Məşhur firmanın məhsullarını geyinən ayı - Başdaşına traktor loqosu vurdurmaq istəyən dərviş kimdir?

Məşhur firmanın məhsullarını geyinən ayı - Başdaşına traktor loqosu vurdurmaq istəyən dərviş kimdir?
21 fevral 2024
# 17:00

Bu gün amerikalı yazıçı Çak Palanikin doğum günüdür.

O, 21 fevral 1962-də Vaşinqtonda doğulub. Əsl adı Çarlz Maykl Palanikdir.

Otuz yaşlarına qədər heç bir ədəbi mətn yazmadığı deyilsə də, əslində, o dövrə qədər ilk romanı “İnvisible monsters” (“Görünməyən vəhşilər”) yazılmışdı. Ancaq heç bir naşir əsərin məzmunu ilə razılaşmamış, romanı çap etməmişdi. Naşirlərin acığına Çak Palanik “Project Mayhem” (“Qiyamət layihəsi”) adlı hekayə yazır və hekayə həm naşirlər, həm də oxucular tərəfindən maraqla qarşılanır.
Çak təzə-təzə məşhurlaşmağa başlayanda başına iş gəlir. Onu təsadüfi iştirakçısı olduğu bir davada döyürlər, almacıq sümüyünü, burnunu sındırırlar və beləcə “Fight club” (“Döyüş klubu”) romanını yaranır.

Müəllif dövrümüzün ədəbi kontr-kultura janrının ən görkəmli nümayəndələrindən sayılır. Bir neçə əsəri dilimizə tərcümə edilib. “Fight club” (“Döyüş klubu”) və “Choke” (“Boğulma”) romanlarına eyniadlı filmlər çəkilib.

Kulis.az Çak Palanikin müsahibəsini təqdim edir.

– Cənab Palanik, sizcə, bu gedişat bizi hara aparır?

– Yaxşıya doğru. Nəticədə hər kəs hərəkətdədir, onlar dünyanı dəyişdirməyə çalışırlar. Məncə, bu ən yaxşı seçimidir.

– Doğrusu, heç düşünməzdim ki, bunları deyən adam “Döyüş klubu”nun müəllifi ola bilər...

– Bu da mənə görə bir seçimdir. Necə ki işlər yaxşı gedəndə yaxşı şeylər düşünürəm, pis gedəndə pis. Mən həmişə insanların gücünü, potensialını göstərən və axıra kimi də bu cür davam edən həkayələrə və bu cür həyata çəp baxmışam. Bu, saxta ümidvericilik və saxta pozitivlikdir. Mənim hekayələrimsə təcrid olunmuş insanları cəmiyyətə qaytarmağa yardım edir, ən azından, o toplumdan bir nəfər belə olsa, uzaqlaşdığı dünyaya qayıdaraq yenidən özünü tapır.

– Aydındır… Amma siz mətnlərinizdə birmənalı olaraq seks və ölümə çox yer ayırırsınız.

– Məncə, bu ikisi bir-birini tamamlayır. Komediyalar toyla bitir, faciələr dəfnlə: deməli, həmişə seks və ölümü yanaşı qoymaq mümkündür. Məsələn, “Döyüş klubu”nda qəhrəmanımız ölümcül xəstələr üçün dəstək qrupunda bir qızla tanış olur. Buna görə də mən mətnlərimdə mütəmadi olaraq nəyisə “abort edirəm”. Abort da, bir növ, seks və ölümün sintezidir. Bir-birinə olduqca yaxın olan bu məfhumlar mənim üçün həmişə hədəf olub.

Həyatınız da fantaziyalarınız qədər həyəcanlı və hərəkətlidir?

– Qətiyyən. Mənim həyatım sanki dərviş, ya da rahib həyatıdır. İnsanlar tez-tez yanıma gəlib dəhşətli həyat hekayələrini mənə danışırlar. Bu hadisələri kiməsə etiraf etməlidirlər və deyəsən, bunun üçün ən yaxşı adam mənəm. Gizli bir əhvalatı mətbuat və mediadan əldə etmədən – onda artıq hər kəs bunu bilmiş olur – birbaşa qəhrəmanın dilindən, fərdi şəkildə eşidəndə daha maraqlı olur. Bu, hardasa dəstək qrupları, ya da məsələn, mənim sevərək istifadə etdiyim telefon, yaxud seks forumlarına bənzəyir. İnsanların etirafa ehtiyacı var və sən onları saatlarla dinləyir, fantaziyalarını və ya hər hansı özəl hisslərini müzakirə edir, başlarına gələn hansısa dəhşətli hadisə barədə söhbətlər edirsən.

– Bəs necə olur ki, insanlar ən intim macəralarını sizə danışmağa cəsarət edirlər?

– Bu, böyük balıq tutmaq üçün xırda balıqlardan istifadə etmək kimidir. Əgər dinlədiyim əhvalat və ya lətifə mənə həqiqətən cazibədar görünürsə, onu yazılarımda mütləq istifadə edirəm. Və qarşılığında mən də onlara kiçik bir lətifə danışıram. Bu cür lətifələrdə onların həyatlarından alınmış kiçik kadrlar, hətta daha artığı yer alır. İnsanlar ürəklərini boşaltmaq üçün, az qala, yarışırlar. Və həmişə keçmişə əsaslanırlar. Sonra mən öz həyatımdan onların əhvalatlarını kölgədə qoya biləcək daha əcaib bir lətifə uydururam. Söz yox, daha sonra ortaya üçüncü bir şəxs çıxa və bu əhvalatı da kölgədə qoya bilər. Mən ən yaxşı əhvalatları ümumiləşdirib, ən ekstremal olanlarını seçirəm.

– Niyə məhz ən ekstremal olanlarını?

– Çünki bunları işıqlandıranda onlar xoşbəxt olurlar. Klişeləri nəzərdən keçirirəm, – çünki klişeləri insanlar daha rahat mənimsəyə bilirlər – daha sonra arasından ən önəmli versiyaları ayırıb mətnlərimə salıram. Yazı müəllimim həmişə deyirdi ki, mükafat almaq istəyirsənsə, çalış kifayət qədər eksklüziv iş görəsən. Həm dəhşətli, həm də əyləncəli. Onda sənin üçün fərqi olmayacaq, kitabların satılır, yoxsa yox.

– Bir dəfə demişdiniz ki, “Döyüş klubu” “Möhtəşəm Qetsbi”nin sonrakı mərhələsidir. Qetsbini 20-ci illərin “İtirilmiş nəsli”nin simvolu hesab etsək, “Döyüş klubu” haqqında da “90-cı illərin kişi uğursuzluğu” deyə bilərik. Bəs indiki nəsil barədə nə demək olar?

– Risk edib bu barədə heç nə demək istəmirəm. Müasir sivilizasiyanın ünvanına yazılan və deyilən sözlərdən zəhləm gedir. Yazını bitirəndə artıq cari hadisələr keçmişə çevrilir. Bir neçə il qabaq ədəbi məsləhətçimin yanına getmişdim. O, boynunu bükərək mənə əllə yazılmış onlarla məktub verdi. Hamısı uşaqları zorlayan rahiblər haqqında idi. Bax, onda bu təzə xəbər sayılırdı. Onda hamının bu haqda öz fikirləri var idi. Bu isə vaxt itkisindən başqa bir şey deyildi. Yəni müasir gedişatı izləmək üçün daha çox cəhd etmək lazımdır, mən özüm də kifayət qədər yeni bir şey yazmaq üçün mədəni prosesləri daha sıx izləməyə məcburam.

– Doğrudur ki, “Gözəlsən” adlı yeni kitabınız bilavasitə “Bozun əlli çaları”na ünvanlanıb?

– Düzdür. Əvvəl kitabın adını “Pradadan geyinən ayının əlli çaları” qoymuşdum. Cinsi problemlərdən bəhs edən mövzulara, sadəcə, heyranam, bu da gənc kişilərin ən böyük problemidir – video oyunlar, pornoqrafiya və s. Əsl fikrim bu tip cinsi problemləri sırf əyləncə baxımından araşdırmaq idi, məsələn, əllə, ya da qadın təsvirləri ilə ehtiraslanan adamlar. Məncə, oxucuların ən az məlumatlandığı şey də elə budur. Həm də istəyirdim ki, “qlamur ədəbiyyat” taktikalarından istifadə edim. Daha sonra bunun bütün məcazları üzərində tam ciddiyyətlə işlədim.

– Məsələn?

– Əsas qəhrəmanım gözəl ağbəniz bir qızdır, çox gözəl qaraşın bir rəfiqəsi var. O qaraşın qız isə həddindən artıq ərköyündür. Sonra fikir verdim ki, bu məcazlar mənlik deyil və düşündüm ki, madam, bu, insanlara maraqlıdır, onda bu obrazlardan əyləncəli formada istifadə edim.

– Məncə, alınıb. Elə buna görə də öz-özümə deyirdim ki, siz mütləq müasir proseslər barədə yazmalısıınız.

– Həyatımızın ən önəmli detallarına nəzər saldıqda görürük ki, bunlar indi bizi xoşbəxt etməyə qadir deyil. Bu haqda da yazmaq istəyirdim. Bizim ən sevimli anlarımız, ən sevimli kitablarımız, əşyalarımız olan o detallar indi təcrübələrimizə yaramır. Əvəzində isə, sadəcə, supermarketdən ərzaq alanda köməyimizə çatır. Buna görə də bu haqda yazmağı düşünürdüm. Bunlar məni çox məyus edirdi.

– Ona görə ki, insanlar həyatı, sadəcə, miras kimi görür?

– Tamamilə doğrudur. Çünki onların şəxsiyyətləri ərzaq barkodları ilə formalaşır, həmin məhsullar vasitəsilə təcrübədən keçirlər, daha sürətlə, daha güclü və daha unikal mərhələlərlə. Bir neçə il öncə babam üçün başdaşı almaq istəyirdim. Daşyonan mənə yeni trendlər göstərib dedi ki, bax, burda dünyanın bütün şirkətlərinin loqoları var, istədiyin loqonu sənin başdaşına həkk edə bilərik. Sonra mənə avtomobil qəzasında ölən bir yeniyetmə qızın başdaşını göstərdi. O, çox yaxşı voleybolçu imiş və valideynləri qızlarının başdaşına “Voit” voleybol brendinin loqosunu həkk etdirmişdilər.

– Məncə, bu çox kədərli olmalıdır.

– Mənim babam fermer olub deyə, bəzi satıcılar mənə traktor loqoları məsləhət görürdülər – “John Deere”, ya da “İnternational Harvester” traktorları – mən bunları başdaşına çəkdirə bilərdim, amma bilirsən, bu, onun yaşına uyğun deyildi. Təsəvvür et, sifariş edirsən, loqonun sağ tərəfində adın, doğum və ölüm tarixlərini yazırlar. Bu, məni məyus edirdi. İnsanların bu şəkildə məhsulların təcrübə predmetinə çevrilməsi yeni kitabımın böyük bir hissəsi üçün yaxşı ideya oldu. Və düşünürəm ki, buna görə də “Y nəsli” öz idealları və hədəfləri uğrunda mübarizə aparan kütlə olub.

– İndi ən aktual mövzulardan biri də homoseksualların hüquqlarıdır.

– Bu, problemlərdən, sadəcə, biridir, amma risk edib desəm ki, bunun üçün də başqa bir bərabərhüquqluluq manifesti yazılsın, bu, üçüncü feminizm dalğası kimi bir şey olacaq. Necə ki, o vaxt deyirdik “qadın hüquqlarına bu boyda dünyada niyə yer yoxdur, onlar üçün mübarizə aparaq!”. Hüquqlardan öncə bizə sahib olacaq yeni bir vizaj lazımdır.

– Necə ki?

– Hələ də görürəm ki, pop kulturası insanların beynində qalıb. “Yanan adam” festivalı kimi. İnsanların öz sosial quruluşlarını və kimliklərini test etmək üçün getdikləri laboratoriyalarda həmin “Yanan adam”a bənzəyir. Bizim yeni mədəniyyətimizsə, bax, bu laboratoriyalardan kənarda yaranacaq. Buna görə də əsərlərimin çoxu məhz bu cür kiçik “liminoid” – insan təcrübələri haqqındadır. Bu, az davam etsə də, öz növbəsində əyləncəli və maraqlı alınır. Hardasa, mənim “Boşboğaz”, ya da “Döyüş klubu” romanımdakı xaotik proseslərlə oxşarlıq təşkil edir. Və bu həmin “liminoid” laboratoriyalarının bizə verdiyi yeni simadır, bu, yeni bir şeydir, sadəcə, kapitalizm, ya da marksizm deyil. Əgər bundan uzaqdasınızsa, deməli, özünüzdən də uzaqdasınız. Hər kəs eynidir və hər kəs bunun içində olmağa məcburdur. Heç kimin kənardan izləmək şansı yoxdur.

# 870 dəfə oxunub

Oxşar xəbərlər

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

15:00 12 aprel 2024
Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

10:00 12 aprel 2024
"Bu mətn ölü doğulub" - Hekayə müzakirəsi

"Bu mətn ölü doğulub" - Hekayə müzakirəsi

12:00 11 aprel 2024
"Onlar üçün müqəddəs heç nə yoxdur..." - On gün artıq yaşamaq üçün vətəni qurban verənlər

"Onlar üçün müqəddəs heç nə yoxdur..." - On gün artıq yaşamaq üçün vətəni qurban verənlər

17:00 10 aprel 2024
“Bu mətnin niyə qələmə alındığını başa düşmədim” – Gənc yazıçıdan sərt tənqid

“Bu mətnin niyə qələmə alındığını başa düşmədim” – Gənc yazıçıdan sərt tənqid

14:28 10 aprel 2024
# # #