Vaqif Nəsibdən yeni hekayə: Doğmalıqdan dönüş

Vaqif Nəsibdən yeni hekayə: Doğmalıqdan dönüş
23 mart 2021
# 10:00

Kulis.az “Hekayə günü” tanınmış yazıçı Vaqif Nəsibin “Doğmalıqdan boğmalı dönüş” hekayəsini təqdim edir.

İllər öncəsi Ceyrançöldən on yaşlı bir uşaq qürbətinə köçürülmüşdü – İsmayıl Məcid oğlu Qəhrəmanzadə. Ceyrançöl həmin zaman müharibədən sonrakı günlərini yaşayırdı. Onun neçə-neçə ailə başçısının papağı boş qalmışdı. Ciyərparalarını ortalıqda qoyası olmuşdular. Həmin yeniyetmə əvvəl-əvvəl millətinin, ondan sonra nəsil-nəcabətinin nişanəsi doğma adı və soyadından ayrılmışdı. Onları həmin payızın köçəri quşlarının yuvası kimi boş qoymuşdu. Maşınla, qatarla qürbətinə çatana kimi gözü arxasında qalmışdı. Və həmin vəziyyətində həmin ilin payızını gözlərinə doldura bilmişdi. Yəni, həmin son baharın navalçalarının ayrılıq ağlaşmasını, durnalarının vida qatarlaşmasını təkcə özü görə və eşidə bilmişdi.

On yaşlı İsmayıl Məcid oğlu Qəhrəmanzadə əslində bir nəslinin xərabələrini tərk eləmişdi. Zaman özü həmin nəslə öz divanını tutub, meydanlarını boş qoymuşdu. Əvvəl-əvvəl atası Məcidə əsgər paltarı geyindirib gedər-gəlməzinə göndərmişdi. Ondan Ceyrançöldən və ailəsindən uzaqlarda qızıl ulduzlu bir məzar dikəlmişdi. Həmin dikəlişlə də, həmin ulduz altda sığınmış ailəsinin, ocağının hənirini, ziyasını itirmişdi. Yəni, yurdda qalmış bir ailəni dikəldə, yolunu işıqlandıra bilməmişdi.

Tifiliylə dam altda qalmış anasını nə atasının divarlarındakı yaxası şpallı əsgər şəkli, nə də papağındakı (hökumətlərinin rəmzi) ulduz dadına çatmamışdı.

Sərt gəlmiş bir ilin şaxtası Zeynəb müəlliməni qara qızdırmaya salmışdı. Tifil balasının, şəkil atasının (papağındakı ulduzun) gözü önündə bir soyuqluğun qızdırması dodaqlarını titrədib, dişlərini şaqqıldatmışdı.

Sərt gəlmiş həmin ilin şaxtası hesabı təklənmiş ana özünü və ana gözünü söndürmüşdü, ulduz papaqlı əri sonrası Zeynəb müəllimə. Qara qızdırmadan bir dəri, bir sümüyə dönmüş, ulduzu sönmüş abır-həya sahibindən də Ceyrançöl məzarlığında üstü torpaqlı ulduzsuz bir məzar qalmışdı.

Quşbaz Sarif bacısı öləndən sonra bir müddət özünü də, göyərçinlərini də quş damında dustaq eləmişdi. Bir adam balası kimi dünyaya küt gəldiyinə görə yanıb-yaxılmışdı (Sarif şikəst doğulduğundan, yəni əli-ayağı inkişaf eləmədiyindən, beşikdən onu boyda arabaya köçməli olmuşdu). İlk dəfə özünün diri bacısının ölü qara gününün görə özü boyda kösövünə dönmüşdü. Ağ göyərçinlərini uçurmaqdan əl çəkmək istəmişdi. Dilinə gətirməkdən qorxa-qorxa Allahın üzünə ağ olmaq istəmişdi.

İsmayılın arxasında bir də dayılıqdan taleyinin məhrum etdiyi dayısı Sarif qalmışdı. Onu qürbətinə doğmalığını, yadlığını bilmədiyi üç nəfər uğurlamışdı (buna uğurlamışdı demək olardısa). Bir Ceyrançöl yetimxanasının müdiri Hacı müəllim, bir oranın aşpazı Sayalı arvad, bir də kommunal təsərrüfat şöbəsinin rəhbəri Vağo kişi. Hər üçünün də bu uğursuzda, uğurlamada mənfəəti olmuşdu. İsmayıl heç nədən xəbər tutmamışdı. Hər üçünün də gözünü qırıb, İsmayılın qürbət uçuşunu perikləndirən bir köpəkoğlu olmuşdu. Ceyrançölün təhlükəsizlik idarəsinin müdiri Avak Avakumyan. Onları növbə ilə otağına çağırıb, əvvəl pəncərəsindən Şəkərin qalasını göstərmişdi. Sonra da günahlarını duz yükü kimi bellərinə şələləmişdi:

- Sən Hacı müəllimin elə bilirsən mülkədar nəvəsi olduğundan xəbərsizik. Dədəni Şuranın güllələdiyini gizlədib, Ceyrançölün baş yetimi kimi yetimxana xozeyni olmusan.

... - Sən Sayalının yetimlərin boğazından kəsdiklərinlə balalarını saxladığın bir yana, bazarda pesox, yağ satdırdığından da xəbərdarıq. Tumanını başına çəkib, nə hay-haraydı salmısan? Yetimi özün o rus ər-arvada göstərməmisənmi?

... - Ermənim olmağına baxmaram. Bu dəfə gülləni o biri ayağına yox, başına tuşladaram. Mərkəzə bildirərəm ki, baban Xançallı Asatur Andronikin əsgərlərindən olub, özün də ayağını cəbhədə yox, Uzuntalada qaçaqlıq zamanında itirmisən.

Onların hər üçü bu işin arxasında Ceyrançöl əhlinin, içi birinci katib, hamısının tük saldığı bir adam durduğundan xəbərsiz olmuşdu. Tanıyıb-bilmədikləri bir rus zabitinin İsmayılı oğulluğa götürüb buralardan aparmasına ayaq dirəmişdilər (Hacı müəllimlə Sayalı arvad ayağının hər ikisini, Vağo kişi birini).

Hacı müəllim Fedya adlı həmin zabitin beşaçılanını “ovlamaq” fikrinə düşmüşdü. Onu “silahsızlaşdırıb” İsmayılı cüyür balası kimi şikar verməyə hazırlaşırdı.

Sayalı arvad həyətlərində kirayədə qalan ailənin ev əşyalarına əl qoymaq, Fedyanın arvadı Olya onları ora köçəcək başqa zabitin ailəsinə saxlamaq istəyirdi. Fedya ilə Olya İsmayılı Sayalı arvadın səbəbinə görüb, bəyənmişdi. (Uşaqların boğazından kəsdiklərini son günlər həmin tifilə daşıtdırırdı).

Vağo kişi İsmayılın tez-tələsik buralardan getməsini istəmirdi. Onların evini Sarifin əlindən çıxarıb, kommunal təsərrüfat şöbəsinə keçirməyə, sonra da Ağası adlı bir Uzuntala ermənisinə satmağa hazırlaşırdı. Arabasını milisə sürüb, davasını sürdürmək istəyən Sarifə təpinmişdi də:

- Elə eləmə quş damını uçurdub, özünü də dəlixanaya köçürdəm, şaş köpəkoğlu...

Hər üçü həm nəmərlərini deyil, həm də dil gödəkliyini almış, bir ətcəbalanı yuvasından uçurub qan-qarğış sahibləri kimi qalmışdı.

Bir tək, həmin günlər arabasına və Ceyrançölə sığışa bilməyən Sarifdən savayı. Həmin ayrılıq zamanı Sarif bacıoğlusunun gözünə görünmək istəməmişdi. Çünki o gözlərə baxsa (baxa bilsə) kəm-kəsirli bir ömrü həmişəlik xəcalət cəzasına da məhkum edəcəyini anlamışdı. Belə bir vida ağırlığından yüngülləşmək üçün əvvəl arabasını uşaqlar çimişdiyi çay kənarına sürmüşdü, axıtmaq istəmişdi... Ahını, amanını dağlara, daşlara quş tükü kimi səpələmək üçün göyərçinlərindən bir-ikisini Ceyrançöl səmasına pərvazlandırmışdı.

Ceyrançöldən ayrılarkən on yaşlı qolsuz, qanadsız bala Ceyrançöl səmasına da boylanmışdı. Orda qanad çalan göyərçinləri görüb, dayısını gözü önünə gətirmişdi. Ürəyindən bir sazağı son məktuba döndərib, həmin quşların birinin dimdiyinə yetirmək istəmişdi: səndən bir umu-küsüm yoxdur, arabasına zəncirlənmiş dayım. Bilirəm ki, canın, başın sağ olsaydı, məni incidənlərin yolunu bağlardın...

İsmayıl üçün arxasında, - Ceyrançöl səmasında bir də dayısının göyərçinləri qalmışdı...

***

İllər sonrası Ceyrançölə otuz yaşlı, ucaboy, yaraşıqlı, həyatın bərkindən, boşundan çıxmış bir bəndə təşrif gətirirdi. Və içində sərnişini olduğu sürət qatarını özünün sehrli bir aləti hesab edirdi. Həmin qatarla o illərlə arasını kəsmiş qürbətini, həsrətlər həsrətini yarırdı. Həmin adam həmin səfərini otuz illik ömrünün ən böyük zəfəri hesab etməyə hazırlaşırdı. Çünki o, həmin qatardan on yaşının içinə düşəcəkdi. Yarımçıq qoyulmuş yollarının üstə düşüb, xatirindən silinməyən izlərə, üzlərə doğru üz tutacaqdı. Doğma çöllərin ətrini, havasını canına çəkməyə, üzünə səpməyə, doğma ellərin səsini, avazını dilinə, gözünə təpməyə başlayacaqdı. On yaşar qulan kimi çapacaq, çapacaq, məzarlarda da olsa, zatını, pakını tapacaqdı. Gec də olsa əslinin-nəslinin kökü üstə bitməyə çalışacaqdı. Onsuz da on yaşından sonrakı ömründə öz çanağından çıxıb, başqasını bitirəsi olmamışdı. Ceyrançölündəki az yaşlı ömrünün ilıq xatirələri, doğmalarının ruhu həmin illərdə dadına, imdadına çatmışdı. O, mehmanxana inzibatçısına təqdim etdiyi sənəddəki adam deyildi. Ondan oralarda qürbət ömrünün buraxılış vəsiqəsi kimi istifadə eləmişdi.

Açarları alıb otağına gedən zaman hər şeydən xəbərsiz mehmanxana inzibatçısı da həmin həqiqətini təsdiq eləmişdi. Onun pasportunu xadimələrə göstərib söyləmişdi:

- Bir baxın, kim deyər bu Volkov İlya Vladimiroviçdi, siz, sizin allahınız. Sənədinə baxmasanız buralar adamına, bazarın çek paylayanı Şadətə, lap doxdur Astana oxşadarsınız.

İnzibatçı hardan biləydi on yaşından doğma Ceyrançölündən quşbaz Sarifin bəxti qara bacısı Zeynəbin oğlunu buralardan quş balası kimi uçurublar. Amma yuvasını soyuda bilməyiblər. Onu axtarıb tapmağa, içinə sığınmağa qayıdıb.

Yolunu ilkin dayısının yanına salmağı qərarlaşdırdı. Sarifin quş damını, ətrafındakı qatara düzülmüş birmərtəbəli evlərlə bərabər uçurmuşdular. Ceyrançölün kərpic evlərinin çoxu öz “səfinə” düzülüb gedər-gəlməzinə göndərilmişdi. Yerlərində çoxmərtəbəli binalar tikilmişdi. Mənzillər Ceyrançöl əhlinin quş yuvalarına çevrilmişdi. Balaca həyət-bacalar Ceyrançölü şəhərləşdirmək istəyən “böyüklər” tərəfdən həyət-baca istəklilərə çox görülmüşdü (ayaqlar torpaqdan mərtəbələr sayı uzaqlaşdırılmışdı). Elə ona görə də yerdə dayısının quş damını, göydə onun göyərçinlərini görə bilmədi.

Anasının ölümünü İsmayıla bildirməmişdilər. Xəstəxanaya qoyduqlarını söyləmişdilər. Anası gələnə kimi uşaq evində qalacağı ilə aldatmışdılar. Dayısı vasitəsiylə anasının qəbriylə görüşə bilərdi. Yəqin, atasının hərbi geyimdəki ulduz papaqlı şəklini də onun vasitəsiylə ələ keçirərdi.
İsmayılın yadında qürbət ömründə bircə öz adı qalmışdı. Dayısı ata adını, soyadını ona qaytarar, sevincini ağ göyərçinlərə döndərər, qayıdışının atəşfəşanlığına çevirərdi. İlk arzusu beşmərtəbəli binanın daşlarına dəymişdi. Həmin bina Ceyrançöl səmasına quş uçuran bir komanın nəhəng məzar daşına çevrilmişdi...

Binanın qonşuluğundakı, döşünə Lenin heykəli taxmış bağın çayxanasında nəfəsini dərmək istədi. Çayxana əhlinə özünün göz və qulaq səyahətini başlatdı. Onlardan quşbaz Sarifi tanıya biləcək adama quşunu qondurmaq istədi.

Qonşu stol arxasında oturanların səsi çayxananı başına götürmüşdü. Restoranın çıxdıqları özlərindən və sözlərindən gələn araq qoxusundan bəlli olurdu.

- Ənnağı, qonşun Baxşəli dururmu? Yenə yediyini, içdiyini burnundan gətirmək istəyirmi?
Araq keyfi sonrası dostların söz məzələri başlayırdı, Ənnağı deyilənin ağzını açdırmaq istəyirdilər.

- Ceyrançölün Baxşəlisinin də, erməni Vağosnun da, Gülməşəkərinin də dünyaya gəlməklərinin də, getməklərinin də peçatı vurulub. Bilmirəm, özləri niyə qalıb, əvvəl cındır Ceyrançölə, sonra da cındırlaşan dünyamıza ağırlıqlarını salırlar.

Ənnağını məzəyə çəkən bu dəfə başqasını oyununa qoşurdu.

- Xalid müəllim riyaziyyatçıdı, bu işlərin hesabını o verə bilər.

Xalid deyilən adam da ətrafdakıların qulaq kəsildiyinə görə, elminə zərər gətirmək istəmirdi.

- Dünya özünün tarazlığını ölənləri, yerinə gələnləri ilə saxlayır. Baxşəlilər, o biri dedikləriniz də yəqin bunu bilir. Hər üçü keçmiş erməni “enkevede” dığasının əliylə neçəsinin başını yeyib. Özləri yaşasınlar deyə, onları pərsəngə çeviriblər.

Yaxşı ki, İsmayılın qulağı dayısının da adını çalası oldu.

- Bircə Vağonun qurbanları arasında o quşbaz Sarifə yazığım gəlir. Onun nə ağırlığı var idi ki, arabasıyla bərabər Oğuztayfa çayında axıtdı...

Söhbətin bu yerində milisdən qovulmuş dostları könüllü şəkildə mətləbə qoşuldu.

- O köpəyoğlu Sarifi ağırlığına görə yox, bacısının mülkünə görə qara uğurluğuna yolladı. Həmən pulla bizim rəisin də ağzını poxladı (son kəlməsiylə onu qovmuş rəisdən acığını çıxırdı).
Bax beləcə, İsmayılın dayısı tərəfdən ümidi axıb getdi...

Səhərisi yetimxanaya üz tutdu. Məzarı Oğuztayfa çayı olmuş quşbaz dayısından əlini üzmüşdü. (Zamanın o zamankı ləpələri dayısı Sarifi də, bildiklərini də axıtmışdı). İlk baxışdan quşu qonmamış Hacı müəllimdən də çox şey öyrənə bilərdi.

Tuf daşından tikilmiş oxuduğu məktəb yadında idi. Onun tinindən başlayan küçənin sağ tərəfində yetimxanaları yerləşirdi. Həmin tikilinin də kərpiclərini zaman hövsələsizlik eləyib gündə bir-bir yox, birdən-birə salmışdı. (Cındır Ceyrançölü şəhərə çevirmək istəyənlər onun yerində də beşmərtəbəli ev ucaltmışdılar).

Üçüncü ümid yeri Sayalı arvad idi. Onun mənzilini asanlıqla tapa bildi (yetimlərin boğazından kəsdiklərini xeyli müddət İsmayıla daşıtmışdı). Amma özünü tapa bilmədi. Arvadın evinə yerləşmiş, malına-mülkünə sahib olmuş milis işçisi arxasınca arvadın son “ünvanını” söyləmişdi:

- Onu Ceyrançöl qəbiristanlığında, oğlunun böyründə axtar.

Əli hər yandan üzüldü.

Məzarlarının yerini bilmədiyi doğmalarına yas saxlamaq istədi. Həm də “atası” Fedya, “anası” Olyanınkı kimi. (Onların yasına gələnlər ölülərin də, özlərinin də ruhunu araqla, şərabla canlandırmağa çalışmışdı.)

Özünü Ceyrançölün ən göylə gedən restoranına verdi. Uca bir dağın kəlləsində bu yerlərin bir zamanlar qeyrət papağına dönmüş Dideban qalasının qonşuluğunda köç salmışdı həmin meyxanə. Əvvəl-əvvəl həmin ucalıqdan on yaşından ayrıldığı qəsəbəyə və yetim ömrünə boylandı. Uzaqdan Ceyrançöl gözlərində bir zamanlar doğma məskəni olmuş şəhərin qəbiristanlığına bənzəyirdi. Görünür, cərgəyə düzülmüş kərpic evlərin yerində beşmərtəbəli binalar ucaldanlar, onların həmin evlərin baş daşını andırdığından xəbər tutmamışdı. Qala qonşuluğundakı restoranla da ölənlərin ruhuna xristian yası verdiklərindən. Və həmin restoranda Ceyrançölün xristian edilmiş bir yetimi də özünə yas saxlamalı oldu.

Xörəkpaylayana doğma dildə sifariş verməkdən vaz keçdi. Halbuki, qabaqcadan yaddaşını işə salıb, sözlərini bütövləmişdi.

Aşıqla, balabançı yeni müştərini marıtlamışdı. Xörəkpaylayan onların iştahasına soğan doğrayası oldu:

- Urusca qırıldatdı, yəqin İcevan dığalarındandı. Başınıza çətin onluq yapışdıra.

Amma aşıq balabançısına söyləyəsi oldu:

- Suyu şirin gəlir, bu şəkildə çətin dığa ola, gedək böyründə havacatımızı çalaq, əlini cibinə salar, gül vurarıq, salmaz peşkəş eyləyib yan durarıq.

Nə yaxşı son gün İsmayıl Ceyrançöldən heç olmazsa doğma dildə yoğrulub, yapılmış nəğmə payını aldı. Onların avazı yaddaşına, qəlife şalvarda, buxara papaqda gözlərinə həkk ola, çəkilə bildi. Həm də, elə bil, oğlanın qəribdən qərib görkəmi saz və balaban əhlini ürəkdən çalıb-oxutmağa başlatdı. Böyründə süzə-süzə özlərindən xəbərsiz vətən yetiminin tale havacatını oxudular.

Zalımdan öc alan hər divanı var,
Gec olan, güc olan nər divanı var,
Dərgaha ucalan nərdivanı var, -
Yetimin qisası yerdə qalmayır...

İsmayılın əli cibinə gedəsi olmadı. Çünki həmin mənzərə, avaz onu özü boyda kövrək yaz buluduna çevirmişdi.

Aşıqla balabançı yerinə qayıtdı. Amma haqlarını tərləri soyumamışdan ala bilmədiklərinə peşman deyildilər. Bir qəribi bir az yüngülləşdirə bildiklərini ikisi də hiss eləyib, yüngülləşmişdi.
Xörəkpaylayan irişə-irişə yanıq verdi:

- Özünüzü bir dığa böyründə həlak elədiniz, qazancınız da üç badam bir qoz oldu...

Amma elə həmin an sözü qarğa qırıltısına çevrildi. Sanki görünməz üç qarğa dimdiyindən başına üç qoz daşıdı.

Özünə gəlmiş İsmayıl qarşısındakı boş nimçəyə bir əllilik qoyub aşığa, balabançıya çatdırdı.

...İsmayıl Ceyrançöldən ayrıldığı zaman son kərə uzaqdan da olsa iki səmtə boylanmışdı. Bir dayısının quş damına, ordan bir zamanlar Ceyrançöl səmasına vida atəşfəşanlığı kimi dayısının ağ göyərçinləri atılmışdı.

Bir də məktəbdə bir partada oturduğu Fəridə adlı qızın eyvanlarına. On yaşında partada qızın yanından buraların el, elat ünvanından yerini boş qoyub Ceyrançölün köç eyləyən durnasına çevrilmişdi.

...İsmayılı Ceyrançöldən onun üç zalımı yola salmışdı.

Hacı müəllim bir rus zabitinin beşaçılanına tamah salıb, bir yetimi elatının övladlığından qürbətinə atəşləmişdi.

Aşığın söylədiyi:

- Zalımın öc alan hər divanı var, - kəlməsini bir beşaçılanın güllələrinin əks-sədası hesab eləmək olardı. Heyf ki, bundan İsmayıl xəbər tutmamışdı və xəbər tutmayacaqdı. Bilməyəcəkdi ki, ovda əlində tüfəngi açılıb özünü namərdliyinin ovuna çevirəcəkdi.

Gec olan, güc olan hər divanı var.

Əynindəki markizet donunda dəvəquşuna bənzəyən Sayalı arvadın həmin kəlmələr də, sanki haqq arşını ilə divanı boynuna biçmişdi. İsmayılı rus ər, arvada o göstərib, mebellərini ələ keçirmək hesabı qurbanlıq quzuya çevirmişdi. Oğlu Fərman nəşəxorlara qoşulub cavan ömrünü tüstü-dumanda qeyb eləmişdi. O da nərildəyə-nərildəyə haqqın sallaqxanasına yollanası olmuşdu.

...Ocaqlarını söndürmüş Vağo kişi sərxoş vaxtı evinin pilləkənlərindən dığırlanıb gəbərmişdi. Onu da haqqın nərdivanından yıxılmış hesab eləmək olardı.

...Səhəri Ceyrançöldən, itirdiyi doğmalıqdan boğmalı şəkildə ayrılası oldu İsmayıl. Bircə qazancı on yaşına qayıdıb ayrıldığı Ceyrançöl məktəbində ana dili dərsi keçməyi oldu. Qaldığı bir neçə gündə dilinin, gözünün, könlünün yetim qoyulduğu bir şirin avazı dilinə, gözünə, könlünə çəkməyə çalışmışdı.

Dilindən iki kəlmə qopdu: anam Zeynəb.
Könlündən bir məktəli qız boylandı: Fəridə...
Gözlərindən iki, üç damla yaş süzüldü. Doğmalığından boğmalı ayrılığının yağışı kimi...
Hər damlanı əzizlərinin görmədiyi məzarlarına əlvidası hesab etmək olardı.
Əlvida, - nakam anamın oğlu üçün məzarı da ölmüş anam...
Əlvida, - balaca arabasında, balaca canıyla, balaca ömrünə çatmış dayım Sarifin balaca qəbri...
Əlvida, - atamdan bir tək nişanə qalmış və şəkil-məzara dönmüş ulduz papaqlı əsgər xatirəsi...

Və nəhayət...

Əlvida, - on yaşına kimi öz soyu ilə yaşamış, Fəridə ilə bir partada oturub, ilk məhəbbətin bənövşə ətrini qoxumuş İsmayıl...
Əlvida, - bir doğmasını itirmiş Ceyrançöllülərim...
Və Ceyrançöl səmasındakı göyərçinlər...

Aşığın oxuduğu kimi, bundan sonra

Birimiz payızıq, birimiz bahar,
Nə siz günahkarsız, nə mən günahkar...

# 2758 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #