Dostoyevskinin hekayəsi: "Timsah" – Davamı

Dostoyevskinin hekayəsi: "Timsah" – Davamı
25 noyabr 2019
# 17:31

Kulis.az Etimad Başkeçidin tərcüməsində dahi rus yazıçısı Fyodor Mixayloviç Dostoyevskinin "Timsah" hekayəsinin davamını təqdim edir.

əvvəli burada...

- Qulaq as, - o amiranə səslə danışmağa başladı, - bu gün buraya gələnlərin ardı-arası kəsilmirdi. Axşama yaxın artıq yer tapılmırdı, belə ki, nizam-intizam yaratmaq üçün polis gəldi. Qazandığı pulları saymaq və sabaha daha yaxşı hazırlaşmaq üçün sahib mağazanı saat səkkizdə, yəni həmişəkindən tez bağlamağı, tamaşanı kəsməyi lazım bildi. Bilirəm ki, sabah burada bütöv bir yarmarka toplaşacaq. Beləliklə, yəqin ki, paytaxtın ən elmli adamları, kübar cəmiyyətin xanımları, əcnəbi səfirlər, hüquqşünaslar və başqaları da gələcəklər. Hələ bu harasıdır: bizim geniş və hər şeylə maraqlanan imperiyamızın çeşidli əyalətlərindən də tökülüşüb gələcəklər. Nəticədə, hamının gözü önündə olacağam, aşkarda olmasam da, birincilik məndə olacaq. Avara kütlənin başına ağıl qoymağa başlayacağam. Öz təcrübəmə istinadən özümü taleyin qarşısında böyüklük və təvazö nümunəsi kimi təqdim edəcəyəm! Necə deyim, kafedra olub bəşəriyyətə öyüd-nəsihət verəcəyəm. Təkcə daxilində məskunlaşdığım yırtıcı haqqında verəcəyim elmi məlumatlar nəyə desən dəyər. Ona görə də, az əvvəl baş vermiş hadisəyə görə narazı deyiləm, əksinə, qəti əminəm ki, bunun sayəsində çox gözəl karyera quracağam.

- Bezməyəcəksən ki? – hirslə dedim.

Ən çox acığıma gələn o idi ki, o artıq şəxs əvəzliklərindən demək olar, istifadə etmirdi – o dərəcədə təkkəbürlü idi. Əməlli-başlı karıxmışdım. «Bu yüngülməcaz adam niyə belə sırtıqlıq eləyir! – dişim bağırsağımı kəsirdi. – Burada ağlamaq lazımdır, naz satmaq yox».

- Yox! – o, mənim sözlərimə sərt cavab verdi, - çünki başımda böyük ideyalar dolub-daşır, indiki asudə vaxtımda bütün bəşəriyyəti ağ günə çıxarmaq barədə rahatca düşünə bilərəm. Artıq timsahdan həqiqət və nur saçacaq. Mütləq özümün yeni iqtisadi münasibətlər nəzəriyyəmi irəli sürəcək və bununla fəxr edəcəyəm – indiyə kimi işdən və bayağı əyləncələrdən başım açılmadığına görə bunları edə bilmirdim. Hər şeyi yalana çıxaracaq, yeni Furye olacağam. Yeri gəlmişkən, yeddi manatı Timofey Semyonıça verdinmi?

- Cibimdən verdim, - onun borcunu öz pulumdan ödədiyimi səsimdə ifadə eləməyə çalışaraq cavab verdim.

- Hesablaşarıq, - o, təşəxxüslə cavab verdi. – Maaşım mütləq artırılmalıdır, mənim maaşımı da artırmayıb, kiminkini artıracaqlar? Məndən çox xeyir götürə bilərlər. Yaxşı, iş barədə danışaq. Arvad?

- Yəqin ki, Yelena İvanovnanı soruşursan?

- Arvadım?! – o bu dəfə lap ciyiltili səslə çığırdı.

Əlacım kəsildi! Təmkinlə, amma yenə də dişim bağırsağımı kəsə-kəsə Yelena İvanovnanı harada qoyduğumu ona dedim. O, heç sözümü sonacan dinləmədi.

- Onunla bağlı xüsusi planlarım var, - o səbirsizliklə dedi, - əgər mən burda məşhurlaşacağamsa, onun da orda məşhurlaşmasını istəyirəm. Alimlər, şairlər, filosoflar, gəlmə mineraloqlar, dövlət adamları səhərlər mənimlə söhbət etdikdən sonra onun salonuna baş çəkəcəklər. Gələn həftədən başlayaraq o, hər axşam salon təşkil etməlidir. Maaşımın ikiqat artırılması qonaqları qəbul etməyə imkan yaradacaq, qəbul zamanı yalnız çay veriləcək və muzdlu lakeylər qulluq eləyəcəklər, beləcə hər şey yoluna düşəcək. Burda da, orda da məndən danışacaqlar. Hamının məndən danışacağı günü çoxdan gözləyirdim, ancaq məhdud imkanlar və rütbəmin aşağı olması əl-qol açmağa qoymurdu. İndi bunların hamısı timsahın ən adi udma hərəkət ilə əldə edilib. Artıq mənim dediklərimə qulaq kəsiləcəklər, hər sözüm götür-qoy ediləcək, çap olunacaq, adamlar bir-birinə ötürəcəklər. Mən hələ öz sözümü deyəcəyəm! İnsanlar yırtıcının qarnında necə bir istedadı itirdiklərini nəhayət başa düşəcəklər. «Bu adam xaricdə nazir işləyə, krallıq idarə eləyə bilərmiş» - bəziləri deyəcəklər. «Nə təhər olub ki, bu adam xaricdə krallıq idarə etməyib» - başqaları deyəcəklər. Hansısa Qarnye-Pajesişkadır nədir, ondan nəyim əskikdir axı, nəyim?.. Arvadım mənimlə çiyin-çiyinə verməlidir – mən ağıllıyam, o isə yaraşıqlı və iltifatlı. «Bu qadın gözəldir, elə ona görə onun arvadıdır» - bir çoxları deyəcək. «Bu qadın gözəldir, çünki onun arvadıdır», - digərləri onlara düzəliş verəcək. Hər ehtimala qarşı qoy Yelena İvanovna sabah, hər şey barədə danışa bilmək üçün, Andrey Krayevskinin redaktorluğu ilə çap olunmuş ensiklopedik lüğət alsın. Qoy «S. – Peterburqskie izvestiya»dakı əsas siyasi xəbərləri oxusun və onları günbəgün «Volos»da yazılanlarla müqayisə etsin. Düşünürəm ki, sahib hərdənbir məni timsahla birgə arvadımın dəbdəbəli salonuna aparmağa razı olar. Mən təmtəraqlı qonaq otağının ortasında qoyulmuş yeşikdə uzanıb, gözəl söhbətlər edəcəyəm. Bunun üçün əvvəlcədən hazırlaşacağam. Dövlət adamlarına öz layihələrim barədə danışacağam; şairlərlə qafiyəli cümlələrlə söhbət edəcəyəm; xanımlar üçün zarafatcıl, ədəbli- qanışirin olacağam, - çünki onların ərləri üçün heç bir təhlükə törətmirəm. Yerdə qalanlar üçün qəzavü-qədərin iradəsinə və taleyin hökmünə tabe olan insan nümunəsi olacağam. Arvadımı gözəl ədəbiyyat xanımı edəcəyəm; onu irəli çıxarıb kütləyə izah edəcəyəm ki, o mənim arvadım kimi bir çox gözəl məziyyətlərə malikdir və əgər Andrey Aleksandroviçi haqlı olaraq rusların Alfred de Myussesi adlandırırlarsa, onu bizim Yevgeniya Turumuz adlandırmaq daha ədalətli olardı.

Etiraf edirəm, bütün bu cəfəngiyyat həmişəki İvan Matveiçi xatırlatsa da, fikirləşdim ki, o qızıdırma içindədir və sayıqlayır. Amma bu hər günkü İvan Matveiç idi, amma iyirmi dəfə böyüdən böyüdücü şüşənin altındakı İvan Matveiç.

- Dostum, - soruşdum, - uzun yaşayacağına ümid edirsənmi? Ümumiyyətlə, de görüm, sağlamsan? Nə yeyirsən, necə yatırsan, nə təhər nəfəs alırsan? Mən sənin dostunam, razılaş ki, bu çox qeyri-adi hadisədir və bu şeylərlə maraqlanmağım çox təbiidir.

- Adi maraqdır da, burda nə var ki? – o, təşəxxüslə cavab verdi, - ancaq səni cavabsız qoymayacağam. Soruşursan ki, yırtıcının qarnına necə yerləşmişəm? Birincisi, sən demə, timsahın içərisi tamamilə boş imiş. Onun içi sanki rezindən düzəldilmiş iri, boş kisədən ibarətdir. Bu, bizim Qoroxovaya, Mirskaya və səhv etmirəmsə, Voznesenski prospekti tərəflərdə yayılmış rezin məmulatlarına oxşayır. Yoxsa, bir özün düşün, mən buraya yerləşərdim?

- Bu necə ola bilər axı? – heyrətimi gizlədə bilməyib, ucadan soruşdum. – Doğrudanmı timsahın içi bomboşdur?

- Tamamilə boşdur, - İvan Matveiç ciddiyyətlə təsdiqlədi. – Özü də, böyük ehtimalla bu, təbiət qanunlarına uyğundur. Timsahın iti dişlərlə dolu cəhəngi və xeyli uzun quyruğu var, vəssalam. Onun bu iki ətrafı arasında isə kauçuka bənzər şeylə, ola bilsin, əsl kauçukla dövrələnmiş boşluq yerləşir.

- Bəs qabırğalar, bəs mədə, bəs bağırsaqlar, bəs qaraciyər? – Hirslə onun sözünü kəsdim.

- Heç nə yoxdur, bu orqanlardan heç biri yoxdur, yəqin ki, heç vaxt olmayıblar. Bütün bunlar yüngülməcaz səyahətçilərin mənasız uydurmalarıdır. Hemorroidal yastığı necə doldururlarsa, mən də öz bədənimlə timsahı elə doldurmuşam. O inanılmaz dərəcədə genişlənməyə qadirdir. Hətta sən də, comərd insan olsaydın, bir ailə dostu kimi mənim yanımda yerləşə bilərdin, artıq yer də qalardı. Mən bəzən Yelena İvanovnanı da yanıma gətirmək barədə düşünürəm. Dediyim kimi, timsahın bu cür içiboş bədən quruluşu təbiyyat elmlərinin qanunlarına tam uyğundur. Bax, tutalım sən yeni bir timsah yaratmağa qadirsən – təbii ki, belə bir suala cavab tapmağa çalışacaqsan: timsahın əsas özəlliyi nədədir? Cavab bəllidir: insanları udmaq. Timsahı necə düzəltməlisən ki, adamları uda bilsin? Bu cavab da bəllidir: onu içiboş yaratmalısan. Fizika elmi çoxdan sübut edib ki, təbiət boşluğu sevmir. Ona görə də timsahın içi məhz boş olmalıdır ki, boşluğu sevməsin, yəni bu boşluq elə hey udmalı, girəvəsinə keçən hər şeyi öz içinə çəkib dolmalıdır. Timsahların insanları udmasını izah edən yeganə səbəb budur. İnsansa başqa cür yaradılıb: məsələn, insanın beyni nə qədər boş olarsa, dolmağa bir o qədər az ehtiyac hiss edər. Bu ümumi qaydadan kənara çıxan yeganə istisna haldır. Bütün bunlar artıq mənə gün kimi aydındır, bütün bunları öz ağlım və təcrübəm sayəsində, necə deyərlər, təbiətin qoynunda, onun retortasında olarkən, nəbzinin vurmasına diqqət kəsilərkən dərk etmişəm. Etimologiya da mənim dediklərimi sübut edir, baxın, «timsah» sözünün özü qarınqulu mənasını verir. Timsah – Crocodillo, - ehtimalən müasir italyan sözüdür, ola bilsin, qədim Misir fironlarına dayanır, söz «croquer» fransız mənşəlidir, udmaq, yemək, ümumiyyətlə, qida qəbul etmək anlamında işlənir. Bütün bunları mən, yeşikdə Yelena İvanovnanın salonuna gətirildikdən sonra, oraya toplaşmış insanların qarşısında özümün birinci mühazirəm kimi oxumaq niyyətindəyəm.

- Dostum, bəlkə heç olmasa işlətmə dərmanı içəsən! – səsimi qeyri-iradi ucaltdım. «Onu isitməsi var, indi od tutub yanır» - qorxu içində öz-özümə təkrarlayırdım.

- Boş-boş danışma! – O, həqarətlə dedi, - mənim indiki vəziyyətimdə bir bu çatmırdı. Amma ürəyimə dammışdı ki, sən işlətmə dərmanını yada salacaqsan.

- Dostum, bəs necə… sən indi necə yemək yeyirsən? Bu gün nahar etmisən, yoxsa yox?

- Yox, amma toxam, yəqin ki, bundan sonra heç vaxt yemək yeməyəcəyəm. Burda başa düşülməyən heç nə yoxdur: mən öz bədənimlə timsahın qarnını doldurduğum üçün o, birdəfəlik doyub. Artıq onu bir neçə il yemləməmək olar. Digər yandan, o mənimlə toxdur, deməli, təbii olaraq öz bədənindəki bütün həyat cövhərini istər-istəməz mənimlə bölüşməli olacaq. Məsələn, necə ki, bəzi cilvəli xanımlar gecələr bədənlərinin hər yerinə çiy kotletlər qoyurlar və səhər-səhər vanna qəbul etdikdən sonra təravətli, şirəli, elastik və yaraşıqlı olsunlar. Beləliklə, mən timsaha yem olduğum kimi, özüm də ondan qidalanıram: deməli, bir-birimizi yemləyirik. Ancaq mənim kimi adamı timsahın belə həzm etməsi çətin olduğu üçün (əlbəttə, bu zaman o, öz olmayan mədəsində müəyyən ağırlıq hiss etməlidir), yırtıcı əlavə ağrılar çəkməsin deyə mən yerimdə arabir çevrilirəm, baxmayaraq ki, bunu tez-tez edə bilərdim, amma insaf-mürüvvət naminə etmirəm. Mənim indiki vəziyyətimdə yeganə çatışmazlıq budur. Məni tənbəl adlandıran Timofey Semyonıç aleqqorik mənada haqlıdır. Ancaq mən sübut edəcəyəm ki, bütün insanlığın taleyini elə böyrü üstə uzanılı halda da, yox, yalnız böyrü üstə uzanılı halda dəyişdirmək olar. Yəqin ki, qəzetlərimizdəki bütün böyük ideyalar və istiqamətlər tənbəllərin ağlının məhsuludur. Bax, elə ona görə onları kabinet ideyaları adlandırırlar. Ancaq necə adlandırırlar adlandırsınlar! Mən bütöv bir sosial sistem ixtira edəcəyəm, bu o qədər asan məsələdir ki, inanmayacaqsan! Hansısa bir küncə çəkilib, ya da lap elə timsahın qarnına düşüb gözünü yuman kimi bütün bəşəriyyət üçün bütöv bir cənnət qurursan. Bayaq siz gedən kimi mən kəşf etməyə girişdim. Artıq üç sistem kəşf etmişəm, indi dördüncüsünün üzərində işləyirəm. Doğrudur, əvvəlcə hər şeyi yalana çıxarmaq, təkzib etmək lazımdır və bunu timsahın içindən eləmək çox asandır; timsahın içindən hər şey daha aydın görünür… Düzdür, mənim vəziyyətimdə bəzi kiçik çatışmazlıqlar da var: timsahın içi rütubətlidir, sanki seliklə örtülüb, üstəlik rezin qoxuyur, elə bil mənim keçənilki qaloşlarımın iyidir. Vəssalam, başqa naqisliklər yoxdur.

Davamı

# 3641 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #