“11 ay gəlin oldum”

“11 ay  gəlin oldum”
8 may 2011
# 12:32
Layihə: “Məşhurların sevgi etirafları”

Lent.az-ın “Məşhurların sevgi etirafları” layihəsinin növbəti qonağı Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist Gülüstan Əliyevadır.

- Kənardan sizə baxanda sevən və sevilən qadın təəssüratı yaradırsınız. Həqiqətən belədirmi?

- Bəli, həqiqətən belədir. Mən hazırda sevirəm də, sevilirəm də.

- Qadın üçün bundan yaxşı nə ola bilər ki?! Bəs ilk dəfə sevgi ilə nə vaxt rastlaşmısınız?

- İnstitut illərində. İkinci kursda oxuyurdum. Hardasa 19 yaşım olardı. Biz görüşəndə nə vaxt evlənəcəyimiz barədə düşünmürdük heç. Sadəcə bir-birimizi gördük, bəyəndik, sevdik. Təzə-təzə mən heç bilmirdim ki, o, məni sevər, evlənər. O, Bakı Dövlət Universitetinin hüquq fakültəsində oxuyurdu...

- Siz isə Konservatoriyada. İki ayrı təhsil ocağının tələbəsi necə tanış olmuşdu?

- Mən onun əmisi qızı ilə bir yerdə kirayədə qalırdım. O da bu qızın qardaşı ilə. Tez-tez bacılarını görməyə gəlirdilər. Onda məni görmüşdü. Yaraşıqlı, sarışın oğlan idi. Göy gözləri, uzun kirpikləri vardı. Çox savadlı və tanınan tələbə idi. Yüksək təqaüd alırdı. Tələbə ordeninə layiq görülmüşdü. Çox xoşum gəlmişdi ondan. Danışanda adamın üzünə də baxmırdı. O cür tərbiyəli, mədəni oğlan idi. O vaxt dəb idi, tələbələr bir-birinə elmlə bağlı suallar verirdi. O da başladı mənə suallar verməyə. Mən məktəbdə yaxşı oxumuşdum, eləcə də Konservatoriyada. Hətta sinif nümayəndəsi idim. Cavablarımdan gördü ki, tarixdən, coğrafiyadan anlayışım var. Xoşu gəldi, hətta zarafat da etdi ki, Konservatoriyada da yaxşı oxuyan tələbə olarmış. Sonra gördüm bizə tək gəlməyə başladı, mənə diqqət göstərirdi. Bir az keçəndən sonra mənə ürəyini açdı. Beləcə, bizim münasibətlərimiz başladı.

- Sizə ilk sevgi etirafını edəndə tanışlığınızdan nə qədər vaxt keçmişdi?

- Bir il. Mən artıq üçüncü kursda oxuyurdum, Zahid sonuncuda. Bizim evin yanında Zabitlər Parkı vardı, orda mənə ürəyini açdı. Sevgi münasibətimiz belə başladı. Sonra o, universiteti qurtarıb Cəbrayıla getdi. Təyinatını da ora vermişdilər, özü də əslən ordan idi. Amma arada gəlirdi, görüşürdük, telefonla əlaqə saxlayırdıq. Hətta bir dəfə mən kor bağırsağımdan əməliyyat olundum. Gecəylə Bakıya gəlib məni gördü. Onda heç nişanlı da deyildik.

- Bəs nə vaxt ailə qurdunuz?

- Mən Konservatoriyanı bitirəndən sonra. Amma xeyli çətin oldu. Nə onun ailəsi məni almaq istəyirdi, nə də mənim ailəm ona ərə getməyimə razılaşırdı. Ayrı-ayrı bölgələrin adamları olduğumuza görə, hər iki nəsil bu evliliyin əleyhinə idi. Qocalar deyirdilər, “onlar sünnidi, biz şiəyik”. Nənəm deyirdi, “biz tanımırıq, bilmirik kimdilər, nəçidirlər?” Onlar tərəf lap konservatordur. O nəsil-kökdə bir yad gəlin mənəm. Başqa yerə nə qız veriblər, nə də qız alıblar. Amma sevgimiz hər şeyə güc gəldi və biz ailə qurduq. İyul ayında dövlət imtahanlarımızı verdik və buraxıldıq. 1990-cı ilin sentyabrında böyük nişan oldu. Oktyabrın 18-də də qız toyum çalındı. Elə həmin gün Yevlaxdan Beyləqana gəlin getdim. Əslində həmin gün gəlin getməməliydim. Oğlan evi toya gəlmişdi. Bizə deməmişdilər ki, gəlini də aparacaqlar. Toy qurtarana yaxın dedilər, “gəlinimizi aparırıq”. Ay aman, aləm qarışdı bir-birinə. Ağlayan kim, dalaşan kim, danışan kim... ara qarışdı, məzhəb itdi. Dedilər “yox e, gəlinimiz aparırıq, yol uzaqdı, biz bir də gələ bilmərik”. Demə, artıq Beyləqanda da toya hazırlıq görüblərmiş. Yoldaşım Cəbrayılda cinayət axtarış şöbəsinin rəisi işləyirdi. Çox tanınırdı, ad-san qazanmışdı. Ona görə də toyumuz 4 gün çəkdi. Bizim ailəmiz də elə bilib ki, toy hələ növbəti həftə olacaq. Ona görə də o biri həftənin ikinci günü yığışıb gəlmişdilər. Gəlib gördülər ki, toy olub artıq (gülür). Toyumuzdan bir həftə sonra Cəbrayıla köçdük. Orda yoldaşımın evi vardı. Mən hələ 4-cü kursda oxuyanda Zahid dedi ki, ona gənc mütəxəssis kimi ev vermək istəyirlər. Amma nikahı olmadığına görə verə bilmirlər. Mənə nikaha girməyi təklif elədi, “istəyirəm sən öz evimizə gəlin gələsən” dedi. Nə isə... beləcə gizli nikah kəsdirdik. Nə onun ailəsində, nə bizim ailədə bunu bildilər. Nişandan sonra nikah haqqında söhbət düşəndə açıb dedik ki, artıq nikahımız var.

- Yoldaşınız sənətdə olmağınızı istəməyib yəqin...

- Yox, istəməyib. Biz elə də danışıb razılaşmışdıq ki, mən işləməyəcəyəm, sənətimin də dalınca getməyəcəyəm. Təbii ki, mən də ailəmi seçmişdim. Diplomumu da özü gəlib almışdı, mən yox. O, mühafizəkar adam idi. Həmişə də mənə “müəllimə” deyə müraciət edirdi. Deyirdi, “müəllimə, sən işləməyəssən”. Mən də deyirdim heç olmasa diplomumu alsın, valideynlərim əziyyət çəkib kasıbçılıqla oxudublar məni. Deyirdi, “fikirləşirsən, mən öləcəm, sən nə vaxtsa işləyəcəksən?”

- Dediyi kimi də oldu...

- Hə... Həyatdı da. Sən neyləsən də, alın yazısından qaça bilməzsən. Bu da mənim alın yazımdı.

- Uğrunda gizli şəkildə nikah kəsdirdiyiniz o evdə neçə il gəlin oldunuz?

- 11 ay - 317 gün.

- Yoldaşınız oğlunu görə bildi?

- Hə, gördü. Rüfətin qırxı çıxandan bir həftə sonra o hadisə oldu. 1991-ci ildə. Cəbrayılda xidməti iş zamanı sürücüsüylə birlikdə minaya düşdü.

- Yoldaşınızın vəfatından sonra Cəbrayıldakı evinizdə nə qədər yaşadınız?

- Onsuz həmin evdə bir gün də, heç bir saat da qalmadım. Hadisəni eşidən vaxt xəstəxananın yaxınlığında yaşayan dayısı qızıgildə olduq. Ordan da birbaşa qayınatamın evinə gəldik. O evə bir də geri qayıtmadım (müsahibəyə başladığımızdan bəri özünü toxtaq tutmağa çalışan Gülüstan xanım artıq bu məqamda göz yaşlarını saxlaya bilmədi).

Qayınatamgildə qaldım. İki il orda musiqi müəllimi işlədim. Sonra o məktəbə yoldaşımın adını verdilər – Zahid Əhmədov adına orta məktəb. 1993-cü ildə Cəbrayıl rayonu işğal olundu, hamı yurd-yuvasından didərgin düşdü. Qayınanamgil də öz aralarında danışıb belə qərara gəldilər ki, ata evimə qayıtsam, mənim üçün daha yaxşı olar. Bəlkə onlar üçün də çətin idi. Mənim üçün də eləcə. Ondan sonra köçdüm atam evinə.

- Yoldaşınızın ailəsi ilə indi də münasibətiniz var?

- Əlbəttə. Onlar indi Beyləqanın Örənqala kəndində yaşayırlar. Bu günə qədər də yaxın əlaqələrimiz var. Cəbrayıldan köçkün gələn qohumlarının əksəriyyəti Bakıdadır. Çox sevinirəm ki, o əlaqələri kəsməmişəm. Rüfət onlar üçün təsəllidir, oğul yadigarıdır. Onlar üçün Rüfətin yeri həmişə başdadır. Rüfət də onlarla nəfəs alır.

- Yoldaşınızın vəfatından sonra sənətlə məşğul olmağa başladınız. Baxmayaraq ki, özü bunun əleyhinə olub. Onun istəmədiyi sənətlə məşğul olmağı yoldaşınıza qarşı xəyanət hesab etmədiniz?

- Həyat həmişə öz qurbanını özü seçir. Mən işimi ailəmə qurban vermişdim. Hər bir qadının ilk növbədə ailəsi olmalıdır. Amma həyat bu yolu özü seçdi.

- Başqa çıxış yolunuz yox idi?

- Həm başqa çıxış yolum yox idi, həm də rayonda mənə bir iş tapılmırdı. Yevlaxa gələndə heç kimi tanımırdım. Orta məktəbi, konservatoriyanı Bakıda oxumuşdum. Ağlım kəsən vaxtdan Bakı mühitində böyümüşdüm. Tanıdığım insanların da hamısı Bakıda idi. Ona görə də paytaxta gəlməli oldum. Açığı, əvvəl sənətə gəlmək istəmirdim. Çox çətinlik çəkdim. Məktəbdə musiqi müəllimi işlədim. Bir az “Zabitlər evi”ndə ansamblda çalışdım. Hətta tələbə qəbulu zamanı sənədlərimi verdim. Yoldaşımın işini davam etdirmək, hüquq sahəsində çalışmaq istədim. Cəmi iki balım çatmadı. Bugünkü kimi yadımdadır. Tələbə qəbulu komissiyasında Əziz müəllim vardı. Yanına getdim. Dedi ki, məni tarix, ədəbiyyat fakültəsinə sala bilərlər, amma hüquqa yox. Nə deyərdim?! Həvəsdən düşdüm. Bəlkə də o iki balı əlavə etsəydilər, indi başqa sənətin sahibi olardım.

- Bəlkə də bu, sizin qismətinizdir...

- Hə... Bəlkə də belə yaxşı imiş. Nə bilim... nə isə alınmadı. Mən də mütəmadi konservatoriyaya gedib tələbə yoldaşlarımla, müəllimlərimlə görüşürdüm. Hər dəfə Arif müəllim məni görəndə deyirdi, “gəl operaya, sənin yerin oradır, təyinatını da ora vermişik”. Nəsə çox tərəddüd edirdim. Nəhayət, 1996-cı ildə müsabiqə yolu ilə Akademik Opera və Balet Teatrına qəbul olundum. O vaxtdan da teatrda çalışıram.

- Bir qadının tək-tənha övlad böyüdüb boya-başa çatdırması çox çətin olub şübhəsiz ki...

- Mən valideynlərimdən, ana-bacımdan çox razıyam. Onlar mənə dayaq olublar. Uşağım onların köməkliyi ilə böyüyüb. Onlar olmasaydı, bəlkə də mən bu gün sənətdə də olmazdım. Onların köməyilə uşağımı da böyütdüm, sənətə də gəldim.

- Və Gülüstan Əliyeva sənətdə uğur qazanmağa başladı, opera səhnəsində müxtəlif obrazlar yaratdı, səhnəmizin Leylisi oldu. Leyli ilə Gülüstan Əliyevanın taleyində bənzərlik var. Yəqin elə buna görə də Leyli obrazını həqiqətən yarada bilmisiniz...

- Çox oxşayır taleyimiz, bəli. Mən 100 dəfədən çox Leylini oynamışam. Hər dəfə də başqa cür. Heç vaxt təkrar olmayıb. Düzdür, mizanlar, sözlər eyni qalıb. Amma hisslər, yaşantılar dəyişib. İllər keçdikcə insanın eyni şeyə baxışı dəyişir, dərk etməsi kamilləşir. Leylinin sevgisinə də başqa cür münasibət bəsləyirsən... Ola bilər ki, 23 yaşım olanda həyat yoldaşımı yaraşıqlı, dəyərli bir oğlan kimi, sevgili kimi sevmişəm. İllər keçdikcə, ona olan sevgim dəyişib – onu bir vətənpərvər kimi, əsl kişi kimi, cəmiyyətdə dəyərli bir insan kimi sevmişəm. Kaş biz boşanardıq, amma o yaşayaydı, ölməyəydi. Çünki o qədər dəyərli, lazımlı bir insan idi ki... Sözün əsl mənasında şəxsiyyət idi. Ölməsəydi, çox iş görərdi. İllər keçdikcə, onu bu cür dəyərlərinə görə sevdim. İndi də sevirəm onu. Ondakı o dəyərləri başqalarında görmədim.

- Gözəl xanımsınız. Təbii ki, sizi sevən, ailə qurmaq istəyənlər olub. Buna necə reaksiya vermisiniz?

- Təbii ki, olub. Heç düşünmədiyiniz qədər. Ailə qurmaq üçün də, görüşmək üçün də... Bir qadına nə qədər təklif ola bilərsə, o qədər. Amma həmişə qarşımı kəsən bir şeylər olub. Heç kəs keç kəsi əvəz edə bilmir. Həyatımızda elə adamlar var ki, onların yeri dolmur, boş qalır. Mən cəhd etmişəm. Fikirləşmişəm ki, bəlkə kiminləsə ailə qurum? Zahid təsadüfən, ya da hansısa xəstəlikdən ölsəydi, bəlkə də bunu edə bilərdim. Amma o, yüksək amal uğrunda şəhid olub axı. Bu şeylər həmişə mənim qarşımda baryer olub. Bəlkə də məni həqiqətən xoşbəxt edə biləcək bir kişi çıxıb qarşıma, sadəcə onu hiss etməmişəm, yanından keçib getmişəm və uzun illər sonra bunun fərqinə varmışam. Elə də olub ki, başım sənətimə qarışıb, o insanları ciddi qəbul etməmişəm. Ən əsası isə oğlumdur. O, kiçik olanda bunu etsəydim, daha asan olardı. Amma artıq o mümkün deyil. Bəlkə onda mümkün olar ki, Rüfət elə bir yaşa çatar və bir kişi kimi məni başa düşər. O, məni ancaq bir ana kimi görür. Bəzən deyir, “o nə paltardı geyinirsən? Yekə arvadsan, artıq qocalmısan”. Yəni, mənə o cür baxır, qadın kimi yaşantılarımı anlamır. Heç ağlına gətirə bilmir ki, mən ikinci dəfə ailə quraram, bacısı, qardaşı olar. Yaşadığım problemlər də ikinci dəfə ailə qurmağıma imkan vermədi. Yoldaşımdan bir neçə il sonra qardaşım da şəhid oldu. Anam tək qaldı, evin böyük uşağı olduğuma görə, ailənin bütün ağırlığı mənim üzərimə düşdü. Bütün bunlar, öz həyatımı qurmağa imkan vermədi.

- Bəs bundan sonra necə olacaq?

- Bəlkə də nə vaxtsa bu olacaq, ikinci dəfə ailə quracağam. Heç vaxt heç nəyə “yox” demək lazım deyil. Həyatının hansısa dönəmində elə bir şeylər baş verər ki, özün də təəccüblənə bilərsən. Çünki mən atam evinə qayıdanda heç nəyim yox idi. Cehizim də, yoldaşımın mənə aldığı paltarlar da... Heç nəyim yox idi, heç nəyim. Bir oğlum idi, bir mən, bir də əynimizdəki paltarlar. Bakıya gələndə qalmağa yerim olmadı, kirayədə yaşadım. O qədər çətinliklər görmüşəm... Amma ailəm məni buraxmadı. Bəlkə də tək qalsaydım, başqa yerlərdə olardım. Amma mübariz olmaq insanı bir yerə gətirib çıxardır. Həyat mübarizəmin nəticəsində mən bu gün Gülüstan Əliyeva olmuşam.

- Bu gün həyatınızda sevdiyiniz bir şəxs var?

- Var, əlbəttə. İnsan sevgisiz yaşaya bilməz, yaradıcı insan heç. Çünki insanın həyatında stimul verəcək şeylər olmalıdır. Övladım var, Allaha şükür, o, mənim həyatımın işığıdır. Sənətimdən də qabaq övladım gəlir. Amma həyatımda sevdiyim biri də var. Qadının arxasında dayaq, mənəvi dəstək verəcək sirdaş olmalıdır mütləq.

- O şəxsi özünüzə sirdaş hesab edirsiniz?

- Bəli... Gərəksiz qadın olmaq və tənha yaşamaq həyatda ən dəhşətli şeydir. Bir qadın olaraq, lazımsız olmaq faciədir. O baxımdan mən özümü xoşbəxt hesab edirəm. Bilirsiniz, Allah adama hər şeyi vermir. Çox şeyi verir, nələrisə alır – bu, həyatın qanunauyğunluğudur. Düzdür, xoşbəxtlik nisbi, keçici şeydir. Dərdlərin ömrünün axırına kimi səninlə birgə olur, amma xoşbəxtliyi özünlə bərabər axıra kimi apara bilmirsən. Ona görə də bədbəxt olmamaq üçün xoşbəxtliyə can atırsan, tələsirsən, bunun üçün çalışırsan. Bunu kim bacarırsa, əhsən o insana!

- Həmin şəxs ailəlidir?

- Nikahlı olmaq hələ ailəli olmaq demək deyil. Düzdür, mentalitetimizdə belə şeyləri həmişə gözləyirik. Amma dünya, cəmiyyət başqa şeyləri diqtə edir. Ola bilər, 15 ildir ailəlisən, amma istəmədiyin, sevmədiyin ailə həyatı yaşayırsan. Yaxud övladlarının xatirinə o ailə həyatını sürdürürsən. Çünki övlad qarşısında valideynlərin borcu və vəzifələri var. Mən düşünmürəm ki, ailəli hesab olunmaq üçün pasportunda möhür olmalıdır. Cəmiyyətimizdə belələri kifayət qədər var. Əgər özünə ailə deyə biləcəyin biri varsa, nikahlı ailələrdən daha xoşbəxt ola bilərsən - mən belə düşünürəm.

- Sabah o ailəsindən ayrılsa, boşansa, bunu necə qəbul edərsiniz, pis olmazsınız?

- Mən istəmirəm, kimsə mənə görə ailəsindən boşansın. Mən də anayam, mənim də övladım var. Hər şey Allahın ixtiyarındadır, qismətimizdə nə varsa, onu da görəcəyik.

- Müqayisə etmək bəlkə də düzgün olmaz, amma yenə də soruşacağam. Həyatınızda iki məhəbbət olub. Onlarından hansını daha çox sevmisiniz?

- Həyat yoldaşımı. O sevgini heç bir sevgi əvəz edə bilməz, heç bir! Bəzən kimdəsə onun xüsusiyyətlərini, zahiri görünüşündə hansısa bənzərliyi axtarırsan. Zaman keçdikcə görürsən ki, yox, hər bir insan təkrarsızdır. Onu heç kəs əvəz edə bilməz. O sevgini də. O sevgi heç vaxt heç kim tərəfindən əvəz oluna bilməz! O sevgini bölüb övladına da verirsən, yenə azalmır. O ki qala sevdiyin adam cəmiyyətdə, həyatında, ətrafında minlərlə insanın arasından seçilmiş biri olsun. Zahid həqiqətən də bir etalon idi. Sevgisində də, həyatında da.

- Deyirlər zaman bütün dərdlərin məlhəmidir. Vaxt keçdikcə bütün ağrı-acılar, dərdlər azalır, yaralar sağalır, daha qanamır. O vaxtdan 20 il keçir, amma siz hələ də onun haqqında danışanda göz yaşlarınızı saxlaya bilmirsiniz...

- Deməli, zaman öz dərdlərini sağalda bilməyib (ağlayır). Ola bilər deyirik, gülürük, gəzirik, yeyib-içirik, amma... Adam sağ olanda ölümü haqqında heç nə fikirləşmirsən. Görəndə doğma insanın artıq yanında yoxdu, üsyan edirsən ki, niyə yanında deyil? O niyələrin cavabını bir-bir axtarırsan. İllər keçdikcə, insanın o yoxluğu dərinləşdikcə, sən onu daha da unuda bilmirsən. Oğlumun 20 yaşı var, zahiri görünüşü də, bəzi xüsusiyyətləri də atasına çox oxşayır. Hər gün gözümün qarşısındadırsa, onu necə unuda bilərəm?! Heç vaxt! Bir dövrə qədər istəyirsən yaddan çıxarasan. Amma mümkün deyil, heç cür! Ona görə bu sevgini heç kim əvəz edə bilmir... İnsan sevgisilə, dərdilə yaşaya-yaşaya böyüyür. Dərdi yaşayıb kiçilmək olmaz. Düzdür, mən bu gün sevilən, tanınan xanəndəyəm. Amma təbii ki, ürəyində mənə biganə yanaşanlar da var. Bəlkə bu yazını oxuyandan sonra da yüzlərlə insan fikirləşəcək ki, bu niyə belə danışıb, gərək danışmamaydı? Amma elə deyil axı. Övladını tək böyüdən insanlar bilir mən nə çəkmişəm... Mənə çox çətin oldu. Yoldaşımı itirəndən sonra qardaşımı da itirdim. Bir dindirən olan kimi ağlayırdım. Sonra özümü də söyürdüm. Artıq söz verdim ki, mən ancaq xəlvətdə ağlayacam, qoy heç kim göz yaşlarımı görməsin. Çünki səni ağlayan görən hər adamda müxtəlif təəssürat yaradırsan. Biri fikirləşir, özünü yazıq göstərmək üçün ağlayır. Biri fikirləşir ki, nəsə umacağı var. Ona görə özünü sındırmaq istəmirsən. Amma onlar fikirləşmir ki, bu adam dərdindən ağlayır. O ölən insan onun həyatında ölməyib, diridir – ona görə ağlayır (yenə ağlayır və xeyli susur).

Həyatdı da... Ölümü, itkini hərə bir cür yaşayır, hərə bir cür qəbul edir. Ancaq hamı üçün eyni şey var – sevdiyin insan həyatda yoxdu! Sadəcə bu ölümü qəbul edə bilmirsən. Onun ölümünü qəbul etdiyin vaxt artıq ağlamayacaqsan heç vaxt. Mən hələ də onun ölümünü qəbul edə bilmirəm. Məsələn, atam rəhmətə gedəndə qəbul etdim ki, daha atam həyatda yoxdu. Hələ ili çıxmamışdı, mən artıq ağlamırdım. Çünki ölümünü qəbul etmişdim. Amma nə yoldaşımın, nə də qardaşımın ölümünü qəbul edə bilirəm. Onlar mənim üçün bu gün də sağdır. Ona görə də danışanda məni ağlamaq tutur. Daha ona görə yox ki, kiminsə mənə yazığı gəlsin. Biz bu gün də yoldaşımın, qardaşımın canına and içirik, qəbrinə yox. Çünki onlar bizim üçün ölməyib...

.... Amma həyat davam edir. Məni sevənlər var, mənim sevdiyim insan var. Əgər sənə dəyər verirlərsə, demək xoşbəxt insansan. Əgər kiminsə tərəfindən gözlənilən adamsansa, sənin üçün kimsə darıxırsa, demək xoşbəxt qadınsan. Odur ki, mən xoşbəxtəm!


Xəyalə MURADLI
# 1325 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #