Gedək, sənə qəbrimi göstərim!..

Gedək, sənə qəbrimi göstərim!..
12 sentyabr 2011
# 12:44
Yasamal qəbiristanının çox qəribə bir aurası var. Bir dəfə Bayıldan Yasamala piyada gələrkən bu qəbiristanın içindən keçib gəlmişdim və o zaman bu gorgah məni sovet dövrünün nostalgiyasıyla qol-boyun etmişdi.

Bura sovet dövründən qalma bir terminin – “xalqlar dostluğu” ifadəsinin Bakı şəhərində mahiyyətini itirməyən yeganə nişanəsini də özündə saxlayır. Bu boz məkanda rus qəbirləri də var, erməni qəbirləri də... Əksəriyyəti kimsəsizdir, aradan keçən bu boyda zamanın onlara zərrəcə dəxli yoxdur. 40-cı, 50-ci, 60-cı, 70-ci illərdə ölən rusların qəbirləri kimsəsizlikdən torpağa batıb. Onlar, deyəsən, gözlərini həmişəlik yollardan çəkiblər. Ot basmış cığırlar öz sıxlığı ilə sanki fikrimi təsdiqləyir.

Birini qoyub birini danışım. “Azərbaycan” nəşriyyatına tez-tez yaşlı bir kişi gəlirdi, çoxları onu tanıyırdı. Həsən kişini ən çox Tofiq Mahmudovun yanında görərdiniz (İndi görməyəsiniz!). Bir dəfə məndən soruşdu ki, bekarsan? Dedim, hə. Dedi, gedək sənə qəbrimi göstərim!!!

Bir anlıq kişinin ağlına şübhəm yarandı. Duruxduğumu görüb vəziyyəti anlatdı. Sən demə, Həsən kişi hələ sağ ikən özünə qəbir yeri ayırmış, hətta qəbrin üstünü də götürtmüşdü.

Tofiq Mahmudovun tut arağından sonra qəbiristana getməyin nə demək olduğunu təsəvvürünüzə gətirin. Nə isə, nəşriyyatdan çıxıb qəbiristana tərəf dikləndik. Bir xeyli qəbirlərin arasıyla getdikdən sonra, nəhayət, Həsən kişi öz qəbrini tapıb ayaq saxladı. Yerimdə quruyub qaldım: qarşımdakı mərmər başdaşıdan mənə baxan adam bir az bundan əvvəl nəşriyyatda mənimlə yüz-yüz vuran kişiydi! Sanki mənə baxıb bic-bic göz vururdu.
Lənət şeytana! Belə halla ilk dəfəydi ki, rastlaşırdım. Zarafata salmaq istədim:

- Allah rəhmət eləsin!

Həsən kişi bığaltı qımışdı:

- Allah ölənlərinə rəhmət eləsin!

Həsən kişi sonra öz qəmli həyat hekayətini danışmağa başladı, elə bil danışmırdı, zümzümə edirdi.

Bu həngamənin səbəbini soruşsam da heç nə demədi. Bircə onu dedi ki, “istədim qəbrim öz zövqümə uyğun olsun, həm də öz qəbrimə özgə gözüylə baxmaq istədim. Bir gün gələcək, mən bax bu qəbrin içində olacağam. Amma heç olmasa, siz dostlar məni yaddan çıxarmayın, qoymayın qəbrimə aparan cığırı ot bassın”.

Həsən kişi belə qəribə adam idi.

İndi o, Yasamal qəbiristanlığındakı həmin qəbirdə yatır. Gedib o qəbri tapdım, yan-yörəsini yavaş-yavaş ot basmağa başlamışdı. Eeeh, Həsən kişi! Dediyin nə tez gerçək oldu?!

Qəbirlərin arasında vurnuxan mollalardan birini çağırıb ona 1 manat verdim ki, Həsən kişiyə bir “Yasin” oxusun. Molla xeyli üzümə baxıb:

- Soruşmaq ayıb olmasın, siz bu rəhmətliyin nəyisiniz? - soruşdu.
- Heç nəyi, - dedim, - oxu!

Molla qoltuq cibindən eynəyini çıxarıb əlində hazır tutduğu “Yasin” kitabçasını açdı və boğazını arıtlayıb xırıltılı səslə oxumağa başladı:

-...Yasin! Səlləllahu əleyhi və alihi vəsəlləm...

Geri dönüb oradan uzaqlaşdım.

Uzaqdan qulaqlarıma Həsən kişinin səsi gəldi:

- Bir gün gələcək, bu qəbrin....

Bədənimə soyuq tər gəldi, çevrilib arxaya baxmağa cəsarətim çatmadı...

Kənan HACI
# 2135 dəfə oxunub

Oxşar xəbərlər

"Burada insan özünü nə zamana, nə də məkana aid hiss edir" - İlahə Səfərzadə

"Burada insan özünü nə zamana, nə də məkana aid hiss edir" - İlahə Səfərzadə

15:30 18 iyul 2025
Qadağalar, təqiblər, həbslər... - Güney Azərbaycanın sistemə meydan oxuyan yazıçıları

Qadağalar, təqiblər, həbslər... - Güney Azərbaycanın sistemə meydan oxuyan yazıçıları

15:03 16 iyul 2025
"Yaslarda yemək verməkdən imtina etmək lazımdır" - İlham Əziz

"Yaslarda yemək verməkdən imtina etmək lazımdır" - İlham Əziz

18:39 15 iyul 2025
Fraqmentar təfəkkür - Nizami Bayramlı

Fraqmentar təfəkkür - Nizami Bayramlı

19:00 14 iyul 2025
"Manipulyasiya halları özünü çox gözlətmədi..." - Elnarə Akimova

"Manipulyasiya halları özünü çox gözlətmədi..." - Elnarə Akimova

10:00 13 iyul 2025
Nizaminin "Sirlər xəzinəsi"ndə  ölüm məqamları - Fərid Hüseyn

Nizaminin "Sirlər xəzinəsi"ndə ölüm məqamları - Fərid Hüseyn

09:00 11 iyul 2025
#
#
# # #