Süleyman Rəhimovu Ziya Bünyadovdan xəbər aldıq

Süleyman Rəhimovu Ziya Bünyadovdan xəbər aldıq
23 iyul 2011
# 13:08
Qan TURALI

Şamo Arif Anar qarşıdurması davam edir.

Mənim imzamla yayımlanan “Anarın Süleyman Rəhimov ifşası” məqaləsində Anarın Süleyman Rəhimovu şair Abdulla Faruqun ifşa edilməsində rolunu göstərməsinə Şamo Arifin cavabı polemikaları atəşləmişdi.

Sonradan prosesə digər qəzetlər və digər şəxslər də qoşuldu.

Bir müddət keçəndən sonra yenidən mövzuya qayıtmağı lazım bilərək yazdığım üç qısa qeydi sizinlə paylaşıram.


Əvvəlcə dostum Anar haqqında

Anar Niftəliyev (Mahmudoğlu) “Azadlıq” qəzetində “axı kimdir bu Şamo Arif ki, Anarla adı yanaşı çəkilir” havasında bir yazı yazdı.

Anar Rzayev də Fikrət Qocaya yazdığı açıq məktubda həmin yazıya görə ona təşəkkür etdi.

Halbuki həmin yazıdan sonra mən dostum Anarla danışmış Şamo Arifin heç də bekara bir yazıçı olmadığını ona söyləmiş və bir faktı da ona çatdırmışdım: “İsmayıl Şıxlının Şamo Arifin romanı haqda məqaləsi var”.
İllər əvvəl İsmayıl Şıxlının “Ölüləri qəbristanlıqda basdırın” kitabında çap olunan o məqaləni oxusam da, Şamo Arifin romanını oxumağa vaxt tapmamışam.

Amma İsmayıl Şıxlı ədəbi bir avtoritetdir.

Azərbaycan ədəbiyyatını gözəl bilən, peşəsi də filoloq olan və mənim tez-tez savadına müraciət etdiyim Anar Niftəliyev bu faktı bilmirdi.

Məsələyə baxış bucağımızı dəyişək.

Tutaq ki, Şamo Arif heç kimdir, onun heç bir ədəbi uğuru yoxdur.
Bu onu öz atasını müdafiə etmək hüququndan məhrum edir?

Ya da Anar Rzayev özü haqqında “Ağ qoç, Qara qoç” romanında yazdığı kimi bir qatarda bələdçi olsaydı atası Rəsul Rzanı müdafiə etmək haqqı olmayacaqdı?

Əlbəttə ki, olacaqdı.

Yanaşma yanlışdır!


Anar Rzayevdan gözləntim

Anarın Fikrət Qocaya yazdığı açıq məktubu görən kimi onun içində bir təkzib, bir düzəliş axtardım.

Belə ki, Fikrət Qoca yazısından Anarın dilindən verilmiş bir cümlə bir çoxlarını rəncidə etmişdir.

Həmin sitatı verirəm: “Bir dəfə Anarla söhbətdə mənə qəribə bir şey dedi. Dedi ki, bədxahlarımızın aqibəti ilə bağlı çox nigaranam. Allah gec-tez hamısının cəzasını verir. Bəzən də lap tez verir”.

Mən Anardan bu fikrə təkzib gözləyirdim.

Çünki bu “cəza” Mehriban Vəzirin Biləsuvarda şəhid olan oğluna verilən ölüm hökmü idi.

Amma bunun əvəzində sədr katibinə təşəkkür etdi.

Nə etməli?


AYB-nin mətbuat məmurunun böyük yalanı


Anarın əvəzinə Şamo Arifə onun mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu Kulis-də cavab vermişdi.

Həmin müsahibədə Ədalət Əsgəroğlu bildirmişdi ki, Teymur Salahov 37-ci ildə Süleyman Rəhimovun DTK-ya verdiyi izahat nəticəsində güllələnib.

Teymur Salahov xalq rəssamı Tahir Salahovun atasıdır.

Əvvəlcə onu qeyd edək ki, o zaman istintaqları DTK, yox XDİK (Xalq Daxili İşlər Komissarlığı) aparırdı.

Bir çox istintaq materialları da akademik Ziya Bünyadovun 1993-cü ildə çap edilmiş “Qırmızı terror” kitabında nəşr olunub.

Bu kitabda Azərbaycan Meyvə Tərəvəz Ticarəti Təşkilatının direktoru Teymur Salahovun da istintaq materialları var.

Xalq rəssamının atası bu vəzifədən əvvəl Laçın rayon partiya komitəsinin rəhbəri, yazıçı Süleyman Rəhimov isə onun müavini olmuşdur.

İstintaq materialında yazılanlara görə, Teymur Salahov Heydər Vəzirov (xalq torpaq komissarı) və Həsən Səfərovun (MK-nin kənd təsərrüfatı şöbəsinin rəisi) ifadələri əsasında həbs olunmuşdu.

1937-ci ilin 7 və 8 oktyabrında keçirilən ilk istintaqda Teymur Salahov əksinqilabi millətçi təşkilatın üzvü olduğunu və Xalq Komissarları Komitəsinin sədri Dadaş Bünyadzadə tərəfindən təşkilata cəlb olunduğunu bildirir.

Elə həmin istintaqda Teymur Salahov şəxsən əksinqilabi təşkilata cəlb etdiyi beş nəfərin də adını verir.

Siyahıda ilk şəxs Süleyman Rəhimovdur.

Buna görə Süleyman Rəhimov həbs edilir.
İstintaqın başa çatması haqqında protokol 1937-ci il noyabrın 6-da tərtib olunsa da, növbəti ilin aprel ayının 25-ində istintaqa çağrılmasını xahiş etmiş və xahişi qəbul olunmuşdur.

Bu istintaq zamanı Teymur Salahov bütün əvvəlki ifadələrini təkzib edərək Süleyman Rəhimovun əksinqilabi təşkilatın üzvü olmadığını vurğulamışdır.

Bu ifadədən sonra Süleyman Rəhimov azad edilsə də, 1938-ci ilin iyul ayının 3-də hərbi kollegiya Teymur Salahovu ölüm cəzasına məhkum etmiş, hökm də dərhal icra olunmuşdur.

Qısacası, istintaq materiallarından açıq şəkildə məlum olur ki, Teymur Salahov Süleyman Rəhimovun ittihamları əsasında həbs edilməmiş, bunun tam əksi baş vermişdir.


# 2006 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #