Eyni bədənin qoluyla qıçı arasındakı fərq - İntim yerlərimizi niyə gizlədirik?

Eyni bədənin qoluyla qıçı arasındakı fərq - İntim yerlərimizi niyə gizlədirik?
23 avqust 2024
# 09:00

Yaxın vaxtlarda Salam Sarvanın “Ayıb ayaması” adlı yeni kitabı çapdan çıxacaq.

Kulis.az həmin kitabdan bəzi hissələri təqdim edir.

Qolla qıçın nə fərqi var?

Bu kitabı yazmaq ideyası təsadüfən yarandı. Günlərin birində dostlarla nədənsə danışırdıq və mən söhbətin qıfılına düşən bir sual verdim: niyə adam qəfildən çılpaq vəziyyətə düşərkən mexaniki olaraq əlləri ilə intim yerlərini gizlədir? Dünyaya uşaq gətirən, nəsillərin davamlılığını şərtləndirən, tarixi sönməyə qoymayan həmin yerlərin nə ayıbı var, görəsən?

İndi həmin sualı bir azca yumşaldıb belə də qoymaq olar: niyə Azərbaycanda kişilərin qısaqol köynək geyməsi normal qəbul olunur, amma şortik geyməsi ayıb sayılır? Eyni bədənin qoluyla qıçı arasında hansı faciəvi fərq var ki, birini göstərmək olar, digərini yox?

Bu sualların neçə-neçə cavabı ola bilər – hərə öz düşüncəsinə uyğun tərzdə bu dilemmanı çözməyə çalışar. Amma söz bunda deyil, məni maraqlandıran məsələnin başqa tərəfi idi: ümumən, nələrin ayıb sayılması hansı meyarlarla, hansı məntiqlə konkretləşdirilir?

Ayıb olan heç nə yoxdur

Özümüzü yaxşı-yaxşı axtarsaq, düşüncələrimizin bir küncünə utancaq-utancaq qısılmış qənaətlər taparıq. Bu qənaətlər bəzilərimizdə çadralı-dumanlı, bəzilərimizdə çılpaq-aşkardır.

Birinci qənaət: ayıb olan heç nə yoxdu, hələlik öyrəşmədiyimiz nəsə var. Məsələn, bir zamanlar qadınların şalvar geyməsinə camaat pis baxardı, indi dəbə çevrilib. Bəs görəsən, vərdişkarlığımızın bu mənada qırmızı xətti varmı? Fəlsəfi ənənələrin ən qədim məskəni olan Hindistanda əri ölən arvadın mərhumla birlikdə diri-diri yandırılması dünənəcən əxlaq tamaşası sayılırdı. Belə çıxır, insanın öyrəşməyəcəyi heç nə yoxdur: hər halda, bu gün ayıb sayılan hər nəyin gələcəkdə adi qarşılanmayacağına zəmanət vermək olmur.

İkinci qənaət: ayıb olan heç nə yoxdur, regional yanaşmalar var. Məsələn, qədim zamanlarda meyit yeyən bir toplum öz ölülərini yandıran başqa bir toplumun bu ənənəsini sarsaqlıq sayaraq dodaq büzürmüş.

Üçüncü qənaət: ayıb olan heç nə yoxdu, situativ yanaşmalar var. Məsələn, geyim əxlaqına çimərlikdə bir cür baxırıq, küçədə başqa cür.

Dördüncü qənaət: ayıb olan heç nə yoxdu, zərərli olan nəsə var. Anlamaq çətindir: qadınların siqaret çəkməsini zərərli olduğuna görə qınamaq məntiqi olduğu halda, bu əməli ayıb sayıb lənətləmək nəylə əsaslandırılır? Bu sualın dərin və dəqiq cavabını tapa bilməsək, avtomatik olaraq ritorik suala çevriləcək.

Beşinci qənaət: ayıb olan heç nə yoxdu, naqis saydığımız cəhətlərə bəraət vermək mümkündür. Çünki onsuz da məişətimizdə müsbət keyfiyyətlərimiz yox, naqis cəhətlərimiz dialoqa girir, bir-biriylə dil tapan onlardır. Yəni bazarda alıcıyla satıcının münasibətlərini tənzimləyən tamahkarlıqdı: biri baha satmağa çalışır, biri ucuz almağa.

Lüt gəzən Çayn dilemması

Hind fəlsəfəsinin Çaynizm adlanan qolunun tərəfdarlarına Çayn deyirlər. Çaynlar həyəti də xüsusi süpürgəylə süpürürlər ki, təsadüfən bir cücü belə ölməsin. Amma onların ən maraqlı tərəfi paltardan imtina eləmələridir. Çaynlar belə düşünür: mənim paltarım havadır.

İndi gələk mətləbə. İraq olsun, Bakı küçələrində lüt gəzən bir Çayn görsək, nə baş verəcək? Haqlı olaraq onu tutub bu əxlaqsızlığına görə tənbeh edəcəyik. Amma bu zaman çox ciddi bir paradoks yaranacaq – həmin adamın çılpaqlığının arxasında böyük bir əxlaqın dayandığının fərqinə varmayacağıq. Axı Çaynların paltardan imtinasının mənası başqalarına zərər vurmamaq üçün mülkiyyət uğrunda mübarizədən, şəxsi əmlakdan, dünya malından əl çəkməkdir.

Bu dilemmanı necə çözməli?

Riyakarlıq ayıbdırmı?

İndi mən bu yazını yazarkən Bakının harasındasa iki nəfər pivələnə-pivələnə söhbət eləyir. Biri yalan danışır, biri isə özünü o yalana inanmış kimi göstərir. Belə ünsiyyət onların özünə də, kənar adamlara da son dərəcə təbii, son dərəcə mehriban görünür. Onlar bir-birinin dilini tapdıqlarına görə çox rahatdırlar. Bu mənzərəyə baxanda riyakarlığın hansı məntiqlə ayıb sayıldığını düşünməyə başlayırsan və bu zaman qarşına xeyli ziddiyyət çıxır.

Hərçənd biz çox hallarda məntiqin ağuşunda yox, absurdun içində yaşayırıq. Məsələn, bir ot tayasının ərsəyə gəlməsinə xeyli zəhmət və xeyli vaxt sərf olunur, həmin tayanın külə dönməsi isə bircə an və bircə kibrit məsələsidi. Bununla belə, Dekartsayağı düşünərək hətta nizam olmayan yerdə də nizam axtarmaq haqqımız həmişə var.

Pivələnə-pivələnə söhbət eləyən həmin adamların ünsiyyət modelini daha geniş miqyasa proyeksiya eləsək, maraqlı görüntü alınacaq: belə çıxacaq ki, riyakarlıq cəmiyyətdəki münasibətlərin nizamda qalmasının yeganə yoludur. Yəni biz rollara girib yaşayırıq və bircə anlıq o rollardan çıxsaq əsrlər boyu qurulmuş bütün mexanizmlər darmadağın olar. Ünsiyyət etiketləri, qanunlar, ənənələr, konkret hallarda necə davranacağımızı bəri başdan diqtə eləyən təcrübə, dinimizin və mentalitetimizin ehkamları... Bunların hamısı rollarımızın senarisidi. Biz işdə başçının müavini rolundayıqsa, evdə ailə başçısı rolundayıq. Ölümünə sevindiyimiz bir qonşunun yas məclisində kədərli görünmək istedadımıza kimin şübhəsi var?

Ümumən, həyat nəsildən-nəsilə ötürülən eyni vərdişlərin yığınıdı – biz indi min illər əvvəlin xörəyini yeyirik, dəyişən təkcə qaşıqlardı.

Səhnədəki aktyorun məharəti onun həm komik Miriş roluna, həm də ciddi Kərbəlayi roluna girə bilməsi ilə ölçülür. Və bu zaman maraqlı suallar yaranır... Biz həyatın da Şekspirsayağı səhnə olduğunu qəbul eləyiriksə, onda nəyə görə insanın sifətdən-sifətə düşmək bacarığını roldan-rola girmək məharəti kimi normal qarşılamırıq? Hansı məntiqlə fəsillərə uyğun paltar dəyişmək adi qəbul olunur, vəziyyətlərə uyğun maska dəyişmək isə ayıb sayılır? Nəyə görə kosmetik əməliyyatla burnu dəyişmək olar, məsləki isə yox? Bizim dəbdən-dəbə girmək azadlığımız varkən, cilddən-cildə girmək azadlığımız niyə olmasın?

Ümumən, bizi məst eləyən xoş qoxunun mənbəyi olan çiçəyin riyakar olub-olmadığını yoxlayırıqmı?

Bu suallara dərin və dəqiq cavablar tapa bilməsək, avtomatik olaraq ritorik suallara çevriləcəklər.

Sarsıntılarımızın səbəbi

Sən həyatda aktyor olduğunu qəbul elədiyin anda qəribə bir düşüncə konteksti yaranır: deməli, uğursuzluqlarının və sarsıntılarının səbəbi də rollarını istedadla oynaya bilmədiyinə görədir. Məsələn, “yalançı” roluna, “zalım” roluna, “mərhəmətli” roluna düz-əməlli girə bilmədiyinə görədir.

Dilimizin bəlası və yaxud anlayışlarla alver

Məsələ ondadır ki, riyakarlığın sərhədləri cızılarkən bəri başdan riyakarlığa yol verilib. Məsələn, ünsiyyət zamanı sifətimizdə yaratdığımız saxta təbəssümü nəzakət əlaməti sayan toplum göz yaşlarının imitasiyasını ayıb hesab eləyib. Məişətdə aldatmağı haram buyurub, futbolda aldatmağı halal. Sağ göstərib sol vurmaq xeyli hallarda riyakarlıq yox, taktika kimi qəbul olunub.

Hə, bu yerdə qədim skeptiklər deyə bilərlər: mütləq əxlaq yoxdur axı, hər bir əməl yalnız başqalarına zərər vurduğu halda pis hərəkətdir. Yaxşı, bəs idmanın qaydasız döyüş növündə kiminsə ölümcül döyülməsinə məmnun-məmnun baxan tamaşaçılar hansı əxlaqa söykənirlər? Yoxsa həmin tamaşaçılar bu savaşın bir oyun olduğunu bildiklərindən idmançının zədəsini zərər saymırlar? Yox, doğru izah deyil: çünki eyni məntiqlə müharibədə yaralananlara da heç kəsin ürəyi ağrımamalıdır – hətta valideynlərin də.

Bəlkə, müharibəni bir oyun olan qaydasız döyüşlə tutuşduraraq analogiyanı düz aparmadıq? Yox, analogiya doğrudur: çünki müəyyən qaydaları, müəyyən taktikaları və qarşı-qarşıya durmuş iki tərəfi olan istənilən təzahür məhz oyundur.

Ümumən, əxlaq terminologiyasının xeyli anlayışları prinsipcə eyni bir anlama – Yalan kateqoriyasına gedib çıxır. Məsələn, saxtakarlıq, yaltaqlıq, riyakarlıq və hiyləgərliklə bağlı əxlaq şablonlarını təkcə Yalan kateqoriyası üzərində qurub belə demək olardı: aldatmaq olmaz. Belə bir sadə quruluşun mümkün olduğu halda, nəyə görə əxlaq sistemini şaxələndirərək qarmaqarışıqlıq yaradıblar?

Dərindən düşünsək, dildəki əxlaq şablonlarının əksərini rədd eləmək labüd görünəcək. Məsələn, qeybət adamların ünsiyyətini stimullaşdıran haldır. Qeybətdə hər şey düz danışılırsa cəmiyyətdə aydınlıq yaranır, düz danışılmırsa vəziyyətin əxlaqi qiymətini verməkçün Yalan anlayışının qabardılması bəs eləyir. Yəni, demirsən, “qeybət ayıbdır”, deyirsən, “yalan zərərlidir”. Beləcə, “qeybət” kimi bir artıq söz dildən çıxarılmış olur, dildə sahman yaranır, ünsiyyət modeli sadələşir.

Çoxlu sayda belə analogiyalar apara bilərəm və axırda məlum olar ki, biz, sadəcə, dilimizin bəlasına düşmüşük.

Səmimiyət də roldur?

Bəzən deyəcəyim sözlərə başqalarını inandırmaq üçün söhbətə “səmimi deyirəm...” ifadəsi ilə başlayıram. Yəni dolayısıyla etiraf eləyirəm ki, mən həmişə dürüst davranmıram, amma məhz indi səmimi olacağam. Buradan maraqlı sual çıxır: həmin anda mən səmimi adam roluna girmirəmmi? Yəni insanın səmimi olduğu hallar da aktyorluq deyilmi?

Söhbətə “səmimi deyirəm...” ifadəsi ilə başlamaq, dolayısıyla “mən hərdənbir səmimi oluram” deməkdir. Bəs insan niyə daim səmimi davranmır? Çünki yalansız yaşamaq apriori mümkün deyil, çünki rollardan çıxmaq həm özün, həm də ətraf üçün ziyanlıdır. Bəs səmimiyyətin zərərli olduğunu bilən adam niyə hərdənbir səmimi olmaq istəyir? Belə çıxır, hərdənbir ziyana düşməyə razıdır?

Yox, bu variant ağlabatan deyil. Çünki düşünüş instinkti maksimalist olduğuna və dərhal qütb nöqtələrinə yönəldiyinə görə ortadakı çalarları görə bilmir: bu halda onunçün günorta yoxdur, yalnız gündüz var, hərdənbir yoxdur, yalnız həmişə var. Düşünüş instinkti həm də yuvarlaqlaşdırmağa meyillidir – hətta zamana da baxanda dərhal uşaqlıq və ya gənclik çağlarımızı, dünyanın daş və ya tunc dövrünü yox, əbədiyyəti görür.

Onda bircə izahımız qalır: mən məhz səmimiyyətin ziyan gətirməyəcəyi hallarda səmimi oluram: axı doğrudan da bəzi məqamlarda səmimiyyət adamı xilas eləyir. Yox?

Ümumən, səmimiyyət nədir? İnsana təbiətən xas olan xassə, yoxsa sonradan yaradılmış və “dürüst olmaq lazımdır” hökmünü verən əxlaq norması? Qəlbimizi kiməsə açmaq istərkən keçirdiyimiz tərəddüdləri yadımıza salaq. Bu tərəddüdləri yaradan ağıldır. Ağıl üzə çıxmaq istəyən etiraflarımızın yaradacağı fəsadları önləmək üçün bayırdakı reallıqları saf-çürük eləyir və məsləhət olmadığı halda onları çölə buraxmır. Məsələn, bir cinayətini dostuna etiraf eləmək istərkən ağıl bu məlumatın bayıra çıxdığı halda mümkün təhlükələri hesablayır və səni fikrindən daşındırır.

Hiss və ağıl insan təbiətində daim harmoniyadadır: duyğu qımıldanan kimi ağıl da hərəkətə keçir. Qabaqcadan götür-qoya məruz qalmayan heç bir hərəkətimiz yoxdur. İndi sual yaranır: ağılın süzgəcindən keçirilmiş addımlarımızı səmimi saymaq olarmı? Beləliklə, səmimiyyəti fitrət saymağa əsasımız varmı?

Söhbətə “səmimi deyirəm...” ifadəsi ilə başlamaq, dolayısıyla “mən hərdənbir səmimi oluram” deməkdir. Hərdənbir səmimi olmaq – gah riyakar, gah dürüst olmaq deməkdir. Nəhayət, əsas sualımıza gəlib çıxırıq: gah riyakar, gah dürüst olmaq roldan-rola girmək deyilmi?

Bu suallara dərin və dəqiq cavablar tapa bilməsək, avtomatik olaraq ritorik suallara çevriləcəklər.

Prinsipial adam və Tesey gəmisi

Hökumətə qarşı prinsipial müxalifətdə dayanan bir adam öz dəstəsindən, öz həndəvərindən olan yazıçının əsərini yalandan tərifləyəndən sonra əvvəlki prinsipial obrazını yenə də saxlayırmı?

Afinanın özülünü qoyan Teseyin gəmisi 300 il boyunca zaman-zaman təmir olunur, çürümüş taxtaları təzələri ilə əvəzlənirdi. Bunu görən filosof Plutarx belə bir sual qoymuşdu: bircə taxtası belə dəyişmiş gəmini əvvəlki gəmi saymaq olarmı?

Bu suala dərin və dəqiq cavab tapa bilməsək, avtomatik olaraq ritorik suala çevriləcəklər.

Nərdivanın birinci pilləsi: alçaqlıq ayıbdırmı?

Qəbiristanlıqlarımızda baş daşlarının, yollarımızda maşınların, qəsəbələrimizdə villaların daha da hündürləşmək uğrunda mübarizəsi çoxlarımızda qıcıq yaradır. Alçaq otların yaşıllığı, alçaq zəmilərin bərəkəti, alçaq dənizlərin gözəlliyi isə ruhumuzu oxşayır.

Elə hey yüksəlmək istəyən insan ierarxiya nərdivanının ən alçaq pilləsinin başlanğıc olduğunu unudur – qınından çıxıb qınını bəyənmir. Və kimlərinsə düşdüyü hansısa mənəvi böhranın adını “alçaqlıq” qoyaraq həmin sözü bəzi hallarda söyüş kimi də işlədir.

Hə, general olmaq istəməyən – yəni yüksəlmək istəməyən əsgər yaxşı əsgər ola bilməz. Ancaq bu prinsip məhz hərb sistemində keçərlidir: məharət göstərdiyin hər məqamdan sonra rütbən bir pillə artırılır. Pinəçiliyin isə rütbə ierarxiyası yoxdur: pinəçi padşah olmağı arzulamadan da yaxşı pinəçi ola bilir və adətən yaxşı pinəçilik məhz böyük iddiaların olmadıqda mümkündür. Sadəcə, başını aşağı salıb ayaqqabı yamayırsan, vəssalam.

Biz, istədik-istəmədik, çoxlu sayda hökmdarın hüzurundayıq: işlədiyimiz idarənin rəisindən tutmuş dünyanın supergüc ölkəsinin dərin dövlətinəcən, Tanrıyacan. Qədim zamanlarda hökmdarın hüzurunda təzim eləmək protokol qaydası olduğundan, baş əymək ayıb sayılmırdı. Bu halda sual yaranır: doğrudanmı, həmin qədim reallıq indiki təhtəlşüurumuza heç bir mesaj ötürməyib? Bəlkə, şüurumuzun altını yaxşı-yaxşı axtaraq?!

Və yolüstü bu suala da cavab tapaq: padşahın hüzurundakı razı kütlə ilə müxalifət liderinin hüzurundakı narazı kütlənin davranışlarında fərq varmı?

Bu suallara dərin və dəqiq cavablar tapa bilməsək, avtomatik olaraq ritorik suallara çevriləcəklər.

Azadlığın adlıq halı: köləlik ayıbdırmı?

Aristotel deyirdi ki, azadlıq dərk olunmuş zərurətdir. Sartr deyirdi ki, insan azadlığa məhkumdur. Hər iki cümləni incələyəndə ziddiyyət ortaya çıxır. Yəni bu cümlələr özləri öz içində dolaşıq düşərək ixtiyarsız halda əsl mətləbi ələ verirlər: dünyanın gerçək həyatında azadlıq yoxdur. Axı “zərurət” və “məhkum” sözü olan cümlələrdə hansı azadlıqdan söhbət gedə bilər?

Amma gəlin sözbazlıq eləməyək və bu filosofların üzərinə bəsit üsullarla hücuma keçməyək. Sadəcə, belə bir iddia ortaya ataq: azad insan yoxdur, köləliyinin dairəsi nisbətən geniş olan və nisbətən dar olan insan var. “Azadlıq” bu dünyada yalnız quru anlayış kimi mövcuddur və yalnız dilimizdə məskunlaşıb.

Həbsxana kamerasında havasızlıqdan boğulan dustağın nəfəslik arzusu azadlığın pəncərəsi kimi təsəvvür olunsa da, fakt olaraq kameranın divarındakı balaca bir bacadır.

Mən zamanda dustağam – saatın kəfkiri kimi müəyyən aralıqda yellənməkdən başqa əlimdən heç nə gəlmir. Mən məkanda dustağam – yaşadığım yerin qaydalarından kənara çıxa bilmərəm, hətta paltarımı da həmin coğrafiyanın iqliminə uyğun seçməliyəm. Dünyəviyəmsə, sevgimin köləsi, nifrətimin əsiri, ehtiraslarımın quluyam. Dindaramsa, Allahımın qulu, taleyimin əsiriyəm.

Mən ideologiyaların, əqidələrin əsiriyəm. Ənənələrin, mentalitetin quluyam. Tez-tez dəyişən dəbin əsiri olmaq bacarığım mənim kölə xislətimin nə qədər çevik olduğunu göstərir.

Mətbuat haqqında qanunun olduğu halda mətbuat azadlığı fiksiyadır. İçimizdə ayrı-ayrı vəziyyətlərə uyğun etik senzuranın olduğu halda söz azadlığı fiksiyadır. Məsələn, biz hər yerdə söyüşlə danışa bilirikmi?

Hə, səsvermə hüququm var, amma ən demokratik ölkədə belə seçki qutusuna yaxınlaşarkən namizədin vədlərinin məndə yaratdığı qənaətin əsiriyəm artıq. Hə, təhsil hüququm var, amma qabaqcadan müəyyən olunmuş fənnlər çərçivəsində. Mənim hətta ömür azadlığım da yoxdur – istənilən vaxt əcəl götürüb apara bilər.

Bütün bunların üstünə təbii fatalizmi də gəlsəm, məsələ lap qəlizləşir. Yəni valideynlərimi, doğulacağım yeri, dünyaya gələcəyim zamanı seçmək azadlığım da olmayıb. Mən hətta tərbiyə sistemimi də özüm seçməmişəm: uşaqlıqdan başlayaraq məni başqaları öz istədikləri kimi yetişdiriblər – yəni hətta öz şəxsiyyətimi də özüm formalaşdırmamışam.

İndi mən bu həqiqətləri dilə gətirərkən sosiologiya soyuq-soyuq pıçıldayır: müəllim, gerçək həyatda azadlıq var – sadəcə, sənin azadlığının sərhəddi başqasının azadlığının sərhəddinə qədərdir. Mənsə görürəm ki, sosiologiyanın həmin cümləsini belə də yazmaq olar: mənim dustaqlığımın sərhəddi başqasının kamerasının divarına qədərdir. Məzmun dəyişdimi? Yox. Eləysə, azadlıq anlayışını süni şəkildə həyata soxuşdurmaq cəhdinin mənası nədir?

Bu zaman dikbaş fəlsəfə üstümə qışqırır: cığallıq eləmə, dünyada azadlıq var, sadəcə, mütləq azadlıq yoxdur. Mənsə düşünürəm: “nisbi azadlıq” ifadəsinin ehtiva elədiyi durumu “nisbi köləlik” ifadəsi də adekvat göstərir axı. Eləysə, nəyə görə azadlıq anlayışının yaxasından qır-saqqız olub yapışmışıq?

Yoxsa, təbii halımız olan köləliyi ayıb saydığımıza görə anlayışlarla bu şəkildə oynayırıq? Niyə? Hətta materiyanın özündə də bir şeyin varlığı başqa şeyin varlığını şərtləndirirsə, insanın müəyyən şərtlərdən asılı olması nədən ayıb sayılsın axı?

Bu suallara dərin və dəqiq cavablar tapa bilməsək, avtomatik olaraq ritorik suallara çevriləcəklər.

Məcnunun səhrası və zəncir

Bəlkə, gerçək həyatımızda mövcud olmayan “Azadlıq” anlayışını dilimizdən də çıxarmaq daha faydalı olardı? Bunu hesablamışıqmı? Axı işləməyən anlayışların dildə qalması əlavə gərginlik yaradır, düşüncə pintiliyinə səbəb olur, cəhətləri dəqiq müəyyən eləməyə əngəl törədir.

“Azadlıq” ərköyün bir eşq ideyasıdır: aşıb-daşmağa, insanı məcrasından çıxarmağa qadirdir. Adamı cəmiyyət üçün labüd olan çərçivələrə yox, Məcnunun boş səhrasına dartan ideya birgəyaşayış üçün yararlıdırmı? Səbəb-nəticə əlaqələri üzərində bərqərar olan kainatda bu zəncirin həlqəsi ola bilməyəcək bir ideya sosial həyatın nəyinə gərək? Bəlkə, cəmiyyət öz tarazlığını saxlaya bildiyi üçün qanunların sözünə baxan köləliyə borcludur? Bəlkə, aləmin mənası sözün bütün mənalarında Zəncirdədir elə?

Bu suallara dərin və dəqiq cavablar tapa bilməsək, avtomatik olaraq ritorik suallara çevriləcəklər.

İctimai rəyin eynəkli gözü

Görəsən, mən niyə cavabların dərin və dəqiq olmasında israrlıyam? Çünki bizi dilimizin bəlasına salan məhz anlayışlar barədə dumanlı təəssüratlar, yayğın obrazlardır. Əksərimiz qəbul elədiyimiz dəyərlər haqqında düşünməmişik heç: qənaətlərimizin çoxu avtoritetlərin dilindən və ictimai rəyin eynəkli gözündən çıxıb. Və bir də...

Bu yerdə filosof Bekonu köməyə çağıraq: adamlar inkar etməkdən çox təsdiq eləməyi xoşlayırlar: öz inanclarını doğruldan dəlil axtarmağa – yəni inanmaq istədiklərinə inanmağa meyillidirlər. Məsələn, sən özünü inandırırsan ki, bədənindəki yüksək temperatur koronavirusun əlaməti deyil. Buna görə də, məsələni dəqiqləşdirmək əvəzinə, dostlardan-qohumlardan bu temperaturun soyuqdəyməylə bağlı olduğunu eşitmək istəyirsən. Hal-hazırda sənə həqiqət lazım deyil, təskinlik lazımdır: sən həqiqətə yox, yalançı təsəlliyə inanmağa meyillisən.

(ardı var)

# 7729 dəfə oxunub

Oxşar xəbərlər

Təəssüf ki, təriflədikləri kimi deyil... – Mübariz Örənin yeni hekayəsi haqqında

Təəssüf ki, təriflədikləri kimi deyil... – Mübariz Örənin yeni hekayəsi haqqında

12:00 10 sentyabr 2024
Ədəbsiz, aşağı səviyyəli əyləncə - Tolstoy Şekspirə niyə nifrət edirdi?

Ədəbsiz, aşağı səviyyəli əyləncə - Tolstoy Şekspirə niyə nifrət edirdi?

21:00 9 sentyabr 2024
"Oğulsan, azlığı tənqid elə!" - Bəhram Bağırzadəyə açıq məktub

"Oğulsan, azlığı tənqid elə!" - Bəhram Bağırzadəyə açıq məktub

14:29 9 sentyabr 2024
Humay - Günel Natiqin hekayəsi

Humay - Günel Natiqin hekayəsi

15:00 8 sentyabr 2024
Çinar yazıları - Mübariz Örənin yeni hekayəsi

Çinar yazıları - Mübariz Örənin yeni hekayəsi

11:33 8 sentyabr 2024
Zamana yayılmış, bəlkə də, dağılmış tanrı!.. - Aqşin Yenisey

Zamana yayılmış, bəlkə də, dağılmış tanrı!.. - Aqşin Yenisey

15:00 5 sentyabr 2024
#
#
# # #