Slavyan Universitetində Kamal Abdulla, Borxes, Markes söhbəti FOTOSESSİYA

Slavyan Universitetində Kamal Abdulla, Borxes, Markes söhbəti FOTOSESSİYA
7 noyabr 2012
# 10:55
Dünən-6 noyabrda, saat 16.00-da Bakı Slavyan Universitetində Kamal Abdullanın “Labirint” kitabının müzakirəsi keçirildi. Tədbiri “Dünya ədəbiyyatı” jurnalının baş redaktoru, şair Səlim Babullaoğlu aparırdı.

Müzakirəni giriş sözü ilə açan Səlim Babullaoğlu kitab haqda məlumat verdi. İlk sözü Kamal Abdulla aldı. Yazıçı müzakirəyə gələn qonaqlara xüsusi təşəkkür etdi və hər cür tənqidə açıq olacağını bildirdi.

Sonra söz kitabın ön sözünün müəllifi, şair Salam Sarvana verildi. Fikirlərini kitabın girişində yazdığını deyən şair yazıçını təbrik edib ona yaradıcılıq uğurları arzuladı.

Kitabın redaktoru şair Aqşin Yenisey Məlikməmməd nağılını təhlil etməklə çıxışına başladı. Şair bu nağıldakı divi anlamaqda çətinlik çəkdiyini, Borxesi oxuduqdan sonra bu divi anladığını qeyd etdi. Kamal Abdullanı mütaliə etdikdən sonra divlə oturub araq içdiyini də zarafatla qeyd edən şair əvvəlcə gənc yazarları, sonra isə ümumilikdə Azərbaycan ədəbiyyatını mifoloji dərinlikdən məhrum olmaqda ittiham etdi. Onun sözlərinə görə bədii mətnin mifologiyası olmalıdır: “O, pəncərəni açıb çölə baxdı”. Mənim üçün bu cümlə ilə başlayan əsər əsər deyil.

“525-ci qəzet”in baş redaktor müavini, yazıçı Yaşar “Labirint” adının Kamal Abdulla yaradıcılığı üçün təkcə hekayə adı olmadığını, müəllifin bütün əsərlərində çıxılmazlıq olduğunu dedi. Yaşar müəllim Kamal Abdullanın yaradıcılığında Borxesin rolundan danışanlara da irad bildirdi: “Məncə, Kamal Abdulla Borxes yox, Markes üslubundadır. Amma Markesdə reallıq sehrli təsvir edilir, Kamal Abdullada isə mif reallığa çevrilir”. Kamal Abdullanın ədəbiyyatın müxtəlif janrlarında yazdığını xatırladan Yaşar müəllim Folknerin yaxşı romançı, pis hekayəçi, Heminqueyin isə yaxşı hekayəçi, pis romançı olduğunu dedi və Kamal Abdullanın həm hekayə, həm də romanda usta olduğunu bildirdi.

Yaşar bəydən sonra söz alan yazar Sərraf Balaxan Kamal Abdullanın obrazlarını Borxes kimi yaşadıb Markes kimi öldürdüyünü qeyd etdi. Bir hekayə ilə bağlı qeyd edən Sərraf Balaxan orda qəhrəmanın ağacdan yıxılıb öldüyünə inanmadığını dedi və özünün də ağacdan çox yıxılmasına baxmayaraq ölmədiyini müzakirə iştirakçılarının nəzərinə çatdırdı. Bu yerdə şair Çingiz Əlioğlunun replikası hamını güldürdü: “Allah qoysa, olar. Hələ nə yaşın var ki?”

Millət vəkili, yazıçı Aqil Abbas isə Kamal Abdullanı Borxeslə müzakirə edənlərdən narazılıq etdi: “Nə Borxes e? Nə Folkner? Bu Kamal Abdulladır, qurtardı getdi”. Aqil Abbas Kamal Abdullanın Nobelə də layiq olduğunu bildirdi. Yazıçı Kamal Abdullanın dilinin də yaxşı olduğunu qeyd etməyi unutmadı.

Şair Çingiz Əlioğlu oxuduğu kitabları üç yerə bölməklə çıxışına başladı: “Birincisi oxumadığım kitablardır, ikincisi diaqonal oxuduqlarımdı, üçüncüsü isə aramla, qeyd edə-edə, ləzzət ala-ala oxuduğum kitablar. Kamal Abdullanın kitabı da üçüncü növə aiddir”. Çingiz Əlioğlui şəhər hakiminə kitabının bütün səhifələrini cırıb verən müəllif haqda pritça danışdı və vurğuladı ki, Kamal Abdullanı da anlamaq üçün intellektual qabiliyyət tələb olunduğu üçün bəzi oxuculara kitabın üz qapağını vermək lazımdır.

Tənqidçi Tehran Alışanoğlu da Kamal Abdullanın çətin anlaşılan müəllif olduğunu vurğulayaraq bildirdi ki, əslində Kamal Abdullanın əsərləri ilk baxışdan ənənəvidir, lakin bu əsərlərin ikinci və dərin bir qatı da mövcuddur. Tənqidçi “Labirint” kitabının “Yarımçıq əlyazma” ilə birgə Kamal Abdullanın ən yaxşı kitabı olduğunu da dedi.

Şair Fərid Hüseyn çıxışında Kamal Abdullanın “Ay işığı” hekayəsi ilə Ə. Haqverdiyevin “Ayın şahidliyi” hekayəsi arasında paralellər apararaq birinci hekayədə ayın həqiqətləri gizlətdiyini, ikincidə isə açdığını bildirdi.

Tənqidçi Elnarə Akimova Kamal Abdullanın əsərlərinin əzəmətinin onun dilində olduğunu bildirərək cümlələrinin ruhi enerji daşıdığını vurğuladı. Onun sözlərinə görə Kamal Abdullanın hər əsərində əsas ideyanı verən energetik bir cümlə var. Fikrinə misal kimi “Onun “sağol”u xudahafiz deyildi” cümləsini qeyd etdi.

Tənqidçi Bəsti Əlibəyli isə çıxışını Kamal Abdullanın yaradıcılığını mif platformasının onun yaradıcılığı üçün əsas istiqamət olmadığını sübut etmək əsasında qurdu.

Tədbirin sonunda çıxış edən Kamal Abdulla iştirakçılara və jurnalistlərə dərin minnətdarlığını çatdırdı, kitaba əziyyət çəkənlərə təşəkkür etdi.

Qan Turalı
# 2957 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #