İnsanların kitab oxumamağı məni heç vaxt narahat etməyib - Ulucay Akif

Ulucay Akif, yazıçı

Ulucay Akif, yazıçı

30 yanvar 2025
# 13:37

Kulis.az Ulucay Akifin yeni yazısını təqdim edir.

İnsanların kitab oxumamağı məni heç vaxt narahat etməyib. Hətta bilirəm ki, bu, təkcə Azərbaycana xas tendensiya deyil, bütün dünyada kitab, ədəbiyyat, sənət bir qədər arxaya çəkilib. Ədəbiyyat, sənət dəniz sularının dönəm-dönəm qabağa gəlib sonra geri çəkilməyi kimi bu qabarmaları yaşayır. Qorxulu heç nə yoxdur burda.

“Kitab zamanı bitdi”, “Kitablar tarixə qovuşacaq” kimi fikirlər də məni heç vaxt ürkütməyib.

PDF kitablar, audiokitablar, daha nələr-nələr... heç biri əsl kitabı əvəzləmədi. Əvəzləyə bilməyəcək də.

İnsanlar həmişə özüylə təkbətək qalmaq istəyəndə, özünü axtaranda mütləq əlinə bir kitab alıb səhifələyəcək və bu fani yer üzündə bircə adam belə kitab oxusa, deməli, kitab yaşayacaq.

Bu səbəbdən məni kitab oxuyanların azalmağı yox, başqa məsələ narahat edir.

Məni kitab oxumayan adamların kitabdan, ədəbiyyatdan danışmağı narahat edir.

Ölkədə hamının kitab haqqında, ədəbiyyat haqqında fikri var.

Bizim adamlar kitab oxumasalar da yazıçının, ədəbiyyatın necəliyi haqqında fikir bildirirlər.

Məsələn, ömründə heç vaxt bədii əsər oxumayan, uzağı, hansısa detektiv romanı, ya özünüinkişaf, motivasiya kitabını vərəqləmiş birinə “Roman (hekayə, şeir) necə olmalıdır?” sualını versən, uzun-uzadı danışacaq, hökmlər verəcək, iradlar tutacaq, tənqidlər bildirəcək.

Düzü, təkcə ədəbiyyata yox, hər şeyə qarşı beləyik. Bilmədiyimiz, başımız çıxmayan şeylər haqqında ağızdolusu danışmaqda heç kim əlimizə su tökə bilməz.

Məsələn, əlimə mikrofon alıb şəhərin ən elit yerlərində adamların canına düşüb Nizami Gəncəvinin necə şair olduğunu soruşsam, şübhəsiz, hamı - Nizamini oxuyan da, oxumayan da, adını sadəcə məktəb dərsliklərindən əzbərləmiş adamlar da - yekdilliklə deyəcək: “Nizami Gəncəvi Azərbaycanın dahi şairidir

Növbəti sualda “Nizami Gəncəvi niyə dahidir?” soruşsam, səssizlik çökəcək.

Deməli, biz Nizaminin də, Füzulinin də, digər dahi adlandırdığımız yazıçıların dahiliyini də özümüz dərk etməmişik, kimdənsə eşitmişik, əzbərləmişik, yəni bu qənaətimiz də qulaqdandolmadır.

Eyni sorğunu bütün dahi adlandırdığımız yazıçı və şairlərimizə tətbiq edə bilərik. Nəticə dəyişməyəcək.

Məni narahat edən məsələ budur: adamların bilmədiyi mövzularda danışmağı.

Ağzının, sözünün üstündən vuranda da olursan pis, kobud, yekəxana.

Müasir yazıçılarımıza, gənc yazıçılara qarşı münasibəti görürəm. Oxuduğu ən sonuncu kitab “Təbiətşünaslıq”, “Əlifba”, “Ata yurdu” olanlar da nəsə deyir yazıçıların yazdıqları haqqında.

Şəxsən mən hekayələrim, şeirlərim, yazdıqlarım haqqında deyilən tərif və tənqidlərin çoxunu ciddi qəbul etmirəm. Barmaqsayı adamlar var ki, onların fikirlərinə əhəmiyyət verirəm.

Nə yalan deyim, heç özüm də gecə-gündüz kitab oxuyan adam deyiləm, son illərdə isə xüsusilə azalıb kitab oxumağım. Düzdü, işim elə ədəbiyyat oxumaqdır, bütün günü oxuyuram yaxşı, pis mətnləri, amma bu oxumaqla o oxumaq arasında dağlar qədər fərq var. Biri oxumaqdı, biri mütaliə... Dağlar qədər fərqin arasında çox incə xətt var.

Yazıçı üçün mütaliənin nə qədər vacib olub-olmamağı isə başqa məsələdir, buna aid də ayrıca yazaram.

Bu yazıda demək istədiyim isə bəllidir: ədəbiyyat haqqında ancaq və ancaq ədəbiyyat oxuyanlar fikir bildirsin, yazsın. Ədəbiyyat oxumayanlar isə səmimiyyətlə “Vallah, mənim ədəbiyyatla aram yoxdu” deyib fikir bildirməkdən boyun qaçırsın, heç kim inciməyəcək.

# 1621 dəfə oxunub

Oxşar xəbərlər

"Milli kitab 10-luğu" - "Bir gəncin manifesti"

"Milli kitab 10-luğu" - "Bir gəncin manifesti"

20:29 15 aprel 2025
"Belə mətnləri yazmaq sənətkarlıq tələb edir" - Hekayə müzakirəsi

"Belə mətnləri yazmaq sənətkarlıq tələb edir" - Hekayə müzakirəsi

14:00 15 aprel 2025
On il qabaq müəllimimin mənə dedikləri... - Ulucay Akif

On il qabaq müəllimimin mənə dedikləri... - Ulucay Akif

12:00 15 aprel 2025
Labroides - Nahid Hacıyevin yeni hekayəsi

Labroides - Nahid Hacıyevin yeni hekayəsi

09:00 15 aprel 2025
Əsgər özbaşınalığı, üç oğlanın bir sevgilisi, şəhər və itlər - Mirmehdi Ağaoğlu

Əsgər özbaşınalığı, üç oğlanın bir sevgilisi, şəhər və itlər - Mirmehdi Ağaoğlu

17:00 14 aprel 2025
O, Səfəvi xanədanına niyə son qoymuşdu? - Hökmdar bədii-fəlsəfi niqabda

O, Səfəvi xanədanına niyə son qoymuşdu? - Hökmdar bədii-fəlsəfi niqabda

12:20 14 aprel 2025
# # #