Bir uşaq saçları üçün hönkür-hönkür ağlayacaqdı - Yeni şeirlər

Bir uşaq saçları üçün hönkür-hönkür ağlayacaqdı - Yeni şeirlər
16 dekabr 2019
# 17:15

Kulis.az Amil Amalın şeirlərini təqdim edir.

3,
7,
40
365,
1000,
1000000
1000000000
və torpaq.


***

Necə də insan kimidi.
Gövdə qocalır, saralır.
Ağacın başı
ölənə qədər yaşıl.


***


Hər gün bir kərpic çörək
alıb evinə gedirdi.
Çörəyi daşdan,
kərpicdən çıxan adam.

***

Bir qızı sevirdim.
O da məni sevirdi.
Atası yox idi.
Sonra anladım ki,
məni atası kimi sevir.

Ayrıldıq.

Nömrəsini
telefonumdan silən günü
Gördüm adını
belə yazmışam:

"Qızım"

Sonra heç danışmadıq.
İllər keçdi aradan.
Parkda gördüm.
Gördüm qızı olub,
qızının yanında atası.

Elə sevindim,
sevindim.

***


Bir bilsən
səni xatırlamağımın
ciyərlərimə
nə qədər xeyri var.

Həkimim deyir
ciyərlərinə hava lazım.
Çalış gündə tez-tez
dərindən nəfəs al ver.

Mən sadəcə tez-tez
səni xatırlayıram.

***

Keçəl bərbərin
süpürdüyü döşəmədə
ağ tüklər
qara tüklərə qarışmışdı.

Az sonra bir uşaq
saçları üçün
hönkür-hönkür
ağlayacaqdı.

***

Mən atamın oğlu
anamın balası,
babamın nəvəsi,
nənəmin gül balasıyam.
Bacımın qardaşı,
yoldaşının qayını,
uşaqlarının dayısıyam.
Əmimin qardaşı oğlu,
dayımın bacısı oğlu,
dostlarımın dostu,
qohumlarımın qohumu,
sevgilimin sevgilisi,
gələcək həyat yoldaşıyam.

Bəs ilahi, özümün,
özüm-özümün nəyiyəm?


***


Müharibə uşaqları,
qaçqın-köçkün uşaqlar
daha yaxşı bilər bunu.
Evdə bişən bütün yeməklər
kartofdan hazırlanardı.
Çörəkdən də daha çox
müqəddəs sayılardı.

Qızartması, soyutması,
püresi, kotleti, lüləsi
hətta kababı belə vardı.

İndi yerdə görsəm
öpüb gözümün
üstünə qoyuram.

Gallery

# 5022 dəfə oxunub

Oxşar xəbərlər

Türk poeziyasına yenilik gətirən şair – Orhan Veli

Türk poeziyasına yenilik gətirən şair – Orhan Veli

13:10 20 avqust 2026
Sözün, səhnənin və ekranın sənətkarı: İlqar Fəhmi - Gülxani Pənah

Sözün, səhnənin və ekranın sənətkarı: İlqar Fəhmi - Gülxani Pənah

10:00 20 avqust 2026
"Ruhun həndəsəsi" kimi yazılan şeirlər - Elnarə Akimova

"Ruhun həndəsəsi" kimi yazılan şeirlər - Elnarə Akimova

15:10 19 avqust 2026
"Əsl ədəbiyyatın əxlaqlı olduğunu..." - "Lolita"nı niyə oxumalısınız?

"Əsl ədəbiyyatın əxlaqlı olduğunu..." - "Lolita"nı niyə oxumalısınız?

13:15 18 avqust 2026
"Daxili  ambisiyalarla cəmiyyətin ritmi uyğunlaşmayanda..."  - "Şeytan əməli" haqqında qeydlər

"Daxili ambisiyalarla cəmiyyətin ritmi uyğunlaşmayanda..." - "Şeytan əməli" haqqında qeydlər

14:00 16 avqust 2026
"Vətən mənəvi ərazicə bu sayaq adamların varlığı ilə bütövdür... "- Seyfəddin Hüseynlinin yubiley yaşına

"Vətən mənəvi ərazicə bu sayaq adamların varlığı ilə bütövdür... "- Seyfəddin Hüseynlinin yubiley yaşına

10:00 15 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər