Fərdiyyətin boğulması... - Bir maskanın etirafı

Fərdiyyətin boğulması... - Bir maskanın etirafı
5 mart 2025
# 11:43

Kulis.az Mişimanın “Bir maskanın etirafları” əsəri haqqında Allahverdi Həsənovun yazısını təqdim edir.

“Bir maskanın etirafları” Yapon ədəbiyyatının ən mühüm və cəsarətli əsərlərindən biridir. Bu roman Mişimanın yarı-avtobioqrafik xüsusiyyətlər daşıyan əsəridir və fərdi identiklik, cinsi kimlik, cəmiyyətlə uyğunlaşma və daxili təlatümlər mövzusunda dərin psixoloji təhlil təqdim edir.

Əsərin qəhrəmanı öz cinsi kimliyini dərk etdikcə, cəmiyyətin gözləntiləri ilə öz həqiqi arzuları arasında qaldığını anlayır. O, heteroseksual sevgiyə uyğunlaşmaq üçün sanki bir “maska” taxmalı olur. Romanın adı da bu simvolik maskanı ifadə edir. Cəmiyyətin normativ tələbləri ilə şəxsi həqiqət arasında yaşanan gərginlik, əsərin əsas mövzusudur.

Gözəllik, İdealizasiya və Fiziki Bədənə Pərəstiş

Qəhrəman uşaqlıqdan etibarən fiziki gücə, kişi bədəninin estetikasına və qəddarlığa heyranlıq duyur. O, xüsusilə, qəhrəman, güclü və dominant kişiləri cazibədar hesab edir. Lakin eyni zamanda bu arzularını basdırmağa çalışır. Mişima bu motivi roman boyunca şairanə və təsirli təsvirlərlə işləyir.


Ölüm və Erotika

Mişimanın bir çox əsərində olduğu kimi, burada da ölüm və erotika bir-biri ilə əlaqələndirilir. Qəhrəman tez-tez ölüm səhnələri haqqında xəyallara dalır və bu xəyalların içində qeyri-adi həzz tapır. Onun şüuraltında ölüm bir növ azadlıq və özünütəsdiqetmə forması kimi görünür. Bu düşüncə Mişimanın öz həyatını da əks etdirir, çünki o, 1970-ci ildə seppuku edərək intihar etmişdi. Mişimanın bir çox əsərində qan, ölüm, öldürmək kimi mövzular əsas yer tutur.

Mişima, hadisələri çox detallı və təsirli təsvirlərlə verir. Onun dili poetik və bəzən melanxolikdir. Əsər əsas qəhrəmanın daxili monoloqları vasitəsilə psixoloji analiz təqdim edir. Oxucu onun duyğularını, qorxularını, istəklərini və cəmiyyətin təzyiqi altında yaşadığı ikili həyatı hiss edir. Bir tərəfdə homoseksual, gözəllik aşiqi olan qəhrəman digər tərəfdə özünü hetroseksual olduğuna inandırır, qızlarla uğursuz münasibətlər qurur, bu dilemma baş qəhrəmana hədsiz depressiya bəxş edir. Qəhrəman hər an cəmiyyətin ağır tələbləri qarşısında maska taxmağa, arzularını, istəklərini dəfn etməyə məhkumdur. Əsər dəfn edilən həyatlar haqqında bir manifestdir.

Romanın avtobioqrafik xüsusiyyətlərə malikdir. Mişima özü də uşaqlıqdan etibarən fərqli hisslər yaşadığını və ənənəvi Yapon cəmiyyətinə uyğunlaşmaqda çətinlik çəkdiyini etiraf etmişdi.

O, həyatının böyük bir hissəsini “ideal kişi” obrazını yaratmağa və öz daxili dünyasındakı təlatümlərlə mübarizə aparmağa sərf etmişdi.
Bəlkə də, məhz bu ideal kişi obrazı yaratmaq üçün müəllif mühafizəkarlaşmağa başlayır. Bu ideyalar, əslində, bir axtarışın nəticəsi idi. Mişima digər əsərlərində mühafizəkarlığı, vətənpərvərliyi təbliğ etsə də, bu əsərdə biz tamam başqa bir yazıçı ilə tanış oluruq. Mişima digər əsərlərindən fərqli olaraq, burada oxucu ilə birbaşa əlaqədədir.

“Bir maskanın etirafları” yalnız fərdi kimlik mövzusunu deyil, eyni zamanda Yapon cəmiyyətindəki dərin mədəni və sosial problemləri də araşdıran bir əsərdir. Cəmiyyətin fərd üzərindəki ağır təzyiqlər, fərdiyyətin boğulmasını və həqiqi arzuların necə gizlədildiyini açıq şəkildə göstərir.

Bu roman həm Yapon ədəbiyyatında, həm də dünya ədəbiyyatında fərdi identiklik və psixoloji dərinlik baxımından önəmli bir yer tutur. Mişima bu əsəri ilə təkcə öz həyatını deyil, eyni zamanda bütün cəmiyyətin bir problem kimi üzləşdiyi mövzuları gündəmə gətirir.

“Bir maskanın etirafları” fərdi kimlik axtarışı, cəmiyyətin təzyiqi və dəfn edilmiş arzuların yaratdığı daxili böhran haqqında güclü psixoloji romandır. Mişimanın bədii dili, təsvirlərdəki poetiklik və emosional dərinlik bu əsəri unudulmaz edən amillərdən biridir.

Bu roman təkcə Mişimanın deyil, bütövlükdə Yapon ədəbiyyatının ən önəmli əsərlərindən biri sayılır.


# 3229 dəfə oxunub

Oxşar xəbərlər

Eliotla dostluq etdi, Freyd onunla şəxsən tanış olmaq istədi...  - Pulitser mükafatlı kölgədə qalan "kosmik şair"

Eliotla dostluq etdi, Freyd onunla şəxsən tanış olmaq istədi... - Pulitser mükafatlı kölgədə qalan "kosmik şair"

12:00 5 avqust 2026
Pasifist mövqeli Dante aşiqi - Onu niyə "macar modernizminin beyni" adlandırırdılar?

Pasifist mövqeli Dante aşiqi - Onu niyə "macar modernizminin beyni" adlandırırdılar?

12:30 4 avqust 2026
Ovudulmaz ağrılar aşiqi - Afaq Məsud

Ovudulmaz ağrılar aşiqi - Afaq Məsud

11:00 4 avqust 2026
Eyni yuxunu görən Nəriman Həsənzadə və Şahmar Əkbərzadə  - Hansı el şairi ona buta vermişdi?

Eyni yuxunu görən Nəriman Həsənzadə və Şahmar Əkbərzadə - Hansı el şairi ona buta vermişdi?

15:30 1 avqust 2026
"Mütəxəssislərin sözü eşidilmir, ictimai qınaq kar eləmir…" - Bu işə kim əncam çəkəcək?

"Mütəxəssislərin sözü eşidilmir, ictimai qınaq kar eləmir…" - Bu işə kim əncam çəkəcək?

16:30 31 iyul 2026
Həqiqətənmi kitabın rəqibi sosial şəbəkələrdir? - Mətanət Vahid

Həqiqətənmi kitabın rəqibi sosial şəbəkələrdir? - Mətanət Vahid

11:00 30 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər