Epidemiyadan qorxmayan qoca – Günel Natiqin hekayəsi  

Epidemiyadan qorxmayan qoca – Günel Natiqin hekayəsi  
24 mart 2020
# 11:30

Kulis.az Günel Natiqin yeni yazdığı "Epidemiya" hekayəsini təqdim edir.

Qocanı yoluxmağa Allahın hər günü dünyanın müxtəlif şəhərlərindən kimlərsə gəlirdi. “Bu görkəmdə Dağdağan ağacıyla görüşməyə necə gedim?” deyə sitəm edən Qoca ziyarətçiləri ilə qabaq-qənşər oturmalı olurdu. Adamlar elə bil onun üzünün hər cizgisini yadda saxlamaq istəyirdilər. Diqqətlə ona baxır, söz-sovunu yaddaşlarına köçürür, tezliklə ondan yazacaqları xatirələr, nekroloqlar haqqında düşünürdülər.

Qoca bütün bunları anlayır, amma heç kimin xətrinə dəymir, qapısını gələnlərin üzünə bağlamırdı. Çox vaxt yanındakıları büsbütün unudub öz aləminə qapılır, Dağdağan ağacıyla xəyali söhbət edirdi.

Gəlib-gedənlər tez-tez onu öz dünyasından ayırır, sorğu-suala tutur, həyat, ölüm, sevgi, günah barədə fikirlərini soruşurdular. Qocanın danışmağa heyi olmasa da, fikirlərini qısa və aydın çatdıra bilirdi. Son günlər rəngi-rufu qaçmış, dərisi büzüşmüş, gözlərinin işığı qeybə çəkilmişdi. Əvvəlki adam deyildi artıq.

İndi Qocanın içindəki poeziyadan, xəyalındakı Dağdağan ağacından başqa doğma heç nəyi yox idi. Nə cavab verəcəkdi ona? Dünyaya məğlub olduğunu necə başa salacaqdı? “Sənin poeziyanda axı dünya çox gözəl, rəhmli idi - lap təbiətdəki yaşıl yarpaqlar qədər! Necə oldu ki, dünya belə zalım oldu?” soruşacaqdı. Nə cavab verəcəkdi Dağdağan ağacına?

Qoca çox vaxt susurdu, əslində, adamların ondan əvvəlki kimi çox şey gözləmədiklərini bilirdi. Bilirdi ki, onun poeziyası insanların içinə, könlünə hopub, deyəcəklərini çoxdan deyib qurtarıb. Onsuz da adamları buraya gətirən onun danışacaqları yox, onunla təmasda olmaq istəmələri idi.

Adamlar böyük şairi, canlı əfsanəni elə-belə itirmək istəmirdilər. Ona görə işlərini-güclərini atıb onunla görüşə yollanırdılar. Nə qədər adam gülüşünü, üzünün məhz son andakı cizgilərini, ölüm xiffətini yadigar qoymadan köçmüşdü bu dünyadan. İndi onu belə izsiz itirmək istəmirdilər. Ona görə arı pətəyə yığışan kimi onun başına yığışırdılar.

Qoca hər an ölə bilərdi. Amma ölüncə birdəfəlik yox olmayacaqdı. Bu təmasdan onların əllərində istisi, gözlərində kölgəsi qalacaqdı. Kölgə heç də hər zaman yox olmur. Xirosimoda partlayış vaxtı adamlardan biri kölgəsinin əksini yadigar qoyub getmişdi. Qocanın hansısa kölgəsi qalacaqdı.

Qoca üçün ən əzablı iş xatirə fotoları çəkdirmək idi. Adamlar əllərinə düşən fürsəti itirmək istəmirdilər. Ona görə hər ehtimala qarşı bir neçə pozada şəkillər çəkdirirdilər. Bu zaman ona əziyyət verməli olurdular, gah bir tərəfə, gah digər səmtə baxmağa məcbur edir, bəzən əllərini onun boynundan keçirib gücsüz başını hansısa istiqamətə yönəldərək, istəmədən təzyiq etməli olurdular.

Qoca bu vaxt özünü çox zəif hiss edirdi. Bəzən ondan obyektivə baxmağı rica edirdilər, amma bir az sərt səslə xahiş edirdilər, çünki qoca öz aləminə tez-tez qapılırdı.

Bir qayda olaraq hamı şəkildə yaxşı düşmək istəyirdi. Qoca üçün bunun elə də fərqi yox idi. Çünki həmişə eyni çarəsizlik yağırdı görkəmindən. Adamlar isə həmişə eyni cür yaxşı düşürdü.

Qoca bu fotolara baxmırdı, çünki öz çarəsizliyini bir də adamların fotodakı baxışlarında görmək istəmirdi.

Bir vaxtlar yüksək vəzifələrdə işləmişdi. Sözü keçən adam olmuşdu. İndi belə görkəmdə olmağı özünə yaraşdıra bilmirdi. Amma zaman onu buna xaincəsinə alışdırmışdı. Hətta fotolar çəkilərkən obyektivə baxmağa da alışmışdı.

Günlər keçdikcə Qoca bir az da taqətdən düşür, onun yanına gələnlərin sayı hər keçən gün artırdı. Hamı Qoca dünyasını dəyişməmiş onunla görüşməyə can atırdı.

Nəticədə demək olar ki, Qocayla şəkli olmayan qalmamışdı. Şəkli olmayanlar da baxıb tərəddüd keçirirdilər: bəlkə...

Qoca o qədər əldən düşmüşdü ki, hələ də yaşadığına inanmaq olmurdu, bəlkə ona görə tez-tez onun öldüyü haqqında xəbərlər yayılırdı. Qocanın ölüm xəbəri gələndə onunla şəkil çəkdirməyə macal tapanlar rahat nəfəs alırdılar, görüşməyənləri isə yenə məyusluq bürüyürdü: bəlkə...

Bəlkə elə ona görə hər dəfə Qocanın ölüm xəbərinin yalan olduğu ortaya çıxandan sonra kəndə onunla görüşə gedənlərin sayı birə-beş artırdı. Onu sağ-salamat görənlər “şükür, bu günü də gördük”, - deyirdilər.

Qoca özündə güc tapıb ölümə müqavimət göstərirdi. İki ildir düçar olduğu ağır xəstəliyə qalib gələ bilməsə də, hələ tam təslim olmamışdı.

Bir vaxtlar görüşünə getdiyi, şeirlər qoşduğu, varlığıyla ovunduğu Dağdağan ağacı onun yolunu gözləyirdi. Dağdağan ağacı yeganə varlıq idi ki, qoca onun görüşünə bu görkəmdə getməyə utanırdı.

Dünyada yayılan epidemiya ilə bağlı hər gün təzə xəbərlər gəlirdi. Əvvəl inanmamışdılar. Dünya çox böyükdür, bizə epidemiya gəlib çatmaz, demişdilər. “Dünyanın genişliyini anladınmı?” - yazılmışdı müqəddəs kitablarda.

Sonra hamı dünyanın necə də kiçik olduğunu gördü, o dərəcədə kiçik ki, epidemiya dünyanın o biri başından ta onların olduğu yerə qədər ayaq açıb yerimişdi.

Epidemiya qurbanlarının sayı durmadan artırdı.

Maraqlıdır ki, ölənlərin adları da virusa yoluxmuş kimi yoxa çıxırdı. Fotoları da yox idi, onlar da virusa bulaşmışdı.

Ölənlərlə bağlı hər şey yoxa çıxırdı. Sanki hər şey epidemiyaya qurban getmişdi.

Hətta xatirələrini də epidemiya alıb aparmışdı.

Ucqar kənddəki xəstə yatağında öz tənhalığına sığınan Qoca isə yanına gəlib-gedənləri bir-bir xatırlayırdı. Onlarla necə görüşdüyünü, şəkil çəkdirdiyini...

Qoca indi onların yolunu gözləyirdi. Xatırlayıb gülümsəyirdi.

Hamısı öz gülüşünü, hüznünü, ölümlə bağlı düşüncələrini yadigar qoyub getmişdi.

İndi Qocanın eləyəcəyi yeganə şey Dağdağan ağacıyla görüşə yollanmaq idi. Artıq o, bu kiçicik dünyadan qorxmurdu...

# 5225 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #