İtmiş dünyanın balladası – Şərif Ağayardan YENİ HEKAYƏ

İtmiş dünyanın balladası – <span style="color:red;">Şərif Ağayardan YENİ HEKAYƏ
19 yanvar 2016
# 11:12

Kulis Şərif Ağayarın “İtmiş dünyanın balladası” hekayəsini təqdim edir.

Saqqallı üzünü üzümə yaxınlaşdırıb əlindəki əsanın ucuyla qatı qaranlığın qurşun keçməz dərinliklərini göstərdi:

“Baaax, görürsən?”

Gözümü qıyıb nə qədər diqqətlə baxsam da heç nə görmədim.

“Sən çox uzağa baxırsan, ona görə görmürsən, – başını buladı. – Burdan-bura işıqları görmürsən? – azca duruxub əlavə etdi: – Həm qaranlıqdı, həm də duman. Üstəlik, yağış çiləyir. Bu, çox sırtıq yağışdı, səhərəcən tökəcək”.

“Bir şey olmaz!” – əynimdəki plaşa, ayağımdakı rezin sapoğa və əlimdəki ağaca baxıb əminliklə dilləndim. Hövsələsi daraldı:

“Sən görmürsən axı o işıqları, hara gedəcəksən? Hər yan düzəngahdı. Bir daş, bir qaya, bir təpə yoxdu ki, baxasan, tanıyasan. Buranın otları, kolları da eynidi. Burda itlər də azır. Təsəvvür edirsən? Hətta vəhşi heyvanlar da...”

Dinmədim. İsrarlı olduğumu görüb, əlindəki əsanı təkrar qatı, qara məhlula bənzəyən qaranlığa uzatdı. Mən onda fərq elədim ki, nəinki onun göstərdiyi işıqları, heç əsasının ucunu da görmürəm. “Barmaq gözə soxsan, görünməz” ifadəsi yəqin belə gecələr üçün deyilmişdi.

Getməliydim. Başqa cür mümkün deyildi. Amma niyə getməliydim, bax, bunu bilmirdim. Bildiyim bircə o idi ki, getməsəm olmaz. Hər şeyi anlayırdım; gecədir, zil qaranlıqdır, hava dumanlıdır, yağış çisələyir, yer palçıqdır və mən bu palçığı yoğura-yoğura getməliyəm. Hardan gəlmişdim, burda nə gəzirdim, ora niyə getməliydim – bunu bilmək vacib deyildi. Getdiyim yerdə başıma nə gələcəyini də düşünmürdüm. Getməliydim, vəssalam!

“Daş yola xeyli var, gərək istiqaməti düz götürəsən, – son tövsiyələrini verirdi. – Çalış səmti itirmə. Azsan, geri qayıdıb daş yola çıx, çağıra-çağıra aşağı-yuxarı get, mən sərvaxt yatacam. Bir də itlərin hürüşməsinə fikir ver”.

Onun məni uşaq yerinə qoymasıyla razılaşmadığımı bildirmək üçün yüngülcə qımışdım. Təbii, üzümü görmədi. Axırıncı dəfə əsasını qaranlığa uzadanda işıqları sezdim. Uzaq ulduzlar kimi yanıb-sönürdülər.

“Gördüm!” – sevinclə dedim.

“Allaha şükür!” – o də sevindi və mənimlə sağollaşdı.

Üzü işığa tərəf irəlilədim. Palçıq ayağıma suvanır, yeriməyimə mane olurdu. Yüz addım getməmiş tərlədim. Plaşın yaxasını açıb papağını endirdim, üzümə vuran soyuq yağış damlacıqları mənə dinclik gətirdi və güc verdi. Əlimdəki ağacdan da qüvvət alırdım.

Daş yola çatanda işıqlar xeyli aydınlaşmışdı. Elə bil üstündəki buğu əskiylə silmişdilər. Sevinclə parıldaşan, oynaşan işıqlar uzaqdan sönmüş ocaq yerinə bənzəyirdi. Mənə qaş-göz atırdılar. Arada eşitdiyim it səsi oynaşıb-parıldaşan işıqlara akkord tuturdu. Daş yolu aşanda yağış gücləndi, plaşın papağını başıma keçirdim. Narahatlığım qalmamışdı. İşıqlara da baxmırdım. Plaşın papağından yağmurun adama rahatlıq verən səsini dinləyə-dinləyə addımlarımla bu səs arasındakı ahəngi tutmağa çalışdım. İki səsin kəsişdiyi, amma heç cür bir-birinə qarışmadığı məqama uyğun nəsə tapmaq üçün xeyli mızıldandım da. Alınmadı. Yağışla addımlarım bir-birinə dəxli olmayan iki fərqli səs idi. Başqa-başqa dünyalardan gəlirdi.

Birdən, işıqlar söndü.

İtlərin səsi batdı.

Yağış dayandı.

Dünya elə söndü ki, Tanrıdan başqa hiss eləməyə bir şey qalmadı. Hətta özümün var olub-olmadığımı yoxlamaq üçün bədənimə, üzümə toxundum. Bu an Tanrıdan, məndən və ayağımın altındakı yerdən başqa bir şey də vardı bu dünyada. O da içimdə indicə doğmuş dəhşətli vahimə idi! Qorxdum, bəli. Birdən-birə dünyaya qarışıb itdiyimi düşündüm. Çevrilib gəldiyim tərəfə baxdım: qaranlıq. Qəsəbəyə sarı döndüm: yenə qaranlıq. Sağ – qaranlıq, sol – qaranlıq, yer – qaranlıq, göy – qaranlıq. Bu qaranlıq beynimin içinə də, özümün içimə də dolmuşdu. İşıqları, itləri anladıq, bəs yağış hara qeyb olmuşdu? Axı bu dəqiqə onun hənirinə hava-sudan betər ehtiyacım vardı. Geri dönüm bəlkə? İstiqaməti tutub eləcə irəli gedim? Nə edim, ilahi? Yoxsa addımlarımla yağış arasındakı ahəngi tapmadığım üçün cəzalandırdın məni?

Ayaq saxladım. Sağı-solu, irəlini-arxanı dinşədim. Elə bir qatı zülmətin içində idim ki, yarıb keçə bilməyəcəkdim. Bayaqkı işıqlar bu qatılığı, gecənin bu mərmər möhkəmliyini yırtıb mənə yol verirdi. İndi o yol birdəfəlik bağlanmış, məni dəhşətli zülmətin içində itirmişdi.

Dünya sönmüşdü. Səsiylə, görüntüsüylə, qoxusuyla, dad-tamıyla birlikdə. Arada ağır sapoqlarımı çırpa-çırpa yerin ayağımın altında olub-olmadığını yoxladım. Yer yerindəydi və bu mənə ümid verirdi. Demək, zülmətə qarışıb yox olmamışdım. İnşallah bir azdan səs də eşidər, yağış da duyardım. Birdən yadıma düşdü ki, heç olmasa danışıb öz səsimi eşidim. “A”, “U” eləyəndə səsim özümə yad gəldi. Özümün özüm olduğuma şübhə eləməyə başladım. Axı mən kim idim, hardan gəlirdim, hara gedirdim? Mənə yol göstərən kim idi? Ona niyə inanmışdım? İşıqlarını itirdiyim yer hara idi? Gecənin bu vədəsi, zülmət qaranlığın, qatı dumanın içiylə, üstdən yağa-yağa, palçığı yoğura-yoğura ora nəyə gedirdim?

Sualların doğrudan da heç bir mənası yox idi. Bircə gerçəklik vardı – mən azmışdım və azmağıma baxmayaraq inamla harasa addımlayırdım. Bu an bircə it səsinə bəlkə bütün həyatımı verərdim. Bu saat bircə it hürüşü məni dünyaya, təbiətə, tanrıya bağlaya bilərdi. Yaşadığımı, var olduğumu xatırladardı mənə.

Qaranlığın vahiməsindən oxumağa başladım. Nəğmələrlə ovundum xeyli, özümü rahatca hər şeyin yaxşı olacağına inandırdım.

Dünya itmişdi.

Dünya yaman itmişdi.

Dünyanın nə özü görünür, nə həniri gəlir, nə də istisi-soyuğu, qurusu-yaşı hiss olunurdu. Mən dünyanı nə qədər çox sevdiyimi onun olmadığı bu anlarda bütün dərinliyi ilə dərk edirdim.

Mən də sönəcəkdim az qala. Sönüb bayaqkı işıqlar kimi yerimdə daha qatı, daha tünd qaranlıq buraxacaqdım. Onsuz da heç görmürdüm özümü. Barmağımı gözümə soxurdum da, görmürdüm!

Qəfil qarşımda çox zərif bir işıq sezildi. Yerimdə dəli kimi vurnuxub dayandım və güclə sezilən işığı baxışlarımla yaxalayıb itməyə qoymadım. Gözlərim yaşardı. Həm ağrıdan yaşardı, həm sevincdən. Dünyanın qəfil sönməsindən elə qorxmuşdum ki, nə olur-olsun o işığı itirməzdim. Baxışlarımla yaxalayıb varlığına əmin olandan sonra işığa tərəf qaçmağa başladım. Bərkdən... Həyəcanla... Bir dəfə üzüqoylu yıxıldım da! Dizlərimin, ovcumun içinin sərt kollara sürtünüb göynəməsinə sevindim xeyli. İndi məni dünyaya təkcə bu xəfif işıq deyil, ovcumdakı və dizlərimdəki ağrılar da bağlayırdı. İndi içimdəki vahimədən başqa sığınmağa bir işığım, bir ağrım vardı. Əvəzində bayaqdan mənə dayaq olan, qüvvət verən ağacımı itirdim. Amma eybi yoxdur. Dünya yavaş-yavaş geri dönür, kainat yavaş-yavaş sahmana düşürdü.

Balaca bir daxmanın balaca bir pəncərəsindən gəlirdi bu işıq. Gəlmirdi əslində, gecənin qatı qaranlığına bal şirinliyi ilə süzülürdü. İndi bütün kainat bu balaca daxmanın bu balaca pəncərəsindən baxırdı mənə – mən də bu pəncərədən bütün kainata baxırdım.

...Və birdən it hürdü.

# 1596 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #