Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında
16 aprel 2024
# 13:00

Kulis.az Babək Məmmədlinin "Sevgi şəhəri" hekayəsi haqqında Cavanşir Yusiflinin yazısını təqdim edir.

Babək Məmmədlinin "Sevgi şəhəri" hekayəsini oxuyanda ağlıma ilk gələn şey bu oldu ki, sanki tanışdan tanış bir əhvalatı dinləyirəm, hər sətir, hər abzas bu təəssüratı daha da artırır, gücləndirirdi. Hekayədəki bu qəribə aura sona qədər davam edir, indicə duyduğun şeyin sirri açılacaqmış kimi düşünəndə hiss etdiyin nəsnə sirrə dönür. Bu dalğa - yelkənlərin maneəsiz açılması və dərhal da yığılması əvvəlcə hiss etdiyin, sonra isə ağ vərəqi döyəcləyən təsəvvürlərin daha aydın şəkildə qarşında canlanmasını - süjet-kompozisiya strukturunun özəlliyini şərtləndirir.

Əslində bu hissi sənə bağışlayan işartı nədirsə, bütün yaxşı, usta şəkildə qələmə alınmış təhkiyələrdə özünü göstərir. Bir yerdə göz yaşının paraşüt kimi asılma məqamında həmin təəssürat maksimum şiddətlə özünü bildirdi (hər gün mütaliə edən adamdan bu xətt qaça bilməz...). Bütün bu gərginliyin içində rəssam qadının ağlaması, hönkürtüsü ilə vadiyə enən duman, çiskin arasında yerdəyişmə və oxşarlıq var, Luiza isə bütün gücü ilə təhkiyəçinin "qaşığı götür qaşıqla" dediyi məkanı bürüyən gözəlliyi görmək istəyir, adı bilinməyən (bəlkə də Pirosmaninin) çəkdiyi rəsmdəki bu nöqtə - Luizanın təsəvvüründə hərəkət edən, "yeriyən" dağları seyr etmək həsrəti, Sofiyenin isə dağlara, düzənə, enib-qalxan nəbzə - təbiətin duman içində gizlətdiyi zənginliyə baxmadan Luizanın ürəyindəkiləri kətana çəkməsi (paraşütün yığılması - !) insanın ağlını başından alan gözəlliklə üzünə baxa bilsən, kor ola biləcəyin dərdlərin məhz bu məqamda rastlaşması təhkiyənin aparıcı xəttinə çevrilir. Bizi təkcə təhkiyəni danışan adam, onun nələr deməsi deyil, daha çox hekayə yazılarkən (əhvalat baş verdiyi zaman) kənar adamların bunu müşahidə etməsi maraqlandırır. Hekayədəki yaşantı bir ömürdürsə, bir ömürdən düşən fraqmentlərdirsə, demək, adı təhkiyədən keçməyən kim, yaxud kimlərsə bu "axan çay"ı izləyir, baxışları lillə axan sulara qarışıb gedir...

"Sevgi şəhəri" hekayəsində təhkiyəçinin yeri haradır, o, əhvalatı hansı yerlərdən baxıb nəql edir? Şübhəsiz ki, kənar müşahidəçi kimi, həm də, kənardan tamaşa edən bir çox susqun adamla birgə, eyni zamanda personajlardan yuxarıda, ən üst qatda qərar tutaraq. Luiza hadisə zamanında demək olar ki, danışmır, danışmaq istəsə də, səsi çıxmır, arıqlayıb uzanmış barmaqlarını çölə, təbiətə işarə edib uzadır, amma digər personaj onu anlasa da cavab vermir; onun yerinə, sanki pərdə arxasında qalan biri danışır, səsi çıxmasa da danışır, son nəfəsiymiş kimi dilinin altındakı sözləri çatdırmağa cəhd edir (Lüdviq Vitgenşteyn: gözlərimi yumub ağrımı dinləyə bilərəm, ancaq eyni üsulla düşüncə, iman və biliyimin axarını izləyə bilmərəm...).

Hekayədə ritm baxımından bir hamoniya - musiqi (nəqletmə) ladlarının mükəmməl düzülüşü var - hekayənin içindəki hadisələrin başvermə işartısı elə ilk abzaslardan özünü bildirir. "Ünvana çatıb dayandı, dizlərinin əsməsi də dayandı, yalnız ürəyi ilə bacarmadı - hələ də uçunurdu. Xaç çevirə bilmədi, əlləri boş deyildi. Dodaqlarının arasında nəsə pıçıldayaraq dəmir dəstəyi dirsəyi ilə əyib küçəyə baxan qapını yançağı ilə itələdi. Mancanaqları illərdir yağlanmayan dəmir qapının "cırıltı"sı ona vəhy kimi gəldi, tez içəri təpilib qapını dabanıyla bərk itələdi. Sayğısızlıqdan "hiddətlənmiş" qapı elə zərblə çırpıldı ki, şaqqıltıdan boynunu qısdı, sağ qulağındakı güyültü yenidən oyandı. Gətirdiyi yeməyi, az qala, dəhlizə dağıdacaqdı, birtəhər mətbəxə qoyub qorxa-qorxa zala daxil oldu". Yuxarıda dediyimiz kimi - xəstənin taqəti yoxdu ki, ürəyini yandıran gözəlliyə son dəfə baxsın, rəssam qadın - Sofi ətrafa, pəncərədən çölə baxmadan o gözəlliyi Luizanın ürəyindən alıb çəkir. Həyatda yaşamın, gün-güzəranın pozulması bir anda baş verir və bu səni xoş anlarla dərdin tən ortasında saxlayır, Luizanın ərini ucalıqda tikdiyi evin yanında ildırım vurur - ordan aşağıya yol gedir, dar cığır özü səni parka doğru aparır, harda ki, Sofi rəsmlər satır, özünün və plagiat elədiyi rəsmləri...

Bütün bu əhvalatların içindən sıyrılıb epizodik olaraq təsvir edilən sevgi şəhərini anmaq çox çətindir. İnsan əvvəl-axır sevgisizlikdən ölür... (L.Vitgenşteyn: sevgi hiss deyil, ağrıdan fərqli olaraq o tədricən baş qaldırır...)

Bir daha yuxarıda vurğuladığımız məsələyə qayıdaq: ən yaxşı, həm də hisslərimizə qapılar açan hekayə oxuya bildiyimiz digər yaxşı hekayələrdən "yığılma", onları kərratla xatırladan, unudulmağa qoymayan hekayədir. Fərqli şeylərin sirli şəkildə qovuşması və dünyanın "üstüylə gedib" yaraları, ağrı və sevgini göstərməsi hər kəsin şəxsi hekayəsinin ayrılmaz parçasıdır...

# 1551 dəfə oxunub

Oxşar xəbərlər

Mən nənəmi çox sevirəm - Ulucay Akif

Mən nənəmi çox sevirəm - Ulucay Akif

11:00 23 dekabr 2024
4 dəfə evlənən şair kimliyini niyə gizlədirdi? - "Səni düşündükcə o atı da sevirəm..."

4 dəfə evlənən şair kimliyini niyə gizlədirdi? - "Səni düşündükcə o atı da sevirəm..."

09:05 23 dekabr 2024
Oynaşından ötrü oğlunu atan qadın - Ən yaxşı 10 sevgi romanı

Oynaşından ötrü oğlunu atan qadın - Ən yaxşı 10 sevgi romanı

15:00 21 dekabr 2024
Tanrının fil sümüyündən yaratdığı canlı - Kişi qadını mələyə necə çevirir?

Tanrının fil sümüyündən yaratdığı canlı - Kişi qadını mələyə necə çevirir?

12:00 19 dekabr 2024
Qafiyədən çəkdiyimiz zülm... - Şeir necə təhlil olunmalıdır?

Qafiyədən çəkdiyimiz zülm... - Şeir necə təhlil olunmalıdır?

15:35 18 dekabr 2024
"İki kor, bir dəli oğlu olan ana növbəti dəfə hamilədir..." - Dahi bəstəkara görə özünə qəsd edən uşaq kim idi?

"İki kor, bir dəli oğlu olan ana növbəti dəfə hamilədir..." - Dahi bəstəkara görə özünə qəsd edən uşaq kim idi?

17:00 16 dekabr 2024
#
#
# # #