Ərimə saçlarını oynadan qadın – Güneyli yazarın hekayəsi

Ərimə saçlarını oynadan qadın – Güneyli yazarın hekayəsi
25 may 2020
# 12:20

Kulis.az “Sözün Güneyi” layihəsindən Güney Azərbaycanından olan Nərgiz Sadiqvəndin "Yenə bir qadın cəsədi" hekayəsini təqdim edir.

Nərgiz Sadiqvənd1973-cü ildə Ərdəbil vilayətinin Parsabad şəhərində anadan olub. Orta məktəbi fars dilində bitirməyə baxmayaraq, ana dilində yazmağa üstünluk verib. Fəlsəfəyə, romana, poeziyaya, darmaturgiyaya və təsviri sənətə böyük marağı var. Yaradıcılıq fəaliyyəti 2016-cı ildə "Hər gün" həftəlik jurnalında "Saçlı" adlı hekayəsi ilə başlayıb. Sonra "Sobhe Sadeq" jurnalında hekayələri dərc edilib. Əsasən hekayə, pyes və qısametrajlı film sssenariləri yazır.

Hər səhər siqar qoxulu saçlarımdan ürəyim bulanaraq oyanıram və çarpayıdan asılan ayaqlarıma baxıb son siqarın acısını parketin üzərinə hayxırıb,güzgüdə qadınlığıma tüpürürəm.

Ağzımın acısını alıb yenə bir siqar alışdırıram. Hər səhər dizlərimi qucaqlayıb, köpük və kül qarışığının üzməsin ağ mozaiklərin üzərində seyr edirəm. Buxarlı divarlar diqqətimi çəkir və mən son dəfə otağımın divarlarını uçurmaq üçün cib telefonumu onlara sarı tolazladığımı xatırlayıram. Ancaq divarların yerinə telefonum uçmuşdu. İstəmək kifayət etmir. Mən yalqızlığımla tanış olub, səssizliyimə qovuşmuşdum. Sevinirdim. Nə yaxşı divarlar vardır, yoxsa yalqızlığım da məni atmışdı.

Ərim başqa qadının gözləri önündə başıma bağıraraq yorucu olduğumu söyləyib məni tərk etdi. Uzun zamandır birlikdə bir şeylər yeməyə çıxmırdıq. O günü zəng açıb xahiş elədim, bir az zaman ayırsın. O, ağzını süründürsə də qəbul etdi. Öncədən heç getmədiyim bir kafenin adresini anlatdı. Dava-dalaşımız oradan başladı. Masanın üzərində dodaq boyasına bulaşmış bir kağız dəsmal gördüm. Və o gün ondan yalnız dürüst olmağını istədim.

O, bizim sol tərəfimizdə oturan qadına tez-tez baxıb vurğunu olduğum gözlərini qısıb daha da şirin olurdu. Bu halda ondan istədim həmən qadına yaxınlaşıb sevdiyini soyləsin. Ancaq o, mənə yanılırsan dedi. Mənsə, ərimə baxıb soyuqqanlılıqla:

- Hiss eləyirəm, o qadından sənin xoşun gəlir. Fikir ver, ləçəyinin düşməyinə laqeyddir! O, sənə baxıb saçlarının ucun oynadır. Yəqin sən də onun saclarının boyasını sevirsən və beynindən onları oxşamaq keçir - dedikdən sonra o, özündən çıxdı, sonra hirslənib dedi:

- Olduqca dözülməz olubsan!

Mən bir daha toxtaq şəkildə dedim:

- Bu sözləri get o gözlərinə girdiyin xanıma denən.

Ərim qəzəblə mənə baxıb ayağa qalxdı, öncə məni, sonra kafeni tərk etdi. Susdum. Sonra könülsüzcə ərimin dırnaqarası məşuqəsinə baxıb onunla göz-gözə gəldim. Ancaq o, üzünü çevirib önündəki soyuq qəhvəyə şəkər əlavə etməklə məşğul oldu.

- Təsiri yoxdur - deyib gedib yanında oturdum. O, dərhal saçlarını toplayıb ləçəyin sahmanladı.

- Nəyi nəzərdə tutursuz, xanım?

Dirsəklərimi masaya dirəyib, əllərimi çənəmin altına qoydum. Üzünə baxıb gülümsədim, sonra gözümlə qəhvəyə işarə elədim:

- Qəhvən soyuqdu, şəkər əriməz! İstəmək kifayət etmir.

Qadın dəsmalla dodağının tərin sildi. Ona “Mənim ərimdən xoşun gəlir?” dedim. Əl-ayağını itirdi:

- Vaa, xanım, siz nə danışırsız? Mənim görüşüm var burda. Sevgilim beş-on dəqiqəyə gəlməlidir.

Dedim, onda bəs niyə bayaqdan mənim ərimə əzilirdin? Sevgilini sevmirsənsə ayrıl. Onu sevginə inandırırsan, amma başqa kişilərə saçlarını oynadırsan.

Mən hirsli deyildim, çox aram səslə, onun gözlərinə baxaraq danışırdım. Onunsa gözləri kəlləsinə çıxmışdı. Artıq sözlərimə dözə bilmədi, çantasıyla telefonunu masanın üzərindən götürüb dolumsunaraq "Tanrı bağışlamasın səni" deyib dodağının tərini aldığı dəsmalı gözünə sarı aparıb qıvraqca pilləkənləri endi.

Keçib oturdum o qadının yerində, ərimin oturduğu yerə baxdım. Saçlarımı o qadının saçları kimi ortadan ayırıb üzümə tökdüm. Ləçəyimi arxaya çəkib yaxa düymələrimin birini açdım.

Yuxarı qalxan qarson məni başaçıq görcək gözünü məndən aldı. Dönüb, ərimlə oturduğumuz masaya yaxınlaşıb ərimiş dondurmaları əlindəki siniyə qoydu. Getmək istədikdə "Zəhmət olmasa, oturun" dedim. Baxmadı.

- Cavan oğlan sizə bir sualım var.

Bu an gözlərimə zilləndi. Başını aşağı salıb oturdu. Qarson hardasa iyirmi yaşında ortaboy, sarışın bir oğlan idi.

- Mənə baxın, mən sizin diqqətinizi cəlb edirəm?

Qızaran kimi oldu. Ayağa qalxıb getmək istədikdə dayandırdım:

- Oturun - dedim - mənə sizin köməyiniz lazımdir. Cavab verin lütfən.

Oğlan udqunub "Bəli" dedi, sonra dərhal sinini götürüb enmək istərkən dayandı: "Mən o qadını gördüm, elə də cazibəli deyildi, məncə, üzülməyinə dəyməz" deyib endi.

Əyin-başımı rahlayıb aşağı düşdüm. Hesabı ödədikdən sonra gənc qarsona təşəkkürümü bildirmək üçün onun dayandığı yerə tərəf getdim. O yerköklərini böyük bir qaba boşaldırkən iş yoldaşına deyirdi:

- Bu gecə necə yatacam, bilmirm, onları ən azı həftədə bir yol burda görürük...

İti addımlarla kafedən çıxıb saçlarımı o qadının saçları rəngə boyatdırmağı düşünürdüm. Mən uduzdum.

Həqiqətin nə olduğuna varmış kimi.

Fikrim aydınlandı, ölümə addımlayırmış kimi.

Düşünüb, tapıb, bilərəkdən unutmuş kimi.

Uduzdum.

Siqar satan o əmiyə verdiyim sözü sındırmış kimi.

Uduzdum.

Neçə gilə siqar aldığım xatirimdə deyil. Taksiyə minib "Başqa müsafir mindirmə" deyib evimin adresini verdim. Mən o günü son dəfə küçədəki qadınlarla salamlaşıb onlara gülümsədim, son dəfə çantamdan açarı götürüb evə keçdim.

# 15994 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #