Lalə Məmmədovadan duyğu dolu etiraf yazısı: “Hamınızı aldatdım!”

Lalə Məmmədovadan duyğu dolu etiraf yazısı: “Hamınızı aldatdım!”
27 noyabr 2020
# 10:28

Kulis.az əməkdar artist Lalə Məmmədovanın saytımıza təqdim etdiyi duyğu dolu yazısını oxucuların diqqətinə çatdırır.

Tanıyanlar bilir məni. Pafosdan uzaq, sadə həyat tərzi keçirən və bir balaca istedadı olan biriyəm. Həyatım boyu içimdə "kimisə incitmək, bilərəkdən xətrinə dəymək" kimi bir fobiya, bir də nəğmələrimlə sevilib tanınmaq arzum oldu. Sevilmək gözəl hissdir, mənə görə populyarlıqdan daha qiymətli və sanballı duyğudur.

Ümumiyyətlə, insanın zəhmətlə qazandığı hər bir uğur onu mükəmməlliyə götürməlidir. Özünü yaradan insanlara bir ayrıdır münasibətim.

Tale elə gətirdi ki, Aygün Səmədzadənin və Kəmalə Abıyevanın əsəri olan "Məktəb illəri" nəğməm bu arzumu gənc yaşımda reallaşdırdı. Ancaq başım gicəllənmədi bu uğurdan. Öz nəğməm olduğu üçün demirəm, ancaq gəlin etiraf edək ki, məktəb illəri haqqında ən gözəl nəğmədir, elə deyilmi?

Qürurluyam, bunu gizlətmirəm də. Mənə görə həyatda təsadüf heç nə yoxdur. Bu nəğməni niyə məhz mən oxumalıydım? O zamanlar bu sual haqqında düşünməmişdim. O qədər ifa etməyin arzusundaydım ki...

İndi düşünürəm ki, nə yaxşı elə o vaxt ifa etmişəm "Məktəb illəri"ni. İndi çox çətin olardı mənə o yükü içimdən sözə, musiqiyə daşımaq. İllər öz işini görür.

Yaş üstünə yaş gəldikcə insan daha da kövrəkləşir.

Bu gün dinləyicilərimə bir etirafım var. Deyirlər, həqiqəti demək heç vaxt gec deyil. Deyəcəksiniz cəsarətin indiyəmi qaldı? Olsun ki, son günlər baş verənlər hamımızı özgüvənli və cəsarətli edib. Bu hisslərdən mənim də payıma düşdü. Heç düşündünüzmü bu qız bu nəğməni niyə belə içdən oxuyur?

Axı o, bu duyğuları yaşamaq üçün hələ çox gəncdir. Boynuma alıram, ifamdakı həsrət, nisgil, nostalji hislərimin altında uşaqlığını, gəncliyini ürəkdolusu yaşaya bilməyən birinin üsyanı, xiffəti vardı.

Gecdir, hə? Ya da mənası yoxdur bu etirafın? Ancaq bu gün cəsarətimdən sui-istifadə etmək istəyirəm.

Həm də heç vaxt olmadığı kimi!

Heç də gözəl məktəb illərim olmadı...1988-ci ildə Qarabağ hadisələri başlayanda mənim 10 yaşım var idi. 3-cü sinifdə oxuyurdum. Atamın əlimizdən tutub apardığı 1 May paradlarını, Azadlıq meydanındakı nümayişlər əvəzləməyə başlamışdı. Valideynlərimizlə birgə biz uşaqlar da bu nümayişlərdə iştirak edir, böyüklər qədər olmasa da uşaq beynimizlə vətənin azadlıq tələbini zəif səsimizlə duyurmağa çalışırdıq.

Ən böyük zərbəmiz 20 Yanvar hadisələri oldu. Bizi qoruyan ordu həmin gün tankların lüləsini bizə çevirmişdi. Biz uşaq olsaq da, həmin gün böyüdük.

20 Yanvar faciəsinin səhəri günü sinfimizdə hamı pioner qalstukunu taxmaqdan imtina etdik. Sinif nümayəndəsi olduğum üçün ən çox da mən danlandım.

Sonra...

Sonra müharibə başlandı...

Hər dəfə bir tanışın, bir qohumun evindən şəhid xəbəri gəlməyə başladı. Məktəbimizin 11-ci sinfini bitirib cəbhəyə yollanan məzunu Etibar Cəlilov oldu ilk şəhidimiz. Güllərlə bəzədik məktəbdə onun şəklini. Hər bayramda, hər matəmdə şeirlərlə, çıxışlarla yad etdik onu. Məktəbimizə Etibarın adı verildi: Nizami rayonu Etibar Cəlilov adına 272 nömrəli orta məktəb...

Amma nə etsək də anasının bükülən belini, ağaran saçını əvvəlki görkəminə qaytara bilmədik. Məktəbimizdə müəllimə işləyirdi. Qadın gözümüzün qabağında əridi. Ən pisi isə şəhid xəbərlərini aldıqca torpaqlarımızın işğal xəbərləri də artırdı. Hər Novruz, Yeni il bayramlarında televiziyalarda səməni, xonça, yolka qara lentlə təsvir olunurdu.

Bayram keçirməyə, musiqi səsi ucaltmağa utanardıq. Elə təzəcə özümüzə gəlmək istəyirdik ki, daha bir məktəb yoldaşımızın ölüm xəbərini aldıq...

Onun haqqında danışmağa xatirələrim var...

Nuri...

Bizdən 3 sinif böyük rus bölməsinin şagirdi idi. Günlərin birində tədris hissə müdirimiz məni otağına çağırıb məktəbimizin Yeni il şənliyi üçün Qar qız olacağımı və Şaxta babayla məşqlərimin (dərslərimə mane olmamaq şərtilə) təyin etməyimə göstəriş verdi. Mən Qar qız idim, Nuri isə Şaxta baba. Onun adı kimi nurlu, təmiz siması hələ də gözlərimin önündədir.

İki ay ərzində dostlaşdıq, rejissorumuzla məşqlər etdik və gözəl bir Yeni il şənliyi təqdim etdik.

Və...

Günün birində Nurinin də həlak olması xəbərini eşitdik. 20 Yanvar metrosunda törədilən terror aktında ölənlərin arasında Nuri də vardı...

Bilirsiniz, dünyaya gəlib gül açmadan qönçə getmək nə qədər ağrılıdır? Axı gül açdıqda dünyanı, göy üzünü, yağışı, küləyi, günəşi, Ayı görür, qönçə isə...

Nurlar içində yatın, əziz şəhidlər, nə şərəfli yol seçdiniz siz bu qısa ömürlük həyatınızda!

Ölümsüzlüyü qazanan qəhrəmanlarımız, baş əyirik qarşınızda!

Məktəb illəri...

Sən nəğməmdə söylədiyim kimi qayğısız olmadın...

Kədərli xatirələrim azsaylı sevincli günlərimi üstələdi.

Mən hər kəsi aldatdım.

Şirin xatirən belə qalmayıb yadımda. Ürəkdən sevinə bilmədim, ayıb bildim hər kəsdən, torpaq altda yatan məktəb yoldaşlarımdan.

Qeyri-səmimi oldum sizinlə.

Hamınız nə gözəl söylədin, sənin kimi içdən heç kəs oxuya bilmədi bu nəğməni dediniz mənə...

Bilmədiniz səbəbini...

Nə biləydiniz ki, hansı acı xatirədir məni bu yanğıyla içdən oxudan.

# 18535 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #