Natamam, yersiz, mahiyyətsiz, həyatdan uzaq – Yazarlar Ömər Xəyyamı tənqid etdilər

Natamam, yersiz, mahiyyətsiz, həyatdan uzaq – Yazarlar Ömər Xəyyamı tənqid etdilər
8 dekabr 2021
# 15:10

Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Ömər Xəyyamın “Bizim analarımız, bizim atalarımız” hekayəsi haqda yazarların fikirlərini təqdim edir.

Qəşəm Nəcəfzadə

Ömər Xəyyam istedadlı, zövqlü bir yazardır. Xeyli maraqlı yazılarını oxumuşam. Bu hekayə ilk baxışda adama maraqlı görünür, mahiyyətə varanda “əlinə” heç nə gəlmir. Poetik çalarlar doludur, bəzən yazıçı zorən yazını poetikləşdirir. Hətta bura qədər: “Səməd anasının baxışlarını eşitmişdi”. Yəni mətn təkcə metaforadan ibarət deyil. Özü də kobud metaforadan. Poetika, bədiilik nəsri öldürür. Bunu Ömər Xəyyam bilməmiş olmaz. Bəlkə də nəsiranəlikdən bezib deyə (Bu gün həyatım nəsiranədir - Əli Kərim) qəsdən belə edir. Hekayədə korona üçün tutarlı bir fakt yoxdur; adam necə yaşamaq istəyir, necə boğulur, necə xilas olmaq istəyir. Hamısı həyəcan qatılmış “kraska”lı cümlələr. Həyat faktının olmamağından hekayə ölür. İstedad var, həyat yox. Bax, belə bir şey. Hekayədə ancaq feillər, təkrirlər, hərəkətlərdir. Aritmik hadisələrin tələskənliyi (yazıçının yox) və təngnəfəsliyi (korona) ilə cəld hərəkətlərin, feillərin paralelliyində asiosassiya və ya bir effekt yaransaydı, əla olardı. Axtardım, tapa bilmədim. Amma arada, tələsik deyilmiş, bir ağız cümlə, “gülləri qurutma” ifadəsi nədənsə yadımdan çıxmır. Burda nəsə qımıldanır. Nəsə yatır. Oyanmaq istəyən yuxulu bir nəsr var burda. Hadisələrin tez-tez dəyişməsi, sürəti (təcili yardım maşını kimi) korona təngnəfəsliyini xatırlatdığı üçün maraqlı gəldi mənə. Ömər Xəyyama bir məsləhət: nəsr yazırsansa, poetikadan qaç. Stola əyləş, otur. Essə, şeir yazırsansa otaqda gəziş, küçədə də olar. Bax belə.

Cavanşir Yusifli

Cavanşir Yusifli: “Ədəbi prosesdə elə fiqurlar var ki...” - Müsahibə

Ömər qəribə tərzdə yazır, hadisələri, olmuş, olacaq olayları qapı arxasında saxlayıb, onlarla bağlı hisləri təsvir edir, yəni, bu ortamı yaradan psixoloji vəziyyəti və o qapı arxasında dayandırılmış hadisələrin dilini yaratmağa cəhd edir, çətindir, amma çox maraqlıdır və macəralıdır və nəsr üçün macəranın dil açıb “danışması” çox vacibdir…

Ona görə də müəllif olub bitmiş hadisələrin insanın ruhunda yaratdığı gərginliyi əşyaların köməyi ilə, ani toxunuşla verməyə çalışır və üstəlik nə eləmək istədiyini gizlətmək üçün sıx-sıx metaforalardan istifadə edir, halbuki nəsrdə bu o qədər də keçərli deyildir. Amma Ömərin yazdığı mətn (“Bizim analarımız, bizim atalarımız”) metaforik görüntü yaratmağı yox, bu dünyadan, gerçəklikdən indicə çıxıb getmiş nəsnələri onlara oxunan ağıların bərabərində yerləşdirib (saxlayıb-!) mövcud paradiqmanı bütün rəng spektri və koloritiylə verməkdir.

Hekayədə təsvir edilən məkanın konturları biz onu oxuyub bitirənə qədər silinib gedəcək kimidir, çünki bu mətndə xəyalla gerçəklik eyni qatın, eyni notun, eyni əsəb nöqtəsinin üstündədir. Bu mənada hekayədə təkrarlanan notlar (susmuş musiqi notları-…, məsələn ağ işıq, ağ quş) eyni olayı fərqli psixoloji məqamlardan nümayiş etdirir. Metaforalarla işlənmiş müstəvi aldadıcı (yalançı) fondur, yəni bura elə bir məkandır ki, adi səsdən, hətta xəyalında nəyinsə yada salınması ən uca səslə dinir, hər şey kökündən bir-biri ilə elə bağlıdır ki (qırılmaq, dağılmaq üçün…), insanlar bu vəziyyətdə, harda olmalarından asılı olmayaraq eyni hisləri keçirirlər. (“… Güləndam kətan ağlarını, yastıq üzlərini, qırmızı naxışlı əl-üz dəsmallarını ipə asır, ağlar yellənir, Səmədin içində bir cüt qanad titrəyir… Güləndam əyilir, qalxır… Ağların arasında ağ xəyalın sirli-sehrli rəqsi. Güləndam ağ quşa çevrilir, ağların arasından ağ işığa bülənd olur…”) Sonra gəlir Marina Svetayeva. Səməd, Sergey… nə fərqi var?

Kitablardan oxuduğumuz Marina Svetayeva obrazı bu ağrılı öskürəklərin fonunda bütün qəddarlığı ilə açılır. Çünki Marina Svetayevanın qəliz xarakteri, davranışlarıyla ərinə amansız divan tutması, yetimxanaya qoyduğu qızlardan birinin dəfninə belə getməməsi… yada düşür və bu pandemiyanın da əslində uzaq illərdən iməkləyərək, bura gəlməsi qənaətini doğurur. Yuxarıda dediyimiz kimi, kimin bu dünyada, kiminsə o dünyada olmasından asılı olmayaraq, elə bir ortam yaranıb ki, adi səsdən, adi toxunuşdan bütün günahlar, bütün qəbahətlər oyanır, özü də tel-tel…

Ömər əşyaları çox yaxşı hiss edir, onların aurası ilə insanların psixoloji durumunu eyni müstəvidə rəsm etməyi bacarır (“…Ağır-ağır nəfəs alırdı, sinəsindən qopan xışıltı divarı titrədirdi. Bir ilmə işıq qızının sarı pırpız saçlarının arasında vurnuxurdu. Çarpayıya yaxınlaşdı. Qızını qucağına götürəndə barmaqları anasının çiyninə toxundu. İlahi! Marina Svetayeva – bumbuz qadın! – alışıb yanır! Bilmirəm, anası Səmədi gördümü, yoxsa yox, ancaq nəvəsini yanında görmədi…”).

Bu mənzərədə hər şey ağ rəngdədir. Ağ rəng üzərinə düşən hər şeyi qabardır və qabarıq göstərir, elə tərzdə ki, olmasıyla olmaması, varlığıyla yoxluğu bir nöqtəyə sığınmış kimi olur (Boş küçədə – yoluq ağacların kölgəsindəki ağ göyərçinləri görüncə Güləndamı xatırladı…). Ağlıq əslində Səmədin xəyalıdır, pəncərədən baxarkən gördüyü ağ göyərçinlər onda həyəcan doğurur.

Öskürək səsi uzaq illərdən bu yana çəkilən ağrılardan keçir, insanın içinə adladıqca “kəpənək effekti”nə tən olur, bu təbiətdəki səslərin, əşyalara xas səs şülüzlərinin birləşib yol getməsi yox, ağrılardan qopan səslərin zəncir həlqələri kimi qırılıb dünyanı lərzəyə salması anlamına gəlir. İki hadisə eyni anda, bəlkə də eyni “en dairəsində” baş verir: səslər çulğaşıb simfoniya yaradır, sonra, yəni həm də eyni anda bu notlar həlqə-həlqə qırılır.

Hekayədə təkrarlanan cümlələr funksional məqamdadır (“… gecənin ölü sevindirən çağında…”) və həm necə deyim, “mənanın sətirdən qaçdığı anı”, həm də bir sətrin taleyə döndüyü məqamı özündə birləşdirir. Bəzi pasajlar şair Marina Svetayeva intihar edərkən buraxdığı əlyazmalardakı sirrin ifadəsinə bənzəyir. Onların arasında şübhəsiz ki, ələ gəlməyən, itib-batan şeylər də oldu, nə itibsə, sonralar, gərdişin ən ağrılı anında üzə çıxır, hər yeri sel-su alır, kəhkəşan çay kimi daşıb günahların üstünü basır.

Hekayədə son dərəcə həssas psixoloji ortam təsvir edilir. Bu anlamda mətndəki detallar səciyyəvidir. Yuxarıda “kəpənək effekti”ndən bəhs etdik. Bu hadisə mətn qatlarında nəzərdə tutulur, yaxud mübhəm işarələrlə ifadə edilir. Hər şey bir-birinə qarışıb, adi söz, hətta xəyala gələn nəsnə belə əsəb yaradır.

“Yarpaq xışıltısı eşitdi, açıq pəncərədən içəriyə sarımtıl kəpənəklər doldu, canına sərinlik yayıldı.”

İnsan xəyalla gerçəklik arasında ən dəhşətli ağrıya dözür. “… Eşitdiyi qapının cırıltısı idi – anası ayaqlarını sürüyə-sürüyə, divardasn tuta-tuta gəlmişdi, gördüyü anasının gecəliyindəki kəpənək şəkilləriydi – qanadlanmışdı, anasının öpdüyü yer idi – alnında, əlləriydi – üzündə…”.

İlham Əzizov

Нет описания фото.

Bu hekayə Ömər Xəyyamın ən yaxşı hekayəsidir. Təzə nəfəs, yeni məsələlər, və s.

Mənə elə gəlir ki, bədii əsərin yaratdığı əhval, aura onun hər cümləsində hiss olunmalıdır. Bu hekayənin harasından başlasan o əhvalı hiss edəcəksən. Heçlik, təklik, fanilik Ömərin yazılarının əsas xəttidir. Bu hekayədə də özünü büruzə verir. Ömər xatırlayır, fəqət olmuşları deyil, olacaqları da… Mənə görə hekayə bütövdür, estetik üslubla yazılıb. Uğurlar…

Alik Əlioğlu

Alik Əlioğlu – Yad şəhərdə | Can Azerbaycan

Əla hekayədir. Çox bəyəndim. Bənzətmələr, mühitin təsviri, hər şey əladır.

Kazım və Kazımoviç

Pişik yeməyi yeyən, bir deputat maaşı qazanan gənc şair: “AYB-də istedadlı  imzalar yoxdu”

Hər şeyi başa düşürəm. Təkcə bu "Hüseyn Cavid prospekti, Hüseyn Cavid parkı" və s. sindromunu Nil çayı qədər uzun müddətdir başa düşməyə çalışıram yerli mətnlərimizdə. Bakıda başqa parkmı, küçəmi yoxdur?!

Ustad şairimiz Qisməti güc-bəla ilə şəhərin başqa səmtlərinə çəkməyə çalışırdıq ki, Ömər də yolunu ordan saldı. Çətin məsələdir. Hər halda hekayə gənc yazarlar üçün master-klass sayıla biləcək qüdrətə sahibdir. Mən ad da çəkə bilərəm. Məsələn, məncə, Orxan Həsəni, Orxan Saffari, ələlxüsus Nadir Rzalı və başqaları Öməri ciddi şəkildə oxumalıdırlar.

Orxan Həsəni

Orxan Həsəni. Füzulinin dişi (HEKAYƏ) » Yarpaq.az

Qatı subyektivizm və bərbəzəkli naturalizmlə dopdolu hekayələr son illər tez-tez rastımıza çıxır. Öz içində döyüküb öz içində bitən bu tip hekayələr oxucunu dilin dərinliklərində, ağır, xoş havasında əyləndirib ayağının ayağının üstünə aşırır. Ömər Xəyyam bəyin mahiyyət etibarı ilə karantin dövründən bəhs edən hekayəsi də bu cərgədə. Karantin, kütləvi yoluxmaların mövzu kim doğulduğu əsərləri xatırlayanda gözüm Saramaqodan tutmuş, Daniel Defoya qədər əyilə-əyilə yol çəkir. Dokumental detallarla zəngin olan bu əsərlərlə müqayisədə Ömər Xəyyamın “Bizim analarımız, bizim atalarımız” hekayəsi olduqca fərqli havada gülümsəyir.

Hekayə mürəkkəb atmosferin altında əzilir, can verir. Müəllif natamam, hərdən-hərdən yersiz görünən naturalizm ilə abzaslar arasındakı əlaqəni itirir, mətnin yetkin görünməsində, bədii həllinin tamamlanmasında ciddi əngəllər yaradır. Müəllifin parlaq, işıqlı görüntüsü obrazların, süjetin, ümumən hekayənin ayaq açıb yeriməsinə, öz gücünə ayaqda qalmasına problem yaradır. Poetik dilin ağırlığı bədii həll işığına yüyürsə də, əks effekt yaradır və uğursuzluq daşını cilalayır.

Ömər Xəyyam şeir intonasiyası, gücü ilə hekayə qayasını qaldırmağa çalışır, lakin qaya dəbərmir və hekayə janrının olmazsa olmaz tələbi hesab edilən dramatik çaxnaşmanın əl qolu bağlanır. Bu hekayə bizə mənzərə rəsmlərini xatırladır. O mənzərədə axan çayın, uçan quşun, duran ağacın gözəl rəsm edilməsi rəsmin hekayəsi olması mənasına gəlmir.

Ömər Xəyyamın ruh otağında gözəl bir şair oturub və o şair durmadan Ömərin nəsr təsəvvürlərinə barmaq eləyir. Düzü, bu hekayə mənə də çox yapışmadı. Nəysə, aydın olmadı mənə söhbət. Hadisələr dilin arxasında gizlənib. Əksinə hekayə özünü gözə soxmalı, sözlər deyil, hadisələrlə təəccübləndirməlidir deyə düşünürəm. Çünki hadisənin xəmiri ilə işləmək özü də üsluba daxil olan məsələdir.

# 2464 dəfə oxunub

Oxşar xəbərlər

# # #