Cavidin gözlərini əbədi yumduğu ölkədə "İblis"... - Cavid Zeynallı

Cavidin gözlərini əbədi yumduğu ölkədə "İblis"... - Cavid Zeynallı
23 sentyabr 2024
# 16:48

Əlbəttə, teatrın təəssübünü çəkən, mədəniyyətə, mənəviyyata laqeyd qalmayan hər kəs üçün böyük hadisədir.

Ki, Akademik Milli Dram Teatrı "İblis və..." tamaşasının premyerasını Sankt-Peterburqun Aleksandrinski Teatrında keçirdi.

Əlbəttə, soyuq ağılla, iti məntiqlə düşünə bilən intellekt sahibləri, təfəkkür adamları üçün təkrarsız faktdır.

Ki, Azərbaycanın sənət tarixində İmperator teatrının səhnəsində meydan oxumaq, tamaşa oynamaq, alqış eşitmək, çiçək almaq, ürəkdolusu sevinmək, kövrəlmək, qürur yaşamaq, təzim etmək... heç vaxt olmayıb, heç vədə görünməyib.

Və əlbəttə, bu gözəl yurdun sevinə bilən bütün ləyaqətli adamları, könül gəzdirən, ürək daşıyan xoşməramlı soydaşları üçün həmişə gözəl xatırlanacaq yaddaş yeridir.

***

Hər şey ondan başladı ki, Azərbaycanın Rusiyadakı səfirliyindən məktub gəldi: "Aleksandrinski Teatrı sizi əməkdaşlığa dəvət edir". Teatr proseslərini bilən, texniki-təşkilati məsələlərdən başı çıxanlar yaxşı bilir: 270 illik tarixi olan, yaradıcılığı, imkanları ilə ən böyük Avropa teatrlarına meydan oxuyan bu İmperator teatrı ilə - Rusiyanın ən qədim milli teatrı ilə "eyni çəki dərəcəsində" meydana çıxmaq, döyüşmək, baş-başa gəlmək üçün yüz ölçüb bir biçmək lazım idi.

Teatrın saytında belə yazılıb: "Rus dramatik klassiklərinin demək olar ki, bütün əsərlərinin premyeraları məhz burada baş tutub".

İmperiya mədəniyyətinin bir parçası olan bu teatra "hə" demək cəngavərlə döyüşməyə bənzəyirdi. Bunları ona görə əminliklə və ürəklə deyirəm ki, prosesdə mən də var idim. Milli Teatrın direktoru İlham Əsgərov teatr təcrübəsinə, zəhmət və inamına söykəndi: "Bu, hamımız üçün böyük imtahandır. Əl-ələ tutub, çiyin-çiyinə dayanıb, bunu bacaracağıq".

Əlbəttə, bu təcrübənin, bu zəhmət və inamın güvəndiyi, üz tutduğu ən böyük ünvan Azərbaycan dövləti idi! Azərbaycan dövlətinin mədəniyyət siyasətinin yol xəritəsi olan, strategiyasını müəyyən edən Mədəniyyət Nazirliyi idi! Bizə inanan hər kəsə təşəkkür borcumuzu uzağa qoymadan, sonraya saxlamadan elə bu yazıda ifadə edirik.

***

Hər şey həm də ondan başladı ki, Cavid əfəndinin gözlərini əbədi yumduğu o uzaq və yaxın ölkədə - Neva çayının sahilində bütün həqiqətlər "İblis"in dilindən deyiləcəkdi. Nə gözəl fürsət, nə mübarək zaman. Ki, Mehriban Ələkbərzadə heyranı olduğu, könlünə əfəndi və məhvər seçdiyi o məhəbbət əsilzadəsinə - Hüseyn Cavidə vəfa borcunu ödəyəcəkdi. Bəlkə, buna borc deməyək, hə? Deyək ki, o işıqlı xatirənin təzimində yenə müntəzir dayanacaqdı.

"Niyə məhz Cavidin əsərini seçdik?! Cavid Sibirə məhkum kimi getmişdi. Sonra Vətənə cənazəsi gəldi. Biz Cavidi Azərbaycanın nur, işıq, zəki insanı və söz adamı kimi aparırıq. Mənim üçün ən vacib məsələ budur. Aktyorlara da demişəm ki, siz təkcə sənət nümayişi üçün yox, həm də bir vətəndaş olaraq Azərbaycan teatrının tanıtımı üçün burdasınız. Siz necə tanıdacaqsınızsa, yaddaşlarda elə də qalacaq". Bu, Mehriban Ələkbərzadənin sözləridir.

Və biz yolda düşürük. Həyəcan varmı, var. Narahatlıq, nigaranlıq varmı, o da var. Səhnə hazırdır, məşqlər bitib. Aktyorlar qrim olunub, kulisdə kimsə dilinin altında, pıçıltı ilə dua oxuyur: "Ya əziz Allah, bizə kömək ol". Yenə kulisdən səs eşidilir. Amma bu dəfə dua deyil, pıçıltı deyil, sözlərini təkrar edən aktyor - İblisin üsyanıdır:

Bən tərk edərim sizləri əl'an

Nəmə lazim!

Hiçdən gələrək, hiçliyə olmaqdayım azim.

***

3 sentyabr, saat 18:30. Aleksandrinski Teatrının qapıları Peterburq tamaşaçılarının üzünə açılır. İlham Əsgərovla teatrın qarşısındayıq. Gördüyümüz mənzərəyə ancaq sevinmək olar: növbədir. Peterburq tamaşaçıları əsgəri nizam-intizamla, üzdə təbəssüm, gözlərdə maraq və sevgi qapıya yaxınlaşırlar. Elə bu vaxt... hə, elə bu vaxt, sanki qeybdən səs eşidilir:

- Salam, xoş gördük, necəsiniz?

Əlində gül dəstəsi olan bir qız qarşımızda gülümsəyir.

- Mən tələbəyəm. Adım Nuraydır. Nuray Əlizadə. Mədəniyyət və İncəsənət Universitetində dram və kino aktyorluğunu oxuyuram. Sizin tamaşaya baxmaq üçün Bakıdan gəlmişəm. O qədər sevinirəm ki... Rus dilini də bilmirəm, çox çətinliklə gəldim. Amma istədim premyerada olum, tamaşaya məhz burda baxım - Aleksandrinski Teatrında.

Heyrət, ey büt! Bu nə vəfa, bu nə eşqdir? Hə, Nuray elə belə də danışırdı - birnəfəsə, dayanmadan.

- Nuray, indi sənə bilet təşkil edərik.

- Yox-yox. Baxın, bileti onlayn almışam. Birinci sıradan.

Təkcə biz həyəcanlı deyilik, bizi deyib gələn bu böyük şəhərin tamaşaçıları da həyəcanlıdır. Amma soydaş həyəcanı, yurddaş sevinci bir başqadır. Yer-yerdən Peterburqda yaşayan azərbaycanlıların səsi eşidilir:

- Bilirsiniz, necə böyük hadisədir? Nə yaxşı gəlmisiniz, nə yaxşı sizi burda görürük. Yenə gəlin, tez-tez gəlin.

Ürək necə dağa dönməsin?!

***

Yenə təkrar edək: "İblis" Mehriban Ələkbərzadənin Hüseyn Cavidə təkcə vəfa borcu deyil, həm də o işıqlı xatirənin təzimində müntəzir duruşudur. Amma həm də cavab tapmaq istədiyi sualları, tərəddüdü, dialoqa girmək cəhdidir. Kiminlə dialoq?! Təkcə Cavid əfəndi iləmi?! Əl-əlbət, yox. Bəlkə Allahın özü ilə dialoqa girmək istəyir? Allaha ünvanladığı sualları, almaq istədiyi cavablarıdır?

Diqqət edək: "Əsərin dekonstruksiyasında əsas hədəf İblis, Allah və insan substansiyaları arasındakı konflikt fazasında həll olunur".

Və diqqətli tamaşaçı görəcək ki, rejissor sənətin fövqəlgücünə, dayandığı ali mərtəbəyə arxalanıb İblisin özünüifadəsinə də meydan verir. Bu, rejissor-müəllifin Allaha üsyanı, etirazı deyil; bu, öz "haqqını (?) sübut (?) etmək istəyən asi mələyin söz haqqını tanımaqdır.

Final. Səhnədə güzgü. Gur işıq tamaşaçıların arasında gəzir. Biz özümüzü həmin güzgüdə görürük. Elə mən də özümü görürəm. Rejissor Mehriban Ələkbərzadə, rəssam İlham Elxanoğlu, bəstəkar Azər Hacıəsgərlinin musiqisi altında bu gur işıq, bu güzgü ilə insanın - mənim, sənin, onun - hamımızın içində gizlənən iblisi onun özünə göstərir.

Tamaşa bitir. Aktyorlar və yaradıcı heyət təzimə gəlir. Alqış səsindən qulaq tutulur. Tamaşaçılar aktyorları səhnədən buraxmırlar. Bir dəfə təzim, üç dəfə, beş dəfə... Və bu lütf, bu sevgi üçün aktyorlar onlara verilən gülləri tamaşaçılara atırlar. Zalın coşqusu bu dəfə daha da alovlanır.

Tamaşadan dərhal sonra feysbukda yazdığım cümlələri təkrar olaraq bura köçürürəm:

"Sevinmək lazımdır. Hər cür pafos və mübaliğədən uzaq deyirəm: Azərbaycan mədəniyyəti, Azərbaycan teatrı adına sevinmək lazımdır.

Bura Sankt-Peterburqdur. Aleksandrinski Teatrı. Adına İmperator teatrı deyirlər. Rusiyanın milli sərvətidir. Bu zal, bu səhnə çox böyük sənətkarlar görüb. Dünən əsl Azərbaycan gecəsi oldu. Təkcə premyera olmadı, həm də bayram və təntənə oldu. Bu sevgi, bu alqış, bu böyük eşq Azərbaycan teatrı üçündür. Tamaşadan sonra neçə adam yaxınlaşdı: yenə gəlin, sizi gözləyəcəyik".

***

...Çox keçmir ki, xəbər gəlir: Aleksandrinski Teatrının prezidenti, Rusiyanın böyük rejissoru, çağdaş dünya teatrının nəhəng imzalarından olan Valeri Fokin bizimlə görüşmək istəyir.

Valeri Vladimiroviç hər birimizin əlini sıxır, təşəkkür edir, tamaşanı yüksək qiymətləndirir. Deyir ki, bu tamaşadan, bu quruluşdan sonra qadın rejissurasına münasibətim, baxışım dəyişdi.

Deyir ki, siz təkcə səhnənin mərkəzinə yox, səhnənin hər künc-bucağına da hakim idiniz.

Deyir ki, bu çətin və qədim mövzuya hakim olub, onu sənətin dilinə çevirmək böyük məharət və cəsarətdir.

***

4 sentyabr, 2024-cü il. Peterburqda axşam düşüb. Hava xoşdur, mülayimdir. Deyirlər ki, sentyabrda Peterburqda belə hava ələ düşməz. Küçə lampalarının işığında yarpaqlar titrəşir. Biz hotelə qayıtmaq üçün teatrın qarşısında maşın gözləyirik. Mehriban Ələkbərzadə Peterburqun o axşam vaxtında, o xoş havada, o küçə lampalarının işığında dərindən nəfəs alıb belə deyir:

- Niyyət təmiz olanda, Cavidin pak ruhu insana kömək olur.

Artıq nəsə yazmaq istəmirəm. Yazını elə bu cümlə ilə bitirmək olar.

Çünki Cavidin pak ruhu həmişə bizimlədir.

Və həmişə inanacağam: Cavidin pak və mübarək ruhu həmişə bizimlə olacaq!

Sankt-Peterburq-Bakı

# 458 dəfə oxunub

Oxşar xəbərlər

"Mən bazar yazarı deyiləm!" - Həmid Herisçinin sərgi haqqında müsahibəsi

"Mən bazar yazarı deyiləm!" - Həmid Herisçinin sərgi haqqında müsahibəsi

12:00 10 oktyabr 2024
Yolun yarısı keçildi! - 10 möhtəşəm cild haqqında

Yolun yarısı keçildi! - 10 möhtəşəm cild haqqında

17:00 9 oktyabr 2024
Hamiləliyin elanı, uşağın cinsiyyətinin bilinmə partisi - Təzə "adətlər"imiz

Hamiləliyin elanı, uşağın cinsiyyətinin bilinmə partisi - Təzə "adətlər"imiz

12:00 9 oktyabr 2024
Xəyanət edib bədəninin "sirrlərini" öyrənən qadın

Xəyanət edib bədəninin "sirrlərini" öyrənən qadın

12:00 7 oktyabr 2024
Azərbaycanlılar kitabdan başqa hər şeyə pul tapırlar

Azərbaycanlılar kitabdan başqa hər şeyə pul tapırlar

15:00 4 oktyabr 2024
Küknarlara və balıqlara məktub yazan yazıçı - Duman içində yaşayan adam

Küknarlara və balıqlara məktub yazan yazıçı - Duman içində yaşayan adam

09:00 2 oktyabr 2024
# # #