Ağac da, yarpaq da vətən qoxuyur - Esmira Məhiqızından yeni şeirlər

Ağac da, yarpaq da vətən qoxuyur - Esmira Məhiqızından yeni şeirlər
3 noyabr 2020
# 15:45

Kulis.az Esmira Məhiqızının yeni şeirlərini təqdim edir.

bu elə sağdı ki, solundan keçir,
bu elə soldu ki, ürək istəyir.
bir ömür uçmağa xəyal qurursan
bir ömür qolların lələk istəyir

bu elə yoxdu ki, olmasan olmur
bu elə vardı ki, sonrası yoxdu.
ölümə qədərdi güzgülənmək də
ölümdən o yanın aynası yoxdu

bu da belə ömür,
bu da belə gün -
sonda son nəfəsdən ötməsən olmur.
bu elə yoldu ki, gedir də gəlmir
bu elə yoldu ki, getməsən olmur.

***

bir quş səhər açır tank lülləsində,
əsgərlər oyaqdı, uyumaq yoxdu.
bir əsgər istəyir o quşu tuta
qoynunda qızdıra, hava soyuqdu

düşmən nə bilir ki, quş da vətəndi,
ağac da, yarpaq da vətən qoxuyur.
bir-bir əsgərləri sayır komandir,
bir-bir lülələrdə quşlar oxuyur.

döyüşlər başlayır, quşlar uçurlar...
hər yandan yağış tək güllələr yağır.
bir əsgər köksünü tutub yıxılır,
al-qana boyanır, yarası ağır.

şiddətli döyüşlər ara vermir heç,
səngimir bir anlıq güllə yağışı.
yaralı əsgəri qolları üstə
döyüşdən çıxardır səngər yoldaşı

sonra silahına sarılır yenə
irəli şığıyır, gözlərində od.
döyüşə-döyüşə dostunu anır,
bəlkə də sağ qala,
umud, bir umud!!!

soyuq silahların umud atəşi,
göylərdə od kimi çiçək açırlar.
elə ki, bir azca döyüş səngiyir
yenə havalarda quşlar uçurlar

yenə də quşların səsləri gəlir,
komandir deyir ki, səs də vətəndi!
dostunu itirən əsgərlər bilir
sağ qalmaq əzabı necə çətindi.

bir quş səhər açır tank lülləsində,
şəhidlər uyuyur vətən səsində!!


***

gündüzün gecə vaxtıydı,
neynimin necə vaxtıydı,
o qızın sərçə vaxtıydı...
uçdumu,
bilən oldumu

adından soyuqlar keçdi də,
yazından sazaqlar keçdi dəə
yadından uzaqlar keçdi də,
getdimi,
görən oldumu

bir daha gözə dəymədi,
bilmirəm...
ta sonra neynədi,
saçları dən-dən göynədi,
ağardı,
hörən oldumu

yandı da.. bir kəsdən ötəri,
susdu da.. bir sözdən ötəri,
İlahi!
o qızdan ötəri,
onun tək ölən oldumu..?

***

unudulmuş bir evin kədəri susur içimdə...
könül üşüməsi kimi keçirəm
küləklərin üşütdüyü yarpaqların arasından


kimsəsiz bir şəhər kimi qısılıram xatirələrə,
küçələr boş,
səkilər boş,
yollar boş

bu boşluqda bütün pəncərələr qaranlıq göstərir üzümü,
qaranlıq göstərir yaşamı

uzaq adreslərin uşaq səslərində axtardığım umud,
aradığım sevinc
ilğım kimi xəyallarımın uzağından boylanır

artıq heç yerdə deyiləm,
nə o keçmişdə,
nə bu indidə,
nə də heç gəlməyəcək gələcəkdə

və..sətir-sətir buludlara köçürəm,
bəlkə...
unudulmuş bir evin damına yazıldım yağış kimi

***

kim çəkdi bilmirəm,
yazın ömrünə,
çəkdi sazaqların adreslərini.
o vaxtdan İsaxlar axtarır hələ...
tapmır Musaxların adreslərini.

gör nələr,
gör kimlər itəndən bəri,
qapımı o günlər örtəndən bəri,
ömrümdən bir qatar ötəndən bəri
sildim uçaqların adreslərini.

uşaqlıq beləmi çəkilib gedər,
qoxusu hər yerə tökülüb gedər,
gözündə sonuncu şəkili gedər,
tapmaz uşaqların adreslərini.

kim yazır,
nə yazır...qəsdimə yazsın,
mənim Rəsi adlı dostuma yazsın,
istəyir burdakı poçtuma yazsın,
yazsın... uzaqların adreslərini

***

və o gündən pərən-pərən quşlar ötdü içimdən
mən də belə ötürürəm içimdəki quşları
quşlar getsin...

getsinlər də harda günəş var ora,
mən də görüm hansı küncdə keçirirəm qışları

mən də görüm necə olur..yenə yazı gözləmək
bu həsrətlə şeir yazmaq, şeir yazıb özləmək
və sonra da..güzgüdəki o qadına baxanda,
gülümsəmək,
gülümsəmək..gözyaşını gizləmək

və o gündən sonuncu quş uçub getdi yuvadan
yuvadakı lələklərə baxıb elə pis oldum
xəyalımda qollarımı yana açıb şığıdım,
köçə duran o quşların sırasına qoşuldum

göyün üzü elə gözəl, elə nağıl kimiydi..
o nağılın gözəlliyi ürəyimi oxşadı
ay işığı qaranlıqda sanki cığır kimiydi
o cığırda anqarışıq bir ömrü yaşadım

və o gündən quşlar uçdu gözlərimin ucundan
elə bildim mən də elə o nağılda göydəyəm
bir də gördüm,
bir də gördüm,
bir də gördüm..nağıl yox
o quşların həsrətinin yurd saldığı yerdəyəm

bir xatirə qoxusu tək qanadında quşların
uçub getdi uzaqlara o yazların havası.
ağrı kimi hopub qaldı yuvaların küncündə
heç köçmədi,
heç getmədi payızların havası

və o gündən həsrətlərin yurd yerində qalmışam
bu ömrün bir payızlıq sətrində qalmışam...

# 2848 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #