Muradın oxumadığı kitablar

Muradın oxumadığı  kitablar
28 avqust 2011
# 07:00


Başılovlu evdən çıxmağa hazırlaşırdım ki, telefon zəng çaldı. Bir anlıq tərəddüddən sonra qayıdıb dəstəyi götürdüm.

Haçandı eşitmədiyim, amma çox tanış səsdi, iki-üç il öncə məzun olmuş qızlardan biriydi. Hansıydı, diqqətimi toplayıb dəqiqləşdirməyə çalışdım. Adlarını qarışdıranda xoşlarına gəlmir.

- Leyla?

Səsini tanıdığıma sevinmədi bu dəfə. Həvəssiz hal-əhval tutub söhbəti dəyişdi:

- Bizimlə oxuyan oğlan vardı e, müəllimə... Murad...

Murad çətin xatırlayacağım biri deyildi. On il sonra da soruşsaydılar, onu bütün tələbələrim arasından tanıyardım. Bunu Leyla da bilirdi.Deməli, bu sadəcə girişdi, ürəyimə damdı ki, nəsə olub, nəsə pis bir hadisə. Qızın səsi titrəməsəydi, təşvişimin əsassız olduğuna özümü inandırardım.

- Xəbəriniz var ondan?

“Nə olub?”-deyə soruşmaq istəyirdim, dilimdən başqa söz çıxdı:

- Neynəyib?

Eşitməyə qorxduğum cavabı söylədi Leyla:

- Özünü asıb, müəllimə... əsgərlikdə...

“Niyə?”, “ Nə üçün?” tipli heç bir sual vermədim. Bu ölkədə əsgər intiharlarının səbəbini soruşmurlar. Yaxşı bələd olduğum keçmiş şagirdimin hərbi xidmətdə özünü asmağına asanlıqla inandım. Onun həyata tab gətirməyəcəyini, nə vaxtsa ruhdan düşəcəyini hiss eləmişdim, amma belə tez yox, bu cür, bu yaşda yox.

- Müəllimə...

Telefonda inildədi Leyla, Muradın sevimli sinif yoldaşı - hərdənbir söz atıb cırnatdığı Leyla. Ona təsəlli vermək halında deyildim, bir-iki mənasız söz deyib, dəstəyi asdım.

Artıq geri qayıdıb, beşcə dəqiqə öncəki vəziyyəti bərpa eləmək - bu zəngə cavab verməmək, bu xəbərdən qaçmaq mümkün deyildi. Bu hadisə mənimçün elə indicə baş vermişdi və məni daha çox incidən də elə bu xəbərin istiliyi idi. Hara gedəcəyimi, nə işim olduğunu unudub stula çökdüm. Muradın tərtəmiz, zil qara gözləri gəldi ağlıma, öz uşaqlığımı xatırladan heyrət dolu baxışlarıyla qarşımda oturub elə bildim. Və Leylanın titrək səsini eşitdim: “Özünü asıb... müəllimə... əsgərlikdə...” Və Muradın “Vaqif” dramından gülə-gülə söylədiyi bir misranı xatırladım: “Tfu sənin təxtinə, ey çərxi-fələk...”

Niyə belə elədin, oğlum, axı biz belə danışmamışdıq, Murad!

Elə ilk baxışdan, birinci dərsdən fərqləndirmişdim onu. On birinci sinfin ilk ədəbiyyat dərsini yekunlaşdırıb, hər kəsə tək-tək nəzər salanda bayaqdan bir küncdə sakitcə oturan oğlan çəkingən halına yaraşmayan sərbəstliklə gülmüşdü:

- Mənə görə özünüzü yormayın, müəllimə. Onsuz da heç nə alınmayacaq.

- Anlamadım. Nə alınmayacaq, niyə alınmayacaq?

- Neçə müəllimim olub, heç biri mənə Azərbaycan ədəbiyyatını sevdirə bilməyib. Bir azdan siz də bezəssiz.

Eyni mövzulardan, dialoqlardan bezmiş biri olaraq xəzinə tapmış kimi sevindim, açığı. Bu davranışda qəsdən cığallıq eləyən uşaq ərköyünlüyü ilə yanaşı, həm də nəsə iazaholunmaz bir böyüklük vardı. Onun tərzini yamsılayaraq:

- Hələ gec deyil, çalışıb bir-birimizə sevdirərik, - dedim.

Deyəsən, mənim də cavabım onunçün gözlənilməz olmuşdu, kitab-dəftərini həvəslə yığışdırıb çıxdığını xatırlayıram.

Beləcə mən onun sonuncu ədəbiyyat müəllimi oldum, təkcə Azərbaycan ədəbiyyatını deyil, bütövlükdə ədəbiyyatı, həyatı sevdirməyə çalışdım, əsərləri, obrazları uzun-uzadı müzakirə elədik. Ona nə üçünsə, necəsə kömək etməli olduğumu düşünürdüm. Qərarsız, səbəbini özü də bilmədiyi bir boşluğun içində çabalayır kimiydi. Məni gah dərin həssaslığı, gah güclü ironiyası ilə heyrətləndirirdi, bu ruhun yiyəsinə yaşamaq asan olmayacaqdı, onu qorumaq, həyata qazandırmaq lazımdı.

Bir dəfə:

- Bilirsənmi həyatda güclü olmağın yolu nədi? - deyə soruşdum ondan.

İnam və maraq ifadə edən baxışlarını üzümə zilləyib sualıma sualla cavab verdi:

- Nədi?

Bu baxışları yaxşı tanıyırdım, bir vaxtlar mən də öz müəllimlərimə elə baxardım.

- Hər şeyə rəğmən, adi həyat yaşamağı, hamı kimi olmağı bacarmaq, bu həyatın qarşısından qaçmamaq, nə olursa olsun, geri durmamaq, təklənməmək, qalib gəlməyin yeganə yolu budu.

Bu fikirlər hardan ağlıma gəlmişdi, niyə ona bu sözləri deyirdim, nə əvvəl, nə də sonra bu barədə fikirləşmədim.

Dünya ədəbiyyatı ilə təzə tanış olmağa başlamışdı, oxuduğu hər əsər haqqında böyük bir şövqlə söhbət açırdı. Ona mane olmaq istəyirdim:

- Tələsmə, məktəbi bitir, qəbul imtahanlarını ver, özüm sənə kitabları verəcəm.

- Orta məktəbi bitirib əsgərliyə gedəcəm onsuz da.

- Əsgərliyə də gedəcəksən, amma hələ yox, ali təhsil al, sonra.

- Guya ali təhsil almasam, dünya dağılacaq?

- Guya əsgərliyə bir az gec getsən dünya dağılacaq?

Boynuma alıram ki, elə də güclü cavab deyildi, yalan söyləməklə həqiqəti açıb göstərmək arasında orta bir cavabdı. Vəzifəsi “şagirdlərdə vətənpərvərlik hissini aşılamaq” olan ədəbiyyat müəllimi başqa nə deyə bilərdi ki. Onu necə başa salaydım ki, əsgərlik sənin yerin deyil, ali məktəb yeganə alternativdi, yaşamaq uğrunda mübarizənin nisbətən asan mərhələsi. Onsuz da anlamayacaq, inadından dönməyəcəkdi.

Hərdən ruhdan düşdüyüm də olurdu, söz tapmırdım ona deməyə, eləcə yorğun-yorğun, çarəsiz-çarəsiz susurdum, belə vaxtlarda öz müəllimlərimi xatırlayırdım, gec də olsa, anlayırdım onları. Dərhal ürəyi yumşalırdı:

- Qəribəsiz e, müəllimə, əsəbləşirsiz? Mənə görə, mənim kimi yaramaza görə? Mən savadlı olum deyə?

Anası müəllimə olduğu üçünmü məni belə gözəl anlayırdı, yoxsa tanrı özü onu lazım olduğundan çox həssas yaratmışdı, bilmirdim.

- Əsəbiləşmirəm, Murad, məyus oluram. Təkcə savadlı olasan deyə yox, həm də xoşbəxt olasan deyə. Bir də ki mən qəribə deyiləm, sən də yaramaz deyilsən!

- Hamımız yaramazıq, sizi yoruruq, incidirik, bizə görə məyus olursuz. Çox kədərli sənətiniz var sizin...

On yeddi yaşlı yeniyetməyə bu sözləri dedirdən gücün qarşısında sadəcə susurdum.

İndi özümü qınayıram. Gərək susmayaydım, gərək Bakı Dövlət Universitetinə qəbul oldu deyə işimi bitmiş hesab eləməyəydim, zəng vurub xəbər tutaydım, istədiyi kitabları niyə gəlib aparmadığını soruşaydım. Düşünürdüm ki, indi ikinci kursa keçir, yəqin hər şey qaydasındadı, yəqin kitabları alıb oxuyub. Hərbi xidmətə getməyindən xəbərim belə yoxdu. Bəlkə bilsəydim, onu fikrindən daşındırardım. Niyə getmişdı, bəlkə oxumaqdan imtina etmişdi, bəlkə qiyabi təhsili seçmişdi. O kitabları oxumağa macal tapmışdımı, bəlkə onları oxusaydı, intihar eləməyəcəkdi, dirənəcəkdi, kim bilir. “Bəlkəni əkiblər, bitməyib” deyib atalar...

İndi bütün bunlar barədə fikirləşməkdən mənasız heç nə yoxdu. İndi ən ağlabatan variant oturduğum stuldan qalxmaq, hara gedəcəyimi, nə edəcəyimi xatırlayıb həyata qaldığım yerdən davam etməkdi. Yeni tələbələrə Muradın oxuya bilmədiyi kitabları oxutmaq, ona deyə bilmədiyim sözləri demək. Ola bilsin mənim, gerçəkdən, çox kədərli sənətim var, həyat dərsi keçmək istədiyi tələbəsinə rekviyem yazmaq kimi qüssəli bir sənətim. Amma mən yenə öz fikrimdə qalıram; bu qüssəli həyata qalib gəlmək üçün elə onu davam etdirməkdən başqa yol yoxdu. Hər şeyə rəğmən ayaqda qalmaq, dirənmək, məğlub olmamaq. Bir vaxtlar Murada dediyim kimi...

- Müəllimə...

Xəttin o biri ucunda Leyla inildədi, Muradın çox sevdiyi, tez-tez xətrinə dəyib incitdiyi, söz atıb cırnatdığı Leyla.
# 1441 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
#
#
# # #