Anar AYB sədrliyindən getsin, getməsin? – Yazıçıların fikri

Anar AYB sədrliyindən getsin, getməsin? – Yazıçıların fikri
10 sentyabr 2020
# 11:50

Sosial şəbəkələrdə ölkəmizdə başlayan islahatlarla bağlı müzakirələrdə AYB-yə 33 illik sədrlik etmiş Xalq yazıçısı Anarın növbəti qurultayda vəzifəsindən könüllü getməsi təklifi verilib. Kulis.az məsələ ilə bağlı tanınmış yazıçıların fikirlərini təqdim edir.

Gallery

Mövlud Süleymanlı

- Mən heç vaxt Anar müəllimin getməyini istəməmişəm. Onun getməyi bizə ziyan edər. Millətə, yazıçılara, oxuculara... Anlasalar da, anlamasalar da bu, belədir. Anarın özü istefa verərsə, bu, ayrı. Amma mən o fikirdə deyiləm ki, istefa versin. Anar həmişə hər yerdə gərəkli olduğunu göstərib. 33 il sədr olmağı onun necə çalışmağının, fəaliyyətinin göstəricisidir.

Gallery

Sabir Rüstəmxanlı

- Yazıçılarımızın Anardan başqa qayğıları yoxdur, görəsən? O, istefa verəndən sonra daha yaxşı yazmağa başlayacaqlar?

Gallery

Səfər Alışarlı

- Bu məsələ 20 ildən çoxdur ki, ədəbi ictimaiyyətin daimi müzakirə mövzusudur. Böyük əksəriyyət Anarın getməsini istəyir. Ancaq o, getmir və arada, kefinin yaxşı vaxtına düşəndə, özünün müxtəlif janrlı cavab və atmacaları ilə onun sədrliyini gündəmə gətirənlərlə, onların təklif və tövsiyələri, arzu və istəkləri ilə məzələndiyini gizlətmir. Yəni, bu, Azərbaycan cəmiyyətinin ən həssas milli düşüncə təbəqəsinə ironik, eyni zamanda satanist bir münasibətin təzahürü sayıla bilər.

Baxın, hakimiyyət təmsilçiləri vaxtaşırı ölkə mədəniyyətinin rəhbərləri ilə nəticəsi bizə bəlli olmayan görüşlər, müzakirələr keçirir. Orada iştirak edən rəhbər kontingentin hamısı Anar kimidir. Hələ onlara baxanda bizimki toya getməlidir. Bu, reallıqda otuz üç illik sədrə "get" demək bir qədər qeyri-ciddi səslənir.

Gallery

İradə Musayeva

- Anarın istefası heç nəyi dəyişməyəcək. AYB ləğv olunmalı, üzvlər dağılışmalı, həmin binanın və AYB-nin tarixçəsi yaxşı, ya pis assosiasiyalı xatirəyə çevrilməli, muzey olmalıdır. Repressiya dövründən bu yana qərəzsiz bir kitab yazılmalı, bir küncdə şüşə altda saxlanılmalıdır. AYB və onun mətbu orqanları ədəbiyyat adına parodik bir istehzadır. Vaxtilə təkcə ədəbiyyatda deyil, ümumən sənətdə, mədəniyyətdə faydalı işlər görmüş Anarı AYB hörmətdən saldı. Çünki Anarın nüfuzu AYB-ni qaldıra bilmədi. Aşağılanan mənəvi sahələrimizdə Anar həqiqi potensialını ortaya qoymaq istəmədi, yəqin. Bəlkə də axına qarşı getməyin acısını bildiyi üçün.

Gallery

Həmid Herisçi

- Məncə o, sadəcə ölməzdir.

Gallery

Sahilə İbrahimova

- Təbii ki, getməlidir. Çoxdan getməli idi. Yubileylərindən birində dövlətin verdiyi təltifə görə təşəkkür etdikdən sonra estafeti gənclərə ötürüb, yazılarına və nəvələrinə vaxt ayırmağa getməli idi. Belə olan halda kreslosundan bərk-bərk yapışan məmurlara bənzəmək əvəzinə, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”nin müəllifi olaraq yenilikçi yazıçı ruhuna sadiq qalardı.

Gallery

Rüstəm Behrudi

- Mən AYB-nin üzvü olmadığımdan fikir söyləməyə çətinlik çəkirəm. Ancaq mütləq fikrimi bilmək istəyirsinizsə, düşünürəm ki, uzun müddət cənnətdə yaşamaq belə nə vaxtsa adamı bezdirə bilər. Qaldı ki, vəzifə ola! Təbii, Anar müəllim yerini cavanlara təhvil verməlidir. Bir də AYB-nin olub-olmamasının əsil ədəbiyyat adamlarına nə dəxli var ki?! Mən 30 ildən artıq bir dövrdə AYB-nin üzvü olsam da ora ayaq basmamışam. Bu, çox şey demirmi?!

Gallery

Rəbiqə Nazimqızı

- Bu qurumla heç bir inzibati əlaqəm yoxdur, özləri bilər, mənimçün indi daha vacib məsələlər var.

Gallery

Aqşin Yenisey

- AYB özü qalmalıdırmı? Mədəni, ədəbi həyatımızda bu qurumun bir faydası varmı? Məncə, bu suala cavab axtarılmalıdır. Anarın qalması, getməsi artıq əhəmiyyətini itirmiş məsələdir. Təəssüf ki, ədəbi mühit hələ də "AYB və sədri" problemi ilə girincdir. Hər dəfə kolxoz quruculuğu illərinə dönməklə nəyə nail olmaq istəyirik ki?

Gallery

Varis

- Özü ilə bağlı bir prosesin proqress, yoxsa reqress halında olmasını insan özü ətrafdakı müşahidəçilərdən daha dolğun bilir. Buna görə də, məncə, buna Anar özü qərar verməlidir.

# 6195 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #