On doqquz illik işgəncə - Polislərə yalan danışan din xadimi

On doqquz illik işgəncə - Polislərə yalan danışan din xadimi
8 fevral 2024
# 09:00


Kulis.az Viktor Hüqonun “Səfillər” roman-epopeyası haqqında Fəxri Uğurlunun "Adsız məzara işləyən tarix" adlı məqaləsinin birinci hissəsini təqdim edir.

Lev Tolstoy bu əsəri on doqquzuncu əsrin başlıca romanı saydığını demişdi, “Hərb və sülh”ün formasını da məhz ondan təsirlənib tapmışdı, üstəlik, Hüqonu Dikkenslə bir sırada “dini ruhu olan yazıçı” adlandırmışdı. Dostoyevski “Səfillər”dən bir neçə il sonra işıq üzü görən “Cinayət və cəza” romanını Hüqonun epopeyasından üstün tutanlara qarşı qəti etiraza qalxmışdı. Onu öz dövrünün nəinki ədəbi-mədəni, həm də ictimai-siyasi həyatının ən vacib məqamlarında, ən mühüm nöqtələrində iri planda görmək mümkündür. Viktor Hüqo təkcə sənət meydanında, ya eşq cəbhəsində yox, azadlıq uğrunda mübarizə barrikadalarında da özünü xalis cəngavər kimi aparırdı. Həyatını riskə atmaq bahasına dediyi cəsarətli fikirlər onun zülm-zillət çəkməsinə, vətənindən didərgin düşməsinə səbəb olmuşdusa da, böyük yazıçı ideallarından ölənəcən əl çəkməmişdi.

Ancaq onu yalnızca azadlıq mücahidi, demokratiya carçısı kimi qələmə vermək yarımçıq təqdimat olar. Viktor Hüqo ilk növbədə xristianlıq ideallarının daşıyıcısı, İsa Məsih divanəsi, Tanrı yolçusudur. Katolik mühitində tərbiyə almış olsa da, onun dini ayinlərə riayət elədiyini söyləməyə əlimizdə ciddi dəlil-sübut yoxdur. Əvəzində onun hansı ideallarla yaşadığını, hansı missiyanı daşıdığını ürəklə deyə bilərik, çünki qarşımızda təkzibolunmaz tutalğalar - onun əsərləri var. Viktor Hüqo, eləcə də baş qəhrəmanı Jan Valjan İsa peyğəmbərin on doqquzuncu yüzillikdə zühura gəlmiş parlaq təcəllasıdır. Yəni dövrünün ictimai-siyasi proseslərinə müdaxiləsi, Fransa burjua inqilabının idealları (azadlıq, bərabərlik, qardaşlıq) uğrunda mübarizəsi, tiranlığa qarşı mücadiləsi Hüqonun həyatının son hədəfi, ali məqsədi deyil, o məqsədə - göylər səltənətinin yer üzündə bərqərar olunmasına, başqa sözlə, xristianlığın (eləcə də bütün başqa idealist təlimlərin, fəlsəfələrin) ideal, ruhani cəmiyyət arzusuna aparan yoldakı maneələri aradan qaldırmaq cəhdidir.

***

1862-ci ildə işıq üzü görmüş “Səfillər” epopeyasını müəllif fasilələrlə təqribən otuz ilə yazmışdı. 1848-ci ildə Parisdə baş verən inqilab, çaxnaşmalar ucbatından əsəri yarımçıq qoyan yazıçı roman üzərində işinə bir də üstündən on ildən də artıq vaxt keçəndən sonra, sürgündə olduğu zaman qayıda bilmişdi. Nəhayət, altmış yaşında o, yaradıcı həyatının başlıca məqsədinə yetmişdi.

Romanda hadisələr 1815-1833-cü illər arasında cərəyan eləyir. Əsər beş hissədən ibarətdir: “Fantina”, “Kozetta”, “Marius”, “Plüme küçəsinin idilliyası və Sen-Deni küçəsinin epopeyası”, bir də “Jan Valjan”. Hər hissə kitablara, hər kitab da fəsillərə bölünür. Kitablar, fəsillər arasında süjetdən kənara çıxmalar, haşiyə, ricət adlandıra biləcəyimiz parçalar da var. Məsələn, ikinci hissənin yeddinci kitabı “Mötərizə arasında” adlanır, bu, ayrıca bir dini-fəlsəfi traktatdır. Yaxud da üçüncü hissənin birinci kitabının sərlövhəsi belədir: “Parisin zərrə-zərrə gözdən keçirilməsi”. Adından göründüyü kimi, bu kitabda müəllif oxucunu Fransa paytaxtına ekskursiyaya aparır. İkinci hissənin “Vaterloo” başlıqlı birinci kitabında yazıçı Napoleon Bonapartın sonuncu ölüm-dirim savaşı olan məlum döyüşün tarixindən danışır. Beşinci hissənin ikinci kitabında (“Leviafanın bətni”) isə Hüqo Parisin yeraltı dünyasından - şeytanın bətninə bənzətdiyi kanalizasiya sistemindən yerli-yataqlı bəhs eləyir. Bu hissələri ixtisara salmaq üçün naşiri ona yalvarsa da, yazıçı inad göstərib üslubuna toxunulmasına imkan verməmişdi.

Az sonra “Hərb və sülh”ü yazanda Tolstoy da buna bənzər üsullara əl atacaqdı. Roman-epopeya janrına aid olunan bu tip əsərləri tələm-tələsik, birnəfəsə oxumaq mümkün deyil. Belə kitabları gərək aram-aram, səbirlə, ruhuna hopdura-hopdura, beyninə yedirə-yedirə həftələrlə, bəlkə də, aylar uzunu oxuyasan.

***

On doqquz il məhbus həyatı yaşayandan sonra Jan Valjan azadlığa buraxılır. Gün doğandan piyada yola çıxan katorqalı günbatan çağı kiçik Din şəhərinə çatır, axşama düşdüyündən qalmağa yer, yeməyə çörək axtarır. Onun kimliyindən duyuq düşən şəhər əhli katorqadan sağ çıxmış məhbusun üzünə qapı açmır, cibində pulu ola-ola Valjanı meyxanadan da, karvansaradan da qovurlar, sakinlər ona nəinki evdə, tövlədə belə yer vermirlər, yemək bir yana qalsın, bir içim suyu belə Allah qonağına qıymırlar.

Yolçu bütün ümidini itirəndə bir qarı ona kilsə qapısını göstərir. Yetmiş beş yaşlı mömin yepiskop Şarl Mirielin qapıları gecə-gündüz hər kəsin üzünə açıqdır. Jan Valjan Tanrı dərgahına ayaq basıb özünü təqdim eləyir, katorqadan buraxılandan sonra dörd gündür piyada yol gəldiyini deyir. Keşiş onu xoş üzlə dinləyib şam süfrəsi arxasına oturdur, keçmiş məhbusa isti yemək, rahat yatacaq verir. Jan Valjan bu lütfkarlıqdan riqqətə gəlsə də, gecəylə yepiskopun evindəki gümüş qab-qacağı götürüb aradan çıxır. Jandarmlar onu tutub keşişin yanına gətirirlər. Yepiskop onlara deyir ki, bahalı qab-qacağı keçmiş katorqa məhbusuna özü bağışlayıb, hətta Jan Valjanın ona peşkəş verilmiş bir cüt gümüş şamdanı unutduğunu söyləyib azı iki yüz frank dəyəri olan şamdanları da jandarmların gözü qarşısında ona verir. Polislər qandalları Valjanın qolundan açıb gedirlər.

Keşiş Mirielin comərdliyindən möhkəm sarsılan katorqalı bütün bunların səbəbini soruşanda yepiskop ona deyir ki, bununla mən sənin ruhunu satın alıb onu Şeytandan Allaha ötürürəm.

Əgər Faust öz ruhunu İblisə təhvil verirsə, burada tərsinədir, cəhənnəmin dibindən çıxmış, insanlıq simasını itirmiş bir məxluqun paslı ruhu Tanrıya təslim olunur. Bununla da Valjanın cəhənnəmdən cənnətə keçidinə körpü salınır.

***

Jan Valjan katorqa zülmünə hələ heç iyirmi yaşına çatmamış məhkum olunub. Onda onun ata-anası çoxdan köçünü dünyadan sürmüşdü, bacısı Jana analıq eləmişdi. Varı-yoxu bir bacısının əri də öləndən sonra yeddi körpənin yükü cavan dayının - odunçu oğlu odunçunun çiyninə düşmüşdü. İşinin dayandığı, gəlirinin olmadığı mövsümdə bacısı balalarının dözülməz aclıq çəkdiyini görən gənc dayı onları kiritmək üçün çörək dükanından oğurluq eləyir, buna görə tutulub beş il katorqa cəzası alır. Dörd dəfə həbsdən qaçmağa cəhd göstərdiyinə görə cəzası artırıldığından on doqquz ilini katorqada amansız işgəncələr altında keçirəsi olur.

Azadlığa buraxılan Jan Valjan tutulanda həyata yenicə vəsiqə almış gənc idisə, indi artıq günü keçmiş qocadır. Adam kimi yaşamağın, adamlarla adam kimi ünsiyyət qurmağın nə olduğunu yadırğayıb. Nə bacısından, nə də onun övladlarından xəbəri var, onların öldü-qaldısını belə bilmir. Yerlə göyün arasında kimsəsiz qalıb. Tək yolu hansısa cinayətə əl bulayıb yenidən o cəhənnəmə qayıtmaqdır. Cəmiyyətdə katorqalı haqqında daşlaşmış rəy formalaşıb: bu adamlar yüz il qala düzəlməzlər, onlara əsla etimad göstərmək olmaz. Polis xəfiyyəsi Javer də ona yenidən məhbəsə qayıtmaqdan başqa yolu qalmadığını, bir dəfə suça bulaşan canini islah eləməyin mümkün olmadığını qəddarcasına açıq mətnlə söyləyir.

Belə bir çıxılmaz məqamda, çarəsiz durumda keşiş Miriel onun dadına çatır, onu batdığı cəhənnəm bataqlığından, Şeytanın caynağından qoparıb qəlbini xaç suyuna çəkir, çiyninə missiya qoyub onu qaranlıq dünyadan işıqlı dünyaya ezam eləyir. İblisin labirintində azıb itmiş cəhənnəm sakininin üzünə bu başdan baxanda o başı görünən aydın yol açılır. Keşişin bağışladığı bir cüt gümüş şamdanın işığında onun gecələri də gündüzə çevrilir.

Xeyirdən xeyir, şərdən də şər törəyər. Keşiş Miriel yaxşı bilir ki, yatmış ruhu yalnız sevgi, mərhəmətlə oyatmaq olar. Mövlananın təbirincə desək, bu görüşdə yanan şam yanmayan şama toxunur. Jan Valjanın İblisin emalatxanasında (katorqada) qartıyıb bərkimiş, sürtülmüş gövdəsi Tanrının laboratoriyasında (kilsədə) ilahi iksirin möcüzəsiylə yumşalıb muma dönür.

O, yeni ad-soyadla, başqa kimlik altında yeni həyata başlayır. Bacarıqlı iş adamı cənab Madlen dənizqırağı Monreyl şəhərini sənaye mərkəzinə çevirir, öz fəhlələrinə də, yoxsullara da qayğı göstərir. Qurduğu fabriklər ona külli gəlir gətirir. Kral onu xidmətlərinə görə həmin şəhərin meri təyin eləyir. İşlər, necə deyərlər, yağ kimi getməkdəykən Jan Valjanı hələ katorqadan tanıyan, bir zaman orada nəzarətçi işləmiş müfəttiş Javer şəhərə polis rəisi göndərilir.

Javer qanun-qaydaya sadiq dövlət məmurudur. O, Jan Valjanın antipodudur, sevgidən, mərhəmətdən məhrum ədalət, qanun keşikçisi, qanunçuluğu xurafata çevirmiş fanatikdir. Fəqət onun keşiyində durduğu ilahi ədalət deyil, toplumların yaratdığı, quruluşlar, hakimiyyətlər dəyişdikcə cildi, arşını, tərəzisi dəyişən ədalət anlayışı, sosial ədalətdir.

Javer rasional tipdir, o, ruhsuz bədən, əslində bədən də yox, ruhsuz-bədənsiz kəllədir, könüldən ayrı düşmüş başdır. O, dövlət, qanun qarşısında öhdəliklərini vicdanla, dəqiq yerinə yetirir, intəhası onun vicdanı xaç suyuna salınmayıb, onun vicdanı əxlaqdan, sevgidən, mərhəmətdən yox, rasional, dünyəvi məntiqdən, başqa sözlə, yalın, çılpaq, köksüz-köməksiz ağıldan güc alır. Di gəl, qəlbə dayanmayan, əxlaqdan güc almayan ağıl çox təhlükəli silahdır. Klassik ürfan ədəbiyyatında da ağıl eşqə, saf inama qarşı qoyulur. İnama söykənməyən ağıl kəsik başdır.

Javerə görə, qanun əxlaqdan, imandan həm ayrı, həm artıqdır. Beləsi əxlaqa köhnəliyin qalığı kimi baxar, qanunlar məcəlləsini müqəddəs kitabdan, sürüşkən ictimai normaları tərpənməz, topdağıtmaz minillik dəyərlərdən, öz rəisini İsa Məsihdən, kralı Allahdan üstün tutar. Ondan qanun dediyinin haradan alındığını soruşsan, cəfəng cavablar verər. Halbuki ən mükəmməl qanun da ilahi əxlaqa layiq olmağa, onun ucalığına çatmağa çalışır. Qədim kahinlər, peyğəmbərlər bir dağ başına çıxıb, ya bir mağaraya çəkilib Tanrıdan hökmlər, buyruqlar gətirərdilər. Hər biri öz dövrünə görə qanun sayılan ehkamlar saf qəlbin, ləkə götürməyən ruhun dövrün imkanlarına, reallıqlarına uyğun buyruqlarıdır. Hammurapi qanunlarından tutmuş millətlər birliyinin insan haqları deklarasiyasına qədər bütün proqressiv normalar əxlaqın, vicdanın çağırışlarıdır.

Müfəttiş Javer üçün keşiyində durduğu qanunlar aprioridir, dəyişilməzdir, pozulmazdır. İnqilabların qapını kəsdirdiyini, monarxiyanın müqəddəs saydığı qanunlarıyla birgə iflasa uğradığını Javer görmür, zamanın harayını, gələcəyin çağırışını eşitmir, ona görə də bir kölə sədaqətiylə tələbə hərəkatına qarşı var gücünü sərf eləyir, bu yolda canını riskə atmaqdan çəkinmir.

Sovet hakimiyyətinin xüsusən erkən çağlarında kommunistlər arasında da belə qanunpərəst tiplər az olmamışdı. Onlar dövlətin beş qəpiyini mənimsəməyi özlərinə qəbahət, cinayət bilər, ancaq əqidələrini bəyənməyən günahsız insanları güllədən keçirərdilər. Faşistlər, fundamentalistlər içində də bənzər tiplər çox olub, indi də var. Onlar başa düşmürlər ki, apriori olan əxlaqdır, qanun, məcəllə zamana görə dəyişkən, əxlaq isə əbədidir. Yer üzündə qanunlar ta ilahi əxlaqın əyninə kip oturanacan təkmilləşəcək.

Hüqo Jan Valjanla Javerin timsalında əbədi qanunlarla ötəri qanunları üz-üzə gətirir. Valjan əlində yüz faizlik imkan ola-ola ondan qisas almır, onu öldürmür. Əvəzində Javer özü özündən öc alır, öz canına özü qıyır. Eşqə təslim olmayan quru ağıl iflasa uğrayır.






Fəxri Uğurlu

# 1722 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #