəkkəb mexanizmi ifşa edəm.

Məsələn, namizədlər arasında hörmətli Ayaz Salayevin də adı vardı, amma mən nə onun özünü, nə də ona səs verməyə gələn bir nəfər kino, incəsənət adamı gördüm.

Ağlımı itirməmişəm ki, o seçiciləri (əlbəttə, çoxunu) kino, mədəniyyət təəssübkeşi hesab edim. Adamın üzündə yazılıb ki, mən peşəkar işbazam!

Problem, durğunluq, ölgünlük... - vecinədir?

Ona mədəniyyətin ölüsü lazımdır ki, cəsədini gəmirsin.

Nə isə. Seçkilər bitdi. İctimai Şuranın üzvləri müəyyənləşdi.

Məlum oldu ki, sərinlədicilərin uğultusu kimi dolaşan şayiə də gerçəkləşib: Mədəniyyət nazirinin müavininin qayınanası da şuraya üzv seçilib.

Qayınana kürəkənin müavini olduğu DÖVLƏT qurumunun İctimai Şurasına üzv olub.
Müavinin qaynanası öz işlədiyi qurumda İctimai Şuraya üzv edilib.


Ümidimin ölüsünü agbirçəklərə tapşırıb Mərkəzi tərk etdim...

Gəmirsinlər işbazlar, mədəniyyətdən min fərsəx uzaq olanlar...

Gedim təzə ümid göyərdim...

# 2532 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #