Hansı kitabları oxumamalıyıq? - Vacib məsləhət

Hansı kitabları oxumamalıyıq? - Vacib məsləhət
16 iyun 2021
# 17:01

Kulis.az Simran Qədimin “Kitabın kitabını bağlayaqmı?” silsiləsindən II yazısını təqdim edir.

“Mən buradayam, əziz oxucum, görəsən, sən haradasan?”
Oğuz Atay

Hər kitab öz səsiylə oxucunu çağırıb diqqət çəkməyə çalışır. İstər real aləmdə, istərsə də virtual dünyada – harada bir kitab varsa, sanki bir-birini itələyib sıxışdırır, fürsət düşən kimi, boylanaraq gözə dəymək, insanların qəlbinə və beyninə yol tapmaq istəyir.

Tarixdə heç vaxt, hətta XV əsrdə inqilabi alman ixtiraçısı Yohan Qutenberqin çap dəzgahını icad etməsindən bu yana belə, bilik indiki qədər əlçatan, bol, bir çox hallarda isə təmənnasız, pulsuz olmamışdı. Bunun dəyərinin anlaşılmasından əlavə, kitabların doğru-düzgün seçilməsi də çox böyük önəm daşıyır. Nəyi, niyə, hansı özəlliklərinə görə oxuduğumuza diqqət yetirməliyik. Milyonlarla əsərin, bu qədər zənginliyin, rəngarəngliyin, bəlkə də, xaotikliyin içində hər şey var: həddən artıq vacib, dəyərli kitablar da, kimsəyə fayda verməyən, mənasız, hətta zərərli, təhlükəli əsərlər də.

Bir çox hallarda uğursuz seçilən – keyfiyyətsiz, zəif, maraq dairəmizə, bilik səviyyəmizə uyğun gəlməyən, zamanına, məqamına görə yerinə düşməyən kitablar ruh düşkünlüyü yaradır. Daha oxumaqdan boyun qaçırıb mütaliədən soyuyuruq, belə demək mümkünsə, kitabın kitabı bağlanır. Amma bir dəfə, hətta bir neçə dəfə də səhvə yol verməyimiz, bunun həmişə təkrarlanacağı anlamına gəlmir. Digər tərəfdən, kitablara layiq olduqları qiyməti verməkdən ötrü də geniş diapazonlu mütaliəyə, zamanla qazanılan təcrübəyə ehtiyac duyulur.

Saysız kitabların arasında hər kəsə gərək ola biləcək, səbirsizliklə oxucusunun yolunu gözləyən kitablar var.

Bir vaxtlar hərfləri, yazıb-oxumağı öyrəndiyimiz, asan qavranılan, su kimi axıb-gedən nağılların, hekayələrin dünyasına baş vurduğumuz kimi, sanballı, ağır əsərlərə girişməmişdən öncə də sadə kitablardan başlamaq daha məqsədəuyğundur. Vaxt ötüşdürməyə hesablanan, yüngül bir dillə yazılıb maraqla oxunulan bu cür kitablar, adətən, mütaliə vərdişinin yaranmasına xidmət edir, gələcəkdə daha mürəkkəb əsərlərin oxunmasına yol açır.

Kitablar kateqoriyalar, dövrlər, mövzular, janrlar kimi bir sıra şərtlərə görə bölünərək bir-birlərindən fərqlənirlər. Kateqoriyalara əsasən, ensiklopedik, bioqrafik, ixtisas, elmi, elmi-kütləvi, bədii kitabları misal göstərmək olar. Məsələn, söhbət ixtisas kitablarından gedirsə, onlar da öz növbələrində müxtəlif sahələrə ayrılırlar: müəllimlik, həkimlik, mühəndislik... Bəs hansı müəllim? Ana dili, riyaziyyat, coğrafiya, ya tarix?.. Elm, ya elmi-kütləvi əsərlərdə də ucsuz-bucaqsız okeanlar var: kimya, fizika, biologiya, astronomiya, ya astrofizika... Yox, əgər nəzər nöqtəmiz ədəbiyyatın üzərindədirsə, yenə də seçim imkanı sonsuzdur. Şeir, yoxsa roman? Neçə il əvvəl, hansı janrda qələmə alınmış kitablar? Klassik, modern, postmodern? Detektiv, fantastik, antiutopik, ya tarixi əsərlər?..

Bundan başqa, hər kitabın öz təyinatı, məqsədi olur: vaxt öldürmək, mənəvi-estetik zövq vermək, cürbəcür emosional hallar - duyğu seli yaşatmaq, düşündürmək, maarrifləndirmək, bilik və bacarıqları artırmaq... Kitab var, pop musiqi, “fast food” kimidir, ayaqüstü, sürətli oxu üçün yazılıb; kitab var, mütaliə zamanı böyük zəhmət, diqqət tələb edir, deyir ki, üstündə qeydlər aparıb stikerlər yapışdıraq, sətirlərini, abzaslarını işarələyib dönə-dönə təkrarlayaq.

Bütün bunları incəliklərinə qədər araşdırıb saf-çürük etmək çox çətin, bəzənsə mümkünsüz olsa da, əvvəlcədən az-çox nə istədiyimizi, necə bir şey axtardığımızı bilməliyik. Əgər zövqümüz, maraq dairəmiz hələ formalaşmayıbsa, yenə də boş dayanmağın mənası yoxdur. Hər kitaba ağız büzüb heç nə oxumamaq əvəzinə, haradansa bir yerdən başlasaq, tədricən zövqümüzü və maraq dairəmizi yaradarıq.

Tsundoku – kitab alıb oxumama sindromu

Kitab seçimində bir çox amil rol oynayır: reklam, üz qapağı, oxucuların, blogerlərin, dostların fikirləri, resenziyalar, sevimli yazıçının növbəti əsəri, savadına, intellektinə əmin olduğumuz adamların tövsiyələri, kitabın “Top kitablar”, bestsellerlər, lonqsellerlər siyahısına düşməsi, nəşriyyat, tərcüməçi, redaktor... Bunların hamısı beyində səs-küy salır, ən böyük motivasiyaya - şəxsi istəyə, marağa uyğun şəkildə seçim etməyimizə səbəb olur.

Mütaliə fərdi xarakter daşıdığından hər kəsin özünəməxsus tələbatı, prioriteti ola bilər. Həkimə, mühəndisə, iqtisadçıya, yazıçıya, filosofa lazım olan kitablar, təbii ki, bir-birindən fərqlənəcək. Ancaq hamının, heç olmasa, ibtidai səviyyədə bilməli olduğu ortaq mövzular, təməl bilgilər də var. Din, fəlsəfə, elm, tarix, siyasət, sənət, ədəbiyyat kimi sahələrdə müəyyən anlayışlara yiyələnmək, fərqli mədəniyyətlərlə tanış olub, özünü dərk etmək, çağdaş dövrün problemlərini öyrənmək həyata qlobal yanaşmağa, bütöv mənzərəni görməyə kömək edər. Hansısa sahnəylə qısa tanışlığı əsasən ümumiləşdirilmiş kitablar, antologiyalar yaradır. Fəlsəfə haqda anlayış almadan Kantın “Saf ağılın tənqidi”ni, Hegelin “Ruhun fenomenologiyası”nı, ya Nitsşenin “Zərdüşt belə söylədi”sini necə başa düşmək olar?

Bu gün internetdə yazılı və video formatda yerli və xarici yazıçıların kitablarını təqdim edən, cürbəcür kriteriyalara görə, qarşımıza siyahılar çıxaran saysız materiallar var. Mütəxəssislərin qiymətini almış, Nobel, Buker, Pulitser kimi beynəlxalq mükafatlara layiq görülmüş, dünya səviyyəsində tanınıb zamanın, əsrlərin sınağından çıxmış kitabların oxunması səhv etmə ehtimalını azaldar. Daim yeni nəşrlərlə, müxtəlif kataloqlarla maraqlansaq, gec-tez “bax, bu mənim kitabımdır, mütləq oxumalıyam bunu!” deyəcəyimiz əsərləri taparıq.

Axtardığını tapa bilməmək onun mövcud olmadığı anlamına gəlmir.

Konkret kitab məsləhətlərinə etimad etməyənlər isə belə bir üsula əl ata bilərlər. Diqqətinizi çəkən iki kitab götürüb, hərəsindən təqribən 30-50 səhifə oxuyun. Ardınca üçüncü kitaba girişib, ondan da 30-50 səhifə oxuyandan sonra müqayisələr aparın, hansı kitabı bəyənsəniz, onun üzərində dayanın. Kitabları ayrı-ayrılıqda araşdırmaqla - qısa məzmununu, annotasiyasını oxumaq, mündəricatına, başlıqlarına baxmaq, təsadüfi səhifələrini açıb müəllifin dilini, üslubunu nəzərdən keçirməklə də müəyyən fikrə yiyələnmək olar. Beləliklə, istədiyimiz kitabı daha tez tapar, ən qiymətli resursumuza – vaxtımıza qənaət edərik.

Mətnin ad-sanından asılı olmayaraq, zorakılığı, dini, irqi, cinsi ayrı-seçkiliyi təbliğ edən, xeyrin libasında şərə xidmət göstərib beyinləri zəhərləyən kitablar çox təhlükəlidir. Fikrini çatdıra bilməyən, bəsit şeyləri təkrar-təkrar vurğulamaqla oxucusunu da bəsitləşdirən, başqalarının düşüncələrinə təhqiramiz yanaşan, əsassız arqumentlərlə, manipulyativ nümunələrlə özünün daim haqlı olduğunda israr edən müəllifləri ciddiyə almağa dəyməz. Bu cür əsərlərin çoxluğunu nəzərə alanda “bütün kitablar dəyərlidir!” ifadəsinin klişeliyi, şablonluğu haqda düşünmək məcburiyyətində qalırıq.

Bəlkə də, “Hansı kitabları oxumamalıyıq?” sualı “Hansı kitabları oxumalıyıq?” sualından daha vacibdir, kim bilir?

# 3540 dəfə oxunub

Oxşar xəbərlər

Daha bir serial yekunlaşır

Daha bir serial yekunlaşır

18:00 19 aprel 2024
Spilberqin yeni filminin mövzusu açıqlandı

Spilberqin yeni filminin mövzusu açıqlandı

17:40 19 aprel 2024
“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar”  mövzusunda ictimai müzakirə təşkil edildi

“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edildi

16:30 19 aprel 2024
Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

16:00 19 aprel 2024
“Sazlı, sözlü kəlağayı günləri”  silsilə tədbirlərlə davam edir

“Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edir

15:30 19 aprel 2024
Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

15:00 19 aprel 2024
# # #