Etimad Başkeçid: “Rusdilli əsər MKM-də qələbə çalsa...” - MÜSAHİBƏ

Etimad Başkeçid: “Rusdilli əsər MKM-də qələbə çalsa...” - MÜSAHİBƏ
16 may 2011
# 15:24
- MKM qalibinin müəyyənləşməsi prosesi özünün küliminasiya həddinə çatmaq üzrədir. İndiyə kimi olub-bitənləri necə qiymətləndirirsiniz?

- Bildiyimiz kimi bu proses iki mərhələdən ibarətdir. Ekspertlərin seçimiylə bağlı keçən il olduğu kimi, bu il də elə bir təbəddülat yaşanmadı. İndən belə nə olacaq, əsas məsələ budur. İnanmaq istəyirəm ki, hər şey yaxşı olacaq.

- İnanmaq istəyirsiniz, yəni yaxşı olacağına əmin deyilsiniz?

- Sadəcə bəzi nominantların nəinki yazıçı etikasına, ümumiyyətlə, heç bir əndazəyə sığmayan davranışı adamı potensial müsbət olan şeylərə də ehtiyatla yanaşmağa məcbur edir.

- Konkret nəyi nəzərdə tutursunuz?

- Mətbuatda və kuluarlarda rastlaşdığım xəbərlərə görə, Natiq Rəsulzadə ilə Paşa Qəlbinurun özlərini ona-buna tapşırtırmaları adamda xoş ovqat yaratmır. Birincisi ona görə ki, əgər deyilənlər doğrudursa, deməli, bu adamlar özlərini hələ də sovet vaxtlarında hiss edirlər, MKM-in isə dövlətin təsis elədiyi mükafat olduğu zənnindədirlər. Bilənlər bilir ki, o zamanlarda, nəyin hesabına olursa olsun, dövlətdən nəsə qopartmaq böyük igidlik sayılırdı. İkincisi də, əyri-üyrü yollara baş vuran adamlar, adətən, asqırıb irəli düşmək əvəzinə öskürüb geri düşürlər.

- Amma bəzi jürilər N. Rəsulzadəni favorit kimi göstərirlər…

- Mən bu sənətkar haqqında söhbəti uzatmaq istəmirəm. Sadəcə bir şeyi demək istəyirəm ki, Natiq bəy bu mükafatı almış olsa, Nigar Köçərlinin bütün səylərinin və MKM-in üstündən qalın bir xətt çəkilmiş olacaq. Siz Almaniyada keçirilən bir ədəbiyyat müsabiqəsi təssvürünüzə gətirin. Türkcə yazan bir almanın əsərinin bu müsabiqədə qalib gəlməsi mümkün olardımı? Almaniya olmasın, olsun Gürcüstan və ya başqa bir ölkə, belə şeyi onlar heç ağıllarına da gətirməzlər. Bilirsiniz, dövlət inzibati resurslardan çox, yuxarıların aşağılara ötürdüyü siqnallarla idarə olunur. Rusdilli əsərin MKM-də qələbə çalacaqsa, hər şeydə hökumətin barmağı olduğunu düşünən kəsim bunu yuxarıdan aşağı ötürülən mesaj kimi qəbul edəcək. Aləm qarışacaq. Ən yaxşısı, rusca yazan yazıçılar üçün ayrıca mükafatın təsis edilməsi olardı. Bu fikir mənim deyil, amma dəstəkləyirəm.

- MKM-ə təqdim olunan və 10-luğa düşən əsərləri oxuyubsunuzmu?

- Azər Abdullanın, Nəriman Əbdülrəhmanlının, Mirmehdi Ağaoğlunun, Pərvizin əsərləri ilə tanışam. Ümid edirəm ki, digər nominantlar da onlardan geri qalmırlar.

- Kimi daha iddialı hesab edirsiniz?

- Söhbət özünü tapşırtdıraraq iddia etməkdən getmirsə, yəni əsərlərin hansı yeri tutacağı ehtimalından gedirsə, heç nə deyə bilmərəm. Onluğa düşmüş əsərlərin hamısını oxumuş olsaydım, özümçün iddialıları da müəyyənləşdirərdim. Təəssüf ki, bu belə deyil. Ona görə də bu haqda sussam yaxşıdır.

- Kim qalib seçilsə obyektiv hesab etməyəcəksiniz?

- Natiq Rəsulzadə və Paşa Qəlbinur.

- Sizin əsər niyə 1-ci olmalıdır; buna hansı əsaslar var?

- Mən heç yerdə deməmişəm ki, mütləq birinci olmalıyam. Amma bu, o demək deyil ki, birinci olmaq istəmirəm. Əsaslara gəlincə, əgər özümə güvənim olmasaydı heç bu işlərə baş qoşmazdım.

- Sizcə 10-luqda təsadüfi yazıçı kimdir?

- Deyilənə görə, bütün təsadüflər zərurətdən doğur. Demək, bizə təsadüf kimi görünənlər də hansısa proseslərin nəticəsidir. Odur ki, özüm başda olmaqla onluğa düşənlərin hamısına uğurlar arzulayıram.

- Münsiflərdən kim artıqdır?

- Sənətkar, mənim vəziyyətimdə olan bir adamın hansısa münsifi artıq elan eləməsi düzgün olmazdı. Amma, yəqin ki, hadisələr yekunlaşandan sonra ən populyar sual bu sual olacaq.


Vüqar Qurdqanlı
# 1292 dəfə oxunub

Oxşar xəbərlər

“Beyrək” pyesində postmodernlə antik mətnlərin dialoqu - Elnarə Qaragözova

“Beyrək” pyesində postmodernlə antik mətnlərin dialoqu - Elnarə Qaragözova

16:40 16 aprel 2025
"Milli kitab 10-luğu" - "Bir gəncin manifesti"

"Milli kitab 10-luğu" - "Bir gəncin manifesti"

09:00 16 aprel 2025
On il qabaq müəllimimin mənə dedikləri... - Ulucay Akif

On il qabaq müəllimimin mənə dedikləri... - Ulucay Akif

12:00 15 aprel 2025
Əsgər özbaşınalığı, üç oğlanın bir sevgilisi, şəhər və itlər

Əsgər özbaşınalığı, üç oğlanın bir sevgilisi, şəhər və itlər

17:00 14 aprel 2025
O, Səfəvi xanədanına niyə son qoymuşdu? - Hökmdar bədii-fəlsəfi niqabda

O, Səfəvi xanədanına niyə son qoymuşdu? - Hökmdar bədii-fəlsəfi niqabda

12:20 14 aprel 2025
Repressiya qurbanı olmuş qadının adı Bakıdakı küçədən niyə götürüldü?

Repressiya qurbanı olmuş qadının adı Bakıdakı küçədən niyə götürüldü?

12:00 11 aprel 2025
# # #