Mirzə Cəlil haqqında danışdığım artıq-əskik şeylər...

Mirzə Cəlil haqqında danışdığım artıq-əskik şeylər...
2 sentyabr 2024
# 12:00

Kulis.az Vüqar Vanın “Utanıram” adlı yeni köşəsini təqdim edir.

Cəlil Məmmədquluzadənin “Xatiratım” kitabını oxuyub bitirdim və ona qarşı illərdir nə boyda ədalətsizlik, haqsızlıq elədiyimi başa düşdüm. Hazırda Cəlil Məmmədquluzadəyə qarşı elədiyim haqsızlıqları, yazdığım ədalətsiz yazıları, “tənqidləri” düşündükcə xəcalət çəkirəm, utanıram, utandığımdan başımı soxmağa bir deşik axtarıram. Mirzə Cəlilə qarşı elədiyim səhvlər bağışlanmaz, əfv olunmaz səhvlərdir. Bu, faktdır.

İntəhası, ziyanın harasında qayıtsan, yenə də xeyirdir. Ona görə, heç olmasa, bu yazı ilə bir az günahlarımı yumaq, vaxtilə küyə düşüb elədiyim səhvləri düzəltmək istəyirəm.

“Xatiratım” şərti olaraq iki hissədən ibarətdir.

Birinci hissə Cəlilin uşaqlığında gördüyü dəhşətli cahillik dövrü, ikinci hissə isə “Molla Nəsrəddin” jurnalının ərsəyə gəldiyi dövr.

Vaxtilə fikirləşirdim ki, Mirzə Cəlil lokaldır, zəif yazıçıdır, ümumiyyətlə, yazıçı deyil, jurnalistdir, onun bədii əsərlərində qoyulan problemlər yalnız bizim üçün maraqlı və faydalıdır, ümumiyyətlə, yazıçı maarifçilikdən uzaq olmalıdır, onun dövründə dünyada hansı əsərlər yazılırdı, o nə yazırdı, nə üçün qırağa çəkilib bütün gücünü yaradıcılığa ayırmayıb və sair.

“Xatiratım”ı oxuyandan sonra isə bütün suallarıma cavab tapdım.

Biz indi cəhalət deyəndə kitab oxumamağı, inkişaf etməməyi, savadsızlığı, uzaq başı falçıya, pirə gedənləri, elə şeylərə inananları nəzərdə tuturuq. Amma “Xatiratım”ın birinci hissəsində olan dövrün mənzərəsində cəhalət bizim indi başa düşdüyümüz cəhalətdən deyil. İndiki cahilliklə Mirzə Cəlilin dövründəki cahillik ayrı-ayrı anlayışlardır.

O dövrdə camaat yığılıb ağlaya-ağlaya Allahdan yağış istəyirdilər, adamlar o qədər namaz qılırdılar, axırda ürəkləri dayanırdı, mürəkkəb Rusiyada hazırlandığı üçün qələm murdar hesab olunurdu və heç kim qələmə toxunmurdu, on iki-on üç yaşında uşaqları evləndirirdilər, Avropadan gələn təqvim haram sayılırdı, öz təqvimlərini yaratmışdılar, ayın hansı günü nəhsdir, hansı günündə səfərə çıxmaq olar, hansı günündə olmaz, hamısını istixarə ilə, molla ilə məsləhətləşirdilər.

Yeddi-səkkiz yaşındakı uşaqlar artıq bütün vacib namazları qılmalı, ilin dörd-beş ayı oruc tutmalı idi. Hamı namazdan sonra min dəfə "Məhəmməd və ali-Məhəmməd" deyibən salavat gətirməli, yüz dəfə “Ayətəl-kürsü” , yüz dəfə “sübhənallah “və əlhəmdüillah və lailahə-illəllah Allahu-əkbər”, yüz dəfə “la-hövlə vəla qüvvəta illa billahi əliyüüləzim”, yüz dəfə “maşallah”, min dəfə “Allahu-əkbər” və yenə min dəfə nəsə, yüz dəfə nəsə, yenə də min dəfə nəsə deməli idi.

Dəstəmazı, mütəhhiratı, qüsulu, təyəmmümü, orucu, atadan qalma qəzaları və sairəsi. Adamlar namaz qılmaqdan başqa heç bir işlə məşğul ola bilmirmişlər, vaxt qalmırmış.

Özü yazır:

“Anam o qədər namaz qılırdı, hərdən yemək bişirəndə ürəyi gedirdi, tez-tez huşunu itirirdi”.

“Rəhmətlik vətəndaşlarım cümə günləri cümə namazlarına durardılar, ölü öləndə meyit namazına durardılar, göy guruldayanda namaz qılardılar (ayət namazı), ay tutulanda namaz qılardılar (xüsuf namazı), gün tutulanda namaz qılardılar, qara yel əsəndə namaz qılardılar, qırmızı yel əsəndə namaz qılardılar, and içəndə namaz qılardılar, nəzr eləyəndə namaz qılardılar, icarə eləyəndə namaz qılardılar..."

Hər bir kişi və ailəsi, qohum qardaşı, hacılar, kərbəlayılar, məşhədilər – hər kəs il uzunu oruc tuturmuş. 30 gün Ramazan ayının orucu, bunların qəzası, meyitin icarə ruzəsi, atadanqalma qəza orucu, nəzir və and orucu, kəffarə orucu, etikaf orucu, dümahə orucu, mövlud orucu, məbəs orucu, eyni-qədr orucu, hər ayın üç günü orucu, ərəfə orucu, mübahilə orucu, təsəddük orucu, otuz gün şəban ayının orucu, dəhvəl-ərz orucu, hər ayın əvvəlinin orucu, zilhiccənin səkkizinci gününün orucu, Ramazandan sonra Şəvval ayının orucu və sair.

Məlum olur ki, ili 365 gündən hesablayanda bu orucluq günləri 366-dan da çox eləyir.

Düzdür, yuxarıda saydıqlarım vacib oruclar yox, sünnəti oruclardır. Yəni, tutmasan, günahı yoxdur, tutsan, savabı var. Bu orucları indi də tutan mömin insanlar var, onlarla bir işimiz yoxdur. İntəhası, kütləvi olaraq bu oruclar tutulmur, yalnız vacib oruclar tutulur. Amma Mirzə Cəlilin dövründə bu oruclar kütləvi surətdə tutulurdu, o namazlar kütləvi qılınırdı. Əgər kimsə qılmasa, kimsə bütün orucları tutmasa, kafir damğası yeyirdi.

Ayın görünməyi üstündə adamlar bir-birini öldürürdülər, biri deyirdi bu gün görünəcək, biri deyirdi sabah görünəcək, hamı dama çıxıb ay güdürdü. Saatlarla dəstəmazın qaydaları haqqında mübahisə edirdilər: dirsəkdən aşağı, yoxsa dirsəkdən yuxarı? Məktəb yox, müəllim yox, kitabı əllə yox, maşa ilə tutub cırırlar, dəyişmək istəməyən, yeni mədəniyyətə və həyata uymayan, dəyişməyi özünə qadağan edən bir millətdən danışırıq, adamlar vəhşi kimi yaşayırlar.

Qadınlardan, ümumiyyətlə, danışmağa dəyməz. Qadınların halı lap acınacaqlıdır. Qadın haqları-zad desən, adama ən yumşaq formada dəli kimi baxarlar. Qadınlar mal, əşya, heyvan kimi alınıb-satılırlar.

Belə bir vəziyyətdə, belə bir qaranlıq dövrdə adam necə böyük yazıçı ola bilər? Millət bu halda ikən necə qınına çəkilib, böyük ideyalardan, bəşəri, ali dəyərlərdən yazmaq olar? Lap tutaq ki, Mirzə Cəlilin daha yaxşı yazıçı olmağa, lokal yox, bəşəri olmağa potensialı vardı, bəs kimin üçün yazacaqdı o əsərləri? Kimə ali dəyərlərdən dəm vuracaqdı? Kim onu başa düşəcəkdi? Hələ Mirzə Cəlil belə qaramat bir dövrdə “Buz”, “Usta Zeynal”, “Saqqalı uşaq”, “Kamança” kimi əsərlər yazıb. Senzura da əjdaha kimi ağzını açıb gözləyir, üstəlik, senzorların ikisi də ermənidir. Buyur.

Bu suallara burcutmadan cavab vermək üçün əvvəlcə, adamda azca ədalət hissi, daha sonra isə reallıq hissi olmalıdır. Millət mollanın ayaqlarını yalayan vaxtda, Mirzə Cəlil evdə oturub bəşəri roman yazmalı idi? Və yaxud indi Mirzə Cəlilə lokal deyən hansı yazıçımız bəşəridir?

***

“Xatiratım”ın ikinci hissəsi isə “Molla Nəsrəddin” dövründən ibarətdir. Jurnal hansı əziyyətlər, zəhmətlər hesabına ərsəyə gəlib, “Qeyrət” mətbəəsinin taleyi necə olub, Ömər Faiq Nemanzadə kimdir, niyə məhz mövhumat və cəhalətdən yazmağa qərar veriblər, dil məsələsini necə həll ediblər, həmin dövrün digər ziyalıları Cəlilgilə qarşı hansı mövqedə olub, münasibətlər necə idi – Mirzə Cəlil bu suallara öz xatirələrində geniş cavablar verir.

İlk nömrənin kağızını tapmaq üçün Cəlil bir dükançı tanışından doqquz manat borc istəməyə gedir. Tanışı bir şərt qoyur ki, əvvəlcə, jurnalda nə yazacaqlar, Cəlil onu danışsın.

Cəlil də başlayır əlyazmalarını oxumağa. İki-üç məqalədən sonra dükançı Cəlili dayandırır və deyir ki, “özünə zəhmət vermə, mənim pulum-zadım yoxdur”.

Cəlil burda yazır:

“Mən çox xarab oldum. Əvvəl o səbəbdən diltəng oldum ki, bu bir saatın içində doqquz manatı tapmasam, məcmuə dəxi bir gün də təxirə düşəcəkdir. İkinci məni məyus edən məcmuənin məzmunu oldu. Biz bu mətalibi burada yazmışıq ki, cəmaəti-müslimin oxusun. Mənim rəfiqim həmin cəmaəti-müsliminin əfradının biridir. Bu ki nəinki özü, heç mənim oxuduğuma da qulaq vermək istəmədi, vaveyla, kimdən ötrü biz bu sözləri yazırıq? Bu ki oxumayacaq, qalan müsəlman qardaşlar da, həmçinin. Bəs dəxi bu nə zəhmətdir ki, çəkirik və dəxi niyə yazırıq və nədən ötrü yazırıq və kimdən ötrü yazırıq?”.

Uzun sözün qısası, bir təhər, borcla-xərclə, Ömər Faiqin köməyi ilə jurnal, nəhayət, ərsəyə gəlir. Jurnalın birinci nömrəsinin çap prosesi daha da kədərlidir.

“Gecənin yarısında iki fəhləni azad etdik və ikiqat zəhməthaqlarını verdik, çıxıb getdilər.

Qaldıq üçümüz. Maşınçı Cahangir yoldaş, Ömər Faiq və mən özüm. Heç çarə yox: maşını başladıq özümüz hərləməyə.

– Hı! Faiq yoldaş, maşını bas!
– Hı! Cəlil yoldaş, maşını bas!”.

Bu səhnəni təsəvvür edəndə Mirzə Cəlil haqqında bilmədən danışdığım artıq-əskik şeylər də yadıma düşür və utandığımdan bilmirəm, nə edim.



Cəlil Məmmədquluzadənin son fotolarından biri, 1930-cu illərin əvvəli (Rənglənmiş tarix)


Adamlar nə qədər əziyyət çəkiblər, nə qədər tər töküblər, nə qədər hədələr, təzyiqlər, söyüşlər eşidiblər, amma yollarından dönməyiblər. Vaxt tapan kimi gedib hansısa kənddə məktəb açıb dərs deyiblər, o kənddən qovulublar bu kəndə gediblər, bu kənddən qovulublar o kəndə gediblər. İnandıqları şeylər uğrunda mübarizə aparıblar, dil məsələsi haqqında fikirləşiblər, jurnalı öz əlləri ilə çap ediblər, yazıblar, jurnalist olublar, rəssamlıq eləyiblər, naşirlik eləyiblər, tərcümələr eləyiblər... ciblərində bir qəpik olmaya-olmaya.

Bu gün pis-yaxşı bir ədəbi mühitimiz var və əksəriyyətini şəxsən tanıyıram, tez-tez görüşürük. Hamısı ali savadlı, hörmətli, normal büdcəli adamlardır. Hər gün bir restoranda yeyib-içirik, yekə-yekə ədəbiyyat söhbətləri edirik. Amma “Kulis”dən başqa nə bir ədəbiyyat saytımız var, nə bir ədəbi-mədəni jurnalımız var.

Bir yerə yığılıb bir jurnal, bir sayt açmağa ərinirik, tənbəllik edirik. Bu gün on nəfər imzası tanınan yazıçını bir yerə yığıb hansısa bir iş görmək, atomu parçalamaqdan daha çətindir. Naşirlər bir tərəfdən haqlarımızı tapdalayır, oxucular bizi adam yerinə qoymur, ciddi qəbul eləmir, kitablarımızı öz hesabımıza çap edirik, kitab mağazasında bizə hörmət qoyulmur, tərcümədən, dünyaya çıxmaqdan-zaddan isə heç danışmıram.

Amma Mirzə Cəlil və Ömər Faiq isə 120 il bunda qabaq bizim indi edə bilmədiyimiz şeyləri ediblər. İnsan dəlil və sübutun qarışsında təslim olmalıdır. Mərdi-mərdanə deyə bilərəm ki, təkcə “Molla Nəsrəddin” jurnalına görə Mirzə Cəlil bizim hamımızdan böyük yazıçıdır.

# 3128 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #