"Bu hekayəni söküb, yenidən yığmaq lazımdır..." - Müzakirə

"Bu hekayəni söküb, yenidən yığmaq lazımdır..." - Müzakirə
23 oktyabr 2024
# 09:00

Kulis.az "Hekayə müzakirəsi" layihəsində Anar Şamilin "Günəşin qaranlıq tərəfi" hekayəsi haqqında ədəbiyyatçıların fikirlərini təqdim edir.

Elnarə Qaragözova

"Anar Şamilin "Günəşin qaranlıq tərəfi" hekayəsinin dili, üslubu klassik nəsr ənənələrinə sadiqlikdən xəbər verir. Lakin bir qədər təfərrüata varmağa meyllik hiss olunur. Sanki yazıçı özünü oxucuya hər şeyi ətraflı çatdırmaqda məsul hiss edir, işarə, eyham yeri qoymur. "Günəşin qaranlıq tərəfi"nin qəhrəmanı sanki lənətə gəlmiş bir obrazdır. Yazıçı obrazı hər tərəfli çıxışsız, bədbəxt bir həyata məhkum edib. Əlillik, yetimlik, əmi namərdliyi, uşaq evi, bacı itkisi, təcavüz, qatillik, sevdiyi qadının - "günəş"in ruhsuz gecə qadını olması kimi" ağır" yüklərin altında qalan Rəsul üçün işıq ucu görünmür. Bircə hekayənin sonundakı göz yaşları onun bütün bunlardan sonra insan kimi qalmaq şansına ümid yaradır. Müasir ədəbiyyatımızda Rəsul kimi bu qədər ağır yükü eyni anda daşıyan və bətnində katarsis ehtimalı yaşadan bir obraza nadirən rast gəlinir. Rəsul obrazını bu baxımdan müəllifin tapıntısı və uğuru hesab edirəm..."

Narıngül Nadir:

"Günəşin qaranlıq tərəfi” hekayəsi Anar Şamilin yaradıcılığından oxuduğum ilk nəsr nümunəsidir. Bu başdan qeyd edim ki, hekayəni bəyənmədim. Hadisələr qurama təsiri bağışlayr, ötəri nəql edilir və tələskənliklə üstündən ötülüb keçilir. Sanki kiminsə xatirə dəftərini vərəqləyirsən. Müəllif hadisələri ard-arda düzərək mətni istədiyi istiqamətə zorla dartıb uzatmaq istəyir. Hekayədəki uzunçuluq adamı yorur. Təhkiyədə naşılıq hiss olunur. Tez-tez “Rəsul” sözünün işlədilməsi ənənəvi nağılçılıq təhkiyəsi yaradır. Düşünürəm ki, bu obraz birinci şəxsin təkində verilsə, daha məqsədəuyğun olardı.

Doğrudur, mətn hadisələrlə zəngindir, bəlkə də, uğurlu serial ssenarisi kimi istifadə oluna bilər, amma bədiilikdən uzaqdır. Hekayədə kifayət qədər “xammal” var, təəssüf ki, bədiiləşdirilərək işlənə bilməyib. Müəllif cəhd etdiyi nəsr estetikasını yarada bilməyib. Hekayənin yeganə müsbət tərəfi də budur ki, ən azından mətn boyunca bu cəhd hiss olunur. Yəni müəllifin yazıçı üçün vacib olan iddiası var. Uğurlar arzulayıram".

Vüsal Bağırlı

"Bəyənmədim. Müəllifin müəyyən təxəyyülü var. Öz üzərində işləsə, bəlkə də, nəsə yaza bilər. Amma bacarığından çox naşı istifadə edir. Mətndə bir-birinə uyuşmayan, anlaşılmaz qalan absazlar var. Lazımsız yerə uzadılmış hissələr var. Qəhrəman psixi problemləri olan insandır. Hekayə bütövlükdə pis oxunmur, əslində, yəni çətin mənimsənilən mətn deyil. Amma oxuyub bitirdikdən sonra özünə sual verirsən ki, mən axı nə oxudum?"

Fəridə

"Hekayədə ciddi redaktə problemləri var. Bəzi yerlərdə rabitə məni inandıra bilmədi, məsələn, Nurayın ona yaxınlaşması. Ümumiyyətlə, bu hekayəni "söküb, yenidən yığmaq" lazımdır. Hiss olunur ki, müəllifin mütaliəsi zəifdir, yazarkən keçirdiyi hiss-həyəcan hekayəni oxuyanda mənə sirayət etdi. Təngnəfəs oldum.
Bədiiləşdirə bilməyib, amma ruhu olan hekayədir. Müəllifdən oxuduğum ilk mətndir. Uğurlar..."

# 188 dəfə oxunub

Oxşar xəbərlər

Bəlkə, ədəbiyyatı ləğv edək?

Bəlkə, ədəbiyyatı ləğv edək?

16:00 21 oktyabr 2024
Çar onun arvadının şəklini niyə cibində gəzdirirdi? – Puşkini öldürən xəyanət

Çar onun arvadının şəklini niyə cibində gəzdirirdi? – Puşkini öldürən xəyanət

15:00 19 oktyabr 2024
Əri ona görə dinini dəyişdi, səhnədə dirijoru söydü – Xalq artistinin film kimi həyatı

Əri ona görə dinini dəyişdi, səhnədə dirijoru söydü – Xalq artistinin film kimi həyatı

13:32 19 oktyabr 2024
Yazıçının yazı tərzi dəyişmirsə... - Cavanşir Yusifli

Yazıçının yazı tərzi dəyişmirsə... - Cavanşir Yusifli

09:00 19 oktyabr 2024
Musiqili Teatr noyabr repertuarını açıqlayıb

Musiqili Teatr noyabr repertuarını açıqlayıb

09:23 18 oktyabr 2024
Fransız yazıçı "Koroğlu" dastanını öz adıyla çap etdirmişdi... - ARAŞDIRMA

Fransız yazıçı "Koroğlu" dastanını öz adıyla çap etdirmişdi... - ARAŞDIRMA

09:00 17 oktyabr 2024
# # #