Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam
23 aprel 2024
# 12:19


Kulis.az Həmid Piriyevin “Qarışqanın ruzisi” hekayəsi haqqında Ömər Xəyyamın fikirlərini təqdim edir.



Bu yaz ertəsi, yaşıl günün yaşıl vaxtı, səhərin ölü sevindirən çağında Həmid Piriyevin “Qarışqanın ruzisi” hekayəsini oxudum.

Düzü, yazıçı kimi Həmidin üslubu mənə yaddır, texnikası texnikamdan yeddi köynək uzaqdır.

Mən istəyirəm, müəllif hadisələrin içində eşələnsin, keçidləri sanballasın; oğullar ataya çevrilsin çevrilməyinə, - mən də çevrilməyin, çevirmənin estetik ləzzətindən doymuram, fəqət oğlu atayla eyniləşdirmək təcrübi şəkildə, yaxud qulaqdandolma bilgilərlə baş verməməli, yazıçının özünün qurduğu ardıcıllıqla, tamamilə xas variantda həll olunmalıdır.

Hadisəni zamanın ağuşunda yetişdirmək, finalacan, - yəni əl-ayaq açandan sonra səbəbi xarakterizə etmək, sonu, - yəni nəticəni rəhndəki hadisəylə əlaqələndirmək olar da, olmaz da, - belənçi qayda yoxdur və mən də demirəm ki, filan hadisə haqqında mütləq filan cür hekayə yazılmalıdır.

Neçə müəllif varsa, bir o qədər üslub, bir o qədər rakurs və bir o qədər həll variantı var.

“Qarışqanın ruzisi” hekayədirmi? Hekayədir.

Üstəlik, bəzi mətnlərin xas dadı, xas rəngi, xas qoxusu olur.
Həmid Piriyevin hekayəsi də öz rəngiylə, intonasiyasıyla, temasıyla, mövzusuyla, üslubuyla xoşuma gəldi.

Tər keşniş qoxusu, təzə dəmlənmiş pürrəngi çay dadı və kötüyə çevrilmiş xatirənin geyişən öpüş yerini mən də hiss etdim, lap canımdan keçirdim, hələ çəyirtkə ayağı sürüyən o sısqa, təngnəfəs qarışqanın ayaq səslərini də eşitdim.

Bildiyimiz kimi, əslində, sadə heç nə yoxdur, fəqət bəzən adiləşmiş, bəzən də görmədiyimiz, yanından ötdüyümüz, bizdən ötrü funksionallığı olmayan detallar var ki, haman detallar özlüyündə mövcudluğun əsas elementi, yaşamağın, həyatın missiyası haqqında açardır.

Çəyirtkə ayağı daşıyan qarışqanın həqiqətiylə - ki, qarışqanın missiyası daşımaqdır, bir növ, qarışqa daşıyıcılıqla proramlaşdırılıb, yəni qarışqalar daşıdıqca mənalanır, - çəhrayı yalana bürünüb üzüağ yaşlanan, özünü aldada/aldada vaxtını öldürən, ümid dalınca, uzaqdakı sabahlar üçün əlləşən, nəhəng yalanın, intəhasız heçkimliyin, əngin heçnəliyin içərisində əvvəlkiləri təkrarlayan, nəhayət, ölümüylə eləcə statistik vahidə çevrilən başqa adamların və Mənsurun mahiyyəti eynidir... hə, hər iki canlı, - həm qarışqa, həm də Mənsur, mexaniki şəkildə qiymətləndirsək, prosesin kor nöqtəsindən asılmış şaquldur.


Və kor nöqtələrdəki şaqulları görmək, sadəliyin mahiyyətinə enmək, adiliyin özündəki həqiqətə toxunmaq, həm də xatırladır.
Yanından ötdüyümüz, bizim dilimizlə desək, sadə detalların, adiliyin, əslində, həqiqətin simvolu olduğu haqqında nişan verir.

Kunderanın “Yavaşlıq” əsərini xatırlayıram.

...Bələdçi yolun ortasındaca çömbəlir, İnk mədəniyyətini ziyarət edən qrupa deyir ki, sürətlə yeridik, ruhunuz geridə qaldı. Deyir, böyük abidəni görməyə tələsirsiniz, fəqət o buradadır, biz artıq ona yetişmişik, yavaşlayaq, ruhumuz da bizə yetişsin... Əlbəttə, sürət hedonizmə aparır, libertinləşdiricidir. Sürət korlaşdırır, korşaldır və həp həqiqətin yanından ötürük.

***

Həmid bəzən mötərizə açır, hansısa sözü, hansısa situasiyanı izah etməyə çalışır, lazım deyil, qətiyyən lazım deyil, bir də, tələsir, istəyir, çömçəquyruğu ikinci nəfəsdə qurbağaya çevrilsin, bəzən də gedişata mane olur, diktə edir, obrazları, prosesi istiqamətləndirmək istəyir, situasiyanı mənalandırır. Məsələn, deyir, "
Yenə susdular. Nə danışsınlar?" .

Xatırlama – qərbcə desək, fləşbək - olar, niyə olmasın, ümumiyyətlə, bilirik ki, heç kim öyrənmir, hamı xatırlayır, yeni heç nə yoxdur, hər şey mahiyyətcə köhnə, formaca təzədir, ancaq düşünürəm ki, bu xatırlama məsələsini başqa cür həll etməliyik.

Məsələn, kimsə obrazını yuxuya verir, yuxuda xatırladır, kimsə obrazını hörümçəyin tor qurduğu zirzəmilərə göndərir, orada ona köhnə şəkil göstərir, haman şəklin içərisindən keçirib keçmişə qaytarır, yaxud o biri xəstəxanadan qayıdır əvvəlki illərə... – bəsit, köhnə fənddir.

Həmidin ruzisi bol olsun,
“Qarışqanın ruzisi” həm də bax belə enerji verdi mənə, yazmaq istədim.
Bəs nə?
Mətn həm də oxucunu yazmağa, oxumağa təhrik etməlidir, sözün işığından, sözün enerjisindən oxucuya pay verməlidir...

Sadəliyin mahiyyətinə enmək, sadəliyin hekayəsini yazmaq, kor nöqtədəki sadəliyi görmək asan deyil, əlbəttə.

Ümumiyyətlə, hamının agah olduğu, hamının yaşadığı anları, hamının toxunduğu şeyləri olduğu kimi görmək, göstərmək və o şey haqqında olduğu kimi danışmaq çox çətindir.

Həmid bu işin öhdəsindən uğurla gəlib.

# 1595 dəfə oxunub

Oxşar xəbərlər

Sabah olmayacaq... - ADNA faciəsi qurbanlarının xatirəsinə

Sabah olmayacaq... - ADNA faciəsi qurbanlarının xatirəsinə

15:00 30 aprel 2024
Yaz intizarı - Şərif Ağayarın yeni hekayəsi

Yaz intizarı - Şərif Ağayarın yeni hekayəsi

09:00 30 aprel 2024
Balıqçılar - Nadir Yalçının yeni hekayəsi

Balıqçılar - Nadir Yalçının yeni hekayəsi

14:30 29 aprel 2024
Səməd Vurğun ona məktub yazan gəncləri satmışdı? - Anar

Səməd Vurğun ona məktub yazan gəncləri satmışdı? - Anar

12:00 29 aprel 2024
Şayiə yayılır ki, tezliklə müharibə başlanacaq... - Öz evində artıq adama çevrilən leytenant

Şayiə yayılır ki, tezliklə müharibə başlanacaq... - Öz evində artıq adama çevrilən leytenant

09:10 29 aprel 2024
Məşhur rejissoru və həyat yoldaşını öldürən inək – Ömər Xəyyam

Məşhur rejissoru və həyat yoldaşını öldürən inək – Ömər Xəyyam

12:00 27 aprel 2024
#
#
# # #