Qorxuları yenib yaşamaq

Qorxuları yenib yaşamaq
19 avqust 2011
# 11:05
28 yaşlı bir gəncin yaşadıqlarını bütün xırdalıqlarına qədər qələmə alması bəlkə çoxlarına qəribə görünür.
Bəziləri bunu ağılsızlıq, bəziləri bunu cəsarət adlandırır.
Oxucularımın bir qismi məni dinsizlikdə, bir qismi allahsızlıqda, bir qismi içki düşkünü və narkoman olmaqda qınayır.
Bəzi oxucuların gözündə intiharı təbliğ edən iradəsiz biriyəm.
Ancaq əslində Cəlilin kim olduğunu bilən, onun həyatdan nələr gözlədiyini anlayan elə təkcə mənəm.
Mənim bu yazılarda yaratdığım qəhrəman - Cəlil hər kimdisə səmimidir.
O yazdıqlarını yaşayan, yaşadıqlarını yazan, sözü sevən və sözə güvənən birisidir.
O minlərlə özünü yaza bilməyən, özü haqqında danışmaqdan çəkinən Azərbaycan gəncindən biridir.
Yazdıqları cəmiyyətin ən ciddi bəlaları, gözlə görünməyən xırdalıqlardır.
O intiharı təbliğ eləmir və intihara qarşıdır.
O savaşmağı bacarır və bütün uğurlara doğru yorulmadan yol gedir.
O nə narkomandır, nə də çoxlarının düşündüyü allahsız.
O içki içsə də içki düşkünü deyil.
Mənim qəhrəmanım həyatla savaşır.
Bəlkə də yazılarımdan daha çox onun məğlubiyyəti boylanır.
Onun qələbəsini isə yalnız özü və dostları görür.
O yaşamağı ciddiyə alıb Nazim Hikmətin dediyi kimi “ bir sincab” kimi yaşamağı bacarır.

***

“İntihar hekayələri”ni yazdığım müddətcə yüzlərcə oxucu mənə şərh və məktub yazdı.
Hər kəs öz doğrularını dostca və ya düşməncə mənə tətbiq etmək istədi.
Mən isə öz doğrularımla yaşamağı seçdim.
Mən öz yolumla ağır-ağır yeriməyi bacardım.
İlk intihar hekayəsi çap olunandan bu günə qədər yalnız bir nəfərin, əski dostum, yaşadıqlarım çətinliklərdən xəbərdar olan Mənsurun başqa adla hekayələrdən birinə yazdığı şərh məni bərk incitdi.
Çətin günlərimdə yanımda olmağı bacarmayan, ona ciddi şəkildə ehtiyacım olduğum anlarda məni axtarmayan dostum qəfildən internet vasitəsi ilə yazımı oxuyub, məni tənqid edənlərə qoşulub mənə ağıl verməyə başlamışdı.
O zaman cavabını verdiyimdən geriyə qayıtmaq, olanları çözələmək istəmirəm.
Amma o gün anlamışdım ki, dost olmaq da çox çətindir.
Bəzən dəyər verdiklərin bunu haqq etməsələrdə, aldıqları dəyərdən başları gicəllənir, hətta sənə ağıl verməyə də çalışırlar.
Fridrix Nitşe yazır ki, “ Sən köləsənmi? Əgər belədirsə dost ola bilməzsən.”
Həyatımız kölələr və dost olmağa layiq olmayanlar arasında keçdikcə həyata açdığımız savaş daha da ciddiləşir.
Mən yaxınlarımın, sevdiklərimin məni tərk etməsindən yıxılmadım.
Daha da güclənib özümü həqiqi dostlara birdə kitablara həsr eləməyə qərar verdim.
Elmimi, dil bilgimi inkişaf etdirməyə çalışdım.
Savaşa, sevgiyə həsr elədim özümü.

***
Çətin günlərdə yanımda olan, əlimdən tutanlar da az olmadı.
Yazıçı dostum İlqar Rəsul mənə savaşmağı, şair dostum Xanəmir sevməyi öyrətdi.
Qan Turalının, Bəxtiyarın, Vüqarın, Nigarın, Şahbazın, Gülərin, Elnazın, Raqifin, Nicatın, Namiqin sayəsində hiss elədim ki, insanlara lazımam.
Tək Azərbaycana yox, dünyaya gərəkli olan bu insanlar mənə yaşamağı öyrətdi.
Onlar və adını çəkmədiyim onlarla dostum mənə sevməyi öyrətdi.
Mən yaşamağa güc tapdıqca onların üzü güldü.
Uğuruma sevinən insanlar çoxaldıqca mən böyüdüm.
Böyüdükcə içimdəki qorxuları yendim.
Qorxuları yendikcə daha güclü oldum.
Güclü olduqca yaşamağı bacardım.

***
Hər dəfə intihara cəhd edəndə ölməkdən daha çox şikəst olub yavaş-yavaş məhv olmağı arzulayırdım.
Dəlicəsinə əzaba doğru yürüdüm.
Amma sonunda anladım ki, yaşamağa çox az zamanım var və mən bu zamanı dəyərləndirməliyəm.
Yaşadıqlarımdan və yazdıqlarımdan çıxarılacaq yüzlərlə nəticə var.
Narkotikanın, içkinin və intiharın mənasızlığını bu qədər yazıdan sonra hələ də anlamayıb məni qınayanlara tövsiyyəm budur ki, başdan bir daha mənim yazdıqlarımı oxusunlar.
Ya da bütün bunları mənasız hesab edənlər, imzamı gördükdə açdıqları səhifəni qapasınlar.
Düşünən beyinlər üçün mənim acınacaqlı taleyimdə alınacaq çox dərs var.
Qaranlıq keçmişimi yazdıqca içimdəki mənfi enerjidən qurtulub yepyeni gələcək üçün xəyallar qururam.
Bütün saxtakarlara- fanatik dindarlara, yalançı intellektuallara, özündənrazı “alimlərə” qarşı açdığım savaşda sonuna qədər varam.
Yaşamaq nə qədər əzab olsa da yaşamaqdan yanayam.

***

Yazdıqlarımı həkim də, müəllim də, psixoloq da, yazar da, millət vəkili də, adi fəhlə də oxuyub.
İnanmaq istərdim ki, mənim yazımı oxuyanlar arasında, onların ailəsində heç vaxt intihara cəhd olmayacaq.
Yaşamaq “ağır basacak”.
Və sevdiyim bütün insanlar yaşamağı seçəcək.
Ömür vədəsi bir gün bitdiyində üzündən gülüşü əksik etmədən gülənlər qalib kimi gedəcək qara torpaqların qoynuna.

***
Meqapolislər dünyanın hər yerində amansızdır-bizm Bakımız kimi!
Şairlər hər yerdə qəribdir, bizim evsiz-eşiksiz şairlərimiz kimi.
Kölələr və tiranlar sevgidən və dostluqdan məhrumdur, Nitşenin dediyi kimi.
Həyat amansızdır, mənimlə davrandığı kimi.
Son çıxış yolu hər zaman yaşamaqdır, mənim yaşadığım kimi.

***

Bilmirəm, bəlkədə bunca yazdıqlarımda dərs alınacaq heç nə yoxdur.
Bəlkədə “cəfəngiyyatdır” deyib keçiləcək qədər adi söz yığınıdır yazdıqlarım.
Amma əminəm ki, yazdıqları oxuyan ən azı bir nəfər intihar sevdasından, içkidən, narkotikdən, xaosdan vaz keçəcək.
Ən azı bir nəfər sevməyi, sevərək yaşamağı sınaqdan keçirəcək.
Ancaq əminəm ki, zəiflər, inamsızlar, əxlaqdan məhrum kütbeyinlər yaşamağı yenə də bacarmayacaq.
Mən isə yaşamağa davam edəcəm, yer ilə göyün arasındakı geniş dünyada, özümə vətən bildiyim hər yerdə mövcudluğumu bağıracam.
Mən ən kiçik ibrətamiz hekayə kimiyəm, insanlar!
Siz bundan sonra da mənim yazdıqlarımla bərabər məni oxuyacaqsınız.
Bütün hekayələr maraqlı olmadığı kimi mən də zaman-zaman sizin canınızı sıxacam.
Amma mən bütün ciddiyyətimlə insanlar üçün yaşayacam və yaşamağı öyrətməyə çalışacam.
Yaşamaq bütün xəyanətlərdən alınan ən böyük qisasdır.

Cəlil Cavanşir
# 1147 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #