Özümdə qəribə hallar müşahidə edirəm – Seymur Baycan yazır...

Özümdə qəribə hallar müşahidə edirəm – Seymur Baycan yazır...
4 aprel 2020
# 11:30

Kulis.az Seymur Baycanın “Dəli olmağın iki vacib şərti” yazısını təqdim edir.

Mənim kabuslarım var, başqalarının da kabuslarından xəbərdaram. Amma bunların kağıza köçürülməsi mütləq deyil. Bildikləriniz kağıza köçürülməsə də, yazdıqlarınızda gizlənir və mütləq özünü büruzə verəcək.

Ernest Heminquey

2018-ci ilin noyabr ayından üzübəri davranışlarımda qəribə hallar müşahidə etməkdəyəm. Heç bir səbəb olmadan qəfildən gülürəm, qulağıma müxtəlif səslər gəlir, öz-özümlə səsli söhbət edirəm, mahnı oxuyuram. Küçədə gəzərkən evin açarlarını itirəcəyimdən qorxuram. Bəzən evdəki əşyalar və qablar formasını dəyişərək gözümə şəxsən tanıdığım, indi yaşayan, eləcə də axirət dünyasına yollanmış adamların sifəti kimi görünür. Ovqatımda da tez-tez dəyişikliklər baş verir. Birdən özümü dəhşət enerjili hiss edirəm, göyün yeddinci qatına qalxıram, təfəkkürüm sürətlənir, hər şeydən həzz alıram, məhsuldarlığım artır, mənə elə gəlir ki, məqsədlərimə, niyyətlərimə asanlıqla çata bilərəm. Birdən isə vücudumu qaramat bürüyür, yerin dibinə girirəm, tamam gücdən düşürəm, barmağımı tərpətməyə belə halım olmur və yazmaq, pozmaq, yaşamaq, ümumiyyətlə hər şey mənasını tamam itirir, buxarlanmaq, yoxa çıxmaq istəyirəm. Belə günlərdə yaddaşım olduqca zəifləyir, nitqimdə rabitəsizlik yaranır, nədən danışmağımı unuduram, həmsöhbətimdən az əvvəl nə barədə, hansı mövzuda danışdığımı soruşmağa utanıram.

Bütün bunlar çox güman başın qaçmağının əlamətləridir və bu əlamətlər məni o qədər də həyəcanlandırmır. Çünki bir insan, bir vətəndaş, ən əsası bir paytaxt sakini kimi heç kəsi narahat etmirəm, cəmiyyətə, ətraf mühitə zərər vurmuram.

Baş söhbətlərindən məlumatsızam. Bu sahədə çox axsayıram. Hələ də psixoloq və psixiatr peşələrinin arasındakı fərqi bilmirəm. Bir neçə dəfə psixoloq və psixiatr peşələrinin arasındakı fərqi özüm üçün dəqiqləşdirmişəm, az müddətdən sonra yenə yadımdan çıxıb. Bununla belə, hal-hazırda özümdə cəsarət taparaq dəlilik haqqında bəzi fikirlərimi yazmaq istəyirəm. Diletantlığıma görə məni bağışlayın, xahiş edirəm mümkün qədər yazdıqlarıma tolerant münasibət göstərin.

Tomas Mann “Sehirli dağ” əsərində dəliliklə nəzəri cəhətdən, kitablarla tanış olan adamların, dəliliyi çox şişirtdiklərini, dəliliyi faciələşdirdiklərini yazır. Yəni, Tomas Mann həm də iddia edir ki, dəlililiyin tam şəkildə nə olduğunu qıraqdan-qırağa öyrənmək mümkün deyil. Dəliliyin həqiqətən nə olduğunu bilmək üçün mütləq bir az da dəli olmalısan. Öz tərəfimdən Tomas Mannın xeyli provakativ görünən bu iddiasına heç bir münasibət bildirməyəcəm. Bu iddiaya münasibət bildirmək mənim işim deyil. Boyumdan artıq hoppana bilmərəm. Tomas Mannı tanımayan, əsərləri ilə tanış olmayan adamlar isə bu iddiaya fikir bildirərkən gərək tələsməsinlər. Onları xəbərdar etmək istəyirəm ki, Tomas Mann elə-belə, yoldan ötən adi adam deyildi, dərin intellektə malik, ağır, böyük miqyaslı adam idi. Çox güclü adamlarla oturub-durur və məktublaşırdı. Gəlin, onun oturub-durduğu, yazışdığı adamlardan birinin adını çəkək, hesabınızı özünüz götürün: Ziqmund Freyd. Necədi? Bu, az oldusa, ikinci adamın da adını çəkə bilərik: Albert Eynşteyn.

Tomas Mannın qardaşı Haynrix Mann da məşhur yazıçı idi. Sadəcə, Tomas Mann Nobel mukafatı aldı, Haynrix Mann ala bilmədi. Ya da belə deyək, Tomas Manna Nobel mükafatı verdilər, Haynrix Manna vermədilər. Söhbət kiminsə Nobel mükafatı almasından, almamasından getmir. Hər şey bir tərəfə Tomas Mann iyirmi altı yaşında (özüm qəsdən hərflərlə yazdım) “Buddenbroklar” kimi dahiyanə əsər yazıb. İyirmi altı yaş… Adam düşünəndə dəhşətə gəlir. Haynrix Mann da öz növbəsində heç də zəif yazıçı sayılmır. Koroğlu dastanına istinad edərək, bu iki qardaşa (ailəyə bax sən allah) belə qiymət verə bilərik. Tomas Mann Qırat, Haynrix Mann isə Düratdır. Yeri gəlmişkən, Haynrix Mannın “Təbəə” əsərini oxusanız pis olmaz. “Təbəə” əsərində yazılanlarla günümüzdə baş verən hadisələr arasında çoxlu faydalı paralellər apara bilərsiniz.

Doğrudan da elə şeylər var ki, adamın öz başına gəlməsə onun nə olduğunu tam bilə bilməzsən. Günvurma, günvurma deyirdilər. Elə bilirdim boş söhbətdir. Axı gün adamı necə vura bilər? Üç il əvvəl məni gün vurdu. Nə axmaq şey imiş bu günvurma. Başımın içi qaynayırdı. Elə bilirdim, bu dəqiqə başım partlayacaq, beynim camış qatığı kimi dağılıb yerə töküləcək. Yaxud götürək müharibəni. Heç bir film, heç bir roman müharibənin nə demək olduğunu axıra qədər adamlara çatdıra bilməz. Bu mənada Tomas Mannın dəlilik barəsində dediyi sözləri çox da qəribliyə salmaq lazım deyil.

Şarl Lui Monteskyönün də dəlilərə aid maraqlı fikri var: “Dəliləri ona görə ayrıca bir evə yerləşdirirlər ki, belə bir fikir yaratsınlar – bu evdən kənarda olanlar dəli deyil”.

Əyri oturaq, düz danışaq, bütün ömrü boyu qazandığını daşa, quma, sementə xərcləyib ikimərtəbəli, üçmərtəbəli ev tikib, sonra da siçovul kimi zirzəmiyə, həyətdəki balaca komaya doluşmağın adı məzmunsuz dəlilik deyilsə, bəs nədir? Komada yaşayacaqdınsa ikimərtəbəli, üçmərtəbəli evi niyə tikmisən? Zəhmət çəkib, tər töküb, yeməyindən, içməyindən, geyimindən, gəzməyindən kəsib ikimərtəbəli, üçmərtəbəli ev tikmisənsə komada niyə yaşayırsan? Yaxşı bəs kreditlə toya bahalı müğənni çağıran, kreditlə telefon, maşın alan, ev təmir edən adamların hərəkətlərinə nə ad qoyaq? Bunlar hələ ən abırlı sayıla biləcək məişət xarakterli məzmunsuz dəliliklərdir. Daha qorxulu, böyük faciələrə səbəb olan məzmunsuz dəliliklər var. Məsələn, müharibələr…

***

Bir az da dəlilik və yaradıcılıq barəsində o qədər də qiymətli olmayan fikirlərimi yazmaq istərdim. Fikirlərimə tolerant münasibət bəsləməyi bir daha sizdən xahiş edirəm.

Təxminən beş-altı il əvvəl, baş işinə baxan tanış həkimlərə təklif etdim ki, hər hansı bir əsəri oxuyaraq, əsərin qəhramanın, müəllifinin ruhi vəziyyətinə ad qoysunlar. Tibb Universitetində oxuyan bir tələbədən savayı heç kim təklifimi yumşaq desəm “vecinə də almadı”. Həmin ərəfədə baş işinə baxan bir həkim tanışımla Çexovun həyat və yaradıcılığı barəsində söhbətimiz oldu. Mən Çexovun başının yerində olmadığını iddia edirdim. Konkret cümlələri misal gətirərək bildirirdim ki, bu cümlələri ancaq başı qaçan adam yaza bilər. Həkim tanışım isə bununla qətiyyən razılaşmırdı. Deyirdi ki, misal gətirdiyim cümlələr Çexovun həkim kimi müşahidələrininin nəticəsidir. Dmitriy Smıslov adında bir adam var. Bu adam yazıçıların həyat və yaradıcılığını araşdıraraq onların başının hansı vəziyyətdə olduğuna qiymət verir. Yaxınlarda onun Çexovun həyat və yaradıcılığı haqqında leksiyasına qulaq asdım. Cənab Smıslov da leksiyasında dedi ki, Çexovun başı yerində olmayıb.

Orta səviyyəli, güclü əsər yazmağın şərt deyil, əgər yaradıcılıq prosesinə bir az məsuliyyətlə yanaşırsansa, başqa yazıçıların yaradıcılıq laboratoriyasına bələd ola bilərsən. Dəliliyi nəzəri cəhətdən dərindən öyrənib dəlilik mövzusunda, ya da dəlilik mövzusuna yaxın mövzuda maraqlı, intellektual bədii əsər yazmaq mümkündür. Amma elə incəliklər, elə xırdalıqlar var ki, özün heç olmasa bir az dəli olmadan, o incəliklərə, xırdalıqlara girə bilməzsən. Məsələn, başı qaçmayan adam “Şinel”, “Burun”, “Portret”, “Qara rahib”, “Dorian Qreyin portreti”, “Misteriyalar” kimi incə nüanslarla, xırdalıqlarla dolu əsər yaza bilməz. Variant yoxdur. Bax bu fikri qətiyyətlə bəyan edirəm, fikrimə cavabdehəm, arxasında da axıra qədər dayanmağa hazıram.

Adamlar yaradıcı insanları dəli görməyi sevirlər. Bəlkə də məhz buna görə rejissorlar yaradıcı adamların həyatından çəkdikləri filmlərdə onları tamaşaçılara axırıncı psixopat kimi təqdim edirlər. Filmlərdə sənətkarlar harda gəldi dava salırlar, kimlə gəldi dalaşırlar, qəfildən evdəki qab-qacağı vurub sındırırlar, “şalvarların batırırlar”, arvadlarını döyürlər və sairə və ilaxır.

Bütün bunlar bir az ciddi adama çox gülməli təsir bağışlayır. Belə təəssürat yaranır ki, guya bu adamlar ömürlərini qab-qacaq sındırmaqla, onunla-bununla dava eləməklə, spirtli içkilər içməklə, arvad döyməklə keçiriblər. Sual oluna bilər, bəs bu adamlar yaradıcılıqla nə vaxt məşğul olublar? İndi hansısa rəssam, şair, nə bilim yazıçı, bəstəkar nə vaxtsa içib, bir-iki dəfə hardasa dava salıbsa, bir-iki dəfə arvadın döyübsə, bu o demək deyil ki, bu adamın bütün həyatı dava-dalaş, arvad döymək içində keçib. Kim dava etməyib? Kim arvadını döyməyib? Bəs bütün günü orda-burda dalaşanlar, bir-birini bıçaqlayanlar kimdir? Bəyəm, onların hamısı yazıçı, rəssam, şair, bəstəkardır?

Kütlənin yaradıcı adamları dəlifason görmək sevdası yaradıcılıqla məşğul olan bəzi adamları dəliliklər etməyə, qeyri-adi hərəkətlər, əməllər törətməyə, bir sözlə təlxəkliyə həvəsləndirir. Elə şeylər var ki, onların imitasiyası çox gülməli görsənir. Dəlilik, qeyri-adilik, tənhalıq… Elə şeylər var ki, o, təbii şəkildə baş verməlidir. Özünü dəliliyə qoyanlar düşünməsinlər ki, bunun sayəsində yaxşı əsərlər yaradacaqlar. Özünü dəliliyə qoymaqla beş-altı səviyyəsiz adamın marağını qazana bilərsən, bundan uzağa gedə bilməzsən. Necə deyərlər, çox oğul atasının gözün çıxartdı ki, ona Koroğlu desinlər, amma ona Koroğlu yox, kor kişinin oğlu dedilər.

Yekun

İki vacib şərti nəzərə alsaq, dəli olmaq o qədər də böyük faciə deyil. Birincisi, dəlilik heç bir halda insanın ictimai-siyası məzmunlu fikirlərinin sağlamlığına zərər vurmamalıdır. Həyatda, məişətdə nə olursa olsun, nə baş verirsə versin, insan ictimai-siyasi məzmunlu fikirlərində sağlam qalmalıdır. Ən azı yalan danışmamalıdır, ağa qara, qaraya ağ deməməlidir, ədalətsizlik etməməlidir, bu və ya digər şəkildə gücə yaltaqlanmamalıdır, zərərli cərəyanlara, ideologiyalara yoluxmamalıdır, millətçilik, dini fanatizm dərəsinə yuvarlanmamalıdır…

İkincisi, dəlilik insanın məhsuldarlığına mənfi təsir göstərməməlidir. Hər şeyin arxasında pis-yaxşı, azdan-çoxdan məhsul dayanmalıdır. Əgər dəli olmusansa və ortaya pis-yaxşı, azdan-çoxdan məhsul qoymamısansa, bu, o deməkdir ki, böyük bir fürsəti qaçırmısan, özünə qarşı xəyanət etmisən.

azlogos.eu

# 5153 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #