Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
30 noyabr 2024
# 14:29

Kulis.az Ülvi Babasoyun "Müqavimətin bənzərsizliyi" adlı yeni yazısını təqdim edir.

Auşvitz Həbs və Ölüm düşərgəsində alman zabit barmaqlarını yəhudi əsirin xirtdəyinə salıb boğur. Hər kəs susur. Bircə balaca Aleksandra sinəsini qabağa verir. Əsiri buraxması üçün diz çöküb yalvarır. Aleksandranın yalvarışları qəddar zabitin ürəyini yumşaldır. O gündən Aleksandraya "yəhudi xala" deyirlər. Müharibə necə də əxlaqsızdır.

"Müharibəsiz əxlaq olar? Sülh xaosdur, işləri sahmana salmaq üçün müharibə lazımdır. Sülh şəraitində bəşəriyyət gücsüzdür. İnsanlar və heyvanlar ehtiyatsız davranırlar. Hətta nə istəsələr, onu da yeyirlər. Heç kim qarşımıza çıxan bir şəhərdə nə qədər gəncin və atın olduğunu bilmir" (Bertold Brext: "Cəsarət ana və uşaqları").

Hər kəs bənzərsizdir, yaxud da heç bir varlıq digəri kimi deyil. Var olan hər şey bərabər və bənzərsizdir? Elm, fəlsəfə və sənət belə deyir. Ancaq münasibətlərimiz tam əksinədir. Conatan Qleyzerin "Maraq bölgəsi" filmi 1940-cı illərdə Auşvitz Həbs Düşərgəsinin yaxınlığında bir malikanədə yaşayan ailənin "xoşbəxt" anlarını kadra alır. Mayor Rudolf Höss çox sevdiyi arvadı Hedviq və 5 uşağı ilə olduqca xoşbəxtdir. Meşənin ürəyində və çayın sahilində yerləşən malikanədə gülüşlərlə dolu günlər keçir. Rudolf gah uşaqları ilə balıq tutur, gah qayıqla gəzintiyə çıxır, gah da arvadıyla öpüşür. Hər şey rənglidir, tərtəmizdir. Auşvitz düşərgəsindəki həbs və ölümləri də görmürük. Evin xanımı Hedviq öz rəfiqələrini, Rudolf isə zabit yoldaşlarını qəbul edir. Övladları Rudolfun ad gününü qeyd edirlər. Hər şey o qədər estetik və təmizdir ki, adam bu "gözəlliy"in bitəcəyindən qorxmağa başlayır.

Bütün bu "xoşbəxtliklər"in fonunda əzab dolu qışqırtılar, vahimələndirən küylər qulaq batırır. Rudolfun qəmsiz, kədərsiz ailəsinin görüntüləri fonunda Auşvitzdəki işgəncələr, yanğınlar və vəhşiliklərin səsi vizuallığı əhəmiyyətsizləşdirir. "Şindlerin siyahısı" və "Pianoçu" kimi filmlərdən fərqli olaraq, burada İkinci Dünya müharibəsinin dağıntılarını görmürük. Hər şey rəngli və canlıdır. Sanki indi - 2024-ci ildə baş verir hadisələr. Görüntü hədsiz dərəcədə solğun bir məna ifadə edir. Çünki gördüklərimizdən heç bir nəticə çıxarmamışıq. Yenə də savaşlar, müharibələr, qovğalar davam edir. Minlərlə insan həlak olur. Məsumluq silinir.

Rudolfun bəyaz kostyumu, köynəyi və ayaqqabısı təbiətlə harmoniya yaradır. Hətta gecələr belə qayğıkeş və intellektual atadır. Hər gecə qızına "Hansel və Qretel" nağılından hissələr oxuyur. Qızcığaz nağılsız yuxuya getmir. Orada bir cümlə diqqət çəkir: "Cadugəri quyuya atıb yandırdılar". Krematoriyalarda yandırılan meyitlərlə nağıl arasındakı sərhədlər götürülür. Rudolf telefon danışıqlarında krematoriyaların sayının artırılması ilə bağlı təkliflər verir.

Film Martin Emisin eyniadlı romanı əsasında çəkilib. Emisin romanında qoxubilmə aparıcıdır. Qleyzer səsə üstünlük verib. Ancaq filmdəki səs effektləri sənətin diliylə qışqırır; bütün savaşların məğlubiyyət olduğunu yada salır. Filmin sonu və əvvəlində əsəbləri tarıma çəkən səsin fonunda qapqara səhnələr axır. Qara rəngin dominantlığı həyatımızı da qarabəxt edir.

"Maraq bölgəsi" qlobal bir xaos olan müharibənin nizamlı, harmonik tərəfini obrazlaşdırır. Müharibənin təbiətinə dair məcazlar göstərilmir. Əksinə, bir illüziya, saxta Cənnət yaradılır. İnsanlar daima mübarizə və müharibə içindədilər. Hər bir dövrdə bəziləri kef çəkir, bəziləri isə zülm və işgəncəyə məruz qalırlar. Müharibə metaforları və obrazlarının əyri və ya düz məntiqi yoxdur bu filmdə. Müharibənin kabusunu xaossuz, xoşbəxt kadrlara yığır Conatan Qleyzer. Ölümlər və dağıntılarla məhdudlaşmamaqla ironiyanın sərhədlərini sonsuzlaşdırır.

Bertold Brext "Cəsarət ana və uşaqları" pyesində müharibənin qəsdən təşkil olunmasına ironiya edir. Həyat və ölümün bədii sintezidir Brextin pyesi. Qleyzer ənənəvi müharibə filmlərindən imtina etməklə Brext estetikasına yaxınlaşır. Həyəcan dolu müharibə səhnələri və duyğu estetikasından isə uzaqlaşır. Döyüş səhnələrinin yerini adamı psixi gərginlik və böhrana salan səslər əvəz edir. Böyük planda verilən kadrlar müharibənin hələ də bitmədiyini və genişləndiyini dilə gətirir. Ortaplanlı görüntülər isə narsizmin avtoportretini yaradır.

Rejissor filmin finalında obyektivini Rudolfun Budapeştdəki 700 min insanın qətlindəki fəal iştirakına fokuslayır. Daha sonra Rudolf ani bir ürəkbulanma yaşayır. Mayor qusa bilmir. Nə qədər gəyirsə, qəribə səslər çıxarsa da, udduğu vəhşilikləri və yediyi insan ömürlərini qaytara bilmir. İki dünya müharibəsi və yenə də davam edən savaşlardakı yeyilən insan həyatları geri qayıtmır ki, qayıtmır. İsrar və inadkarlıqla narsizmlə qidalanır enerji vampirləri. Narsizm isə böyüyüb faşizmə çevrilir. Rudolfun ürəkbulanma səhnəsi ilə paralel olaraq krematoriyaları təmizləyən iki qadın təsvir edilir. Biri başını bulayaraq digərinə deyir: "Bura hər gələndə əsəblərim pozulur". O biri: "Nəysə, biz öz işimizə baxaq". Bu sadə, qısa dialoqda semiotik mənalandırma genişdir. Müharibə tacirləri insanları hər cür şəraitdə yaşamağa və bütün anormal vəziyyətləri normal qarşılamağa məcbur və məhkum edir.

"Arvadım Hedviq Auşvitzdə Cənnət yaradıb. Evimiz Cənnəti yada salır". Mayorun bu sözləri krematoriyalardakı Cəhənnəmlə paralellik təşkil edir. Bir milyon insanın ölümünə səbəb olan Rudolf atından ayrılarkən və ya küçədəki bir itin başını oxşayarkən o qədər zərif və duyğusaldır ki. Hedviq də, öz növbəsində, nəzakətli və kübar xanımdır. Ancaq qulluqçu kimi işlətdiyi əsir qadına hədə-qorxu gələrkən içindəki vampir üzə çıxır: "Bilirsən, ərim sənin küllərini Babiç tarlalarına sovurar". Bəs Höss ailəsinin külləri sovruldumu? Bəli, sovruldu. Bu, Rudolf Hössün real həyatda ölümə məhkum edilməsiylə olmadı. Elə müharibə zamanı, Auşvitz düşərgəsində baş verdi. Filmdə Rudolfun nağıl oxuduğu gecələr düşərgənin qadağan edilmiş ərazilərində bir qız görürük. Həmin qız əsirlər üçün alma dərir və ya ərzaq yığır. Rudolf Höss kimi o qız da real obrazdır - Aleksandra Bıstron Xolodzeyçik. Qız təkbaşına haqsızlığa boyun əymir. Məhz o zaman faşizmin külləri sovrulmağa başlayır.

"Maraq bölgəsi" onlarla mükafat almışdır. Oskarda da "Ən Yaxşı Xarici film" və "Ən Yaxşı Səs" mükafatları almışdır. Qleyzer Oskar nitqində filmi Aleksandraya ithaf etdiyini vurğulayır və: "İstifadə etdiyimiz velosiped və aktyorun geyindiyi paltar onun idi. Bu kiçik müqavimət - yeməkdən imtina kimi sadə, demək olar ki, müqəddəs bir hərəkət yeganə işıq nöqtəsi olduğu üçün çox dəyərlidir. Yalnız qaranlığı göstərmək mümkün deyildi, ona görə də hardasa işıq axtarırdım və onu orada tapdım. O, yaxşılıq üçün bir güc idi". Sənət qaranlığın içindəki iynə ucu boydakı ümid və işığı tapır. Aleksandra haqsızlığa qarşı müqavimətin bənzərsiz simasıdır.

17 noyabr 2024

"Ədəbiyyat qəzeti"

# 679 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #