Kartof

Kartof
9 mart 2021
# 09:00

Kulis.az “Hekayə günü” Qorxmaz Şıxəlioğlunun “Kartof” hekayəsini təqdim edir.

Pəncərəmdə külək uğuldayır. Dənizin üstü qatı zülmətdir. Şəhərin işıqları bütün qaranlığı qovub dənizə töküb.

Paltomu geyinib otaqdan çıxırdım. Dəhlizin o başından mənə tərəf gələn Afiqi gördüm. Afiq rejissordur, bizə başqa televiziyadan gəlib. İşə başladığı, vur-tut on gündür. Hələ redaksiyaya qaynayıb-qarışmayıb. Sakit görkəmi var. Bir suyu “Ögey ana” filmində yolçəkənlər üçün oxuyan aşığa oxşayır. Hardasa ondan bir-iki yaş böyük olaram. İndiyə kimi Afiqin mənimlə iki-üç dəfə salamlaşmağı olub, vəssalam. Ancaq görmüşəm ki, özünü mənə doğma göstərmək istəyir.

- Müəllim, evə gedirsiz? – uzaqdan canıyananlıqla soruşdu.

- Bu vaxt hara gedərlər? – cavabım gecikmədi.

- Mən maşınnanam, - əlindəki kasetləri göstərib, - bunları qoyum otağa, çıxaq, - dedi.

Yol dolu maşın idi. Hava çisəkləyirdi. Maşınımız addım-addım gedirdi. Şəhidlər Xiyabanının qarşısındakı dairədən Teleteatrın binasına sarı, qırmızı işıq zolağı çəkilmişdi. Bərq vuran bu zolaq səbrimi dara çəkirdi. Afiq çox sakit idi.

- Müəllim, təxmini bilirəm, siz “ Neftçilər” metrosu tərəfdə olursuz, - birdən dilləndi, - mənim də evim kənd Əhmədlidədir.

Dilucu, “Bəli”,- dedim. Yəni, nə istəyirsən danış, bircə məni dindirmə. Qırımımdan bilinirdi ki, yol məni əməlli-başlı əsəbləşdirib.

- Kənd olmağına baxmayın, yaşadığım yer pis deyil, - o, onsuz da aşağı olan səs tonunu bir az da aşağı salıb ehtiyatla söhbətə başladı, - birdən görürsən, rayondan “Qazel”lər gəlir, alma gətirir, kartof-soğan gətirir. Sezona baxır. Üzü yaya pomidor, xiyar, badımcan, bibər, yemiş, qarpız, üzüm… Bir sözlə, nə istəsən. Hələ nar, heyva, xurma… bunları demirəm, - deyəsən, göyərti yadından çıxmışdı, - özü də ucuz, həm də bazardakı alverçilər kimi adamı aldatmırlar. Həm də onlara belə sərf edir, çünki bazarda yüz itə-qurda pul verəsən gərək.

Afiq dərindən nəfəs alıb susdu. O, bununla danışdıqlarına mənim necə reaksiya verdiyimi təyin etmək istəyirdi. Dinmədiyimi görüb sözünə davam etdi:

- Hə, müəllim, o günü bizim məhləyə kartof gətirmişdilər, bir kisə aldım. Tovuz kartofu. Düz, əlli kilo. Özü də bilirsiz necə? –sağ əli ilə göstərdi:

- Bax, bu boyda, - fikri yolda olduğu üçün barmaqları, az qala gözümə girmişdi. Təxmini bildim ki, aldığı kartof hinduşka yumurtasından bir az böyükdür. Afiq istəyirdi, mən onun bu “uğurlu” bazarlığına bir-iki xoş söz deyim.

- Əməlli- başlı kartof almısan ki! – axır bir az yumşaldım.

- Baaa! Bəs, məni nə bilmişdin, müəllim?

Danışmağım onu vəcdə gətirdi:

- O köhnə iş yerimdə mənə torba tikdilər. Gül kimi işləyirdim, əclaflar uzaqlaşdırdılar məni ordan, - sözünə yenə ara verdi, - bəs mən pis kartof alaram? İşimi bilən adamam.

Afiq “uğurlu” kartof bazarlığı ilə işlədiyi televiziyadan haqsız yerə uzaqlaşdırıldığını təsdiq etmək istəyirdi. Mən bu yolda ona dörd bir tərəfdə “yaşıl işıq” yandırmışdım – susurdum. Bayaqdan ara-sıra eşidilən siqnal səsləri kəsilmişdi.

Ən yekəxana sürücülər də tale ilə barışmışdılar. Bu vəziyyət – üstəlik də, ac idim – Afiqin vecinə deyildi. Bəlkə də yoldakı bu tıxac onun ürəyindən xəbər verirdi, çünki danışmaq istəyirdi. Belə fürsət ələ düşməzdi. İşdə olsaydı, bir bəhanə tapıb ondan yaxa qurtarardım, amma burda bütün çıxış yolları qapanmışdı, ona qulaq asmağa məhkum idim. Hövsələm daralmışdı. Nə yaxşı ki, çisək kəsilmirdi. Afiq tez-tez silgiləri işə salırdı və onların hərəkəti məni xeyli sakitləşdirirdi. Əslində, Mirzə Cəlil demişkən, çöldə təbiətimə uyğun hava vardı. Belə havada dünyanın o başına da getməyə hazıram. Ancaq yollarda tıxac olmaya.

- Müəllim, gərək adamın bəxti gətirsin, - o yenə danışmağa başladı, - elə həyətdə torbanı maşının baqajından çıxarar-çıxarmaz, siz də mənim qardaşım, arvad başladı ki, sən bu qədər kartofu neynirsən? Çürüyüb gedəcək, lazım olanda gedib bazardan alırıq da… Deyirəm, zalım qızı, mən bunun kilosunu 60 qəpikdən almışam, bazarda bu zəhrimar bir iyirmidən aşağı deyil. Hələ çəkini-filanı demirəm. Müəllim, özü də kartof adamın üzünə gülür. Bu da mənim “sağ ol”um.

İstəyirdi, bu yerdə ona azca da olsa, qahmar çıxım, bazarlığına bəy tərifi deyim. Ancaq o halda deyildim. Nə yaxşı maşınlar tərpəndi.

- Şükür, şükür, yol açılır deyəsən, - Afiq hərəkətə gələn işıq zolağına baxıb sevincək dilləndi. Lakin o, bilmirdi ki, mən ondan çox sevinirəm. Fikirləşirdim ki, yolun açılmağı ilə söhbətin axarı dəyişəcək, kartof torbasından canım qurtaracaq.

On-on beş metrdən sonra maşın axını yenə dayandı. Bildim ki, kartof təhlükəsi təzədən start götürəcək. O, gözünün ucu ilə mənə baxıb, çox rahatlıqla nəfəs aldı. Söhbəti bitənə oxşamırdı:

- Deyirəm, a bala, - o, bu dəfə çevrilib inamla üzümə baxdı, yəqin hesab edirdi ki, daha məni ram edib, - kartofdur da… bozbaşdır, borşdur, bozartmadır, hamısına lazım olur. Lap belə, istəyəndə qızardıb yeyirsən, hələ külləməsini demirəm, o, lap ləzzətlidir. Ruslar boş yerə demir ki, çörəkdən sonra kartof gəlir. Bəyəm püre pisdir?

Afiq bu fəndgir sualla məni şirnikdirib söhbətinə qoşmaq istəyirdi. Mən onun gözündə yanmayan, eləcə tüstülənən ocağa oxşayırdım. Yapışdığı bu söhbətə ara-sıra çox soyuq şəkildə “hə-yox” deməyim onu həvəsdən salırdı. Yəqin, düşünürdü ki, maşına oturandan bir xeyli dostlaşmışıq, mən mütləq onun səsinə cani-dildən səs verməliyəm. Əlbəttə, bilirdim ki, ağzımın tərpənməyi ilə Afiq “bütün cəbhə boyu hücuma keçəcək”. Ürəyimdə öz-özümə dedim: “Danışmaq öldü, qoy nə istəyir eləsin.”

Afiqin nəfəs dərməyi uzun çəkmədi:

- Müəllim, indi demirəm, sağlıq olsun qoy bu pandemiyadan başımız açılsın, biz iki qardaş kartofun tarixi ilə bağlı yaxşı bir süjet hazırlayarıq. Özü də Tovuza gedərik. Kartof aldığım kişi çox mərifətli adama oxşayırdı. Televiziyada işlədiyimi biləndə, dedi, kartof çıxarılan vaxtı kameranı götür, yolunu biz tərəflərə sal. Əl telefonunu da götürmüşəm, - Afiqin səsindən arxayınlıq tökülürdü. Tovuza gedəcəyimizə ürəyində bir zərrə şəkk-şübhə yox idi, - həm yaxşı süjet çəkərik, həm də adama bir-iki meşok kartof gətirərik.

Görürdü, süjetlik halım yoxdur, ancaq yenə danışırdı:

- Adam var əməlli-başlı kartof da ala bilmir. Vallah, düz sözümdür, müəllim, zarafat eləmirəm. Yaxşı, bu, heç, - deyə o susdu.

Ürəyində nəyisə götür-qoy etdi. Təzədən sürət götürməyə hazırlaşırdı:

- O günü görürəm, təsadüfən oldu, bağışlayın, mən ölüm, belə şeylərə fikir verən deyiləm. Baxıram, kartof soyur, qabığı, çeçələ barmaq qalınlığındadır. Deyirəm, bolluğa düşmüsən? Kartof bol olanda adam belə eləyir? Başağrısı olmasın, siz Allah. Oirəli kənddən anam gəlmişdi. Yazıq arvad bunu ona irad tutmuşdu: “Ay gəlin, sən kartofu elə soysan, oğlumun evini yıxarsan” demişdi. Qayıdasan ki, sən də indi anan deyəni deyirsən mənə? - Afiq birdən gücsüzləşdi, dilini sürüyə-sürüyə - söz tapmıram, vallah, - dedi.

Rəngli işıq zolağı yenə hərəkətə gəldi. Çisək kəsilmək bilmirdi.

- Müəllim, deyəsən bu dəfə gedəcəyik, - o, arxayınlıqla dilləndi. Görünür, söhbət boyu susmağımı onunla həmrəy olduğuma yozurdu. Teleteatra çatmağımıza az qalmışdı. Afiq dinmirdi. Uzaqdakı svetofor işıqları yarım saat olardı, növbəni bir-birinə ötürürdü. Bayaqdan gözüm bu növbələşmədə idi. Afiq düşünməyə, nəyisə yada salmağa imkan vermirdi – danışırdı. Bəlkə də, onda adət idi, söhbətin içində tez-tez fasilə götürürdü və unun bu hərəkəti svetoforun sarı işığı ilə üst-üstə düşürdü. İlk dəfə ağzını açırmış kimi, asta-asta sözə başladı:

- Müəllim, gərək adamın ürəyi olsun. Həyətdə balaca bir anbarfason tikili qaralamışam. Artıq şey-şüyləri, turşu, kompot bankalarını, canım sənə desin, soğan-sarımsağı ora yığırıq. Kartofu da ora sərmişəm. Hava dəyməsə, çürüyər. İnanın, bu üç gündə ən azı beş-altı dəfə o anbarın taxta qapısını açıb o kartofa baxmışam. Hər baxanda da bir dünya ləzzət almışam.

Sözünü qurtarar-qurtarmaz səsini boğdu, sanki bununla ağzından çıxmaq istəyən növbəti sözün qabağını kəsdi. Ancaq hiss elədi ki, sözünü belə qəfil kəsməsi, onun səhərdən bəri aramızda qurmaq istədiyi dostluq körpüsünün üstünə qara kölgələr sala bilər. Dözmədi:

- Bir iyirmilik kartofu 60 qəpiyə kim verər? Bunu mən almışam daaa, - o acıqlanmışdı, - bizim köhnə baş redaktor vicdansız da deyirdi ki, sən əlli il veriliş hazırlasan, yenə səndən rejissor olmayacaq.

Mən eləcə susurdum. Deyəsən, Afiq məndən əlini üzmüşdü. Yəni, özün bilərsən, danışmırsan, danışma.

- Müəllim, özü də bu kartof bütün tərəvəzlərdən, meyvələrdən seçilir, - Afiqin səsindəki əyiş-üyüş, elə bil düzəlirdi, - bilinmir başı haradır, ayağı hara. Bir dəfə rayondan gələndə yolda iki-üç adam götürmüşdüm. Biri qoca idi. Kartofdan söz düşdü, bax, bunu ondan eşitdim. Düzü, məəttəl qalmışam bu işə: ayağı yox, başı yox, belə şey olar? – O, son sözlərini çox aramla dedi, səsinə müdriklik qatmaq istədi.

“Azneft” meydanına çatar-çatmaz, Afiq maşını qəfil saxladı:

- Siz Allah, məni bağışlayın, - vaysındı, - gör necə yadımdan çıxıb, - Bayıla getməliydim, orda xaloğlumun mağazasında mənə çatası bir əmanət var, onu mütləq götürüb evə aparmalıyam. Cəmi 15 dəqiqə vaxtımız gedəcək. Siz Allah, inciməyin.

Bəxtimizdən Bayıl yolu açıq idi. Yarıqaranlıq, çala-çökək küçə ilə üzü yuxarı qalxıb, sonra da üç döngə keçib, axır, balaca bir marketin qabağında dayandıq . O, tez-tələsik maşından düşüb, “Gəlirəm”, - dedi. İnsafən, getməyi ilə qayıtmağı bir oldu. Nədənsə, üzündə yazıq bir ifadə var idi.

- Müəllim, o adam əmanəti hələ gətirməyib. Hardasa, saat yarımdan sonra gələcək, - Afiq fağırcasına dilləndi, - xahiş edirəm, məndən inciməyin, bax, - əlini təkəmseyrək işıq gələn küçəyə sarı uzatdı, - burdan 200-300 metr üzüaşağı düşürsüz, orda şüşə dayanacaq var, avtobusların çoxu ordan İçərişəhərə gedir. Vallah, mən istəməzdim belə olsun. Hayıf, qəşəng söhbət eləyə-eləyə gedirdik. Qalsın gələn dəfəyə, sağlıq olsun.

Qaranlıq olduğu üçün dayanacağa düşən yolda ayağım iki-üç dəfə su gölməçəsinə düşdü. Bir yandan da, bayaqdan başlayan çisək yağışa çevrilmişdi.

Fevral, 2021-ci il

# 3994 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #