Siqaret çəkməmək məşəqqəti

Siqaret çəkməmək məşəqqəti
31 avqust 2012
# 12:30
“Atəş üçün çox sağ ol” (Hekayə)

Xanım Henson qırx-qırx beş yaşlarında solğun bənizli, Çikaqo boyu səyyar korset və kəmər satmaqla məşğul olan bir qadın idi. Əsasən Toledo, Lima, Sprinqfild, Kolumb, İndiana, Fort Ueyn ətrafında gəzişirdi. Orta qərb ştatları İovo-Kansas-Missuriyə göndərilməyi isə işlədiyi firmanın genişləndiyinin müjdəçisi idi. Firma Ohayonun qərbində möhkəmlənməyə başlayırdı.

Şərqdə (Ohayoda – tərc.) alıcıları onu söhbətcil biri kimi tanıyır, sövdələşmə bitdikdən sonra tez-tez ofislərində çaya, ya da siqaretə qonaq edirdilər. Yeni qədəm qoyduğu şəhərlərdə isə vəziyyət başqa idi. Siqaret çəkib-çəkməyəcəyi ilə maraqlanmır, hətta “Siqaret çəkməyimə etiraz etmirsiniz?” sualına narazılıqla: “Sizi başa düşürük, amma işçilərimizə mənfi təsir edir”, - deyə rədd cavabı verirdilər.

O da: “Hə, əlbəttə, başa düşürəm”, - deyib məcburən siqareti cibinə qoyurdu.

Bir siqaret hərdən onun üçün çox şey demək idi. İşi başından aşırdı, dincəlmək və fikrini işdən bir anlıq da olsa ayırmaq üçün siqaret əla vasitəydi.

Dul Xanım Hensonun danışmağa, dərdləşməyə elə bir yaxın qohumu yox idi. Zəif görməsi ucbatından kinoteatra da həftədə bir dəfədən çox gedə bilmirdi. Ona görə, siqaret yollarda keçən ağır və yorucu günü yekunlaşdırmaq üçün əvəzolunmazdı.

Birinci səyahətin sonuncu həftəsində yeni satış nümayəndələri gəldi. Avqustun ortaları idi. Xanım Henson birdən özünü yeni tanışları arasında çox tənha hiss elədi. Xoşbəxtlikdən Çikaqodan tanıdığı bir qadınla rastlaşdı. Növbəti alıcısı barədə köhnə tanışından xəbər aldı: “Görəsən, siqaret çəkməyimə etiraz eləməz?”

“Nə? Ay Allah, əlbəttə!”, - deyə dostu cavab verdi: “Siqaret çəkməyi qadağan edən qanunun qəbul olunması üçün külli miqdarda pul verənlərdəndi o”.

“Yaxşı. Köməyin üçün sağ ol, bunu bilməyim yaxşı oldu”.

“Çalış burda hər yerdə icazə alasan çəkməmişdən qabaq” – davam elədi dostu: “Xüsusən 50 yaşlı kişilərlə ehtiyatlı ol. Onların əksəriyyəti müharibə görməyib. Müharibə görən adamlardan çətin ki hansısa siqaretin qadağan olunmasını istəyər”.

Ancaq Xanım Henson elə ilk görüşündə istisna ilə üzləşdi. Qarşısındakı gənc mülayim birinə oxşayırdı, amma gözlərini siqaret qutusuna elə düşməncəsinə dikmişdi ki, Xanım Henson qutunu gizlətməyə məcbur oldu. Bu hərəkəti mükafatsız qalmadı; alıcı onu yeməyə dəvət edib sifarişlərin sayını artırdı. Gənc oğlan yeməkdən sonra onu gedəcəyi ünvana aparmağa təkid etdi. Xanım Henson boş vaxtdan istifadə edib yaxınlıqdakı otelin tualetində siqaret çəkməyi planlaşdırsa da, gəncin təklifinə razı oldu.

Hamının məşğul olduğu, gecikdiyi günlərdən idi. Sifarişçilər hərəsi bir cür idi; başqalarının fikirlərini vecinə almayan sərt sifətli kişilər də vardı, könüllü, yaxud da məcburi şəkildə bu cür ideyaların qurbanı olan qadınlar da.

Xanım Henson səhər yeməyindən bəri ağzına bir dənə də siqaret almadığının fərqinə vardı və uğurlu olub-olmamasına baxmayaraq etdiyi hər zəngdən, hər görüşdən niyə bu qədər narazı qaldığını anladı.

O, alıcıya deyirdi: “Biz fərqli sahəni əhatə edirik. Bunlar rezin və kətandır, amma əlbəttə biz onları başqa cür birləşdiririk. Milli təbliğatda bir ilə 30% artım öz sözünü deyir”.

Ancaq ürəyində başqa şey düşünürdü: “Üçcə qullab ala bilsəydim, lap dəbdən düşmüş balina ölçülü gecəlikləri də satardım”.

Görüşməli olduğu bir sifarişçi qalmışdı, ancaq tələsməyə də bilərdi, çünki görüşə hələ saat yarımdan çox vardı. Otelə getmək üçün vaxt olsa da, taksi yox idi. Məcburən yoluna piyada davam etdi, artıq çarəsizlikdən siqareti təngitmək fikrinə düşmüşdü. “Bu gedişlə narkoman olacam”, - deyirdi öz-özünə.

Birdən gözü Katolik kilsəsinə sataşdı. Kilsə gözünə çox əzəmətli göründü və ağlına bir fikir gəldi: “Bu kilsənin qülləsinə gündə nə qədər duman qalxır, vestibüldə iki qullab alsam, dünya dağılmayacaq ki? Allah da götürməz mənim kimi yaşlı qadının bu əzabını”.

Katolik olmadığından ağlına gələn fikir onu narahat edirdi: “Çoxmu vacibdi görəsən bir siqaret? Axı nə qədər insana ziyan verirəm...”

“Məncə, “O” etiraz eləməz. “O”nun vaxtında tütün hələ icad olunmamışdı...”

Kilsəyə daxil oldu; vestibül qaranlıq idi, kibrit üçün çantasına əyildi, amma bir şey tapmadı.

“Gedim şamın alovundan yandırım” – fikirləşdi.

Kilsənin qaranlığını küncdəki balaca işıq yarırdı. Koridoru keçərək işığa sarı getdi, ancaq yananın şam yox, lampa olduğunu gördü. Sonra yaşlı bir adam dərhal son neft lampasını da söndürdü.

“Bu, əhd edənlərin xahişidir”, - dedi yaşlı adam: “Gecə onları söndürürük. Səhər onların lampaları yandırıb, bütün gün kilsənin işıqlandığını bilmələri daha yaxşıdı, nəinki gecə boş-boş yanmağı”.

“Anladım”.

Lampanı söndürdü. İndi kilsədə qüllədən asılmış çılçıraqdan və lap qabaqda həmişəyanar şamlardan başqa işıq qalmamışdı.

“Gecəniz xeyirə”, - qoruqçu dedi.

“Xeyirə qarşı”.

“Yəqin dua edəcəksiniz, eləmi?”

“Hə, edəcəm”.

O, müqəddəs əşyaların qorunduğu otağa girdi. Xanım Henson dizlərini yerə qoyub dua etməyə başladı.

Neçə illər idi, dua etmirdi. Kimin üçün dua edəcəyini də bilmirdi heç. Des Moines və Kanzasdakı alıcılar, işçilər üçün dua etdi. Dua bitən kimi qalxdı. Yorğun halda özünü kilsə oturacağına atdı. Başının qaldıranda Məryəm ananın gözünü düz ona zillədiyini gördü. Elə bil Məryəm ana “Möcüzə” tamaşasındakı kimi aşağı enib, onun əvəzinə bütün korsetləri, gecəlikləri satıb və elə Xanım Henson qədər yorğundur indi. Bir neçə dəqiqə keçməmiş Xanım Henson yuxuya getdi.

Ayılanda nəsə dəyişmişdi sanki, tanış tüstü qoxusu burnuna dəyir, barmaqları sızıldayırdı. Birdən əlindəki siqaretin tüstüləndiyini gördü.

Düşünmək üçün çox yuxulu idi, odur ki iki qullab alıb siqareti sönməyə qoymadı. Yarı qaranlıq kilsədə başını qaldırıb Məryəm anaya baxdı.

“Atəş üçün sağol” , - dedi.

Təşəkkür üçün elə bil bu söz kifayət deyildi; dizlərini yerə atdı, siqaret tüstüləyən əlini digəri ilə birləşdirdi.

“Atəş üçün çox sağ ol”, - dedi.

Mənbə: “Nyu-Yorker” jurnalı
Tərcümə: Günel Əsgərzadə
# 1445 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #